SON DƏQQƏ

naxcivanxeberleri.com

Elmin mayası, nuru kitabdır...

Elmin mayası, nuru kitabdır...
19-04-2020, 21:00

Deyirlər ki, kitablar ən yaxın dostumuzdur. Bəs həqiqətən bu belədir mi? Elə isə, gəlin bu məqaləmizdə ən yaxın dostumuz adlandırdığımız kitablardan, onların fayda və əhəmiyyətindən danışaq. Kitablar bilik mənbəyidir, ruhun qidasıdır, mənəvi zənginlikdir. Düzgün seçilmiş bir kitab dünya qədər məlumat, həyat dərsidir. Kitablar insanın həm təfəkkürünü inkişaf etdirir, həm dünyagörüşünü genişləndirir, həm də ona mənəvi rahatlıq bəxş edir. Kitab oxumaq ruha xoş təsir etdiyi kimi sağlamlığa da faydalıdır. Elmi araşdırmalar göstərir ki, kitablar beyin inkişafına müsbət təsir edir, stress və depressiyanı əhəmiyyətli dərəcədə azaldır. Mütaliə etdikcə həm də nitqimiz inkişaf edir, insanlarla ünsiyyət daha rahat alınır. Kitablarla keçən zaman insanı bir çox pis vərdişlərdən, vaxtı boş və ziyanlı işlərlə itirməkdən uzaqlaşdırır. İnsan mütaliə etdiyi kitablarla kamilləşir, həyata vəsiqə qazanır.
Statistik rəqəmlər göstərir ki, hindistanlılar oxuma vərdişlərinə görə dünya ölkələrini geridə qoyur. Bəs nədir insanlarımızı kitabdan uzaqlaşdıran səbəblər? Bu suala bir neçə cavab vermək olar. Ən başlıca səbəb kimi sosial şəbəkələrin həyatımızı zəbt etməsini, internetin kitabları üstələdiyini göstərirlər.Bu, müəyyən mənada doğrudur. Çünki yeni texnologiyalar, tətbiqlər, proqramlar gənc nəsil ilə yanaşı orta və yaşlı nəsili də “ələ keçirməyə” başlayıb. Lakin etiraf etmək lazımdır ki, əsl kitabsevər üçün bu bəhanə deyil. Çünki internetdə nə qədər bilik, məlumat əldə edirsən et, bu əsla kitabı əvəz edə bilməz. Bundan əlavə sosial şəbəkələri necə istifadə etmək biz oxucuların öhdəsinə qalır. Onları təkcə əyləncə məqsədilə deyil, həm də əhəmiyyətli məlumatları, kitabları paylaşmaq üçün istifadə etmək mümkündür. Digər bir səbəb kimi kitab qiymətlərinin bahalığı, evdə və ya kitabxanada mütailə etmək üçün vaxt azlığının olmasını göstərirlər. Təəssüf ki, hər birimizin vaxt azlığı problemi olur. İşlərimizin çoxluğu, istədiyimiz kitabı əldə edə bilməmək, kitabları nəqliyyat vasitələrində, parkda yanımızda götürə bilməmək də kitab oxumağa əngəl yaradır. Bu zaman isə köməyimizə elektron kitabxanalar çatır.

