SON DƏQQƏ

naxcivanxeberleri.com

Məhəmməd ağa Şahtaxtlı və dilçilik elmi

Məhəmməd ağa Şahtaxtlı və dilçilik elmi
3-05-2020, 12:20

XIX əsrin sonları XX əsrin əvvəllərində Azərbaycanın Avropa mühitində yetişmiş ən böyük dilçilərindən biri ictimai xadim Məhəmməd ağa Şahtaxtlı olmuşdur. Bu görkəmli alimin Azərbaycana Qərb maarifçilik ənənələrini gətirmək, doğma xalqını cəhalətdən xilas etmək, Qərblə Şərqi yaxınlaşdırmaq kimi böyük ideyalar uğrunda mübarizəsi onun həm Şərq, həm də Qərb ictimaiyyətində tanınmasına və şöhrət qazanmasına səbəb olmuşdur.


Peterburqdakı tələbəlik illəri M.Şahtaxtlının ömrünün ən yaddaqalan illərindən sayılmalıdır. Bu şəhərdəki tələbə gənclər V.Q.Belinski, N.A.Dobrolyubov, N.Q.Çernişevski, D.Pisarev kimi rus sosial-demokratlarının fəlsəfi ideyalarının təsiri altında olmuşlar. Məhz bu ideyalar gənclərin öz həyatını xalqın rifahı uğrunda sərf etməyi öyrədirdi.


