SON DƏQQƏ

naxcivanxeberleri.com

Meyvə bağlarında çiçək və meyvəciklərin tökülmə səbəbləri

Meyvə bağlarında çiçək və meyvəciklərin tökülmə səbəbləri
26-04-2020, 12:15

Kənd təsərrüfatı bitkilərinin normal böyüyüb inkişaf edərək, yüksək məhsul verməsi üçün onlar lazım olan həyat amilləri ilə təmin edilməlidir. Bitkilərin həyat amillərinə, xüsusilə su və qida maddələrinə olan tələbatı əsasən torpaqdan ödənilir. Əlverişli əkin qatı quruluşuna malik olan torpaqlarda nəmliyin toplanması və qorunub saxlanması, habelə qida maddələrinin səmərəli nisbətlərinin yaradılması mümkün olur. Əkin qatının quruluşunun yaxşılaşdırılması isə torpağın becərilməsi ilə həyata keçirilir. Ailə təsərrüfatı üzvləri, torpaq mülkiyyətçiləri bilməlidirlər ki, əkib becərdikləri sahələrdən yüksək məhsul götürülməsinin əsas səbəbi torpağa qida maddələrinin (mineral və üzvi gübrələr) normalara uyğun verilməsinin nəticəsidir. Çünki torpağa az mineral gübrə verəndə də məhsuldarlıq aşağı olur, normadan artıq olanda da. Ona görə də hər bir torpaq mülkiyyətçisi öz pay torpağının qida maddələrinə olan tələbatını öyrənmək üçün həmin sahələrdən əkindən qabaq torpaq nümunələri götürüb analiz etdirməlidirlər. Muxtar respublikada əhalinin meyvə-tərəvəz məhsullarına olan tələbatını yerli məhsul istehsalı hesabına ödəmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 08 fevral 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016- 2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” bu sahədə zəruri tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Dövlət Proqramının başlıca məqsədi bazar iqtisadiyyatı şəraitində muxtar respublikada yerli şəraitə uyğun meyvə və tərəvəz bitkilərinin istehsalını artırmaq, əkin atlaslarına uyğun meyvə bağlarının salınmasından, məhsuldar yerli sortların bərpasından, müasir standartlara cavab verən texnologiyalar əsasında yeni meyvə və tərəvəz emalı müəssisələri yaradılmasından ibarətdir. Bu sahədə xeyli işlər görülmüş, proqramda qarşıya qoyulan vəzıfələr uğurla icra olunmuşdur. Bu sahəyə göstərilən hərtərəfli və davamlı dövlət dəstəyinin nəticəsidir ki, muxtar respublikamızda əvvəlki illərdən fərqli olaraq meyvə bağları 5156,5 hektara, üzüm sahələri isə 1363 hektara çatdırılmış və gələcəkdə həmin sahələrin genişləndirilməsi üçün müvafiq tədbirlər həyata keçirilir. Barverən meyvə bağlarından yüksək məhsul əldə etmək üçün diqqətçəkən sahələrdən ən başlıcası aqrotexniki tədbirlərin vaxtında və düzgün aparılmasıdırsa, ikınci səbəb meyvə bağlarında çiçək və meyvəciklərin tökülməsinin qarşısını almaq üçün müvafiq tədbirlərin vaxtında aparılmasıdır. Meyvə ağaclarının yaşından və bioloji xüsusiyyətlərindən asılı olaraq onlar müxtəlif sayda çiçək əmələ gətirirlər. Adətən yaşlı meyvə ağacları 50 mindən 120 minə qədər çiçək açır, lakin çox hissəsi tökülür. Ağacda olan çiçəklərin təxminən 5-12 %-ə qədəri məhsul verir ki, bu da 2500- 5100 ədədə bərabərdir. Meyvə ağaclarında açılan çiçəklərin çox hissəsinin tökülməsi əsasən bioloji və fizioloji proseslərin pozulması nəticəsində baş verir. Məlum olduğu kimi, meyvə-giləmeyvə ağacları bu ilin vegetasiya dövründə həm əmələ gətirdikləri məhsulun tam yetişməsi üçün, həm də gələn ilin məhsulu üçün çiçək tumurcuqları formalaşdırmaq məqsədilə daxili bioloji proseslərin aparıcı rolunu oynayır. Bu dövrdə isə bitki çoxlu miqdarda qida maddələri və rütubət tələb edir. Lakin tələb olunan şərait təmin olunmadıqda, çiçək tumurcuqları tam inkişaf edə bilmir. Çiçək saplağının meyvə budaqcığına və ya zoğa birləşdiyi yerdə bir neçə qatdan təşkil olunmaqla nazik divarlı ayırıcı hissə əmələ gəlir. Bu hissənin altında isə mantar toxuması yerləşir. Tam inkişaf edə bilməyən çiçək tumurcuqlarının bir hissəsi isə açılmır. Açılan çıçəklər mantar qatı zəif olduqda tökülür. Bundan əlavə, çiçək tumurcuqlarının xəstəlik və zərərvericilər tərəfindən zədələnməsi