Kitab varsa, kitabxana da var. Beləliklə, elektron kitab varsa, elektron kitabxana da var. Bəs oxucular hansına üstünlük verir? Kitabları ənənəvi formada oxumağa, kitabxanaya gedərək mütaliə etməyə yoxsa, elektron variantda oxumağa? Gənc nəslin mütaliə vərdişləri necədir? Müasir ədəbiyyatımız oxucularımızı qane edirmi? Bu kimi suallarımızı kitabsevərlərlə müzakirə etdik.
İnci Rəfael Naxçıvan Dövlət Universiteti İncəsənət Fakültəsi aktyor sənəti ixtisasında təhsil alır. Gənc kitab sevərimiz deyir ki,kitab insanları ən mükəmməl tanıma yoludur. Oxuduğum kitabları diqqətlə seçirəm. Çünki həmin kitabla həm təfəkkürümü inkişaf etdirməliyəm, həm dünyagörüşümü formalaşdırmalıyam, həm də nitqimi inkişaf etdirməliyəm. hər bir kitabın öz ideologiyası, oxucuya çatdırmaq istədiyi dəyərləri var. “Oxunması zəruri olan kitablar”ın siyahısında olan kitablar da bu qəbildəndir. Elə həmin siyahıya nəzər saldığımız zaman həm Azərbaycan, həm də dünya ədəbiyyatının sanballı əsərlərini görə bilirik. Siyahıda olan kitablar bizi həm milli şüurumuzun inkişafına, həm də dünya ədəbi mühiti ilə yaxından tanış olmağa səsləyir. Bu kitabların hər biri gözəl amala, insanın şəxsi inkişafına xidmət edir. Kitab oxuyarkən onun özünəməxsus qoxusunu duymaq, hər vərəqi çevirərkən səsini eşitmək hər bir kitabsevərin ən sevdiyi nüanslardır. Bunları nəzərə alaraq deyə bilərəm ki, mən kitabları ənənəvi formada oxumağı daha çox sevirəm.
Mütaliə etdiyi kitabları sosial şəbəkələrdə digər oxucularla paylaşan, təbliğ edən kitabsevərlərimizdən biri də Abdulla Kərimdir. Abdulla bəyin dəyərli fikirlərini oxucularımıza təqdim edirəm.
- Kitablar mənim həyatımın ayrılmaz-tərkib hissəsidir. Onlar həm biliyimizi artırmaqda, həm yaradacılığın, təfəkkürün inkişafında, ən əsası isə dünyagörüşümüzü formalaşdırmaq üçün əvəzolunmaz vasitədir. Ümumiyyətlə, kitabların həyat tərzimizə təsirinin böyüklüyü danılmazdır. Bir çox halda kitablar insanı motivasiya edir, həyatı insana sevdirir, həyatda var olmağın gözəl yönlərini dərk etməyə kömək edir, şüuraltımızda məskən salmış mənfi fikirlərdən kənarlaşdırır və xəyal gücümüzü də inkişaf etdirir. Ancaq bu dediklərimin əksi də ola bilər. Ona görə mütaliə edəcəyimiz kitabları seçərkən həmin kitablar barədə ətraflıca maraqlanmalı və kitabın bizə nə verəcəyini, nə qatacağını əvvəlcədən bilməliyik. Demək olar ki, hər janrda və mövzuda kitaba müraciət edirəm. Ancaq onların arasında tarixi, tarixi şəxsiyyətlərin həyatları ilə bağlı qələmə alınan romanlara daha çox üstünlük verirəm. Çünki şəxsi fikrimcə, təxəyyülün gücü ilə yaranan, gerçəkdə olmayan obrazları oxumaqdansa, bildiyim, həyatda olmuş hansısa şəxsiyyətlər barədə oxumaq daha məqsədə uyğundu. Son dövrlərdə gənclərdə kitaba olan həvəs kifayət qədər artıb. Bunda təbii ki, sosial şəbəkələrin rolu böyükdü. Çünki bildiyimz kimi sosial şəbəkələrdə təbliğ olunan şeylər qısa zamanda kütləvi hal alır.
Kitab və mütaliənin təbliğ edilməsi hər dövrdə öz aktuallığını qoruyan məsələlərdən biridir. Çünki, oxumaq, mütəmadi olaraq mütaliə etmək gənclərin, ümumiyyətlə, cəmiyyətin və dövlətin birbaşa gələcəyi ilə bağlı olan ciddi bir məsələdir. Elə bu səbəbdən son dövrlərdə diqqət yetirsək muxtar respublikamızda da bu sahədə bir çox uğurlu addımların atıldığının və hazırda da davam etdirildiyinin şahidi olarıq. Atılan addımlar sırasında “Oxunması zəruri olan kitabların Siyahısı”nın təsdiq edilməsi barədə muxtar respublika rəhbərinin sərəncamını nümunə göstərmək olar. Bu ölkənin bir gənci olaraq həmin siyahıda yer alan kitabları vərəqlədikcə, oxuduqca hər birinin nə qədər düzgün və mükəmməl seçim olduğu qənaətini sizinlə bölüşürəm. Çünki, bu kitablar hər birimizdə vətənpərvərlik ruhunun coşmasına, öz tarixmizə, mədəniyyətimizə, milli-mənəvi köklərimizə bağlılığın daha gözəl formalaşmasına əsaslı təsir göstərir, eyni zamanda insanın dünyagörüşünü zənginləşdirir, dövlətə, Vətənə, xalqa bağlılıq hisslərini usta bir şəkildə bizə aşılayır.

Kitabların təbliği, kitaba qarşı sevgi hissinin aşılanması müəllimlərimizin öhdəsinə düşən əsas vəzifələrdən biridir. Aynurə Fətəliyeva Naxçıvan şəhər V.Zeynalov adına 3 nömrəli məktəbdə riyaziyyat və informatika fənnini tədis edir. Gənc müəllim deyir ki, tədris etdiyim fənn ədəbiyyatdan uzaq olsa da, daima şagirdlərimə kitabların əhəmiyyətindən, mütaliənin labüdlüyündən bəhs edirəm. Sevindirici haldır ki, şagirdlərimdə kitaba qarşı sevgi yarada bilirəm. Bu gün insanlar ya çox mütaliə edir, ya da heç etmir. Bunu balanslaşdırmaq lazımdır. Günün müəyyən saatlarını mütaliə etmək üçün ayırsaq, daha çox kitab oxumuş olarıq. Bildiyiniz kimi, indi texnologiya əsrində yaşayırıq. Hər bir sahənin virtuallaşdığı kimi, kitab sahəsində də virtuallaşma prosesi gedir. Bir çox oxucu ənənəvi forma ilə yanaşı kitabları elektron variantda oxumağa üstünlük verir. Mən də hər iki formada kitab oxumağı sevirəm. Elektron formada kitab oxumaq həm müəyyən mənada zamana qənaət edir, həm də kitabı istənilən yerdə yanımızda aparmaq imkanımız olur. Böyük həcmli kitablar bir neçə meqabayt ölçüdə telefonlarımıza olur. Amma bu bir reallıqdır ki, ənənəvi formada kitab oxumağın zövqünü heç nə əvəz edə bilmir.
Sonda kitabsevərlərimizə bir neçə tövsiyəmiz olacaq. Kitabları boş vaxtınızda oxumayın. Kitablar üçün xüsusi zaman ayırın. Kitab oxumağı məcburiyyət halına gətirmək düzgün deyil, onları zövqlə və sevərək oxuyun. Sizə xoş təsir edən və yeni bilgilər qatan kitab daha əhəmiyyətlidir. Və ən əsası, kitablara qayğı, sevgi ilə yanaşmaq lazımdır. Bunun üçün evinizdə şəxsi kitabxananızı qurun, onlar üçün gözəl guşə yaradın. Kitabları oxuyarkən diqqətli olun, əzməyə, qatlamağa çalışmayın. Bunun üçün xüsusi kitab əlfəcinləri var. Beləliklə, həm oxuduğunuz yeri unutmazsınız, həm də kitab zədələnməz. Bizə bilik verən kitab həm də bizim müəllimimizdir.


Lalə ALLAHVERDİYEVA

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930