SON DƏQQƏ

naxcivanxeberleri.com

Astma  xəstəliklərinin müalicəsində  “Duzdağ” Fizioterapiya Mərkəzinin rolu-FOTO

Astma  xəstəliklərinin müalicəsində  “Duzdağ” Fizioterapiya Mərkəzinin rolu-FOTO
7-05-2020, 15:21

7 May Ümumdünya astma günüdür. Bu gündə astma xəstəliyi və xəstəliyin  müalicəsi  haqqında məlumatlarla insanları maarifləndirməkdir. Dünyada hər 250 ölümdən birinin astmanın səbəb olduğu və hər il 350 ilə 400 min adam astma səbəbiylə öldüyü təxmin edilir. Son zamanlarda həm uşaqlarda, həm də böyüklərdə yayılan bu xəstəliyin 2025-ci ildə 100 milyon yeni qurban seçəcəyi gözlənilir.  Bəs bu xəstəlik nədir, yaranma səbəbləri nələrdir ?

Bronxial astma xəstəliyinin yaranmasında bir çox amillər rol oynayır. Bunlar arasında ən əsaslardan biri genetik amillərdir. Astma xəstəliyinə allergiyadan əziyyət çəkən valideynlərin uşaqlarında digər uşaqlara nisbətən daha çox rast gəlinir. Belə ki, bronxların həssaslıq reaksiyası irsi meyilliliklə bağlıdır. Çox soyuq, rütubətli iqlim də xəstəliyin yaranmasına səbəb ola bilir. Son dövrlər atmosferin zərərli tullantılarla, müxtəlif kimyəvi maddələrlə daha çox çirklənməsi astma xəstəliyinin artmasına gətirib çıxarır.

Xəstəliklə mübarizədə ən əsas onun düzgün diaqnozun qoyulmasıdır. Bronxial astmanın ilk tutmalarından sonra həkim-pulmonoloqa müraciət etmək lazımdır.  Tənəffüsün çətinləşməsi, üz və dodaqların göyərməsi, həyacan və tənəffüsün qısalması, sürətli nəbz, tərləmə kimi əsas, burun pərlərinin genişlənməsi, döş qəfəsində ağrı və gərginlik, qeyri normal tənəffüs (nəfəsvermə nəfəsalmadan iki dəfə uzun olur), nəfəsalma müvəqqəti dayanması kimi hallar xəstəlik haqqında ilkin diaqnoz üçün göstəricidir.

Bronxial astma xroniki xəstəlikdir. Buna görə də onun tam müalicəsindən söhbət gedə bilməz. 20 faiz halda bu xəstəlik təkrarlanmaya bilər. Astmanın müalicəsi üçün simptomatik və əsas preparatlardan da istifadə olunur. Bu xəstəlikdən əziyyət çəkənlər astma-mərkəzdə tutmaların əsas profilaktik tədbirlərini, rasional nəfəsalma üsulunu, allergen və Astma əleyhinə preparatların əsas qruplarını və individual hipoallergen dieti öyrənmələri də vacibdir. Bununla bərabər bronxial astmalı xəstələrin müalicəsində karst mağaralarının, duz şaxtalarının da əhəmiyyətli rolu vardır. Duz mədənlərində natrium və xlor ionları üstünlük təşkil etdiyindən o spleoterapiya-ağciyər bronx xəstəliklərinin müalicəsinə olduqca müsbət təsir göstərir.  Duz şaxtası şəraitində aparılan müalicə İtaliya, Macarıstan, Polşa, Almaniya, Ukrayna, Ruminiya və s. kimi ölkələrdə geniş yayılmışdır. Bu baxımdan Naxçıvan Muxtar Respublikasında  yerləşən “Duzdağ” Fizioterapiya Mərkəzi də vacib rol oynayır. Bu fizioterapiya mərkəzinin digər duz şaxtalarından üstünlüyü ondadır ki, şaxta horizontal yerləşdiyindən, xəstələr yeraltı hissəyə adaptasiya olunaraq girirlər. Belə ki, “Duzdağ” Fizioterapiya Mərkəzi dəniz səviyyəsindən 1173 metr hündürlükdə fəaliyyət göstərir. Mərkəzin yeraltı şöbəsi Naxçıvan şəhərindən 12,2 km aralıda yerləşir. Yeraltı şöbə duz mədənində II əsas dağ sexində, girişdən 300 metr məsafədə, 110 metr dərinlikdə 9 işlənmiş ştrixdə yerləşir.

