SON DƏQQƏ

naxcivanxeberleri.com

Mətbuat zamanın aynası, illərin, qərinələrin, əsrlərin gələcək nəsillərə ünvanlanan salnaməsidir

Mətbuat zamanın aynası, illərin, qərinələrin, əsrlərin gələcək nəsillərə ünvanlanan salnaməsidir
20-04-2020, 18:12

Müdriklərdən biri deyib ki, keçmişdən yazılanlar xatirələr, gələcəkdən yazılanlar arzular, bu gündən yazılanlar isə reallıqdır. Ona görə də bu gündən, reallıqdan yazmaq istəyirəm.

Artıq dörd ilə yaxındır ki, əməkaşı olduğum “Şərq qapısı” qəzetinə tələbə olanda –  2002-ci ildə, düz 18 il bundan əvvəl üz tutmuşdum. Həmin illərdə  kiçik, şəraitsiz bir yerdə yerləşirdi redaksiya. Böyük bir binanın birinci mərtəbəsi, dar dəhlizlər, yarı işıqlı otaqlarda  jurnalistlər günün nəbzini tutmağa, oxucu marağına uyğun yazılar qələmə almağa, uzun illərdən bu günə kimi qəzetin yaşatdığı adət və ənənələri qoruyub saxlamağa çalışırdılar.

Həmin illərdə bir neçə məqaləm dərc olunmuşdu “Şərq qapısı” qəzetində. Qəzetin həmin nömrələrini o günlərin xatirəsi kimi hələ də saxlayıram. Cəmi iki il kənar əməkdaşı olduğum “Şərq qapısı” aradan 14 il keçəndən sonra yenə məni özünə cəlb etdi. Deyirlər ki, insanın ilk işi onun ilk sevgisi kimidir. Aradan uzun illər keçsə də, yaradıcılığa olan sonsuz sevgim məni yenə qeyri-ixtiyari olaraq eyni ünvana “Şərq qapısı” redaksiyasına yönəltdi. Amma bu dəfə müasir, adına yaraşan bir yerdə yerləşirdi bu ünvan. Və illər sonra bir sayını nəşrə hazırlamaq üçün bəzən gecə yarısına, bəzən isə səhər açılana qədər redaksiyada kollektiv şəkildə əmək sərf etdiyimiz bu qəzet mənim üçün həm də ikinci ev oldu.

