SON DƏQQƏ

naxcivanxeberleri.com

Əvəlik bitkisi haqqında nə bilirik?

Əvəlik bitkisi haqqında nə bilirik?
11-05-2020, 02:15

Əvəlik kosmopolit bitki olub. Yer kürəsinin hər yerində yayılmışdır. Bu bitkinin əksər növlərinə şimal yarımkürəsinin mülayim iqlim zonalarında rast gəlmək olar. Ən çox çəmənliklərdə, meşə kənarlarında, dağ yamaclarında, göl, dəniz vadilərində alaq otu kimi yayılmışdır. Qafqazda 25, Azərbaycanda isə 17 növü bitir. Xalq arasında tərəvəz bitkisi kimi geniş istifadə edilən adi və yumrukök növləridir. Bu növlər Azərbaycanın aşağı və orta dağ qurşaqlarında bitir. Naxçıvan Muxtar Respublikasının ərazisinin əksər yerlərində bu bitkiyə rast gəlmək olar. Sədərək, Şahbuz və Ordubad rayonlarında bitən və istifadə olunan əvəlik növləri əvəzolunmazdır. Aqrar sahədə xüsusi təcrübəsi olan yaşlı insanlar deyirlər ki, İkinci Dünya müharibəsi illərində yerli əhali tərəfindən Sədərək, Şahbuz və Ordubad ərazilərindən kütləvi şəkildə əvəlik və ələyəz pencərləri yığılaraq çörək əvəzinə qida tələbatının ödənilməsində istifadə olunmuşdur. Botaniki xüsusiyyətlərindən danışarkən qeyd olunmalıdır ki, əvəlik bitkisi qırxbuğum fəsiləsinə aid olub çoxillik ot bitkisidir. Əvəlik toxum, kök pöhrələri ilə çoxalır. Toxumları yazda və payızda səpilir. İkinci ildən başlayaraq qida üçün istifadə olunacaq yaşıl kütləsi alınır. Uzunömürlü, çoxillik bitkidir. Əvəlik bitkisi müalicəvi əhəmiyyətə malikdir. Naxçıvanda əvəlik bitkisini çiçəkləməmişdən əvvəl, may-iyun aylarında yığır, saç kimi hörür, qurudaraq qışa tədarük edirlər. Qurudulmuş əvəlikdən qış vaxtı müxtəlif xörəklər hazırlanır. Əvəlikli umac, əvəlikli qındı, əvəlikli sıyıq və sair xörəklər dadlı qida olmaqla yanaşı, müalicəvi əhəmiyyətə malikdir. Üç stəkan düyüyə bir litr su əlavə edilir. Su qaynamağa yaxın əvəlik ovxalanıb tökülür. Su qaynayıb azalana yaxın xörək oddan götürülür, duz əlavə edilir. Hazırlanmış əvəlikli sıyıq mədə-bağırsaq xəstəliklərinin müalicəsində istifadə olunur. Əvəlikli umac unla hazırlanır. Umac üçün müəyyən miqdarda un götürülüb ələkdən keçirilir. Qazana su tökülüb qaynadılır. Qaynar suyun içərisinə 100 qrama qədər ovxalanmış quru əvəlik tökülərək qarışdırılır. Bir-iki buğum qaynadıqdan sonra onun üzərinə umac əlavə edilir. Beləliklə, 5-10 dəqiqədən sonra əvəlikli umac hazır olur. Bu xörək soyuqdəymənin müalicəsinə çox kömək edir. Əvəlik dovğaya, qutaba, şorbaya və sair xörəklərə qatılır. Yarpaqlarında C vitamini vardır. Kökləri aşı maddəsi ilə zəngindir. Onlardan boyaq hazırlamaq üçün də istifadə olunur. Əvəliyin yerüstü hissəsindən hazırlanan dəmləməsi daxili qanaxmalarda, yaş sarğı kimi dəri xəstəliklərində, bədxassəli şişlərin müalicəsində, habelə dəridə əmələ gələn göbələk xəstəliklərində, irinli çibanların müalicəsində, yaşıl hissəsinin şirəsindən isə qızdırma, sinqa, qusma, revmatizm və bədxassəli xərçəngdə istifadə edilir.Yarpaqlarından vitamin iksirləri hazırlanır. Qurudulmuş əvəliyi xırda-xırda doğrayıb bişirirlər. Onu gündə bir dəfə sulu-sulu yeməklə öd kisəsi xəstəliklərini müalicə etmək olar.

 

Zülfiyyə HƏSƏNOVA

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930