SON DƏQQƏ

naxcivanxeberleri.com

Əbdürrəhim bəy Haqverdiyevin həyatı və yaradıcılıq yolu-Əbülfəz Quliyev yazır...

Əbdürrəhim bəy Haqverdiyevin həyatı və yaradıcılıq yolu-Əbülfəz Quliyev yazır...
13-05-2020, 16:28

Görkəmli elm və mədəniyyət xadimi, dramaturq, hekayəçi, tərcüməçi, publisist, sənətşünas alim Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illiyi tamam olur. Ölkə prezidenti İlham Əliyev böyük sənətkarın 150 illiyinin qeyd olunması haqqında sərəncam imzalamışdır.YUNESKO 2020-ci ili Ə.Haqverdiyev ili elan etmişdir. Onu da qeyd edək ki, Milli teatr və musiqimizin inkişafı ilə Ə.Haqverdiyev qədər dərindən bağlı olan, həm yaradıcı, həm də təşkilatçı kimi bu sənət sahələrinin tərəqqisi yolunda ardıcıl və səmərəli fəaliyyət göstərən başqa bir yazıçı, yaxud incəsənət xadiminin adını çəkmək çətindir.        

Azərbaycan ictimai-ədəbi və mədəni fikir tarixində özünəməxsus yer tutan Ə.Haqverdiyev(1870-1933) ölkəmizin qədim mədəniyyət mərkəzlərindən biri olan Qarabağda, 1870-ci il mayın 17-də Şuşa şəhəri yaxınlığındakı Ağbulaq kəndində dünyaya gəlmişdir.O, 1880-ci ildə ailəsi ilə Şuşa şəhərinə köçmüş, 6 sinfli şəhər realnı məktəbinə daxil olmuş, Şuşada onun yetişməsində müəllimi Yusif Məlik-Haqnəzərovun böyük rolu olmuşdur. Müəlliminin təsiri ilə onda teatra maraq yaranır, hətta zəif də olsa, ilk dəfə əlinə qələm alıb “Hacı Qara”ya bənzər “Hacı Daşdəmir” komediyasını yazır. Gənc Əbdürrəhim realnı məktəbin son sinfini Tiflisdə oxuyub başa vurur.Tiflisin mədəni mühiti, xüsusilə teatr aləmi gənc ədibi daha çox cəlb edirdi.Teatr tamaşalarında iştirak edir, özü də bu sahədə qələmini sınayır, rus dilindən “Nahaq qan” adlı dram əsərini dilimizə tərcümə edir.1891-ci ildə o, Peterburqa yollanır, orada Yol Mühəndisləri İnstitutuna daxil olur, şərq fakültəsinə keçib,1899-cu ildə ali təhsilini başa vurur.  Peterburqun teatr  həyatı onun mahir dramaturq və teatr xadimi kimi yetişməsində mühüm mərhələ olmuşdur.Təsadüfi deyildir ki, Ə.Haqverdiyev orijinal bədii yaradıcılıq sahəsində ilk addımlarını da məhz Peterburqda atmış, burada1892-ci ilin fevralında “Yeyərsən qaz ətini, görərsən ləzzətini” adlı ilk komediyasını,1896-cı ildə isə Azərbaycan dramaturgiyasının nadir incilərindən olan “Dağılan tifaq” faciəsini qələmə almışdır. Bu əsər nəşr olunmazdan əvvəl  Şuşa, Bakı, Tiflis, İrəvan, Naxçıvan şəhərlərində tamaşaya qoyulmuş, Azərbaycan teatrının repertuarında özünə möhkəm yer tutmuşdur. Əsər 1899-cu ildə Peterburqda böyük tirajla(2000) nəşr olunmuşdur.”Dağılan tifaq” faciəsi müəllifin ilk mətbu əsəri idi. O, Peterburqda yaradılmış  “İslam cəmiyyəti-xeyriyyə”sinin(1897) təşkilatçılarından və əsas üzvlərindən biri idi.1899-da Şuşaya qayıtmış, eyni zamanda Bakıda fəaliyyət göstərmişdir. Bu dövrdə böyük sənətkar ”Bəxtsiz cavan”(1900),Pəri-cadu” (1901) faciələrini qələmə alır. Hər iki əsər “Dağılan tifaq”da qaldırılmış ideyaları davam və inkişaf etdirir. Bu əsərləri ilə Ə.Haqverdiyev  ədəbiyyatımızdakı faciə janrının əsas yaradıcılarından biri kimi böyük şöhrət qazanır.Bu illərdə ədibin teatr və musiqi sahəsində fəaliyyəti daha geniş və əhatəlidir. Böyük ədib 1901-1904-cü illərdə Bakıda pedaqoji fəaliyyətlə məşğul olmuşdur. O,Bakıya gələn kimi H.Zərdabi, N.Vəzirov, N.Nərimanov, H.Ərəblinski ilə əməkdaşlıq edir, milli teatrın inkişafına kömək edir, repertuar hazırlayır, rejissor kimi geniş fəaliyyət göstərir. O,”Şərq konsertləri”nin təşkilatçısı olmuş, 1901-1903-cü illərdə Şuşa və Bakıda bu konsertləri həyata keçirmişdir. İlk Azərbaycan operası “Leyli və Məcnun” Ə.Haqverdiyevin yaxından iştirakı ilə hazırlanmış, onun özü də ilk tamaşının dirijoru olmuşdur(1908).

