SON DƏQQƏ

naxcivanxeberleri.com

İlk dəfə monoqrafik şəkildə təqdim olunan  bir ömürnamə

İlk dəfə monoqrafik şəkildə təqdim olunan  bir ömürnamə
1-05-2020, 10:37

Respublikamız müstəqillik dövrünə qədəm qoyduqdan sonra, xüsusilə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan bir ucu qərbdən, digər ucu şərqdən gələn tarixi və strateji əhəmiyyətli Naxçıvan Muxtar Respublikasında sarsılmaz özülə malik olan milli mənəvi dəyərlərimizə, elm və təhsil sahəsinə, ədəbi yaradıcılığa   qayğı artmışdır. Naxçıvan həmişə sözün, sənətin, ədəbiyyatın beşiyi kimi şöhrət qazanıb. Bu doğma diyar dünya mədəniyyətinə nadir incilər bəxş edib.

Bu qədim elm və mədəniyyət ocağının bir yetirməsi olan şair Asim Yadigar da öz qələmi, dəsti-xətti ilə seçilən, Naxçıvan və Azərbaycan ədəbi mühitində geniş şəkildə tanınan, bütövlükdə ədəbiyyatımıza dəyərli töhfələr bəxş edən  ədəbiyyat adamlarından biridir. Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi, şair-dramaturq Asim Yediyar oğlu Əliyevin həyat və yaradıcılığına həsr olunan “Asim Yadigarın yaradıcılıq yolu” adlı  monoqrafiya bu günlərdə “Əcəmi” Nəşriyyat - Poliqrafiya Birliyində işıq üzü görüb. Əsərin müəllifi Naxçıvan Müəllimlər İnstitutunun Dillər və Ədəbiyyat kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent Günay Asif qızı Şirəliyevadır. Monoqrafiyanın elmi redaktoru və ön sözünün müəllifi AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktor müavini, Əməkdar elm xadimi, professor Hüseyn Həşimli, rəyçiləri professorlar Akif İmanlı, Sədaqət Həsənova, dosentlər Zülfiyyə İsmayıl və Nəzakət İsmayılovadır. Əsər Naxçıvan Müəllimlər İnstitutunun Elmi şurasının  30 yanvar 2020-ci il tarixli 08 nömrəli qərarı ilə çapa tövsiyə olunmuşdur.

Tanınmış şair-dramaturq Asim Yadigarın çoxşaxəli və zəngin yaradıcılıq yolu haqqında ilk dəfə ərsəyə gələn  monoqrafiyada onun şeirləri, poemaları, dram əsərləri təhlilə cəlb olunur. Şairin yaradıcılığındakı əsas mövzular, onların bədii təqdim üsulları araşdırılır, sistemli və konseptual şəkildə tədqiqata cəlb edilir.

Maraqlı mündəricəsi ilə diqqəti özünə cəlb edən bu əsər giriş, yeddi fəsil, altı paraqraf, nəticə və ədəbiyyat siyahısından ibarətdir.

Əsər “İstedadlı şair haqqında ilk monoqrafiya” sərlövhəli ön sözlə oxucuya təqdim olunur. Monoqrafiyanın əsas məziyyətlərini təhlil edən professor Hüseyn Həşimli şair haqqında yazır: “Asim Yadigar ədəbiyyata təsadüfi gəlməyib. Daxilində qay­nayan yazmaq təşnəliyi, yaradıcılıq yanğısı onu sənət yolunun sadiq yolçusuna çevir­ib. Zaman-zaman yaradıcılıq axtarışlarını daha da təkmilləşdirən və dolğunlaşdıran, istedadın, zəhmətin gücü ilə sənət yollarında pillə-pillə irəliləyən  şair regionda yaşayıb böyük ədəbiyyata layiqli xidmət göstərməyin mümkünlüyünü uğurla nümayiş etdirməkdədir”. Həqiqətən də, əyalətdə yaşayıb  geniş oxucu auditoriyası qazanan, Azərbaycan ədəbi mühitində geniş tanınan şairlərdən biri kimi Asim Yadigar ədəbi ictimaiyyətin nəzər-diqqətini özünə daim cəlb edə bilib. Onun haqqında Mirzə İbrahimov, İsmayıl Şıxlı, İsa Həbibbəyli, Nizami Cəfərov, Qəzənfər Paşayev, Vaqif Yusifli,  Atif Zeynallı, Hüseyn İbrahimov, Hüseyn Razi, Akif İmanlı, Hüseyn Həşimli, Sədaqət Həsənova, Ramiz Qasımov və başqa görkəmli alimlərin, şair və yazıçıların, eləcə də digər müəlliflərin mətbuat səhifələrində, elmi jurnallarda çap olunan məqalələri bir daha təsdiqləyir ki, Asim Yadigar çoxşaxəli yaradıcılıq imkanlarına  malik olan qələm sahibidir.