nəticəsində, onlar qeyri-normal inkişaf etdiklərindən mayalanmayaraq tökülürlər. Eyni zamanda çiçəkləmə dövründə quru küləklərin əsməsi hesabına dişiciyin ağzının quruduğu üçün tozcuqları qəbul edə bilmir. Bunun nəticəsində isə tozlanmamış və mayalanmamış çiçəklərin tökülməsi baş verir. Çiçəkləmə dövründə havanın nisbi rütubətinin həddindən çox olması da toz kisəciklərinin partlamasına və tozcuqların havaya qalxmasına maneə olduğu üçün çiçəklər tozlana və mayalana bilmədiklərindən tökülməyə başlayır. Həmçinin nisbi rütubətin yüksək olması nəticəsində müxtəlif göbələk xəstəliklərinə tutulmuş çiçəklər də tökülürlər. Çiçəklərin tökülməsinin səbəblərindən biri də bağlarda tozlayıcı sortların olmamasıdır. Bunların qarşısının alınmasında əsas rol oynayan sahə meyvə bağlarını salan zaman müxtəlif meyvə sortlarının salınması məsləhət görülür. Eyni zamanda meyvə bağları salınmamışdan əvvəl, həm də bağlar salındıqdan sonra bütün aqrotexniki tədbirlər keyfiyyətlə və optimal müddətdə aparılmalı və pestisidlərdən normalara uyğun aparmaqla düzgün istifadə olunmalıdır. Belə olduqda bitkilərin kökləri, gövdələri, yarpaqları karbohidratlarla tam təmin olunur, nəticədə çiçəklərin və meyvəciklərin tökülməsi azalır. Meyvə bağlarında çiçəklərin tökülməsinin əsas səbəblərindən biri də ağacların ayri-ayri zərərverici və xəstəliklər tərəfindən zədələnməsi ilə əlaqədardır. Respublikamızın ərazisində meyvə ağaclarında çiçəklərin tökülməsinə təsir edən zərərverici və xəstəliklər geniş yayılmışdır. Lakin bunlardan ən çox zərər verəni Alma ballıcası; Alma çiçəkyeyəni və Buxarkadır. Onlar çiçəkləmədən qabaq tumurcuqları, çiçəkləmə vaxtı isə çiçək yatağını, çiçək saplağını zədələyərək onların inkişafını zəiflədir və yaxud dayandırır. Zədələnmiş qönçə və çiçəklər qonur rəng alaraq quruyur və tökülürlər. Meyvə ağaclarının çiçəklərinin tökülməsinə səbəb olan xəstəliklərdən isə haliyədə geniş yayılanı Alma dəmgili və boz çürümə (monilial yanıq) xəstəliyidir. Alma dəmgili ilə sirayətlənmiş ağaclarda çiçəklərin inkişafı dayanır, onlar qonur rəng alaraq tökülürlər. Böz çürümə ilə sirayətlənmiş ağaclarda isə çiçəklər, yumurtalıqlar, bir illik zoğlar və təpə tumurcuqları əvvəlcə bozarır və sonra qonur rəng almaqla quruyub tökülürlər. Zərərvericilərin qarşısını almaq məqsədilə çiçəkləmədən qabaq tumurcuqların şişməsi dövründə 0,05%-li Desis və ya 0,04 %-li Karate və 100 litr suya 80 ml Kral preparatlarının biri ilə çiləmə aparılmalıdır. Meyvələrdə geniş yayılan Dəmgil xəstəliyinə, Qara ləkəyə və Moni - liya yanığına qarşı Sineb 0,4%-li, Saneb M-22 100 litr suya 300 qr, Antracol VP 70- 100 litr suya 300 qr qarışdırıb səpmək lazımdır. İstər çiçəklərin, istərsə də meyvəciklərin tökülməsinin qarşısını almaq üçün aşağıdakı tədbirlərin aparılması mühüm əhəmiyyət kəsb edən şərtlərdən biridir: Bunun üçün meyvə bağı salınacaq sahələr, ilk növbədə, seçilməli, küləyin istiqaməti nəzərə alınmalı, çarpaz tozlanmanın getməsini təmin etmək üçün eyni növ meyvənin bir neçə sortu əkilməli, çiçəkləmə dövründə meyvə bağlarının müxtəlif yerlərində arı ailələri yerləşdirilməli, vegetasiya dövründə tələb olunan aqrotexniki tədbirlər vaxtında yerinə yetirilməli, yazda çiçəkləmədən əvvəl meyvə bağları suvarılmalı, çiçək tumurcuqlarının və çiçəklərin günəş şüaları ilə normal işıqlanmalarını təmin etmək üçün çətir daxılində lazım olmayan və qurumuş budaqlar kəsilməli, zərərverici və xəstəliklərə qarşı profilaktiki və qoruyucu mübarizə tədbirləri aparılmaqla onların yayılmasının qarşısı alınmalı və tökülmüş meyvələr yığılaraq yandırılmalıdır. Göstərilən tədbirlərin vaxtlı-vaxtında və keyfiyyətlə aparılması meyvə bağlarında çiçəklərin və meyvəciklərin tökülməsinin qarşısını nəzərəçarpacaq dərəcədə alır, vahid sahədən yüksək məhsul götürülməsini təmin edir.

 

Xaliq ABBASOV

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930