SON DƏQİQƏ

naxcivanxeberleri.com

Şəhidlərin və şahidlərin şəhəri

Şəhidlərin və  şahidlərin şəhəri
26-02-2020, 10:41

Lay-lay dedim yatasan,
Qızıl gülə batasan,
Qızılgülün içində
Şirin yuxu tapasan.
İlahi, nə gözəldir sevgidir ananın məhəbbətlə övladına laylay söyləməsi. Hər an ali sevgi ilə ana öz körpəsini əzizləyir, ona vaxt ayırır, onun nə qədər sevimli varlıq olduğunu bildirir. Axı uşaqlar sevilmək üçün vardırlar. O gecə də eyni qayğıyla ana öz körpəsini yatırmışdı. Olanlardan, olacaqlardan xəbərsiz idi həm ana, həm də körpəsi...
Öz dəhşəti ilə tarixin qara ləkəsi olan, həmin gün, ana və atalar övladlarını, övladlar gələcəklərini, gəlinlər gəlinliklərini, bir şəhər hər şeyini itirdi. Həyat onlar üçün bir daha əvvəlki kimi olmadı.
Bəli. Ölüm haqqdır! Onun bizi harda gözlədiyini bilmirik, elə həmin səssiz gecədə şəhərdəki insanlar da bilmirdi...
Saat 01:00. Artıq fevral ayı təqviminə bir gecə daha əlavə edir. Sıradan günlərdən fərqlənməyən 25 fevral çərşənbə axşamı, o qanlı gecəylə əvəzlənir. Birazdan dünya səssiz, lakin addım-addım gələn tarixin ən böyük qətliamlarından birinə şahidlik edəcəkdi. Ən böyük acını, işgəncəni, ölümü, Dağlıq Qarabağ bölgəsində yerləşən balaca bir şəhər yaşayacaqdı. Adı Xocalı idi...
O axşam sanki göydəki ay da olacaqlardan utanıb buludların arxasında gizlənmişdi.
Sübh tezdən iş üçün oyanan kişilər, övladlarını oyadan analar, dərsə hazırlaşan uşaqlar bir anlığa qapılarını təpiklə açan, insan qanına susamış, əzəli Azərbaycan torpaqlarında özlərini aborigen xalq kimi göstərən erməni vandalları ilə qarşılaşırlar. Bu dəhşəti düşünün.. Qulağı ana oxşamasına alışan körpələr tankların, silahların vahiməli səsi ilə oyanır. Ermənilər bir insanlıq utancı olan Xocalı faicəsini törədirlər həmin gecə.
İşgəncələrə məruz qalan yüzlərlə qızın bütün xəyalı puça çevrilir. Axı onların arzusu vardı. Hər gəlin kimi qartək ağ gəlinliklə evdən çıxmaq, ailə həyatı qurmaq axı onların da arzusu idi, onların da haqqı idi. Nə biləydilər arzusunda olduqları ağ gəlinlik, ağ kəfənlə əvəzlənəcək...
Orda bir bacı və qardaş vardı. Ailəsi vaxtsız köçən bacı və qardaş ikinci zərbəni də elə o qanlı gecə aldılar. Qardaşın əli, qolu bağlı əsir, bacı isə azğın düşmən əlində. Çətindir ifadə etmək, düşüncəsi mümkünsüz....
Dürdanə Ağayeva (həmin əsirlikdə olan xanım) deyir: Qardaşımla məni hər gün ayrı-ayrı evə aparıb döyürdülər. Növbə bizim evə çatdı. Ata ocağıma. Axı mən bu evdən gəlin olaraq çıxacaqdım. Böyük kimi xeyir-duamı qardaşım verəcəkdi. Amma indi... qardaşımın gözü qabağında yerdə sürünürəm. Bir gün mənə təklif etdilər ki, qardaşını öldürək, səni isə azad edək. Razılaşmadım. Razılaşa bilmədim. Ya bərabər gedəcəkdik, ya da...ya daki məlum... 20 yaşında bir qız övladının xəyalları puç oldu o gecə. Dəhşətdir, deyilmi?
