SON DƏQQƏ

naxcivanxeberleri.com

Naxçıvanda Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 97-ci ildönümü qeyd olunub

Naxçıvanda Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 97-ci ildönümü qeyd olunub
28-04-2020, 20:55

Milli oftalmologiyanın banisi akademik Zərifə xanım Əliyevanın keçdiyi həyat yolu, misilsiz xidmətləri, apardığı tədqiqatlar əsl təcrübə məktəbidir.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu fikirlər aprelin 28-də Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasında görkəmli oftalmoloq-alimin anadan olmasının 97-ci ildönümü münasibətilə keçirilən tədbirdə səsləndirilib.

Tədbir iştirakçıları əvvəlcə akademik Zərifə xanım Əliyevanın poliklinikanın foyesindəki büstü önünə gül dəstələri qoyub, onun xatirəsinə həsr olunmuş guşədə alimin həyat və fəaliyyətini əks etdirən foto və kitablarla, həmçinin tanınmış insanların görkəmli oftalmoloq-alim haqqında fikirləri ilə tanış olublar.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavini Samrat Gəncəyeva qeyd edib ki, Naxçıvan Şəhər Poliklinikası 1990-cı ildən görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın adını daşıyır. Ümummilli lider Heydər Əliyev 1990-cı və 1999-cu illərdə poliklinikada olub. 2012-ci ilin mayında Prezident İlham Əliyev Zərifə xanım Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasının yeni binasının açılışında iştirak edib. Zərifə xanımın adını daşıyan səhiyyə müəssisəsində işləmək hər bir tibb işçisi üçün böyük məsuliyyətdir.

Naxçıvan Şəhər Poliklinikasının baş həkimi Səadət Əlizadə bildirilib ki, ömrünü tibb elminə həsr edən görkəmli alim Zərifə xanım Əliyeva oftalmologiyanın aktual problemlərinə dair çoxsaylı tədqiqatlar aparıb, fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsində, o cümlədən Azərbaycanda traxomanın kökünün kəsilməsində böyük əmək sərf edib, xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının tapılması istiqamətində səmərəli elmi araşdırmalar aparıb.

Zərifə xanımın vəzifə borcuna, tibbi etika və deontologiyaya dair baxışları onun “Həkimin əxlaqi tərbiyəsi, deontologiya, tibbi etika və əxlaq məsələləri” əsərində daha ətraflı şəkildə əks olunub. Zərifə xanım haqlı olaraq belə hesab edirdi ki, həkimin peşə mövqeyi onun xəstəyə münasibətini müəyyənləşdirən başlıca amildir: “Yalnız o şəxs əsl həkimdir ki, xəstənin ağrılarını məhz özünün ağrıları hesab edir. Belə bir həkim üçün hər dəfə xəstəni qəbul etmək, hər dəfə xəstəliyə düçar olmuş insanla söhbət etmək həm xəstə qarşısında, həm də cəmiyyət qarşısında, ən başlıcası isə öz vicdanı qarşısında əxlaqi məsuliyyət deməkdir”.

Tədbirdə vurğulanıb ki, akademik Zərifə Əliyevanın çoxşaxəli elmi fəaliyyəti hələ sağlığında öz qiymətini alıb. O, bir çox sanballı tədqiqatların, o cümlədən 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 160-a yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Onun zəngin pedaqoji və elmi təcrübəsi “Oftalmologiyanın aktual məsələləri” monoqrafiyasında öz əksini tapıb. Bu kitab həm oftalmoloqlar, həm də həkimləri təkmilləşdirmə fakültələrinin müəllimləri üçün əsas elmi mənbədir.

Zərifə xanım təkcə çoxşaxəli elmi-tədqiqat işləri aparmaqla kifayətlənməyib, yüksəkixtisaslı gənc kadrların yetişdirilməsinə və oftalmoloq həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirib. Onun işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə bizimlə qalacaq, parlaq xatirəsi daim anılacaq, qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaqdır.

Sonda görkəmli alimə həsr olunmuş şeirlər bədii qiraət edilib.

 

Rauf KƏNGƏRLİ

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930