Məhəmməd ağa Şahtaxtlı XIX əsrin 70-ci illərindən Tiflisin qaynar mədəni mühitində mətbuat sahəsində fəaliyyətə başlamışdır. Bu dövr 1902-ci ilə qədər davam etmişdir. Həmin dövrdə böyük ədib mətbuat sahəsində xalqın maariflənməsi uğrunda qələmi ilə xidmət etmişdir. Görkəmli publisist həm rus mətbuatında xalqın mədəni problemlərini rusdilli oxuculara çatdırmış, həm də yerli mətbuatın inkişafına öz məzmunlu məqalələri ilə kömək etmişdir. Məsələn, Tiflisdə çıxan “Tiflisskiy listok” qəzetində o, 1879-cu ildə Azərbaycan əlifbası haqqında maraqlı məqalə ilə çıxış etmiş, “Ziya” qəzeti isə onu ana dilinə tərcümə edərək xalqa çatdırmışdır.
Məlumdur ki, görkəmli ictimai xadimin Almaniya və Fransanın qədim elm mərkəzlərində aldığı təhsil, Avropa klassiklərinin əsərləri ilə tanışlıq, alman və fransız ictimai fikrinin görkəmli nümayəndələri ilə sıx əlaqə onu elmi və mədəni cəhətdən kamil bir şəxsiyyət kimi yetişdirmişdir.
Bildiyimiz kimi, Məhəmməd ağa Şahtaxtlı 1871-73-cü illərdə Almaniyanın Leypsiq Universitetində, 1873-1875-ci illərdə isə Fransada Parisdə təhsil almışdır. Leypsiq Universitetində M.Şahtaxtlı dilçilik elminə xüsusi maraq göstərmişdir. Məhəmməd ağa Şahtaxtlının buradakı V.Drobin, K.B.Masius, V.Hanke, F.Qarnke, O.F.Pespel kimi müəllimləri o zaman Almaniyanın hüdudlarından uzaqlarda belə böyük şöhrət qazanmışdır.
M.Şahtaxtlının ərəb, fars və türk dillərini mükəmməl bilməsi, Şərq ölkələrinə dair zəngin məlumatı onu tələbə dostları arasında tanıtmışdır. Şərq mövzusundakı söhbətləri, universitetin elmi məclislərindəki çıxışları alman tələbələrinin ciddi marağına səbəb olmuş və bu tələbələrdən Marten Hartman onunla dostluq əlaqələri yaratmışdır. Azərbaycanlı tələbənin öz alman həmkarı ilə belə yaxınlığı M.Hartmanın dünyanın tanınmış türkoloqlarından biri kimi məşhurlaşmasında böyük rol oynadığı fikrini söyləməyə əsas verir.
Məhəmməd ağa Şahtaxtlı Parisə ilk gəlişində Şərq dilləri məktəbində oxumuş, Fransanın dilçi alimləri ilə yaxınlıq etmiş, onların müxtəlif dillərin xüsusiyyətlərinə dair apardıqları eksperimental təcrübələrlə tanış olmuşdur. Gənc tələbə Avropanın tanınmış şərqşünaslarının dilçilik sahəsindəki təcrübələrindən faydalanmış, bu sahədə zəngin təcrübə qazanmışdır.
Təsadüfi deyildir ki, “Şərqi-Rus” qəzetində (1903, №84) redaksiya məqaləsində naşir Paris mühitinin ona böyük təsirini minnətdarlıqla xatırlayır, linqvistik fəaliyyəti üçün məhz Fransa alimlərinə borclu olduğunu etiraf edirdi.
Bu illərdə M.Şahtaxtlının elmi maraqlarının mərkəzində doğma dilin əlifba islahatı durmuşdur. Fransız dilçilərinin əlifba sahəsində apardıqları yaradıcılıq işi gənc azərbaycanlı tələbənin də öz ana dilində yeni əlifba təsis etmək təşəbbüsünə ciddi təkan vermişdir. Bir sözlə, M.Şahtaxtlının Fransadan vətənə qayıdıb Tiflisə yerləşdikdən sonra nəşr edəcəyi “Təkmilləşdirilmiş müsəlman əlifbası” (Tiflis, 1879) kitabı həmin təkanın çox mühüm nəticəsi oldu.
Maarifçi ədib mədəniyyətə yiyələnməyi təkcə öz xalqının deyil, bütün xalqların intibahının başlıca şərti hesab edirdi. Onun fikrincə, avamlıq və cəhalət boyunduruğundan xilas omaq, qabaqcıl və inkişaf etmiş ölkələrə çatmaq üçün hər şeydən əvvəl, dünyanın qabaqcıl mədəniyyətindən xəbərdar olmaq lazımdır.
Məlum olduğu kimi, XIX əsrin sonlarından etibarən fonetika bütün Avropa ölkələrini düşündürən mühüm elm sahələrindən biri olmuşdu. Nə şərq, nə qərb xalqlarının canlı danışıq dilində fonoloji vahidləri mükəmməl şəkildə əks etdirən bir əlifbanın olmaması bütün dünya dilçilərinin bu çatışmazlığı aradan qaldırmağa səfərbər etmişdir. Elə buna görə də dilçi-mütəxəsisslər bu və ya digər əcnəbi sözlərin düzgün oxunuşunu təmin etmək üçün xüsusi işarələr icad edir, transrkripsiya düzəltməli olurdular. Məhz elə bu səbəbdən dünya dilçilərinin toplandığı Fransadakı “Beynəlxalq Fonetika Cəmiyyəti”nin əsasən çoxluq təşkil edən avropalılardan ibarət üzvləri latın əlifbası əsasında vahid fonetik əlifba tərtib etmişdilər. Bu dilçilər ayrı-ayrı dünya dillərininin səs quruluşunu tədqiq edir, o dillər üçün fonetik əlifba yaratmaq haqqında düşünür, elmi dərnəklərdə bu məsələləri həmkarları ilə müzakirə edirdilər. Bu mühit M.Şahtaxtlının hələ XIX əsrin 70-ci illərindən başladığı əlifba fəaliyyətinə müsbət təsir göstərmiş, əlifba islahatının elmi prinsiplərini formalaşdırmasına imkan yaratmışdı. Bunu alim özü də sonralar etiraf edərək yazmışdı: “Qərbi Avropalı həmkarlarımın latın əlifbasından düzəltdikləri xətt kimi bir ümumi əlifba təsis etmək qərarına gəldim... Parisdə yaşayan ərəb, fars, osmanlı tanışlarımın tələffüzünə görə mən bu üç dilin tərkibini bir fonetik hadisə kimi elmi üsulla müəyyən edib doğma Azərbaycan dilinin səslərini də buraya qatdım. Beləliklə, müxtəlif məxrəcli 49 hərf alındı. Bunların hərəsi üçün bir hərf təyin etdim ki, nəticədə indi nəşr etdirdiyim Şərq əlifbası meydana gəldi” .
