SON DƏQQƏ

naxcivanxeberleri.com

Əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə kimlər cavabdehdirlər ?

Əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə kimlər cavabdehdirlər ?
25-04-2020, 12:28

Ali qanunumuz olan Konstitusiyamızın 35-ci maddəsi hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu bəyan edir. Həmçinin işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ Azərbaycan Respublikası Əmək Məcəlləsinin 207-ci maddəsində də öz əksini tapmışdır.

Əməyin mühafizəsi işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etmək məqsədi ilə Əmək Məcəlləsində və digər normativ hüquqi aktlarda, habelə kollektiv müqavilələrdə, sazişlərdə, əmək müqavilələrində nəzərdə tutulan texniki təhlükəsizlik, sanitariya, gigiyena, müalicə-profilaktika tədbirləri, normaları və standartları sistemidir.

Əməyin mühafizəsi normaları və qaydaları Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə, səlahiyyətləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanlarının qəbul etdiyi normativ hüquqi aktlarla, habelə Azərbaycan Respublikasının qoşulduğu və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. Əməyin mühafizəsi üzrə normativ hüquqi aktların tələbləri, əməyin mühafizəsi normaları, standartları, qaydaları əmək münasibətlərinin tərəfləri və digər fiziki və hüquqi şəxslər üçün məcburidir.

          Azərbaycan Respublikasının Əmək Məcəlləsində təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisələrdə iş yerlərinin əməyin mühafizəsi normaları və qaydalarının tələblərinə uyğun olmasına, işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasına cavabdehlik işəgötürənin üzərinə qoyulur. İşəgötürən tərəfindən sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması öhdəlikləri Əmək Məcəlləsinin 215,225-ci maddələrində, eləcədə müəssisələr haqqında əsasnamələrdə (nizamnamə), kollektiv müqavilələrdə təsbit olunur. Müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində aşağıdakı tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər:

          - əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların bütün tələblərinə əməl edilməsini;

- binaların, qurğuların, texnoloji proseslərin və avadanlığın təhlükəsizliyinə riayət edilməsini;

- bilavasitə iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılmasını;

- işçilərə lazımi sanitariya-məişət və müalicə-profilaktik xidmətinin təşkilini;

- əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə pulsuz müalicəvi profilaktiki yeməklər, süd və ona bərabər tutulan digər məhsulların verilməsini;

- normal əmək və istirahət rejiminə riayət edilməsini;

- işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməsini;

 -işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkil edilməsini və əməyin mühafizəsinin təbliğini;

- kollektiv müqaviləyə əməyin mühafizəsi üzrə qaydaları daxil etməyi və onlarda nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsini;

- müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) müəyyən etdiyi müddətdə və formada əməyin mühafizəsi, əmək şəraiti və onların qüvvədə olan normalara uyğunlaşdırılması üçün görülən tədbirlərin nəticələri haqqında statistik hesabatın verilməsini.

Əlavə olaraq onu da qeyd edim ki, Azərbaycan Respublikası Əmək Məcəlləsində əməyin mühafizəsi üzrə işçilərin də vəzifələri müəyyən edilmişdir. Həmin vəzifələr isə aşağıdakılardır:

- Əməyin mühafizəsi üzrə müvafiq normativ aktlarda nəzərdə tutulmuş əməyin təhlükəsizliyi, gigiyenası və yanğına qarşı mühafizə tələblərini öyrənmək, mənimsəmək və onlara əməl etmək;

- Əmək funksiyasını özünü və başqa işçiləri təhlükəyə məruz qoymayacağı təqdirdə icra etmək, şəxsi buraxılışı olmadan qurğularda, dəzgahlarda, partlayış və həyat üçün təhlükəli digər mənbələrdə iş görməmək;

- Verilmiş xüsusi geyimdə və ayaqqabıda işləmək, texnoloji prosesdə, əməyin mühafizəsi üzrə normalarda, qaydalarda və təlimatlarda nəzərdə tutulmuş fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etmək;

- Əməyin mühafizəsi qaydalarının bütün pozuntuları haqqında, həmçinin baş vermiş qəzalar və bədbəxt hadisələr haqqında işəgötürənin nümayəndələrinə dərhal məlumat vermək;

- Müntəzəm olaraq əməyin mühafizəsi normaları və qaydaları barədə biliklərini artırmaq;

- Əməyin mühafizəsi məsələləri ilə əlaqədar işəgötürənin, iş yeri üzrə rəhbərinin, mütəxəssislərin tapşırıqlarına, məsləhətlərinə, tövsiyələrinə əməl etmək.

Hal-hazırda muxtar respublikada işçilərin həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək hadisələrin qarşısının alınması üçün profilaktik tədbirlər görülür, tikinti aparılan obyektlərdə işçilər üçün sanitar-gigiyenik qaydalara cavab verən xüsusi yerlər hazırlanır, müəssisələrdə əməyin mühafizəsi və kadrlar üzrə mütəxəssislərin biliklərinin artırılması məqsədilə kurslar təşkil edilir, işçilər peşələrinə uyğun xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin edilirlər.

Əməyin mühafizə qaydalarının pozulması, avadanlıq və qurğuların istismar qaydalarına əməl olunmaması, əmək və icra intizamının pozulması kimi hallar iş yerlərində bədbəxt hadisələrin baş verməsinə səbəb olur. Bunun üçün hər bir işəgötürən, hər bir işçi əməyin mühafizəsi üzrə müvafiq normativ-hüquqi aktlarda nəzərdə tutulan tələbləri öyrənməli və onlara əməl etməlidir. Əlbəttə, bu tədbirlərin həyata keçirilməsi iş yerlərində əmək şəraitinin əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarına uyğun olmasına imkan verəcəkdir.

 

 Afət Kərimli

Culfa rayon prokurorluğunun

böyük müstəntiqi II dərəcəli hüquqşünas:                                              

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930