SON DƏQQƏ

naxcivanxeberleri.com

Oğuz türkünün şanlı tarixinin saxlanc yeri-FOTO

Oğuz türkünün şanlı tarixinin saxlanc yeri-FOTO
14-04-2020, 20:46

Qədim diyarımız Naxçıvanın alınmaz qalası olan Sədərək rayonunda yerləşən rayon Tarix-Diyarşünaslıq Muzeyi məğlubedilməzliyi, qəhrəmanlığı, torpaq sevgisi, vətənsevərliyi ilə əsrlərboyu tarixdə iz qoyan Oğuz türkünün şanlı tarixinin saxlanc yeridir.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Sədərək Rayon Tarix-Diyarşünaslıq Muzeyi Şərur rayonunun Sədərək kənd 1 nömrəli tam orta məktəbin nəzdində 1978-ci il fevralın 23-də ictimai əsaslarla Ölkəşünaslıq Muzeyi kimi yaradılıb. 2000-ci il iyunun 26-dan isə mədəniyyət müəssisəsi Sədərək Rayon Tarix-Diyarşünaslıq Muzeyi kimi fəaliyyət göstərməyə başlayıb, Heydərabad qəsəbəsində 2010-cu ildə bu mədəniyyət müəssisəsi üçün yeni bina ucaldılıb.

Muzey 16 bölmə və 2 guşədən ibarətdir. Bu mədəniyyət müəssisəsində hazırda 2 min 400-dək eksponat var. Bölgənin qədim dövründən bu günədək olan tarixini özündə əks etdirən dəyərli arxeoloji tapıntılar, mənəvi dəyərlərimizin parlaq təcəssümü olan mədəniyyət nümunələri, xalq tətbiqi sənət əsərləri, numizmatik materiallar, heykəltəraşlıq, qrafika, Erkən Dəmir dövrünə aid keramika məmulatları, soyuq silahlar, misgərlik nümunələri muzeydə özünə yer alıb. Bölmələrdə nümayiş olunan dulusçuluq, zərgərlik, toxuculuq məmulatları, dekorativ bəzək əşyaları qədim İpək Yolu üzərində yerləşən ulu yurdda sənətkarlığın, mədəniyyətin inkişafından xəbər verir. Buradakı əkinçilik alətləri – xış, kotan, vəl, mərəndi, mərgüz, göndən hazırlanmış xəlbir, nehrə və sair əşyalar sədərəklilərin hələ qədim zamanlardan əkinçiliklə, maldarlıqla məşğul olduqlarını göstərir.

Sədərək rayonunun flora və faunasından bəhs edən bölmə də öz zənginliyi ilə diqqəti çəkir, bu yurdun əsrarəngiz təbiəti haqqında dolğun təəssürat yaradır. Muzeydə “Sədərək” sözünün etimoloji mənası, elmi şərhi barədə bilgilər də yer alıb. “Kitabi-Dədə Qorqud”da adıçəkilən Sədərəyin Uşun oğlu Səgrəyin adından yaranma ehtimalı, türk səyyahı Övliya Çələbinin, fransız səyyahı Jan Şardenin XVII əsrdə Sədərəyin çox böyük yaşayış məntəqəsi olması, geniş meyvə bağları, abad meydanları, yaraşıqlı binaları, məscidləri, dükan-bazarı barədə məlumatları da diqqət çəkir.

Muzeydə yun əyirmək, xalça toxumaq üçün lazım olan əşyaların da nümayiş etdirilməsi xalçaçılıq sənətinin bölgədə qədim dövrlərdən bəri inkişaf etdiyini göstərir.

Mədəniyyət müəssisəsindəki “Sədərək qeyrət qalasıdır” bölməsi isə 1990-cı illərdə 14 dəfə erməni təcavüzünə məruz qalan rayonun ağır həyatı, mərdliklə müdafiə olunması haqqında eksponatların dili ilə buraya gələnlərə çox həqiqətləri danışır. Ziyarətçilər bu torpaq uğrunda canını fəda edən 109 şəhidimizin, o cümlədən 52 sədərəkli şəhid haqqında muzeydə dolğun məlumat alırlar.

Muxtar respublikanın düşmənlə sərhəddə yerləşən bu bölgəsinin son illərdəki sosial-iqtisadi inkişafını əks etdirən bölmə də diqqəti cəlb edir.

Rauf KƏNGƏRLİ

 

Oğuz türkünün şanlı tarixinin saxlanc yeri-FOTO

Oğuz türkünün şanlı tarixinin saxlanc yeri-FOTO
Oğuz türkünün şanlı tarixinin saxlanc yeri-FOTO
Oğuz türkünün şanlı tarixinin saxlanc yeri-FOTO
Oğuz türkünün şanlı tarixinin saxlanc yeri-FOTO

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930