SON DƏQİQƏ

naxcivanxeberleri.com

Dilim dillər tacı olsun deyirəm...- Ramiz Qasımov yazır...

Dilim dillər tacı olsun deyirəm...- Ramiz Qasımov yazır...
20-02-2020, 19:49

İslam Səfərlinin yaradıcılığında “Ana ” və onun “laylası” “Vətən” və onun “dili” mahiyyətində birləşir

Daha çox “Nəğməkar şair... Dramaturq... Gözəl insan...” kimi haqqında bəhs olunan İslam Səfərli (1923-1974) özünün yaradıcılıq məzmunu, idelları və sənətkarlğı ilə Azərbaycan ədəbiyyatının ən gözəl səhifələrindən birini təşkil edir. Poeziyasının axıcılığı, qəlbə yatımlılığı və musiqililiyi ilə özünəməxsusluq ifadə edən İslam Səfərli yaradıcılığı, heç təsadüfi deyil ki, bir çox mahnıların mətninin də əsasında dayanır. Baxmayaraq ki, şeriyyəti xüsusi bir bədii təsir gücünə malikdir, bu görkəmli ədibin ədəbiyyatımızı zənginləşdirən qiymətli dra-maturji əsərləri də ədəbi baxımdan olduqca diqqətə layiqdir. Böyük sənətkar haqqında deyilən “nəğməkar şair” ifadəsi də olduqca haqlı ifadədir. Bir çox sevilən gözəl mahnılarımızın sözləri məhz İslam Səfərlinin yaradıcılıq nümunələri əsasında yazılmışdır. Sevə-sevə oxuduğumuz və Rəşid Behbudovun adamın qəlbini titrədən həzin, gö¬zəl səsilə qulaq asdığımız “Ana” mahnısının sözləri də:
Könlümün nuru, canım ana,
Böyütdün sən məni yana-yana.
Odlusan gün kimi, bir qaynar həyat kimi,
Borcluyam mən sənə, sənə bir övlad kimi,
Əziz ana.

Və yaxud:
Bağçamıza gəldi bahar,
Yaşıl xalı sərdi bahar,
Gəl dedim, gəlmədin yar,
Gəlmədin yar.

O cümlədən: (“Bilmədin”)
Siz qaynar həyatsınız,
Nəğməyə qanadsınız,
Sahili şən dalğalar,
Ay öpüşən dalğalar.
***
Sevgilim dənizdədir,
Ağ yelkəni üzdədir.
Yatın barı dalğalar,
Ay mirvari dalğalar.
(“Ay öpüşən dalğalar”)