      Dosent Günay Şirəliyeva əsərin giriş hissəsində müraciət etdiyi mövzunun aktuallığını şərtləndirərkən  Naxçıvan ədəbi mühitinin qədim və orta əsrlər dövrünə, yeni və ən yeni inkişaf mərhələlərinə nəzər salır. Bu kontekstdə  Naxçıvan ədəbi məktəbinin yetirməsi olan Asim Yadigarın mühiti və müasirləri ilə də oxucunu tanış edir.  Ömrünün 40 ilini  Naxçıvan ədəbi mühitinin içərisində keçirən Asim Yadigar 30 ilə yaxın Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ədəbi-bədii verilişlər redaksiyasında kiçik redaktordan baş redaktor vəzifəsinədək ictimai pillələrdə addım-addım yol alıb. Duyğularının  bədii tutumu onu şair kimi oxucuya nə qədər sevdiribsə, sözünün sanbalı, fikrinin kəsəri də onu vətəndaş-ziyalı kimi tamaşaçıya bir o qədər sevdirib. Bu ikisinin vəhdəti Asim Yadigarı bütöv bir şəxsiyyət kimi xalq tərəfindən alqışlanmasına səbəb olub.

Müəllif geniş yaradıcılıq imkanlarına malik olan  şair haqqında  qeyd edir ki, onun  müxtəlif  vəznlərdə 600-dən artıq şeiri çap edilib. Onun heca, əruz və sərbəst vəzndə yazdığı şeirləri sübut edir ki, şair hər bir vəzndə gözəl nümunələr yaratmaq imkanına malikdir. Bu baxımdan onun rübailəri, qəzəlləri, təxmisləri, məsnəviləri  klassik şeir nümunələri kimi böyük maraq kəsb edir. Digər tərəfdən onun qoşma və gəraylıları, təcnisləri də göstərir ki, o, bir şair kimi xalq şeiri formalarında da olduqca məharətlidir ki, gözəl sənət nümunələri yarada bilib.  Kitabdakı təhlillərdən aydın olur ki, Asim Yadigarın şeirlərində poetik fikrin daxili cazibəsi, dilimizin şirinliyindən yoğrulan təbiilik, həqiqət və reallığın bədii çəkisi, eyni zamanda qələmə alınan mövzunun ümumiləşməsi güclüdür.