Dürdanə və Elşadın başına gələnlər bir ata ilə oğlunu da gözləyirdi. Deyirlər ata-yaslandığın dağdır. Hələ bir ata vardı orda. Övladının qarşısında təpiklənən, işgəncə edilən, qüruru tapdalanan ata. Axı biz bilirik ata mərd olur, çətinliklərdə yanımızda, arxamızda dayanır. İndi ata gücsüz qalıb namərd əlində ... Övladı deyir 3 nəfər yerdə döyəndə qaçıb qucaqladım atamı. Atam xəcalətindən mənə baxa bilmirdi. Elə mən də atama...
Mehriban Bəkirova fəryad edir. O, çarəsizdi. Göz yaşları imkan vermir danışsın. Dərdini desin. Ananın dərdi tək Xocalıdı? Yox... Mehriban meşədə qaçarkən qucağından 3 yaşlı körpəsini düşürüb. Xəbəri olmayıb. İlahi, dəhşətdir. Fevral soyuğunda ayaqyalın, soyuqdan əlləri donan ana deyir ki, yanımda olan digər 2 övladım ağlayırdı. Həm qaçır, həm də onları susdurmağa çalışırdım. Həmin vaxt körpəm qucağımdan düşüb. Canımdan can ayrılıb...
Orada bir Xocalı cəngavəri də var idi Əlif adında. Xocalı hava limanının komendantı Əlif Hacıyev. Həmin gecə o da digər qeyrətli həmvətənləri ilə birgə qanlı döyüşlərə atılmışdı. Qüvvələrin qeyri-bərabər olmasından qorxmayan Əlif geri çəkilmədi. Çəkilə bilməzdi. Xalqın çətin, ağır, taleyüklü günündə kənarda dayanmaq onun xislətində yox idi. Təslim olmaq Əlif Hacıyevin xarakterinə görə deyildi. Son gülləsinə qədər döyüşən Əlif Hacıyev doğulub boya-başa çatdığı Xocalı torpağında qəhrəmancasına həlak oldu.
Xocalı şəhər sakini Zənurə Səlimova deyir: “Sağ qalmağımızda şəhid Milli Qəhrəmanımız Əlif Hacıyevin müstəsna rolu olub. Onun sayəsində biz sağ-salamat Ağdama çatdıq. Buna görə də ömrümün sonunacan ona minnətdar qalacam...”
Həmin gecə qəlbi vətən eşqi ilə döyünən oğullarımızdan biri də igidliyinə və mərdliyinə görə “Mixaylo” ləqəbi qazanmış Tofiq Hüseynov idi.
Tofiqin vuruşması haqqında silahdaşlarından biri belə deyirdi: “Xocalı balası, yerli müdafiə dəstəsinin komandiri Tofiq Hüseynovu fevralın 26-da 366-cı alayın köməyi ilə Xocalını viran qoyan ermənilər Kətik kəndi yaxınlığında Tofiqi üç gün mühasirədə saxladılar. Üç gün ermənilərin “təslim ol” əmrini vecinə almadı. Son gülləsinə qədər vuruşub, axırda qumbara ilə özünü partlatdı. Tofiqin meyitini alarkən ermənilərdən biri Ağdam cəbhəçilərinə deyirdi: “Mən onu tanıyırdım. Bilirdim o necə oğlandır. Onu tutmağa çalışırdıq ki, 10-15 erməniyə dəyişək. Amma o kişi kimi vuruşurdu, kişi kimi də öldü”.
Çətindir deyilmi??? Düşüncəsi belə çox çətin. Qəlbi VƏTƏN eşqi ilə yanan hər bir Xocalı sakini o gecənin canlı şahidinə çevrildi.Yaşadıqları elə bir dəhşət idi ki, heç bir izahı yox. Yaşadılanlar elə bir faciə idi ki, bir insanın unuda bilməsi imkansız. Həmin gecə elə bir xatirə buraxıldı ki, üzərindən 28 il keçməsinə baxmayaraq unudulması mümkünsüzdür.
Deyirlər torpaq qan ilə qarışanda vətən olur. Aprel zəfərinin, Günnüt qələbəsinin Xocalıda yaşanması, Lələtəpədə ucalan şanlı Azərbaycan bayrağının Xocalıda sancılması arzusu ilə...


Arif BAYRAMOV

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Mart 2020    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031