Fransa mühitində M.Şahtaxtlının ən sevilmi müəllim və dostlarından biri də Lüsyen Büva olmuşdur. Alim öz dostunda Azərbaycan dilinə, ədəbiyyatına və mədəniyyətinə böyük maraq oyandırmışdır. Lüsyen Büva Azərbaycan ədəbiyyatının heyranı olmuş, buna görə də görkəmli dramaturq M.F.Axundzadənin bir neçə komediyasını və “Aldanmış kəvakib” povestini fransız dilinə tərcümə etmiş, Parisdə çıxan məşhur jurnallarda nəşr etdirmişdir. O, eyni zamanda “Molla Nəsrəddin” jurnalının və M.Ə.Sabirin yaradıcıığının Avropa oxucusuna tanıdılması istiqamətində çox iş görmüşdür. L.Büva Naxçıvandakı bir teatr tamaşası haqqında bunları yazmışdır: “Naxçıvanda həvəskar artistlər tərəfindən tatar və rus dillərində tamaşalar göstərilir. Bu tamaşalara baxmaq üçün cəmiyyətin bütün təbəqələri gəlirlər... Müsəlman qız məktəbinə kömək məqsədilə tatarlar xanım Solaninin rəhbərliyi altında ruslarla birgə Naxçıvanın yay klubunda gözəl bir konsert vermişlər” .
L.Büva məslək yoldaşımız adlandırdığı qələm dostu M.Şahtaxtlının yaradıcılığını həmişə izləmiş, onun həyat və fəaliyyətinə, eləcə də Şərqdə böyük ədəbi hadisə hesab etdiyi “Şərqi-Rus” qəzetinin nəşrinə müxtəlif dövrlərdə ayrı-ayrı məqalələr həsr etmişdir. Onun 1903-cü ildə Fransadakı Asiya Cəmiyyətinin mətbuat orqanı olan “Jurnal Aziatik” məcmuəsində “Şərqi-Rus” qəzetinin fəaliyyətini işıqlandıran, onu və sahibini Avropa oxucusuna, mədəniyyət aləminə tanıdan sanballı məqaləsi nəşr olunmuşdur. Həmin məqalə eynilə Azərbaycan dilinə tərcümə edilərək “Şərqi-Rus” qəzetinin səhifələrində işıq üzü görmüşdür. Görkəmli şərqşünas bu mətbuat orqanının meydana çıxmasında M.Şahtxtlının fədakar əməyini yüksək qiymətləndirərək yazırdı: “Qafqaz türklərinin çoxusu öz lisanlarında bir qəzet olmasını arzu edirdilər. Amma Şahtaxtinskidən əvvəl kimsədə o qeyrət, o canfəşanlıq olmamışdır ki, millətin təsəvvürünü qüvvədən felə gətirməyə himmət edə. Aləmi-mədəniyyət Məhəmməd ağanın bu həmiyyəti-iqdamı üçün ona minnətdar olmalıdır” .
M.Şahtaxtlının yeni əlifba fəaliyyəti onun dilçilik sahəsində Avropada qazandığı nəzəri biliklərə əsaslanır. O, dil sahəsində apardığı eksperimentlerlə, yeni əlifba tərtibi sahəsində yorulmaz və fədakar mübarizəsi ilə fransız və dünya alimlərinin rəğbətini qazanaraq Beynəlxalq Fonetika Cəmiyyəti vasitəsilə dünya dilçilik aləmində böyük şöhrət qazandı. Cəmiyyət üzvləri arasında bir dilçi kimi onun nüfuzu o dərəcədə artmışdı ki, o, hətta üzv olduğu bu cəmiyyətə yaxından tanıdığı, istedadına bələd olduğu bir çox alimin qəbul edilməsi üçün zəmanət verirdi. Türk alimi D.Kamal bunlardan biri idi.
Beynəlxalq Fonetika Cəmiyyətinin üzvü və Sorbon Universitetinin nəzdindəki Ali Təcrübi məktəbin tələbəsi kimi Məhəmməd ağa Şahtaxtlı fransız dilçi alimlərinin təşkil etdikləri elmi məclislərdə iştirak etmiş, yeri gəldikcə doğma dilin fonetikasının bəzi məsələlərinə dair dünyanın məşhur alimləri qarşısında maraqlı məruzələrlə çıxış etmişdir.
Məhəmməd ağa Şahtaxtlı əsərlərində minnətdarlıqla adını çəkdiyi alimlərdən biri də fransız şərqşünası və dilçisi Hartviq Derenburqdur. Milliyətcə alman olan fransız şərqüşünası Şərq ədəbiyyatının, tarixinin gözəl bilicisi idi. Ərəb dilinin tarixi, “Quran” kitabı haqqında yazdığı elmi əsərlər onu dünyada tanıtdırmışdı. Tərcüməçilik sahəsində böyük uğurlar qazanmış, Şərq dillərini doğma dili kimi öyrənmiş, Şərq ədəbiyyatı tarixinə yaxından bələd olmuş M.Şahtaxtlı professor Hartviq Derenburqa Şərq ədəbiyyatı tarixinin öyrənilməsində və bu sahədə onun apardığı tədqiqat işlərində alimə yaxından kömək etmişdir. Məşhur ərəbşünas Şefer Şarlın ərəb əlyazmalarına dair arxiv kolleksiyası üzərində tədqiqat aparan, onları araşdıran Hartviq Derenburq tələbəsinin bu işdə ona köməyi, Şərq ədəbiyyatı və tarixi sahəsindəki dərin biliyi barədə yazmışdır: “Məni maraqlandıran bu cildin sonuncu məqaləsi Məhəmməd ibn Dahaka həsr edilmişdir. Mənim tələbələrimdən biri, cənab tiflisli Şahtaxtinski bu qiymətli əsəri nəşrə hazırlayır. Ədəbiyyat tarixi üçün son dərəcə əhəmiyyətli olan bu əsər vaxtilə Flügeli heyrətə salmışdı”
M.Şahtaxtlının oxuduğu təhsil ocağında fars və ərəb dillərinin tarixinə dair apardığı tədqiqat işi müəllimi, görkəmli ərəbşünas alim, həyatının çox hissəsini Şərq ölkələrində keçirmiş, bu ölkələrin tarixinə, ədəbiyyatına və dilçiliyinə aid maraqlı sanballı elmi əsərlər yazıb çap etdirmiş Jozef Halavinin də diqqətini çəkmişdir.

 

Samirə HƏSƏNOVA, Fəxriyyə CƏFƏROVA
Naxçıvan Müəllimlər İnstitutu

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930