100 ilə yaxındır ki, qəzetin yaradıcı kollektivi jurnalistikanın yüksək amalına həmişə sədaqətlə xidmət edib, 70 illik sovetlər dönəmində milliliyimizi, tariximizi yaşatmağa çalışıb, müstəqillik dövrünün ədəbi salnaməsinə yeni parlaq səhifələr yazıb, ağıl və təmkin, səbir və dəyanət yolları ilə addımlayan bu keşməkeşli yollarda heç bir qasırğa, boran, çovğundan qorxmayıb, yolundan, amalından, məqsədindən dönməyən bu mətbu orqan öz səhifələrində tarix yazıb. Elə bir tarix ki o tarix xalqımızın dəyanətini, mərdliyini, illərin əsarətindən azadlığa gedən yolunu, dostunun, düşməninin kim olduğunu, zəfər dastanını sətirlərdə, məqalələrdə toplayıb. Naxçıvanın iki əsrə yaxın tarixini  öz arxivində qoruya bilib. Burada Naxçıvanın inkişafı üçün imzalanan sərəncamlar, fərmanlar, qəbul edilən qərarlar, tarixin həmin dövrünün salnaməsinə çevrilən neçə-neçə məqalələr dərc olunub. Bütün bunlar “Şərq qapısı” qəzetinin cəmiyyətin bu günü və gələcəyi üçün göstərdiyi əhəmiyyətli xidmətlərdir. Vaxtilə dünyanın supergüclərindən biri olan Sovetlər Birliyinin rəhbərliyinin təəccübünə səbəb olan  dövlət sənədi də  bu  qəzetdə dərc edilib. Həmin vaxt  Naxçıvan 70 il idi ki, 15 respublikanı özündə birləşdirən, onlara hökm edən bir quruluşa etirazını bildirib öz müstəqilliyini elan etdi. Kiçik bir diyar – bəlkə də, o vaxta kimi bir çox dövlətlərdə tanınmayan Naxçıvan SSRİ kimi nəhəng bir dövlətin tərkibindən çıxıb özünü müstəqil elan etdi. Və həmin gecə 70 ildir ki, nəşr olunan  qəzetin tarixində ilk dəfə olaraq sovet rəhbərinin məruzəsi bir kənara atıldı. Müstəqil respublikanın qəzetində 19 yanvar 1990-cı il Naxçıvan MSSR Ali Sovetinin fövqəladə sessiyasında, muxtariyyətin Konstitusiyasının 81-ci maddəsinə əsaslanaraq (SSRİ-nin Azərbaycanın və Naxçıvanın suverenliyinin və ərazi bütövlüyünün müdafiə etmək öhdəliklərinə əməl etməməsi və 1921-ci il çoxtərəfli Qars müqaviləsinin şərtləri pozması səbəblərindən) SSRİ-nin tərkibindən ayrılması barədə  qəbul etdiyi qərar dərc olundu. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, akademik İsa Həbibbəyli  “Şərq qapısı” qəzetinin 95 illiyi ilə bağlı qələmə aldığı “Şərq qapısı” məktəbi: uzaqdan və yaxından” məqaləsində bu barədəyazırdı: “Şərq qapısı”qəzeti həmin qərarı çap etməklə müstəqil Naxçıvan Muxtar Respublikasının mətbuat orqanı funksiyasını həyata keçirmişdir. 1990-cı ilin yanvar-fevral aylarında “Şərq qapısı” qəzetinin 8 sayı o zaman bütün qəzetlərdə məcburi şəkildə yazılan “Bütün ölkələrin proletarları, birləşin” şüarı ilə deyil, “Birlik və demokratiya uğrunda” çağırışlı başlığı ilə çap olunmuşdur. Bu, təkcə “Şərq qapısı” qəzetinin yox, XX əsr sovet mətbuatının tarixində nadir hadisədir. Beləliklə, 1990-cı ildə “Şərq qapısı” Azərbaycanda ilk müstəqil qəzet kimi nəşr edilmiş, ölkənin və xalqın milli maraqlarına xidmət göstərmişdir. “Şərq qapısı” qəzetinin senzura nəzarəti olmadan çıxan həmin tarixi saylarında Naxçıvan Muxtar Respublikasının Konstitusiya hüquqlarının müdafiəsi, torpaqların işğaldan qorunmasını təşkil etmək üçün əhalinin səfərbər edilməsi, vətənpərvərlik çağırışlarının xalqa çatdırılması, çaşqınlıq, təxribat yaratmaq niyyətlərinə ayıq-sayıq baxış kimi aktual məsələlər öz əksini tapmışdır. Eyni zamanda həmin dövrdə “Şərq qapısı”qəzeti Bakıda qanlı 20 Yanvar hadisələri zamanı Sovet ordusu qüvvələri tərəfindən susdurulmuş, fəaliyyətinə qadağa qoyulmuş ölkə mətbuatının da funksiyalarını yerinə yetirərək, faciəli Azərbaycan həqiqətlərinin xalqa və qonşu ölkələr vasitəsilə dünya ictimaiyyətinə çatdırılmasına şərəflə xidmət etmişdir. Azərbaycan Respublikası dövlət müstəqilliyi qazandıqdan sonra “Şərq qapısı”qəzeti xalqımızın milli dövlətçilik və maarifçilik yollarındakı tarixi hünərini, zəfərlərini və böyük əzmini salnaməyə çevirməkdə davam edir”.

