SON DƏQQƏ

naxcivanxeberleri.com

Orta məktəblərdə şahmatın ayrıca fənn kimi tədris olunmasının əhəmiyyəti

Orta məktəblərdə şahmatın ayrıca fənn kimi tədris olunmasının əhəmiyyəti
25-04-2020, 18:27

Orta məktəblərimizdə şahmat dərslərinin tədrisi "2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı"nın icrası istiqamətində görülən tədbirlərdən biri kimi qeyd edilir. Şahmat dərslərinin təşkilində məqsəd Dövlət Proqramında nəzərdə tutulan tədbirləri həyata keçirmək, respublikamızda şahmat idman növünü daha da inkişaf etdirmək, şagirdlərin intellektual səviyyəsini yüksəltmək, şahmatın kütləviliyinə nail olmaqdır. Qeyd edək ki, ümumtəhsil məktəblərində "Şahmat" fənninin tədrisinə 2011-2012-ci dərs illindən başlanılıb. İlk öncə bunun üçün pilot məktəblər seçilib. Pilot ümumtəhsil məktəblərində şahmat fənninin tədrisi 2012-ci ilin yanvar ayından həyata keçirilir. Belə ki, hər rayon və şəhərdən seçilmiş bir ümumtəhsil məktəbin 2-ci siniflərində şahmat dərnək kimi deyil, fənn kimi tədris olunmağa başlanılmışdır. Əvvəllər 2-ci və 3-cü siniflərdə tədrisi nəzərdə tutulan fənnin daha sonra 4-cü sinifdə də tədrisi proqramına daxil edilib. Zaman keçdikcə bu fənnin uşaqlara böyük ovqat bəxş etdiyini, intellektual səviyyələrinin yüksəltdiyini müşahidə etdikdən sonra I-IX siniflərdə də bu fənn tədris olunmağa başlanıldı. Şahmat fənni tədris edilən məktəblərdə bu fənnin mənimsənilmə səviyyəsini artırmaq məqsədilə təhsil naziri 18.05.2015-ci il tarixli "Respublika şahmat festivalının keçirilməsi barədə” əmr imzalayıb. 2015-2016-cı tədris ilində təşkil edilən "Şahmat” festivalı ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilib.

Bu gün muxtar respublikamızın tam orta məktəblərində şahmatın ayrıca fənn kimi tədris olunması sevindirici haldır. Çünki şahmat elə bir idman növüdür ki, hər bir insanın təfəkkürünü, düşüncəsini, hafizəsini formalaşdırır. Şahmat idman növü olmaqla yanaşı, həm də uşaqların zehni inkişafında mühüm rol oynayır. Bu da hər bir məktəbli üçün vacib şərtlərdəndir. Fənnin tədrisi sahəsində qazanılan uğurlar şahmat təliminin daha yüksək səviyyədə davam etdirilməsinə və şahmatın əhatə dairəsinin genişləndirilməsinə etibarlı zəmin yaradır. Şahmatın tədrisinin ümumtəhsil məktəblərində dərs proqramına daxil edilməsi, uşaqların intellektual biliyinin inkişafında böyük təsiri vardır. Onlar ən çətin vəziyyətlərdə çıxış yolu tapmağı, mühakimə yürütməyi  bacarırlar, zehinləri inkişaf edir. Həmçinin başqa fənlərə də maraqları artır. Şahmatla məşğul olan uşaqların digər şagirdlərlə müqayisədə böyük fərqi var. Şahmatla məşğul olan uşaqların məntiqi təfəkkürü güclü olur.  Bir məsələni də qeyd etmək istərdik ki, valideynlər arasında keçirilən sorğu da bunu dəstəkləyir. Belə ki, valideynlərin fikrincə, şagirdlərin digər fənlərdən təlim göstəriciləri də nəzərəçarpacaq dərəcədə yüksəlib. Uşaqların özlərinin də şahmata həvəsi böyükdür. Uşaq əgər yarışda iştiraka can atırsa və bunu vaxtaşırı tələb edirsə, demək o bunu istəyir. Ona görə də müəllimlər orta məktəblərdə uşaqlara şahmatın sirlərini daha dərindən öyrətməyə çalışmalı, maarifləndirmə işləri aparmalı və idmanın bu növünü təbliğ etməlidirlər.

Muxtar respublikada həmin fənni tədris edən müəllimlər şahmat sahəsində müəyyən bilik və təcrübəsi olan ümumtəhsil məktəblərinin müəllimləri arasından seçilmiş və həmin müəllimlər üçün təlim kursları təşkil olunmuşdur. Bundan əlavə müəllimlərin peşəkarlıq səviyyəsinin yoxlanılması məqsədilə Təhsil Nazirliyi və Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə sertifikasiya imtahanları keçirilmişdir. Eyni zamanda Şahmat Federasiyası və Təhsil Nazirliyinin təşkilatçılığı ilə müəllimlər üçün seminarlar keçirilir. 

Şahmatın inkişafı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən daim diqqətdə saxlanılır. Belə ki, muxtar respublikada Şahmat Mərkəzi və bir neçə şahmat məktəbi üçün yeni binalar tikilərək istifadəyə verilmişdir. Ümumtəhsil məktəblərində şahmatın tədrisi üçün siniflər ayrılmış, ümumilikdə, ümumtəhsil məktəblərinə ayaqlı, asma və stolüstü şahmat dəsti verilmişdir. Ümumtəhsil məktəblərində şahmatın tədrisi ilə 400-dən çox müəllim məşğul olur. Fənnin tədrisi ilə bağlı plan, proqram, dərslik hazırlanıb, məktəblər lazımi inventar və avadanlıqla təchiz edilib.

Naxçıvan Muxtar Respublikasında şahmatın inkişafı həm də Şahmat Federasiyasının sədri Seymur Talıbovun diqqət və qayğısı ilə də əhatə olunmuşdur. Buna uyğun olaraq bir neçə fakt qeyd edə bilərik ki, bunlardan biri də son illər ərzində Naxçıvanda 40-dan çox muxtar respublika səviyyəli turnir və birincilik, eləcə də bir neçə beynəlxalq səviyyəli turnir keçirilmişdir.

Sonda qeyd etmək istərdik ki, müxtəlif yaşlı insanlar asudə vaxtlarında daha çox intellektual idman növlərinə üstünlük verirlər. Stolüstü oyunlar bu qəbildəndir. Şahmat onların arasında daha böyük nüfuza malikdir. Belə bir dövrdə, Covid-19 pandemiyasının yayıldığı bir zamanda evdə bütün yaş katoqoryalarının istifadə etdiyi ən münasib oyunların başında məhz şahmat oyunu gəlir. Evdə qal, şahmat oyna.

 

Vəfa ŞAHMƏMMƏDOVA

4 № tam orta məktəbin şahmat müəllimi

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930