SON DƏQİQƏ

naxcivanxeberleri.com

 Karantin rejiminin pozulmasına görə qanunvericilikdə hansı məsuliyyət nəzərdə tutulub?

 Karantin rejiminin pozulmasına görə qanunvericilikdə hansı məsuliyyət nəzərdə tutulub?
25-03-2020, 12:50

Karantin rejiminin pozulmasına görə qanunvericilikdə hansı məsuliyyət nəzərdə tutulmuşdur və ölkədə tətbiq olunmuş koronavirus pandemiyası ilə əlaqədar sosial şəbəkə istifadəçiləri tərəfindən yalan məlumatların yerləşdirilməsi və ya yayılması məsuliyyətə səbəb olurmu?

 

Karantin sözü İtalyan mənşəli olmaqla "qırx" (40) mənasını verir. Karantin dedikdə yoluxucu xəstəliklərin daha da yayılmasının qarşısını almaq üçün xəstələrin və onlarla təmasda olmuş şəxslərin müvəqqəti təcrid edilməsi başa düşülməlidir.
“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının qanununa əsasən dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar yoluxucu, parazitar, peşə xəstəliklərinin və kütləvi qeyri-yoluxucu xəstəliklərin, o cümlədən radiasiya amili ilə bağlı olan xəstəliklərin əmələ gəlməsinin və yayılmasının qarşısını almaq, habelə belə xəstəliklər əmələ gəldikdə onları ləğv etmək üçün vaxtında tədbirlər görülməsini təmin etməlidirlər. Bildiyimiz kimi koronavirus infeksiyası (COVİD-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir. Virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və vaksinin hələ də tapılmaması dövlətləri daha da ciddi tədbirlər görməyə sövq etmişdir. Həmçinin Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyası qlobal pandemiya elan olunmuşdur. Azərbaycan Respublikasında da əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edilmiş, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə vaxtında və düzgün istiqamətdə tədbirlər görülmüşdür. Xəstəlik uzaqlarda yayılanda da artıq ölkəmizdə hazırlıq işlərinə başlanılmış, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılmışdır. Nazirlər Kabineti yanında Operativ Qərargahın 23 mart 2020-ci il tarixli qərarı ilə 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək ölkə ərazisində xüsusi karantin rejimi elan edilmiş, həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisində Covid-19 virusunun Muxtar Respublika ərazisində yayılmasının qarşısının alınması ilə bağlı tədbirlərə həsr olunmuş 25 mart 2020-ci il tarixli müşavirədə qeyd olunan müddət ərzində vətəndaşlarımızın riayət etməli olduqları bir sıra məhdudlaşdırıcı tədbirlər müəyyən olunmuş və aidiyyəti dövlət orqanlarına müvafiq tapşırıqlar verilmişdir. Belə ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən 20 aprel 2020-ci il tarixədək 65 yaşdan yuxarı insanların evdən çıxması, ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və sair yerlərdə şəxslərin 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilmiş müşavirədə 65 yaşdan yuxarı olan tənha ahıllara sosial xidmətlərin göstərilməsi və həmin şəxslərə həftədə iki dəfə sosial xidmət işçiləri və sosial könüllülər tərəfindən xidmət göstərilməsi ilə bağlı müvafiq dövlət orqanına tapşırıq verilmiş, həmçinin Muxtar Respublika ərazisində fəaliyyət göstərən kafe, restoran və adamların toplaşdığı başqa ictimai-iaşə müəssisələrinin iş rejimi qısaldılaraq saat 17:00-dək müəyyən edilmişdir. Bunlardan başqa ərzaq mağazaları və apteklər istisna olmaqla, muxtar respublika ərazisindəki bütün iri ticarət mərkəzlərinin fəaliyyətini məhdudlaşdırmağı, mağazaların ərzaqla normal təminatına diqqəti artırmağı, aid qurumlarla birlikdə ehtiyatların yaradılmasının davam etdirilməsi də müvafiq dövlət orqanlarına tapşırılmışdır.
Karantin rejimlərinin pozulmasına görə qanunvericilikdə həm inzibati, həm də cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Belə ki, “Azərbaycan Respublikasının Cinayət və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” 17 mart 2020-ci il tarixli qanunla Azərbaycan Respublikası Cinayət və İnzibati Xətalar Məcəlləsinə müvafiq dəyişiklər edilmişdir. Edilmiş dəyişikliyə əsasən həmin məcəllələrə “Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması” adlı maddə əlavə olunmuşdur.
İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin tələbinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər isə iki min manatdan beş min manatadək məbləğdə cərimə edilirlər.
Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda həmin şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin tələblərinə əsasən məsuliyyətə cəlb olunur və həmin şəxslər barəsində iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası tətbiq olunur. Əgər sadalanan əməllər ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olarsa bu zaman təqsirkar şəxs CM-in 139-1.2-ci maddəsi ilə ilə cinayət məsuliyyətinə cəlb olunmaqla onun barəsində üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası tətbiq edilir. Bu cinayətin subyekti qismində cinayət törədənədək 16 yaşı tamam olmuş anlaqlı fiziki şəxs çıxış edir.
Yuxarıda göstərilən inzibati və cinayət məsuliyyətindən əlavə olaraq bildirmək istərdim ki, sosial şəbəkə istifadəçiləri tərəfindən koronavirus pandemiyası ilə əlaqədar sosial şəbəkələrdə həmin şəbəkələrin istifadəçiləri tərəfindən yalan məlumatın yerləşdirilməsi və ya yayılması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə inzibati məsuliyyətə səbəb olur və həmin maddənin sansiyasına əsasən fiziki şəxslər beş yüz manatdan min manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilirlər.
Pandemiyaya çevrilmiş koronavirus infeksiyasının (COVİD-19) ölkə ərazisində yayılmasını minimallaşdırmaq, həmçinin ölkə vətəndaşlarının sağlamlığının qorunması üçün dövlətimiz nə mümkündürsə edir. İnanırıq ki, bütün vətəndaşlarımız bu məsələdə də həmrəylik göstərərək daha məsuliyyətli, nizam-intizamlı olacaq, bu virusun yayılmasının qarşısını almaq üçün verilmiş tapşırıq və qoyulmuş qadağalara, həmçinin Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə ciddi əməl edəcək və bununla da virusun Muxtar Respublika ərazisində yayılmasının qarşısının alınmasında aidiyyəti dövlət orqanlarına yaxından köməklik göstərəcəklər.


Afət Kərimli
Culfa rayon prokurorluğunun böyük müstəntiqi,
II dərəcəli hüquqşünas

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Mart 2020    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031