 Bir neçə ziyalı ilə həmin illərdən bu günümüzə gələn yolun keşməkeşləri haqqında həmsöhbət olduğumuzda illərboyu çəkilən zəhmət və dövlət qayğısı daha da gözə çarpır.        

Azərbaycan Milli Elmlər Akademiyasında Folklor institutunda böyük elmi işçisi, uzun illər mətbuatda çalışmış  və fasiləsiz olaraq 26 il “Şərq qapısı” qəzetində kiçik vəzifədən başlayaraq pillə-pillə daha yuxarı vəzifələrə yüksələn, 10 il qəzetin baş redaktoru vəzifəsini daşıyan Sənubər Kərimovanın dediklərindən: – O vaxtlar redaksiya və mətbəə şəraitsiz binalarda yerləşirdi. Mətbəə avadanlıqları köhnə və yararsız idi. Qəzet bəzən səhərə yaxın hazır olurdu. Sonradan redaksiya və mətbəə üçün yeni binalar inşa edildi. “Şərq qapısı” “Sovet Naxçıvanı – Sovetskaya Naxiçevan” adı ilə böyük formatda, gündəlik Azərbaycan və rus dillərində nəşr edilməyə başladı. Qəzetin rus dili variantı üçün jurnalist kadrları çatışmırdı. Amma redaksiya kollektivi bütün bu çətinliklərə sinə gərərək “Şərq qapısı”nı Azərbaycan Respublikasının müstəqilliyi dövrünə çatdırdı. Bu gün biz yüksək texnologiyalar əsrində yaşayırıq. İndi qəzet çıxarmağa nə var ki...   Ölkəmizdə mətbuat azadlığı mövcuddur və yüksək səviyyədə qorunur. Vətəndaşlarımızın söz və fikir azadlıqları Konstitusiyada təsbit olunmuşdur. Prezidentin Ehtiyat Fondundan kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi göstərilir. Jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün əhəmiyyətli tədbirlər görülür.

Sənubər xanım deyir ki, biz əsrlərin, minilliklərin qovuşduğu bir zamanda yaşayırıq. İndi hər bir dövlət, xalq öz milli xüsusiyyətlərini, milli mənəvi dəyərlərini qorumağa, təbliğ etməyə çalışır. Çünki bunu etməsə, bir millət kimi sıradan çıxa bilər. Qloballaşan dünyada bir millət kimi qala bilməyimizin formulları məhz bunda təcəssüm olunur: Milli və mənəvi ideyalara, kökə, genə, yaddaşa qayıtmaq, çağdaş dünyada gənc nəsli unutqanlıqdan çəkindirmək. Bu, jurnalistlərin müqəddəs borcudur. Gənc jurnalistlərə məsləhətim odur ki, qələmlərini zamanın tələblərinə uyğun mövzularda sınasınlar. Yalnız o zaman müstəqillik dövrünün işığında milli mətbuatın inkişafı yollarında inamla irəliləyə bilərlər. Bu gün müstəqil Azərbaycan dövləti əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş hüquqi-demokratik dövlət quruculuğu yolu ilə daha parlaq gələcəyə doğru inamla addımlayır. Mətbuatın inkişafına göstərilən diqqət və qayğı muxtar respublikamızda fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin də hərtərəfli inkişafını təmin edib. Bu qəzet  gənc jurnalistlərin yetişməsi üçün əsl yaradıcılıq ocağıdır. “Şərq qapısı”nın təcrübəli  müxbirləri redaksiyada aylarla zəhmət sərf edib gənclərə bir-bir qələm tutmağı, yazı vərdişinə yiyələnməyi öyrədirlər. Onlar bir yaradıcı adamın yetişməsi üçün lazım olan ən əsas olanları – yaradıcılıq azadlığını, sərbəstliyini, özünəinam hissini və cəmiyyət qarşısında sosial məsuliyyət mühitini bura üz tutan hər bir gənc üçün təmin edə biliblər. Bu üç keyfiyyətə malik hər kəs qısa müddətdən sonra “Şərq qapısı” məktəbində yetişməyə başladığını hiss edə bilir. Yaradılmış şərait jurnalistlərin bundan sonra da yaxşı işləməsinə, üzərlərinə düşən məsuliyyətli və şərəfli vəzifələrin öhdəsindən layiqincə gəlməsinə imkan verəcəkdir. Qəzetin bugünkü kollektivinə bu estafeti gələcək nəsillərə çatdırmaqda uğurlar diləyirəm.

