SON DƏQİQƏ

naxcivanxeberleri.com

Allergik xəstəliklərdən necə qorunaq

Allergik xəstəliklərdən necə qorunaq
5-04-2020, 18:35

Yaz fəsli bəzi mövsümi xəstəliklərin ya- mənbəyi – kəklikotu yılması dövrü hesab edilir. Bəs bu xəstəliklərdən necə qoruna bilərik? Bu barədə rayon Mərkəzi Xəstəxananın baş həkimi Kəmalə İbrahimova ilə həmsöhbət olduq. Həkim-pediatr Kəmalə İbrahimova mövsümlə əlaqədar belə xəstələrin sayının xeyli dərəcədə artdığını söylədi. Onun sözlərinə görə, mart və aprel aylarında allergiyaya görə müraciət edənlərin sayı çoxalır: “Əsasən qurd, infeksion xəstəlikləri olan insanlarda allergiyaların üzə çıxması digər insanlara nisbətən çoxdur. Həmçinin, allergik faktorlar da müxtəlifdir. Elə insan var onda allergiya sitrus meyvələrindən, tərxun, bal, yemiş, tum və fındıqdan qaynaqlanır. Bəzilərində isə allergiya əlamətlərini müəyyən çiçək və ağac növü, toz, yun, toyuq tükü və s. artırır. Əvvəlcə həmin allergiya yaradan səbəbi tapmaq lazımdır. Onun üçün də özündə allergiya əlamətlərini hiss edənlər mütləqdir ki, həkimə müraciət etsinlər”. Allergiyanın müxtəlif əlamətləri var. Yazın gəlişi ilə orqanizmdə allergik xəstəliklər burun axması, qaşınma, göz yaşarması və dəridə qıcıqlanmalarla özünü büruzə verir. Bəzən üşütmə, boğaz ağrısı, səs batması və öskürək də ortaya çıxa bilər. Mütəxəssislərin qənaətinə görə, insanlar arasında bu tip xəstəliyin ən geniş yayılan formaları allergik və xroniki rinitdir. Allergik rinit əsasən yaz mövsümündə, çiçəklərin tozlanma dövrü başlayanda baş qaldırır, xroniki rinit isə bütün mövsümlərdə müşahidə edilir. Allergik rinit zamanı xəstədə ilkin olaraq fasiləsiz asqırmalar, burunda göynəmə və qaşınmalar ortaya çıxır. Daha sonra gözlərdə qaşınma və sulanma kimi əlamətlər müşahidə olunur. Xəstənin burnu daim tutulu vəziyyətdə olur və o, qoxu bilmir. Bir müddət sonra isə burundan selik gəlməyə başlayır, qulaq tutulur. Bəzilərində üz və burun pərdələri şişməyə başlayır və nəfəsalma çətinləşir. Evdə olan zaman xəstə özünü yaxşı hiss etsə də, çölə çıxanda vəziyyəti dəyişir, rinitin simptomları özünü kəskin şəkildə büruzə verməyə başlayır. Bir qisim xəstələrdə bu əlamətlər 1 ay, bəzilərində isə mövsümün sonuna kimi davam edir. Yaz mövsümü başa çatdıqdan sonra allergik rinitin əlamətləri yavaş-yavaş aradan qalxır və xəstə normal vəziyyətə qayıdır. Mütləqdir ki, allergik faktor tapılaraq xəstə müalicə olunsun. Çünki vaxtında müalicə olunmadığı təqdirdə, həm allergik, həm də xroniki rinit bronxial astmaya çevrilə bilər. Odur ki, düzgün müalicə aparıldıqda allergik riniti 3-5 ilə aradan qaldırmaq mümkündür. Allerqoloqlar bildirirlər ki, allergik rinitin yüngül keçməsi üçün xəstələr yaz mövsümündən 4 ay əvvəl müalicəyə başlamalı və proses mövsümün sonuna kimi davam etdirilməlidir. Maraqlı bir məqam da yüngül formalı allergiya xəstəliyi insanlara genetik yolla, əsasən də ana xətlə keçir. Ana, nənə, baba, xala və dayıda olan allergiya genlər vasitəsilə uşaqlara ötürülür. Ancaq allergiyanın bu formasından əziyyət çəkən insanlarda yüngül simptomlar– burun göynəmələri, asqırma və göz yaşarmaları müşahidə edilir. Həkimlərin söylədiklərinə görə, qadın hamiləlik zamanı emosional və gərgin olarsa, doğulacaq uşaqların 80%-inin gələcəkdə allergiyadan əziyyət çəkəcəyi ehtimalı yüksəkdir. Allergik xəstəliyə yoluxan insan heyvan saxlanılmayan, ev bitkiləri yetişdirilməyən rütubətsiz bir otaqda yaşamalıdır. Yataq otağında yumşaq tipli oyuncaqlar, xalça-kilim olmamalı, allergiya verməyən, hava keçirən yataq və yorğanlardan istifadə olunmalıdır. Həmçinin, hər hansı bir qidaya qarşı allergiya hiss olunarsa, mütləq həmin qidadan imtina edilməli, havaya qarşı allergiyası hiss olunduqda isə evdən çıxmamağa, pəncərə və qapıları müəyyən zaman ərzində bağlı saxlamağa çalışmaq lazımdır.

 

Zülfiyyə HƏSƏNOVA

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2020    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930