SON DƏQQƏ

naxcivanxeberleri.com

24 aprel 1915-ci il hadisələrinin pərdə arxası

24 aprel 1915-ci il hadisələrinin pərdə arxası
24-04-2020, 20:00

24 aprel 1915-ci il hadisələri ermənilərin milli düşüncəsində “Böyük Fəlakət – Meds Yeqhern”, Qərb dünyasında isə “tarixdə soyqırımına məruz qalmış ilk xristian millət” olaraq xarakterizə olunur. Məhz bu düşüncənin təsiridir ki, ermənilər Qərb xristian dünyasından ilham alaraq hər il aprel ayının 24-də soyqırımı iddialarını bütün dünya ölkələrinin, xüsusilə də böyük dövlətlərin parlamentlərinin gündəminə gətirirlər. Halbuki ermənilərin iddia etdikləri bu hadisə soyqırımı olmayıb, Osmanlı dövlətinin öz təhlükəsizliyi naminə erməni üsyanlarının və türklərə qarşı törədilən qırğınların qarşısını almaq üçün hazırlamış olduğu müdafiə tədbiri idi. Belə ki, 24 aprel 1915-ci ildə erməni komitələri və partiyalarının fəaliyyətinə son verilmiş, İstanbulda yüzlərlə erməni terroristi həbs edilmişdir. Bəzi tədqiqatçılara görə, bu rəqəm 2345, digərlərinə görə isə 235-dir. Yəni burada heç bir ölüm və cinayət hadisələrindən söhbət gedə bilməz. Ermənilər komitə üzvlərinin həbs edildiyi 24 aprel tarixini soyqırımı günü elan etmişlər. Əgər söhbət Osmanlılar tərəfindən ermənilərin təhcirindən gedirsə, onların yerlərinin dəyişdirilməsinə qərar verilən Təhcir (Köç) Qanunu 27 may 1915-ci ildə qəbul edilmişdir. Yəni “24 aprel” ermənilərin iddia etdikləri kimi soyqırımına səbəb olan köçürülmə tarixi deyil, Daşnaksütyun, Hınçak, Ramqavar kimi komitə üzvlərinin həbs olunduğu tarixdir.

Təhcir (köçürülmə) və buna bağlı olaraq “erməni soyqırımı” adıyla önə sürülən hadisələrin əsl kökü Osmanlı dövlətinin hər müstəqil dövlət kimi müharibə əsnasındakı qanuni müdafiə hüquqlarını qorumaq istəməsindən qaynaqlanmışdır. Qeyd etmək lazımdır ki, 1915-ci ildə qəbul edilən “Təhcir Qanunu” sadəcə ermənilərə deyil, Osmanlı dövlətinə qarşı üsyan və düşmənlərlə əməkdaşlıq edənlərə qarşı tətbiq edil­mişdir. Qanun mətnləri incələndiyində “erməni” kəlməsinə rast gəlin­mir.

Ermənilərin təşkilatlanaraq silahlı dəstələr yaratdıqları sənədlərlə isbatlandığına görə, cərəyan edən hadisələrə birmənalı olaraq “soyqırımı” demək yerinə, ermənilərdən qaynaqlanan və onların başlatdığı “üsyan” və bu üsyana qarşı Osmanlı dövlətinin öz qanuni səlahiyyətlərindən istifadə edərək aldığı tədbirlər demək daha doğru bir ifadə olar.

Təhcir məsələsini soyqırımı olaraq dünya dövlətlərinin müzakirəsinə çıxaran ermənilər köç vaxtı ölən insanların sayını da mübaliğəli olaraq artırmaqdadırlar. Onlar bu rəqəmi 1,5 milyon olaraq göstərirlər. Halbuki o tarixlərdə Osmanlı imperiyasının sərhədləri daxilində bu qədər erməni yaşamırdı. Görkəmli türk tarixçisi Kamuran Gürün qeyd edir ki, ermənilər tərəfindən göstərilən ölü sayısı 1915-ci ildə 300 mindən başlamış, 1980-ci illərdə 2 milyona çatmışdır. İllər keçdikcə bir millətin əhalisinin artması normal bir hadisədir, lakin müəyyən bir tarixdə ölmüş insanların zaman keçdikcə sayının artması çox qəribə bir icaddır.

