SON DƏQQƏ

naxcivanxeberleri.com

Ədəbiyyat dərslərinin tədrisində obrazların təhlili

Ədəbiyyat dərslərinin tədrisində obrazların təhlili
16-04-2020, 05:53

Əsərin mənimsənilməsi, şagirdlərə necə təsir göstərməsi birinci növbədə obrazların necə qavranılmasından, onların hansı yollarla, hansı üsul və vasitələrlə şagirdlərin mənəviyyatının, zehninin yeniləşməsindən asılıdır. Bu məsələdə müəllimin biliyi və bacarığı böyük rol oynayır. Ədəbi obrazları şagirdlərə lazımi şəkildə mənimsətmək üçün hər şeydən əvvəl müəllimin özünün ədəbı obraz haqqında, onun xüsusiyyətləri, incəlikləri barədə dərin və konkret biliyi olmalıdır. Müəllim ədəbi obrazın mahiyyətini bilməlidir.

    Bədii obraz bir termin kimi həm incəsənətin bütün növlərindəki ( ədəbiyyat, musiqi, rəssamlıq, heykəltəraşlıq və  s. ) surətlərə aid ümumi əlamətləri, həm də incəsənətin ayrı-ayrı növlərindəki obrazların xüsusiyyətlərini ifadə edir.

    Bədii obrazların yaradılmasında istifadə edilən materiallar arasında sözün rolu daha böyükdür. Əgər səs, əşya, rənglər insanın yalnız müəyyən cəhətini, məsələn, hisslərini əks etdirmək üçün əlverişlidirsə, söz ilə insanı hər cəhətdən genişliyi ilə əks etdirmək mümkündür.

    Ədəbi obrazın öyrənilməsindən bəhs edərkən bunu da qeyd etmək lazımdır ki, həm ədəbiyyatşünaslıqda, həm də metodiki ədəbiyyatda ədəbi obrazı bir çox sözlərlə adlandırırlar. Ədəbi obraz haqqında işlədilən sözlərin mənasına diqqətlə yanaşılması, onların işlədilmə məqamlarının dəqiqləşdirilməməsi, şübhəsiz ki, məktəbdə obrazların lazımi şəkildə öyrədilməsinə mane olur. Çünki terminlərin mənasını öyrənmək heç də sadəcə olaraq dili zənginləşdirmək, lüğət ehtiyyatlarını artırmaq demək deyil. Ədəbi obrazla əlaqədar hər bir terminin, sözün başa düşülməsi ədəbi obraz problemini dərk etmək, obrazların mahiyyətini anlamaq yolunda bir pillədir.

    Əsərin bütun komponentləri obrazlarla sıx bağlıdır. Əslində onların hamısı obrazların formalaşmasına xidmət edən vasitələrdir. Məktəbdə obrazların öyrədilməsi aşağıdakı məsələləri əhatə edir:

  1. Obrazın ictimai həyatla əlaqəsi.
  2. Obrazda ifadə edilən idea-məzmun, problemlər. Siyasi, ictimai, əxlaqi və s. məsələlərin aydınlaşdırılması.
  3. Obrazın xarakterinin yaradılmasında istifadə olunan ədəbi priyomlar: a) obrazın hərəkət və davranışı; b) müəllif xarakteristikası; c) obrazın tərcümeyi-halı; d) nitqi; e) portreti; ə) əşya və təbiət təsviri.
  4. Şagirdin obraza münasibətnin müəyyənləşdirilməsi.

    Müəllim obrazları təhlil edərkən  elə yol seçməlidir ki, əsərdəki həqiqətləri şagirdlərin nəzərinə çatdırsın, həm də əsərin təsir gücü aşağı düşməsin. Bütün janrlarda obrazların xarakteri ədəbi priyomlar zəminində yarandığına görə onun keyfiyyətlərini, əxlaqi və mənəvi sifətlərini duyub başa düşmək üçün əsərdəki hadisə və əhvalatlara, bədii söz və ifadələrə, təbiət və əşya təsvirlərinə, müəllif xarakteristikasına, obrazların nitqinə diqqət yetirmək, onlar üzərində iş aparmaq vacibdir. Obrazın öyrədilməsi, təhlili nə qədər həmin ədəbi priyomların izahı zəminində getsə, obraz bir o qədər düzgün və dərindən duyulub başa düşülər, onun effekti və tərbiyəvi təsiri bir o qədər artıq olar. Məsələn, Nəsiminin “Agrımaz” qəzəlində lirik qəhrəmanın böyüklüyünü, mətanətini, ölümün gözünə dik baxmasını duyub başa düşmək üçün mütləq aşağıdakı beytdə olan söz və ifadələrin məzmununu açmaq lazım gəlir:

             

                     Zahidin bir barmağın kəssən dönüb haqdan qaçar,

                     Gör bu miskin aşiqi sərpa soyarlar, ağrımaz.

 

    Ədəbi obrazın dərin qavranılmasını, onun göstərəcəyi təsirin əsas şərtlərindən biri şagirdin obraza öz münasibətini müəyyənləşdirməsi, onun hərəkət və davranışını müstəqil təhlil edib qiymətləndirməsidir. Obrazın nə iş gördüyünü, hansı əxlaqi, mənəvi keyfiyyətlərə malik olduğunu öyrənməklə kifayətlənmək olmaz. Yeri gəldikcə obrazın hərəkət və davranışının yaxşı və pisliyini, əxlaqi keyfiyyətlərinin nə dərəcədə məqbul olmasını müəyyənləşdirib qiymətləndirmək lazımdır. Həm də bu cəhət son dərəcə diqqətlilik və həssaslıq, səmimilik və düzgünlük tələb edir. Obrazı şagirdlərin gözündə böyütmək, tərbiyəvi təsirini artırmaq məqsədinə də qulluq etməlidir.

    Şagirdlərin obrazın bu və ya digər hərəkətinə, düşüncəsinə münasibəti diqqət məkəzində saxlanmalıdır. Bu zaman obrazlara qarşı fikirlər yürüdülərkən mübahisələr də ortaya çıxa bilər. Lakin o yerdə ki, mübahisə olur, o yerdə ki, müəyyən dərəcədə müstəqil fikirləşib cavab tapmaq zərurəti olur, orada şagirdin fikri, əqli fəaliyyəti başlayır. Bu da ona zəmin yaradır ki, müasir məktəbdə ədəbiyyatımızın öyrənilməsinə yüksək məna verən iş həyata keçirilir. Gələcək nəslin təlim-tərbiyyəsində bədii əsərlərin rolu, obrazların təhlili həmişə diqqət mərkəzində olmuşdur. Bu iş prosesində məktəbdəki ədəbiyyat dərslərinin tədrisinin rolu böyükdür.

   

 

 

Şəhla Fətəliyeva

Dosent

Naxçıvan Müəllimlər İnstitutu

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930