Astma xəstəliyi daha çox uşaqlar arasında artmaqdadır. Ona görə də hazırda bronxial astma təkcə Azərbaycanda deyil, bütün dünyada pediatriyanın ən aktual problemlərindən biri hesab edilir.  Erkən yaşlı uşaqlarda çox az hallarda təsadüf olunur. Bronxial astmaya 3-10 yaş arasında olan uşaqlar daha çox meyillidir.  Bunu nəzərə alaraq fizioterapiya mərkəzi gündüz və gecə olmaqla 2 növbədə təşkil olunmaqla 2-12 yaş üçün gündüz, 12 yaş üzəri gecə seansları  müəyyən edilmişdir.

Şaxtada havalandırma təbiidir, mikrob cisimciklər aşağı səviyyədədir, allergenlər yox dərəcəsindədir. Mağarada rütubət və temperatur daim sabit qalmaqdadır. Şaxtanın mikroklimatında kalsium ionları üstünlük təşkil edir. Mikroklimatı natrium və xlor (Na+ Cl+) ionları üstünlük təşkil edən duz şaxtaları da var.  Bu da astım xəstələrinin müalicəsində əvəzsiz rol oynayır. Uzunmüddətli təcrübəyə əsaslanaraq demək olar ki, yüngül və orta dərəcədə astmatik xəstələrdə (böyüklərdə) 80-86% yaxşılaşma (uşaqlarda) 90-98% yaxşılaşma əldə edilmişdir.

Mərkəzdə 47 otaqda eyni anda  128 pasientin müalicəsi üçün rahat şərait yaradılmışdır. Müalicə xəstənin astım tutmaları müşahidə edilmədikdə və ya qismən azaldıqda aparılır. Həkim və tib bacılarının nəzarəti ilə aparılan müalicədə
bəzi dərman preparatları, fiziki terapiya tətbiqləri, masajlar mümkündür. Lakin mümkün qədər az dərman tövsiyə olunur. Bu baxımdan xəstə hormonal dərmanlar istifadə edirsə, bu dərmanların istifadəsi tədricən azaldılır. Mağarada müalicə olunan xəstələrdə 3-5 gündən sonra müsbət təsir özünü göstərir. Belə ki, bəlğəm ifrazı azalır, boğulmalar heç baş vermir. Ağciyərlərdə və bronxlarda müşahidə olunan xırıltı azalır. Xəstələrə, lazım gələrsə, ildə bir dəfə müalicə prosesi etmələri tövsiyə olunur (ardıcıl 3 il olduqda).

Müalicənin sonunda yüksək miqdarda lökosit-eozinofillər azalır və bəlgəmdəkı eozinofillərin miqdarı azalır və eritrositlərin azalma sürəti normala qayıdır və ya azalır. Bəzən ağciyərlərin nəfəs müddəti normala qayıdır, bronxial yollar təmizlənir. Xəstələr havanı daha rahat nəfəs alır, nəbzi normallaşır və ya taxikardiya (ürəyin dəqiqədə vuruşlarının artması) bir az görülür, artan sistolik və diastolik (qan təzyiqi) azalır.

“Duzdağ” Fizioterapiya Mərkəzi xüsusi mikroiqlim, allergenlərin olmaması, davamlı barometrik təzyiq və müsbət təsir nəticəsində allergik iltihabın qarşısını alır, allergik reaksiyaların zəncirini pozur və nəticədə klinik, biokimyəvi təsir göstərir. Bunları nəzərə alaraq demək olar ki, astma xəstəliyinin müalicəsində “Duzdağ” Fizioterapiya Mərkəzi əvəzedilməz bir rol oynayır.

 

Vəfa QASIMOVA

Astma  xəstəliklərinin müalicəsində  “Duzdağ” Fizioterapiya Mərkəzinin rolu-FOTO




Astma  xəstəliklərinin müalicəsində  “Duzdağ” Fizioterapiya Mərkəzinin rolu-FOTO

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930