SON DƏQQƏ

naxcivanxeberleri.com

Naxçıvanın memarlıq abidələri və xalça nümunələri üzərindəki ornamentlərin oxşarlığı

Naxçıvanın memarlıq abidələri və xalça nümunələri üzərindəki ornamentlərin oxşarlığı
14-04-2020, 18:23

Orta əsrlərdə naxış yaradıcılığı Yaxın Şərq ölkələrinin çoxunda olduğu kimi Naxçıvan memarlıq və xalçaçılıq sahəsində yaradılan sənət əsərləri üzərində də özünün ən yüksək zirvəsinə çatmışdır. Naxçıvan xalçaçılıq məktəbinin istehsal etdiyi məmulatların yüksək texniki və bədii keyfiyyətlərini nəzərə alaraq, deyə bilərik ki, xalçaların bədii tərtibatında xalçaçı ustalarla yanaşı Azərbaycan memarlığının görkəmli nümayəndəsi, Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Əbubəkir oğlu Naxçıvanin də yaradıcılıq təsiri olmuşdur.

Memar Əcəmi Naxçıvani yaradıcılığında Türk-İslam mövqeyindən yanaşmış və əsərlərində Türkün kosmoqonik təsvirlərini, din və ənənələrini naxışların dili ilə elmi surətdə bizlərə çatdırmağı bacarmışdır. Görkəmli memarın yaradıcılığından bütun sənətkarlar kimi xalçaçı ustalar da məharətlə bəhrələnmişlər. Əgər biz memarlıq abidələrimizə diqqətlə nəzər salsaq və sonra xalça nümunələrimizə baxsaq hər iki sənət sahəsindəki bəzək kompozisiyalarının tam oxşarlığını görə bilərik.

Yusif Küseyir oğlu, Möminə xatın, Qarabağlar türbəsi və digər çoxüzlü tarixi memarlıq abidələrimizin səthləri ayrı-ayrılıqda hərəsi bir xalça naxışdır və birbirinə bənzəməyən həndəsi naxışların sintezindən yaranan xalça nümunələridir. Sadəcə olaraq ornamental nümunələr böyük rəssam-memarlar tərəfindən daşlarda ilmələnmiş Naxçıvanın çeşnili xalçalarının təkrarıdır. Bu daş xalçalar Naxçıvanın qədim mədəniyyətindən, onun kamil sənətkarlarından və ulu xalçaçılıq sənətindən xəbər verir. Azərbaycanda ornamental naxışsalma və nəbati naxışsalma ustası kimi Atabəylər dövlətinin baş memarı olan Əcəmi Naxçıvani hələ XII əsrdə özünün məşhur naxışsalma möhürünü daşlara vurmuşdur. Bundan sonra Əcəminin davamçıları və onun tələbələri istər memarlıqda, istər rəssamlıqda və istərsə də xalçaçılıq sənətinin çeşnilərinin yaranmasında dünyanın müxtəlif yerlərində, о cümlədən də Naxçıvan xalçaçılıq məktəbində izlərini qoymuşdur.

Naxçıvan xalçaçılıq məktəbinin sənətkarları Əcəmi yaradıcılığının naxış kompozisiyalarından məharətlə bəhrələnmişlər.

Naxçıvanda toxunmuş xalçaların bəzək kompozisiyalarında yer alan epiqrafik, həndəsi və nəbati naxışların ərazidə yerləşən memarlıq abidələrinin bəzəklərilə oxşarlığı burada yaranmış memarlıq məktəbindən qaynaqlandığını bir daha sübut edir. Elə buna görədir ki, Naxçıvanda hazırlanmış bütün sənət əsərlərində bir mükəmməllik və əsil sənətkar əlinin tam məhsulu olduğu görünməkdədir. Naxçıvanda olan istər memarlıq, istərsə də xalçaçılıq sənəti nümunələrinin hər biri kamil bir sənətkar yaradıcılığının əsəri olduğu danılmazdır.

 

 

SARA HACIYEVA

AMEA Naxçıvan Bölməsi

Tarix üzrə fəlsəfə doktoru, dosent

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930