1906-cı ildə Həyat” qəzetində “Ata və oğul”,”Ayın şahidliyi” adlı ilk hekayələri çap olunur.1906-cı ildə Gəncə quberniyasından Dövlət Dumasına nümayəndə seçilir.Dumanın ömrü az olur, ancaq o, Peterburqda əlavə 4 ay da qalır,”Ağa Məhəmməd şah Qacar” faciəsi üçün material toplayır.Əsər 1907-ci ildə tamaşaya qoyulur. O, 1908-1911-ci illərdə H.Z.Tağıyevin gəmiçilik şirkətində müfəttiş işləmişdir. Böyük ədib 1906-cı ilin noyabr ayında Peterburqdan qayıdarkən Tiflisə gəlmiş,”Molla Nəsrəddin” redaksiyasına getmiş, C.Məmmədquluzadə ilə görüşüb yaxından tanış olmuşdur. C.Məmmədquluzadə demişdir ki, gərək ziyalı cavanlar məcmuənin işinə kömək etsinlər. Bu böyüklükdə yükü bir adam götürə bilməz. Bu sözlər gənc ədibi Molla Nəsrəddinçilərdən birinə çevirdi. O,1907-ci ildə “Xortdan” imzası ilə “Cəhənnəm məktubları” silsiləsi ilə jurnalda çıxış etdi. Daha sonra bu jurnalda böyük ədibin “Mozalan bəyin səyahətnaməsi”(1908) “Məşədi Mozalan bəy” imzası ilə,”Marallarım”(1910-1913) “Ceyranəli” imzası ilə silsilələri,”Bomba” adlı satirik novellası(1908) “Lağlağı” imzası ilə nəşr olunmuşdur.1911-ci ilin dekabrında M.F.Axundzadənin anadan olmasının 100 illiyi Bakıda və Tiflisdə təntənəli şəkildə qeyd edilmişdir. Ə.Haqverdiyev Bakıda keçirilən yubiley tədbirində böyük dramaturqun həyat və fəaliyyəti haqqında məruzə edir.Elə həmin ildə onun M.F.Axundzadədən bəhs edən “Xəyalət” pyesi tamaşaya qoyulur.Ə.Haqverdiyev gəmiçilik şirkətindən 1911-ci ildə azad olunduqdan sonra Ağdama köçmüş,1916-cı ilə qədər burada yaşamışdır.Burada o,Marallarım” silsiləsinə daxil olan “Pir”,”Tənqid”,”Acından təbib” kimi hekayələrini və Azərbaycan realist nəsrinin  ən yaxşı nümunələrindən biri olan “Şeyx Şəban”(1915)hekayəsini yazmışdır. 1916-cı ilin sonlarında Ə.Haqverdiyev Tiflisə köçür.1917-ci il fevral inqilabından sonra Tiflis icraiyyə komitəsinin mərkəz şurası üzvlüyünə seçilir. İşi ilə əlaqədar komissar sifətilə  il yarım Borçalı qəzasında yaşayır. Bundan sonra Gürcüstan parlemintinə Tiflis azərbaycanlılarının göndərdiyi 4 nümayəndədən biri olur, Zaqafqaziya seyminə namizədliyi irəli sürülür. Nəhayət, Ə.Haqverdiyev 1919-cu ildə Bakıya qayıdır.AXC onu Dağıstana nümayəndə olaraq göndərir.Burada  Denikinlə anlaşa bilmədiyinə görə 24 saat ərzində Bakıya dönməyə məcbur olur.

Sovet dövründə böyük ədib 1921-ci ilin noyabrından 1931-ci ilə qədər Bakı Dövlət Universitetində Azərbaycan ədəbiyyatı və dili fənnini tədris etmiş, burada yerli komitə sədri(1922), şərq fakültəsinin katibi (1922-1925) vəzifələrində işləmişdir. O,1932-ci ildən ömrünün sonunadək Tibb İnstitutunda rus sektotunda Azərbaycan dili dərsi demişdir.Yeni yaranan Azərbaycan sovet yazıçıları ittifaqının məsul katibi(1931-1932)olmuşdur. Ədəbi fəaliyyətinin 35 illiyi münasibətilə 1928-ci ildə ona Əməkdar incəsənət xadimi adı verilmişdir.       