Əsərin I fəsilində Asim Yadigarın həyat və yaradıcılıq yolunun əsas məqamlarına nəzər salınır, şairin mövzu genişliyinin təsnifatı aparılır. Günay xanım şairin  müxtəlif illərdə işıq üzü görən “Zirvə yolu”, “Unut bu sevdanı”, “Oğul dağı”, “Hər şeyin sonu var”, “Midiyanın süqutu”, “Sənətinin vurğunu”, ”Bahar”, ”Kalba Musa çeşməsi”, “Bir nurlu heykəl yarat”, “Bir ömrün nəğməsi” və s. adlı əsərlərini təhlilə cəlb edib. Bu fəslin müxtəlif paraqraflarında şairin yaradıcılığında vətənpərvərlik duyğularının bədii təqdim aspektləri işıqlandırılır. Müəllif də tədqiqat zamanı bu sahəni daha geniş şəkildə tədqiqata cəlb edir. Onun yaradıcılığında Ümummili Lider Heydər Əliyevə həsr olunan  “Heydər zirvəsi”, “Dədə Heydərim mənim” və “Gəldi ulu Heydərin İlham dühası, gəldi”,  “Bir nurlu heykəl yarat”, “Azərbaycan dünyaya günəş kimi doğacaq”, “Azərbaycan bayrağına”, ”Bir bayraq altında”, ”Vətən oğlu”, “Döyüş əmri ver mənə” və s. şeirləri bu gün Naxçıvan ədəbi mühitində siyasi lirikamızın gözəl nümunələri, dövlət və dövlətçiliklə bağlı digər şeirləri, Naxçıvana sonsuz məhəbbət mövzusu ayrıca təhlilə cəlb olunur. Müəllif  bu şeirləri siyasi lirikanın gözəl nümunələri kimi tədqiqat müstəvisinə gətirir. Bu fəslin növbəti paraqraflarında xalqımızın qan yaddaşına, ürək yanğısına çevrilən Qarabağ problemi, yurd itkisinin ağrı-acısı, ordu quruculuğu, şəhidlik zirvəsi və s. mövzulu şeirlərin əsas məziyyətləri təhlil olunur.

II fəsildə şairin Cənub mövzulu əsərlərində ümidlərin, vüsal və həsrətin poetik incəlikləri araşdırılır. Bu fəsil iki paraqrafdan ibarətdir. İlk paraqrafdan aydın olur ki, şairin 1970-ci illərdə yazdığı “Qoy yormasın yollar səni”, “Görüşünə gələcəyəm”, “Nə bilmək olar”, “Nənəmin arzusu” və digər şeirlərində Cənub nisgili, Təbriz həsrəti özünü açıq-aydın şəkildə göstərir. Bu fəslin ikinci paraqrafında, əsasən 1990-cı ildən sonra qələmə aldığı Cənub mövzulu əsərlərin bədii və məna yükü incələnir. Burda forma və məzmun vəhdətdə təhlil olunur, şeirlərin poetik gücü, axıcılığı, səmimiliyi ilə yanaşı, quruluşu da diqqətlə izaha cəlb olunur.

IV fəsil də maraqlı mövzuya həsr olunub. Bəhsikeçən bu fəslin müxtəlif paraqraflarında Asim Yadigarın uşaqlar üçün yazdığı yüzə yaxın şeiri, ona yaxın poeması və dram əsərləri təhlil olunur. Asim Yadigarın uşaq şeirlərinin bir qismini akademik İsa Həbibbəyli “baba olanlar üçün” yazılmış şeirlər adlandırdığı da diqqətə çəkilir. Tədqiqatçı bu fəsildə şair Asim Yadigarın oxucusuna nəyi demək istədiyini, nəyi çatdırmaq arzusunu və s. bu kimi mətləbləri təhlil süzgəcindən keçirir. Əsəsən, “Əgrək və Səgrək”, “Mən günəşi görürəm”, “Torağay və fil”  kimi pyeslərini müəllif  daha geniş araşdırmaya cəlb edir.

Monoqrafiyanı V fəsli Asim Yadigarın poemalarından bəhs edir. Şairin irili-xırdalı 20-yə yaxın poemasının təhlilindən aydın olur ki, Asim Yadigar geniş yaradıcılıq manerasına malikdir. Onun “Sarı gəlinlər”, “Daş qız”,  “Kədərə heykəl”, “Oğul dağı”, “Talesizlər”,  “Kalba Musa çeşməsi”,  “Tacmahal”, “Bir gecənin ağrısı”, “Mən Vətənin oğluyam” və s. kimi poemalarında xalqın tarixi keçmişinə sevgi, dərin məhəbbət özünü açıq şəkildə büruzə verir. Bəzən real həyati faktlara müraciət poemaların təsir gücünü artırır və oxucuya daha çox sevdirir. 