Şərur Rayon Həmkarlar İttifaqının sədri Ümbülbəni Musayeva da qeyd edir ki,“Şərq qapısı” qəzeti daim  Naxçıvan ziyalılarının bilik mənbəyi, həyat güzgüsü olub və bir əsrə yaxındır ki, bu xalqa xidmət edir. Ümummilli liderimiz “Mən “Şərq qapısı” qəzetinin təsiri altında tərbiyələnmişəm. Hələ gənc ikən burada  orta məktəbdə, pedaqoji texnikumda oxuyanda müxtəlif məsələləri öyrənmək üçün “Şərq qapısı”ndan çox istifadə etmişəm o vaxtdan nüfuzlu qəzet kimi hafizəmdə qalıbdır”,– deməklə muxtar respublikanın ictimai, siyasi, mədəni həyatında böyük rol oynayan qəzet haqqında  müasir oxucuya da bu qəzeti diqqətlə oxumaq fikrini aşılayır, mətbuata maraq oyadır. Sevindirici haldır ki, özünün inkişaf və tərəqqi dövrünü yaşayan, öz simasını dəyişən qədim Oğuz elində gedən quruculuq proseslərini salnamələşdirən “Şərq qapısı” qəzetində bu gün yaxşı qələm sahibləri, ziyalılar yetişib. Qəzet əməkdaşları qədim Şərqin qapısı sayılan və  çoxəsrlik tarixə və milli mədəniyyətə malik olan Naxçıvan torpağının keçmişini və bu gününü öz səhifələrində işıqlandırmaqla gələcəyimizə zəngin bir tarixi  mənbə yaradıb və bu gün də yaradırlar.

Onu da deyək ki, 1990-1993-cü illər heç də əbəs yerə “Həqiqətlərin bərqərar olduğu dövr” adlandırılmır. Üçrəngli bayrağımız bu qəzetin səhifələrindən anamız Azərbaycana qanad açdı.  İlk dəfə Qanlı Yanvar faciəsinə siyasi qiymətin sədası  yüksəldi buradan, Xocalı faciəsi “Xocalı soyqırımı” adlandırıldı. Dünya azərbaycanlılarının bir araya gəlməsi, Vətən naminə bir yumruq  kimi birləşməsi  qərarı buradan pərvazlandı. Artıq 25 ildir ki, bu qəzet muxtar respublikada  təhsilə, səhiyyəyə, mədəniyyətə göstərilən sonsuz dövlət qayğısından, bu gün kəndlə şəhərin inkişaf oxşarlığından, ilan mələyən çöllərə, kəndlərə çəkilmiş su-artizan quyularından, gözəlliyi gözoxşayan yaşıllıq zolaqlarından, əsrarəngiz gözəlliyi ilə yaddaqalan yaylaqlarından, barlı-bərəkətli bağlarından, dünya şöhrətli Duzdağın, “Gəmiqaya”nın  möcüzələrindən, min bir dərdin dərmanı olan “Sirab”, “Badamlı”, Vayxır” sularından, göylərə yüksələn minlərlə yeni tikinti obyektlərindən, od-ocağımızı isıqlandıran çoxsaylı elektrik stansiyalarımızdan söz açır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin “Naxçıvan Muxtar Respublikasında dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətinin yaxşılaşdırılması tədbirləri haqqında” Sərəncamından sonra  yeni formatda və tərtibatda nəşr olunmağa başlayan “Şərq qapısı” qəzeti  2010-cu ildən həftədə beş dəfə rəngli nəşri ilə öz oxucularının görüşünə gəlir. Yorulmaq bilmədən xalqımızın tarixiliyini, milli və mənəvi mədəniyyətini işıqlandırır. “Şərq  qapısı” qəzeti  hər nömrəsində oxucularını ümummilli liderimiz Heydər Əliyevin “Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır” müdrik kəlamları ilə salamlayırvə yeni bir mətbuat tarixinin  yazarı olur. Yolunuz  açıq, qələminiz  iti olsun bizim həyat dünyamızın real güzgüsü olan “Şərq qapısı”.

