SON DƏQQƏ

naxcivanxeberleri.com

Elektron kitabxanalar - müasir dövrümüzdə mütaliənin ən əlverişli üsuludur

Elektron  kitabxanalar -  müasir  dövrümüzdə  mütaliənin ən əlverişli  üsuludur
22-04-2020, 15:45

Kitabxana xalq, millət üçün, cəmiyyət üçün

müqəddəs bir yer, mənəviyyat, bilik, zəka
mənbəyidir. Ona görə də kitabxanaya daimi hörmət
xalqımızın mədəniyyətini nümayiş etdirən
amillərdən biridir.

 

HEYDƏR ƏLİYEV

 

Kitabxana - insanların informasiya tələbatını ödəmək üçün, lazımi bilikləri əldə etmək üçün, asudə vaxtlarını səmərəli keçirmək üçün dünya informasiya mühitinə və biliklərinə açılan pəncərə, mədəni dəyərlərin mühafizəsini təmin edən bir biliklər toplusu və elm müəssisəsidir. Kitabxanalar sonsuz sayda informasiyanı özündə cəmləməklə yanaşı, insanların məlumat və elmi bazasının zənginləşdirilməsinə, dünyagörüşün kamilləşməsinə, cəmiyyətin maariflənməsinə xidmət göstərir. Kitab bilik mənbəyi olmaqla yanaşı, mədəniyyət daşıyıcısı, həmçinin insanların asudə vaxtlarının səmərəli keçirilməsini təmin edən bir vasitədir.
Elektron arxivlərin, kataloqların, kitabların elektron versiyalarının yaradılması elektron kitabxanaların meydana gəlməsinə təkan verdi. İnformasiya cəmiyyətinin sürətlə inkişaf etdiyi bir dövrdə oxucuların informasiya tələbatının ödənilməsinə xidmət edən elektron kitabxana resurslarının yaradılması böyük əhəmiyyət kəsb edən məsələlərdən biridir.
İlk elektron kitabxanalar ötən əsrin 60-cı illərində Amerika Birləşmiş Ştatlarında yaranmağa başlamışdır. Elektron kitabxanaların yaradılması prosesi arxivlərin, kataloqların, kitabların elektron layihələrinin yaradılması və İnternet şəbəkəsindən geniş istifadə mərhələləri ilə başlamışdır. Müasir dünya elmi ədəbiyyatında “Elektron kitabxana” anlayışına sinonim kimi “virtual kitabxana”, “şəbəkə kitabxanası”, “divarsız kitabxana”, “hibrid kitabxanası” anlayışları işlədilir.
XXI əsrin informasiya texnologiyalarının xarakterik inkişaf istiqamətləri içərisində müxtəlif növlü, tipli və məzmunlu sənədləri mühafizə edən elektron informasiya daşıyıcılarının hazırlanması, sistemləşdirilməsi, mühafizəsi və şəbəkə rejimində uzaq məsafədən istifadəsi vacib yer tutur. Bütün bu istiqamətlər kompleks şəkildə elektron kitabxanaların yaradılmasında və elektron kitabxana-informasiya təminatının təşkilində ifadə olunur.
Elektron kitabxana məsafə, zaman və məkandan asılı olmayaraq oxuculara daha dolğun informasiya xidməti göstərir. Ənənəvi kitabxanalardan fərqli olaraq elektron kitabxanaların informasiya xidmətindən istənilən vaxt, dünyanın istənilən nöqtəsində, sonsuz sayda oxucular istifadə edə bilərlər.
Elektron kitabxanaların yaranması və inkişafı həm elmi mühit, həm nəşriyyatlar, tibb və təhsil müəssisələri, muzeylər və başqa fəaliyyət sahələri üçün də maraqlıdır.
Elektron kitabxanaların yaradılmasının bir çox üstün cəhətləri vardır:
- istifadəçi hər hansı bir kitabxanaya gəlmədən, istənilən coğrafi ərazidə yerləşməsindən asılı olmayaraq həmin kitabxananın elektron resurslarını bir başa istifadə edə bilər;
- elektron kitabxana ən qiymətli və nadir nüsxəli ədəbiyyatı mühafizə edir, yəni yeganə nüsxədə olan, qədim kitabın elektron versiyası həmin kitabı zədələnmələrdən qoruyur;
- elektron kitabları istənilən yerdə, istənilən vaxt oxumaq daha əlverişli və rahatdır;
- elektron kitabxanaların “qapısı” heç vaxt bağlı olmur;
- elektron kitabxanalarda audio (yəni səsli) kitabların olması məhdud imkanlı oxucularımız üçün də əvəzsiz vasitədir.
Ənənəvi və elektron kitabxanaların oxşar və fərqli cəhətləri olmasına baxmayaraq, onlar demək olar ki, bir-birini tamamlayır və eyni məqsədə xidmət edirlər.
Və sonda, ölkəmizin bu pandemiya ilə mübarizə apardığı bir gündə biz çalışmalıyıq ki, bir olaq, birlik olaq, evdə qalaq, ancaq mütaliəsiz qalmayaq. Fərqi yoxdur, kitabların elektron və ya çap versiyası, əsas odur ki, asudə vaxtlarımızı dəyərli keçirək və kitab oxuyub, oxuduqlarımızı yaxınlarımızla müzakirə edək.

 

Səminə RÜSTƏMOVA
Naxçıvan Müəllimlər İnstitutunun baş müəllimi

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930