G.Şirəliyeva “Asim Yadigarın dramaturgiyası” adlı VI fəsildə şair-dramaturqun “Torağayın qisası”, “Midiyanın süqutu”, “Qorxulu oyun”, “Şir və çaqqal”, “Buynuzlu ana maral” və s. kimi  dram əsərlərinin mövzu və ideya, bədi-estetik xüsusiyyətlərindən söz açır. Onun  tarixi mövzuda yazdığı dram əsərlərində güclü müasirlik duyğusunun daha qabarıq olduğunu ətraflı şəkildə izaha cəlb edir.

Əsərin “Asim Yadigarın yaradıcılıq xüsusiyyətləri” başlıqlı sonuncu fəsli ümumiləşdirmə xarakteri daşıyır. Müəllif bu hissədə şairin müxtəlif şeir formalarında, əruz, heca, sərbəst vəzndə yazdığı əsərlərin dil-üslub xüsusiyyətlərini üzə çıxarmış, əsər boyu müxtəlif fikir və mülahizələrə münasibət bildirərkən konkret faktlara və nümunələrə əsaslanmışdır. Günay Şirəliyeva əsərdə böyük ədəbiyyatşünas, akademik İsa Həbibbəylinin Asim Yadigara həsr etdiyi “Vətəndaşlıq mövqeyi, plyus lirizm” məqaləsinə daha çox istinad edir.

Monoqrafiyanın “Nəticə” hissəsində də tədqiqat boyu gəlinən nəticə və qənaətlər yığcam və dolğun şəkildə əksini tapır. Qısa təqdimatdan aydın olur ki, Asim Yadigar müasir Azərbaycan ədəbiyyatının orta nəslinin tanınmış  nümayəndəsi, Ən yeni dövr Azərbaycan şeirində özünəməxsus yazı üslubu olan şairdir. Onun şeir yaradıcılığı mənaca dərin və təsirli, forma etibarilə zəngin, əlvan və rəngarəngdir. O, müstəqillik dövrü Azərbaycan poeziyasını əsl vətəndaşlıq ruhu, orijinal poetik formalarla, milli düşüncə tərzində yazılan yaddaqalan şeirləri ilə zənginləşdirir, ədəbiyyatın və müasir cəmiyyətin inkişafına özünün sənət töhfələri ilə xidmət edir. Bu və ya digər faktlar  araşdırmanın nəticəsini konkret şəkildə başa düşməyə və mənimsəməyə imkan verir, həmçinin mövzu ilə bağlı əldə olunmuş nəticələrin ümumiləşdirilməsi monoqrafiyanın praktik əhəmiyyətini də artırır.

Əsərin sonunda 150-yə yaxın ədəbiyyatdan istifadə edilmişdir.

Bu əsər bütün oxucu kütləsi üçün nəzərdə tutulub. Monoqrafiyanın əsasən Azərbaycan ədəbiyyatı, Naxçıvan ədəbi mühitinin  nəzəri problemlərinin müqayisəsi  ilə məşğul olan tədqiqatçılar üçün dəyərli mənbə rolunu oynayacağına əminik.

Biz də “Mən sözlə oynayıram. O sözlə ki, dünən vardı, bu gün var, sabah da olacaq. Dünəndən bu günə yol gələn, bu gündən sabaha yol başlayan söz mənim üçün canlı bir varlıqdır” – deyən Asim Yadigara və onun haqqındakı ilk ömürnamənin təşəbbüskarı dosent Günay Şirəliyevaya yeni-yeni yaradıcılıq  uğurları arzulayırıq.

 

Zülfiyyə İSMAYIL

filologiya üzrə fəlsəfə doktoru, dosent

AMEA Naxçıvan Bölməsi

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930