SON DƏQQƏ

naxcivanxeberleri.com

Beyində immunitet sistemi necə yaranır?-Lamiyə Quliyeva yazır...

Beyində immunitet sistemi necə yaranır?-Lamiyə Quliyeva yazır...
28-04-2020, 03:34

Beyin bütün bədəndəki hadisələrə nəzarət edən və istiqamətləndirən bir xüsusiyyətə sahibdir.  Beynin immun sisteminə təsir etmə tərzi yaxın zamanlara qədər müəmma idi. Aparılan tədqiqatlar işığında Psixo Neyro İmmunologiya adlı bir elm sahəsi yaranıb. Bu elmi sahə beyinlə immunitet sistemi arasında qarşılıqlı təsiri tədqiq edir. C. Simonton və həyat yoldaşı Xərçəng Məlumat və araşdırma mərkəzində xərçəngli xəstələrə hansı davranışların xərçəngin gedişinə təsir etdiyini izah edən iki elm adamı idilər. Onlar öz xəstələrinə, streslə qarşılaşdığı zaman asanca əhvalı pozulan şəxslərin xərçəngə daha asan tutulduğunu izah etdilər. Xərçəngə tutulmuş şəxs yaxşılaşmaq istəyirsə, xəstəliyi ilə mübarizə aparmağı və gələcəyinə ümidli olmağı öyrədilməlidir.

          Simontların məşğul olduqları xəstələrdən daha öncə müalicə almış, lakin sağalmaqlarından ümidlərini kəsmiş şəxslər var idi ki, onların bir il ərzində öləcəkləri təxmin edilirdi. Əksər xəstələr 20 ay yaşadı və dörddə birindən çoxu qismən və ya tamamilə sağaldı. Bu metoda görə şəxs öz xəstəliyini bilir və ona qarşı mübarizə aparır, gələcəyə ümidlə baxır. Həmçinin xəyal qurmaqla beynini işlədir. Simontların bu metodları tibb cəmiyyətində çox da yaxşı qəbul edilməmişdir. Nəticələr tam yetərli deyildi, çünki bu metod xəstələri xərçəngə qarşı daha da zəiflədir və stresə daha meyilli olmasında səbəb ola bilərdi. Simontlar bu işə şübhə ilə yanaşanlara qaneedici dəlillər göstərə bilməmişdilər, lakin daha sonrakı araşdırmalar, onları təmin edən nəticələri üzə çıxardı.

 

Duff və Pert bədənə düşən mikroorqanizmlərlə mübarizə aparan, immunitet sistemi hüceyrələrindəki antitellərin sürət və hərəkət istiqamətlərinin opiaylar (ağrıkəsici) və P maddəsi adı verilən bir ağrı xəbərçisi kimi neyropeptidlər tərəfindən dəyişdirildiyini göstərdilər. Bu maddələr şəxsin psixoloji vəziyyətindən asılı olaraq ifraz olunduğuna görə, şəxsin psixoloji vəziyyətinin mikroblarla mübarizədə böyük əhəmiyyət daşıdığı isbatlanmış oldu. Eyni şəkildə mənəvi cəhətdən sarsılmış xəstələrin, hələ də sağalmalarına ümidli olan xəstələrlə müqayisədə daha pis vəziyyətdə olmalarının səbəbi də, immunitet sistemi hüceyrələrinə təsir edən neyropeptidlərin miqdarındakı azalma ola bilər.

          Pert, beyinə təsir edən onlarla peptid quruluşu olmayan kimyəvi maddə və əlliyə yaxın neyropeptid olduğunu ifadə etmişdir. Bu miqdarın çoxluğuna baxmayaraq, irəlidə hər bir hiss (duyğu) üçün kimyəvi maddə profilinin çıxarılacağını və bu kimyəvi maddələrin, sadəcə beyində deyil, immunitet sistemində və vücudun digər bölgələrində də hazırlandığına inandığını söyləmişdir.