Ə.Haqverdiyev 1933-cü il 11 dekabr tarixində Bakıda vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur.

Ə.Haqverdiyevin ədəbi yaradıcılığını 3 mərhələyə ayırmaq olar: I mərhələ(1892-1906), II mərhələ(1906-1920), III mərhələ(1921-1933).I mərhələdə sənətkar daha çox dram yaradıcılığı ilə məşğul olmuşdur.”Yeyərsən qaz ətini,görərsən ləzzətini”(1892) pyesi onun ilk dram əsəridir.Bundan sonra o, “Dağılan tifaq”(1896),”Bəxtsiz cavan”(1900),”Pəri cadu” kimi faciələr qələmə almış, bu əsərlərdə mülkədar həyatının eybərcərlikləri tənqid olunmuşdur. Onun “Ağa Məhəmməd şah Qacar”(1907) adlı tarixi faciəsi ədəbiyyatımızın klassik əsərlərindən biridir. Ədəbi yaradıcılığının II mərhələsində böyük söz ustasının hekayə janrına müraciət etdiyini görürük:”Ata və oğul”,”Ayın şahidliyi”(1906) onun ilk hekayələrindəndir. Bu mərhələdə eyni zamanda  “Cəhənnəm məktubları”, ”Marallarım” kimi silsilə əsərlər meydana çıxmışdır. III mərhələdə sənətkar daha çox dram janrı ilə məşğul olmuş, eyni zamanda yeni hekayələr qələmə almış, rus və dünya ədəbiyyatından bədii tərcümələr etmişdir. Sovet hakimiyyətinin ilk illərində o, Tənqid-təbliğ teatrı üçün “Padşahın məhəbbəti”(1923-25),”Ədalət qapıları”,”Ağac kölgəsində”,”Vaveyla”(1926) kimi pyeslər qələmə almışdır. Sonrakı  illərdə böyük sənətkar bir-birinin ardınca “Köhnə dudman”, ”Baba yurdunda” (1927), ”Qadınlar bayramı” (1928), “Kamran”(1931),”Çox gözəl”(1932) kimi dram əsərlərini yazmışdır.

Sovet dövründə Ə.Haqverdiyev hekayə yaradıcılığını da davam etdirmişdir. Böyük yazıçı “Qəndil”, “Mirzə Səfər”, “Şöhrət”, “Kapitalizmlə mübarizə”, “Koroğlu”kimi hekayələrində rəngarəng insan tiplərini, müxtəlif epizodları və vəziyyətləri qarşılaşdırır. “Marallarım” silsiləsi də 1927-ci ildə nəşr edilmiş, buraya yeni yazılmış “Keçmiş günlər”, ”Uca dağ başında”, ”Seyidlər ocağı”, “Çeşmək”, “Diş ağrısı” hekayələrini də daxil etmişdir. 1930-cu ildə “Xortdanın cəhənnəm məktubları” əsəri ayrıca kitab şəklində nəşr edilmiş, müəllif buraya “Odabaşının hekayəti” hekayəsini də daxil etmişdir.

Bu mərhələdə Ə.Haqverdiyev bədii tərcümə ilə də geniş şəkildə məşğul olmuşdur. Onun tərcümə etdiyi “Məkr və məhəbbət”, “Qaçaqlar” (F.Şiller), “Hamlet”, “Kral Lir” (V.Şekspir) pyesləri uzun müddət Azərbaycan səhnəsindən düşməmişdir. O, M.Qorki və A. Çexovun dərinməzmunlu kiçik  hekayələrini böyük məharətlə dilimizə çevirmişdir. Sənətkar M.Qorkinin “İzergil qarı”,”Makar Çudra”,”Arxip baba və Lyonka” və “Xan və oğlu” hekayələrini 1928-ci ildə “İzergil qarı” adı altında hekayələr məcmuəsi şəklində nəşr etdirmişdir. Görkəmli ədib yenə həmin ildə A.P.Çexovun 13 hekayəsini tərcümə edərək “Dəhşətli gecə” adı altında kitab şəklində nəşr etdirmişdir.

Əziz Şərif “Ə.Haqverdiyevin dramaturgiyası” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir(1938).

Müstəqillik dövründə böyük söz ustasının zəngin ədəbi irsi dərindən araşdırılmış, əsərləri bir neçə dəfə nəşr edilmişdir. Ədibin əsərlərinin elmi-tənqidi mətnini və mükəmməl akademik nəşrini hazırlamaq ədəbiyyatşünaslığımız qarşısında duran mühüm vəzifələrdən biridir.

 

Əbülfəz QULİYEV

AMEA-nın müxbir üzvü

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930