Dünyada çox sayda sənət və minlərlə peşə var. Rəssam şəkil çəkir, bəstəkar musiqi bəstələyir, müəllim təhsilli gənclik yetişdirir, şair şeir yazır, yazıçı əsər. Jurnalistin işi isə dünəni,  bu günü yazmaqdır. Sənətini, gördüyü işi ürəkdən sevən hər kəs yaratdığı bir əsərə, ya da ki, gözəl bir rəsmə, qələmə aldığı məqaləyə illər sonra baxanda qürurlanır. Çalışdığı işi ürəkdən sevə bilmək, ona  aşıq olmaq isə hər kəsə nəsib olmur. Mənim üçün yazmaq, sadəcə, bir qələm və ağ kağızdan ibarət deyil, yazmaq həm də Vətənini qəlbən sevməkdir. Bu sevgini, yazıb-yaratmaq həvəsini daha da yüksəklərə qaldıran isə  dövlət qayğısını öz üzərimizdə hiss etməyimizdir. Yuxarıda ziyalılarımızın dedikləri də bunu təsdiq edir ki, son 25 ildə bu mətbu orqan geridə qoyduğu 70 ildə olmadığı qədər qayğı və diqqətlə əhatə olunub. Bu qayğı bu gündə davam edir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun ötən il sentyabrın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında Fərman imzalaması,  həmçinin  Fondun  Müşahidə Şurasının üzvlərinin sırasında  “Şərq qapısı” qəzetinin baş redaktorunun da yer alması redaksiyanın bütün əməkdaşlarını sevindirdi. Fondun ilk iclası və media nümayəndələri ilə keçirilən görüşdə  Ali Məclisin Sədrinin çıxışındakı “Bu gün qarşıda duran əsas vəzifə ondan ibarətdir ki, kütləvi informasiya vasitələrinin yaradıcı gücü ulu öndər Heydər Əliyevin müəllifi olduğu müstəqil Azərbaycanın və onun Naxçıvan Muxtar Respublikasının inkişafına yönəlsin” müdrik kəlamları, verdiyi tapşırıq və tövsiyələr biz mətbuat işçilərinin gələcək yoluna işıq saçacaq, bu yolu nura qərq edəcək. Ali Məclis Sədrinin görüşün sonunda səsləndirdiyi “Sizinlə qürur duyuram!” –  bu, üç kəlmə biz mətbuat işçiləri üçün dünyanın ən böyük xoşbəxtliyi,  hədiyyəsi, zəhmətimizin ən yüksək zirvədə qiymətləndirilməsi idi.  

Bu günün  mətbuat işçiləri xoşbəxtdirlər. Ona görə ki, Azərbaycan dövlətçiliyinin əməl və yaddaş mərkəzi Naxçıvanın zəngin tarixi keçmişinin, dosta qürur düşmənə göz dağı verən bu gününün və möhkəm təməllər üzərində dayanan  parlaq gələcəyinin, yazarıyıq.  

 

Ramiyyə ƏKBƏROVA

Məqalə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun elan etdiyi yaradıcılıq müsabiqəsinə təqdim edilir

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930