          Fransa Tours universitetindən Jirar Renoya görə beynin korteks (qabıq) təbəqəsi, ən azı beynin daha adi qisimləri qədər immunitet sisteminin fəaliyyətlərinə təsir etməkdədir. Reno : “Beyin immunitet sisteminə davranışla bağlı fəaliyyətlərə nəzarət etdiyi kimi nəzarət edir” deyirdi. Yəni beynin sol yarısı immunitet sistemini oyadarkən, sağ yarısı da bilavasitə və ya dolayı olaraq sol yarının fəaliyyətini azaldaraq təzyiq göstərməkdədir. Beynin funksiyalarının, beyin yarımkürələri arasında anormal surətdə paylandığı solaxay şəxslərin, avtoimmun xəstəliklərə (immunitet sisteminin pozulması nəticəsində meydana gələn bəzi xəstəliklər) tutulması ehtimalı çox böyükdür. Riyazi qabilliyyəti olan uşaqlarda və qavrama qabiliyyəti zəif olan uşaqlarda (hər iki qrupda da beynin quruluşunda anormallıq vardır) allergiyanın meydana gəlmə riski daha çoxdur. Reno, beynin dəyişən simmetriyasının immun sistemin tarazlanmış fəaliyyətini pozduğunu və bunun xəstəliklərə zəmin hazırladığını demişdir.

          Renonun nəzəriyyəsi eyni zamanda hisslərin və xəyallar qurmanın xərçənglə mübarizədə hansı rolu oynadığı haqqında bizlərə ipucu verir. Xəyal qurmaya daha çox beynin sağ yarısı tərəfindən nəzarət edildiyi üçün, şəxs xəyal qurarkən beynin sağ tərəfinin immunitet sisteminə təzyiq etməsinə mane olur. Bəzi tədqiqatçılar isə beynin sol yarısının həyəcan kimi müsbət, sağ yarısının isə laqeyidlik kimi mənfi hissləri kontrol etdiyini irəli sürürlər. Beləcə holistik tibbin (həkimin diaqnoz və müalicədə, xəstənin həyatının bütün cəhətlərini – fiziki, hissi, sosial – nəzərə alan metod) təbliğ etdiyi xoşbəxtlik və nəzarət hissi, immunitet sisteminin xərçəngə qarşı mübarizəsinə dəstək olmaq üçün beynin sol yarısı oyadır.

          Bu biliklərin işığında yeni bir elm sahəsi yaranmışdır: Psixo – neyroimmunologiya. Psixo – neyroimmunologiya beyin fəaliyyətləri ilə immunitet sistemi arasında qarşılıqlı münasibəti araşdırır. Beyin immunitet hüceyrələri ilə xəbərləşdiyi üçün xəstənin mənəvi vəziyyəti, immunitet sisteminə təsir edir. Eyni şəkildə beyinlə xəbərləşən immunitet hüceyrələrinin xəstənin xarakterinə təsir etməsi təbiidir. Bədəndəki ən mükəmməl mexanizmlərdən biri də əksəlaqə (geri bəslənmə) mexanizmidir. Bir termostatın otaqdakı istiliyi sabit saxlaması kimi, beynin də vücuddan aldığı bir çox siqnalı dəyərləndirərək sabit bir daxili mühit meydana gətirir. Qan təzyiqi, istilik, cinsiyyət hormonlarının ifrazı və iştah əksəlaqə ilə nizamlanarkən, bədənin müdafiə mexanizmində niyə bu tərs əlaqə olmasın? Fizioloq H. Besedovski bu sualın cavabını araşdırmaq üçün belə bir tədqiqat aparmışdı. İmmunoloq S.Sorokin ilə biokimyaçı A. Del Rey də bir siçanın beyninə elektrodlar yerləşdirdilər və immunitet sistemini hərəkətə keçirmək üçün heyvana kənar hüceyrələr inneksiya etdilər. Nəticədə siçanın beynində elektrik fəallığı artdı və çox mühim olan bəzi beyin kimyəvi maddələri nizamlı bir şəkildə azaldı. “Bu, beynin immun sisteminin nə iş gördüyünün fərqində olduğunu göstərən ilk aşkar sübutdur”, - deyə Besedovski yazır.

          Besedovski daha sonra beynin sadəcə immunitet sisteminin fəaliyyətinə nəzarət etmiyib, eyni zamanda, immunitet sisteminin müəyyən nizamda qalmasına kömək olacaq məlumatları da istifadə etdiyini kəşf etdi.

İmmunitet sisteminin müvazinət halında olması sağlamlıq baxımından əhəmiyyət kəsb edir. “Zəifləmiş immunitet sisteminə malik olan bir şəxs yoluxucu xəstəliklərə asanlıqla yoluxarkən, hədsiz çalışan bir immunitet sistemi üçün də müvazinət təmin olunmalıdır və bu tarazlıq beyinlə təsirli bir şəkildə davam etdirilməlidir” – deyə Besedovski qeyd edirdi.

