SON DƏQQƏ

naxcivanxeberleri.com

Pəncərə...

Pəncərə...
14-05-2020, 22:08

 

   Ruhumuzu dünya ilə birləşdirən bağdır pəncərələr. Könül gözümüzü dünya həyatı ilə birləşdirən körpülərdir. Bəzən saatlarla önündə dayanıb xəyala getdiyimiz, bəzən günlərlə, həftələrlə, hətta aylarla varlığını unutduğumuz əşyalardır. Yağışı, qarı, günəşi, küləyi, fəsillərin dəyişməsini, sevdiyimiz insanların gəlişini, yola saldıqlarımızın gedişini izlədiyimiz çərçivələrdir pəncərələr. Modeli, keyfiyyəti, ölçüsündən çox, açıldığı mənzərə önəmlidir. Ordan baxanda haranı görə bilirsən?! Ya da əlində bir stəkan qəhvə ilə qarşısında saatlarla otura bilirsənmi, məsələn... Əlbəttə çiçəkləri də unutmaq olmaz. Pəncərəndə ən azı bir saxsını yerləşdirə bilirsənmi?!

  Əslində həyatımızın özüdür pəncərələr. Hər pəncərə öz sahibinə, onun həyatına bənzəyir. Pəncərəsi önündə gül olanlar həyatdolu, yaşamağı bacaran, pozitiv insanlardır məsələn. Tez-tez oradan boylandıqları, həyatı izlədikləri üçün gözəldir pəncərələri. Həyata baxan pəncərələri gözəl olanlar, həyatı da gözəl görür, gözəl yaşayır. Harada çirkli, bozumtul pəncərə görsəm bilirəm ki, o evdə yaşayanlar da o cür “boz insanlardır”. Çünki onlar üçün sadəcə ev əşyasıdır bu “şüşə yığınları”. Həyat təlaşı çox olan, stress dolu, yaşamağı unudanların çiçəkləri də olmur heç pəncərə önündə. İzləməzlər çünki ordan həyatı, duymazlar yaşadıqlarını...

  Tək çiçəklərdirmi bəzəyən bu “çərçivələri”?! Əlbəttə yox. Rəngarəng, çeşid-çeşid pərdələr də bəzəyir onları. Həmişə aralı qalanlar da var, günlərlə aralanmayanlar da. Gözdən asılan pərdələr təki, pəncərədən asılan pərdələr də örtüb, gizlədir, görə bilmirsən real həyatı...

  İzləyirik həyatı, fərqli pəncərələrdən. İzləyirik fərqli həyatları, eyni  pəncərəmizdən.. Gələnləri, gedənləri... Gözləyirik pəncərələrdə, bir də geri gəlməyəcəkləri... Mənim də  pəncərəm var axı, görürəm. İzləyirəm yolları... Mənim də  pəncərəm var axı, bilirəm. Tanıyıram yaşamağı unudanları...

  Sən də izlə, əziz dost. Varlığını unutma, əşya kimi baxma pəncərələrə. Çiçəklərlə bəzə onu, saatlara önündə otur. Pəncərələrdən boylanmağı unutmaq yaşamağı unutmaq deməkdir. Unutma, əziz dost. Yaşamağı unutma. Pəncərələri gözəl olmaq, gözəl yaşamaq deməkdir. Pəncərən gözəl olsun, əziz dost. Həyatın kimi, pəncərən də gözəl olsun...

  Görüş yerimiz olsun pəncərələr, əziz dost. Gözəl bir gündə, gözəl mənzərələrə açılan pəncərələrdə görüşdük bəlkə...

 

Səriyyə ALMƏMMƏDOVA

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930