Müqayisəli təhlillər əsasında ortaya çıxan məqam budur ki, 1,5 milyon erməninin soyqırımına uğradığı şəklində ortaya atılan iddialar heç bir reallığı əks etdirmir. Tərəfsiz olaraq məsələyə yanaşılarsa, ortada soyqırımı kimi bir hadisənin baş vermədiyi açıqca görülə bilər. Əgər bu qədər insan kütləvi qırğına məruz qalıbsa, o zaman Birinci Dünya müharibəsi sonunda sayları 1 milyonu keçən erməni əhalisi necə sağ qalmışdır? Eyni zamanda 1915-ci ildən sonra Fransa, ABŞ, İngiltərə, Rusiya, İran, Suriya və s. ölkələrə gedən ermənilərin saylarının o ölkələrin əhalisinin qeydiyyata alınması ilə bağlı statistik materialları əsasında öyrənilməsi və hal-hazırda bu ölkələrdə yaşayan ermənilərin sayının təsbit edilməsi iddia edilən soyqırımının törədilib-törədilmədiyi sualını ortaya qoyur. Burada diqqəti çəkən başqa bir məqam da var. Əgər iddia edildiyi kimi, 1,5 milyon erməni öldürülübsə, onlar harada dəfn olunublar? Kütləvi məzarlıq haradadır? Soyqırımı kimi ağır ittihamlarla çıxış edən ermənilər sübut üçün kütləvi məzarlığı göstərmək məcburiyyətindədirlər.

Köç əsnasında ermənilərin müxtəlif xəstəliklərdən ölməsi mümkündür. Bu inkaredilməz həqiqətdir, lakin bu hadisələri soyqırımı adlandırmaq mümkündürmü? Digər bir tərəfdən, Osmanlı dövlətinə qarşı üsyan və düşmənlərlə əməkdaşlıq edən erməni fəaliyyətləri qarşısında hökumət hansı addımı atmalıydı? Bu dövlətin sərhədləri daxilində yaşamasına baxmayaraq, xəyanət edənlərə qarşı Osmanlının həm hüquqi baxımdan, həm də təhlükəsizliyi qorumaq düşüncəsi ilə belə bir yola baş vurması qanun çərçivəsində deyildirmi?

Hadisələri sırf obyektivlik prizmasından dəyərləndirsək görərik ki, bu, soyqırımı deyil, müharibə idi. Eyni zamanda məsələnin dərinliyinə endikcə, köçürülmə hadisəsinə rəvac verən amilin Osmanlı dövləti deyil, bilavasitə erməni komitələri və təşkilatları olduqları açıqca görülə bilər. Əgər onların başlatdıqları üsyanlar və Osmanlı dövlətinin parçalanmasına yönəlik xarici qüvvələrlə əməkdaşlıq fəaliyyətləri olmasaydı, heç şübhəsiz ki, təhcir (köç) hadisəsinə ehtiyac qalmayacaqdı. 

Osmanlı dövlətinin ermənilərin düşmənlərlə əməkdaşlıq çərçivəsində üsyan və qırğın hərəkətlərinin artması səbəbiylə aldığı tədbirlər və bu tədbirlərin tətbiq olunması əsnasında müxtəlif səbəblərdən dolayı meydana gələn itkilər ermənilər tərəfindən dünya dövlətlərinin diqqətini çəkmək üçün təbliğat silahı olaraq istifadə edilir. Hətta onlar 1915-ci ildə baş vermiş hadisələrlə yəhudi soyqırımı arasında əlaqə qurmağa çalışaraq, bu metodla öz iddialarını yaymaq və dolayısı ilə bunun qəbul olunması istiqamətində təbliğat aparırlar. Bu məqsədlə hər il dünyanın müxtəlif ölkələrində “Xolokost”u anma günlərində “XX əsrin ilk soyqırımı qurbanları” olaraq iştirak etməyə təşəbbüs göstərirlər. Bu fərqli bir məsələnin mövzusu olduğu üçün üzərində durmaq niyyətində deyilik. Lakin onu qeyd etməyi vacib bilirik ki, türk düşmənçiliyi üzərində qurulan 24 aprel 1915-ci il hadisələri beynəlxalq arenada siyasi vasitə kimi istifadə olunur. Təbii ki, bu məsələ ermənilər tərəfindən dini strategiya kimi də istifadə olunur ki, bir sonrakı məqalədə bu mövzuya müraciət edəcəyik. 

 

Emin ARİF ŞIXƏLİYEV

Tarix üzrə elmlər doktoru

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930