İmmunoloq Ed Blalok immunitet sistemi hüceyrələrinin beyinlə hormonlar sistemi vasitəsilə xəbərləşdiyini göstərirdi. O, interferonlar üzərində tədqiqat apararkən “interferon tərəfindən oyadılan immunitet sistemi hüceyrələrinin endorfin (beynin bir bölgəsi tərəfindən ifraz olunan və morfiyə bənzəməklə bərabər, ondan daha güclü ağrıkəsici olan bir maddə) və ACTH (hipofiz vəzindən ifraz olunan və böyrəküstü vəzinin qabıq maddəsini oyadan bir hormon) ifraz etdiklərini kəşf etmişdir. Blalok immunitet sistemi hüceyrələrinin sadəcə bu iki maddəni deyil, böyümə hormonu, tritropin hormonu və cinsiyyət hormonlarını da ifraz etdiyini də iddia edir və “immunitet sistemi sanki üzən kiçik bir hipofiz vəzisinə bənzəyir” deyirdi. Bu iddialar hələ ki, araşdırılır.

 

Qoldşteyn immunitet sistemi hüceyrələrinin formalaşmasını stimullaşdıran timozinləri kəşf etməsini təqib edərək, Qoldşteyn və Holl timozinlərin insan davranışları üzərində də çox böyük təsiri olduğunu isbat etdilər.

          Bundan başqa, Holl immunitet sisteminin hafizəsi ilə, davranışla əlaqəli hafizə arasındakı bənzərliyə diqqət çəkmişdir. Beyin təcrübələr haqqında məlumatı ehtiyat halında topladığı kimi, limfositlər də daha öncə qarşılaşdıqları mikroorqanizmləri “xatırlayıb” sonrakı qarşılaşmada vücudun bu mikroorqanizmlərə qarşı daha güclü cavab verməsini təmin edir. Holl iki tip hafizənin gedişatında da yaşa görə paralellik göstərdiyini söyləyir, hər iki hafizə yaşla əlaqədar geriləyərkən, immunitet sisteminin vücudun öz hüceyrələrini tanıma qabiliyyəti zəifləyər və beləcə xərçəng və avtoimmun xəstəlikləri riski artar.

          Holl və Blalok bu paralelliyi bir neçə nəzəriyyə ilə izah etmişlər. Bunlardan birincisi yaşlanan beynin ACTH və endorfin kimi maddələrin ifrazını lazımi miqdarda təmin edə bilməməsi və bu hormonların azalması ilə əlaqədar zəifləmək və müdafiə sistemində pozuntuların görünməsidir. Digər bir nəzəriyyə isə immunitet sistemində əmələ gələn pozulma nəticəsində immunitet sistemi hüceyrələrindən ifraz olunan timozinlərin, ACTH və endorfinlərin səviyyəsinin aşağı düşməsi ilə zəkada geriləmə olduğunu irəli sürür.

          İnsan bədəninin yüksək səviyyədə işlənməsində yer alan mexanizmlər, xəbərləşmə sistemləri və qarşılıqlı təsirin mükəmməl olması, sağlam insanda heç yubanmada  işləməsi, bədəndə minlərlə müxtəlid maddənin, müxtəlif yerlərdə müxtəlid təsirlərinin olması, bunların birinin digərinə də təsir etməsi və bütün fəaliyyətlərin nəzarət altında tutulub müvazinətinin təmin olunması və bu müvazinətin kainatdakı tarazlığın bir parçası olması bizə, tək bir hakimin olduğunu göstərir.

          Hal – hazırda, bir neçə müddətdir ki, bütün dünya COVİD -19 pandemiyası ilə qarşı-qarşıyadır. Diqqətinizi çəkmək istəyirəm ki, bu virusdan qorunmaq üçün ən vacib məqamlardan biri yuxu rejiminin pozulmamasıdır. Çünki, yuxusuzluq insan vücudunda immunitet sisteminin zəifləməsinə gətirib çıxara bilər. Deyilənlərdə belə bir nəticəyə gəlmək olar ki, beynimizdəki immunitet sistemi insan sağlamlığına birbaşa nəzarət edir. Stresdən uzaq olub, yuxu rejiminizə və deyilən qaydalara əməl edin. Hər kəsə sağlam həyat arzulayıram...

 

Lamiyə Quliyeva

Naxçıvan Müəllimlər İnstitutu

Biologiya üzrə fəlsəfə doktoru

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930