- kimi mahnıların sözləri də İslam Səfərlinin musiqililik əks etdirən gözəl əsərlərinin əsasında yazılmışdır.
Azərbaycan ədəbiyyatının, poetik sözün ən gözəl ustadlarından biri kimi tanınan İslam Səfərli yaradıcılığı özünün mövzu, məzmun və sənətkarlıq xüsusiyyətlərilə xüsusi əhəmiyyətə malikdir. İslam Səfərli yara¬=dıcılığında Vətən “Azərbaycan”la, onun ayrı-ayrı “yurdlar”ı və “insanlar”ı ilə bütövləşir, “vətən, milli sevgi və vətəndaşlıq” çalarları ilə obrazlaşır. Onun geniş və zəngin yaradıcılığı “Ana ” və onun “laylası” ilə, “Vətən” və onun “dili” mahiyyətində birləşir, “Ana-vətən”, “laylay-dil” vəhdətində, bütövlüyündə Azərbaycanı təqdim edir, onun zəngin mənəviyyat və əxlaq ucalığını gös¬tərir. Şair yaradıcılığında xalqın milli varlığı, başlıca dəyəri olan ana dilinə də özünün vətəndaş-şair münasibətini bütün səmimiyəti və sevgisilə ifadə edir:
Dilim – su kimi büllur,
Bal kimi şirindir.
Elim –
vətən adlı ilk sevgilimdir.
Mən elimin
ürəyi min bir nəğməli oğluyam,
Ürəyimdən bir səs keçir:
- Əqidəmdə doğruyam!..
Dilim –
dillər tacı olsun deyirəm,
Öz dilini sevməyənlər,
lal olub yerə girsin
bir kəlmə söz möhtacı olsun deyirəm.
“Bizim könül nəğməmizsə, “Azərbayca himni” olsun!..”,
- deyə şair İslam Səfərli milli dəyərlərə bağlılıq nümayiş etdirərək azərbaycançı məfkurə ilə çıxış edir.
Nəhəng söz ustadı İslam Səfərli yaradıcılığının birinci səciyyəvi xüsusiyyəti, fikrimizcə, onun səmimiliyində, özünü qəlbən, daxilən necə varsa ifadə etməsindədir. Ədib heç bir hissini böyütmür, yaxşı desinlər deyə nəyisə artırmır, özünü şişirtməkdən, idealizə etməkdən kənar olur. O, bütün yaradıcılığı boyu həyatı, yaşayışı, düşüncəsi, hissi, heysiyyəti, fəlsəfəsi, sevgisi, niyyəti və sair ilə tam şəkildə əks olunan və necə varsa görünən bir adi insan, yeri gələndə vətəndaş, şair, vətən oğlu, əsgər, bir anaya oğul, nəvəyə baba, oğula-qıza ata, nənəyə nəvə, bir dost, yeri gələndə hətta mərdanə bir düşmən kimi yaradıcılığında əksini tapır. Bütün bu deyilənlər baxımından şair İslam Səfərli öz yaradıcılığında insanın bütün tərəflərilə düşüncə və duyğularını mükəmməl surətdə ifadə etdirməklə özünün mükəmməl lirik mənini yaratmışdır. Ümumiyyətlə, düşünəndə ki, İslam Səfərli şeriyyətinin qüdrəti nədədir? Cavab tapırsan ki, fikrimizcə, onun sözünün, şeirinin təsirliliyi, axıcılığı, qəlbə, ruha doğmalağındadır. Sözünün təsirliliyi, axıcılığı, qəlbə, ruha doğmalağınin sirri nədədir? Diqqət edilsə, sənətkarın yaradıcılıq dilinin ana dilinə bağlılığında, bütün incəliyi ilə ədibin ana dilinə bələd-çiliyndə, xalq ifadə üslubuna yaxınlığında, ana dilinin bütün imkanlarını bilmək və onlardan maksimum istifadə bacarığında, sintaksisinin sadəliyindədir. Biz İslam Səfərli yaradıcılığında Səməd Vurğun, Məmməd Araz və başqa nəhəng ədəbi simaların yaradıcılığndan duyduğumuz təsiri duyuruq. Fikrimizcə, bu sirr ondadır ki, İslam Səfərli də, adlarını qeyd etdiyimiz və etmədiyimiz Azərbaycan şairlərinin yaradıcılıqlarının nüvəsində dayanan şirin Azərbaycan dilinin zəngin imkanlarından maksimum istifadə cəhdini nümayiş etdirmişdir. Ədib ən incə, mənəvi, intim fikirlərini ifadə edərkən ana dilimizin zəngin imkanları şairin sənətkarlıq qüdrətinin sayəsində dolğun ifadə vasitəsinə çevrilir. Maraqlıdır ki, təsadüfən üslubu və məzmunu böyük şairimiz Bəxtiyar Vahabzadəninki ilə üst-üstə düşən fikirlərindən birində belə deyilir: “İslam Səfərlinin...mahnıları bu gün də xalqın dilindən düşmür, sevilə-sevilə oxunur. Bunun səbəbi nədir? Dilində saflıq, duruluq, səmimiyyət, bir də poetiklik”. Necə ki şairin özü də sanki bu sirri açaraq “Heca vəznliyəm mən” şeirində belə deyirdi:
Musiqi kimi incə,
Zərif bir bəstədir söz.
Nə vəzndə-hecada,
Nə də sərbəstdədir söz.
Layla sevən körpətək,
Qulağı səsdədir söz.
Azərbaycan şeiritək
Qoca vəznliyəm mən.
Min bir bulaq axarlı
Heca vəznliyən mən.
...Yüz illərdir yaşayır
Qurbani, Yanıq Kərəm.
Bu yollarda əzəldən
Mən də yanar ülkərəm.
Dil bilməyən şairi
Mən yeddi qat bükərəm.
Azərbaycan şeiritək
Qoca vəznliyəm mən.
Min bir bulaq axarlı
Heca vəznliyən mən.

İslam Səfərli məhz belə təbli, belə sənətkar qüdrətli söz adamıdır. O, cəmi 51 il yaşasa da (1923-1974), Azərbaycan boyda ömür meydanında öz gözəl, yaddaqalan əsərləri, qəlbləri dilə, riqqətə gətirən şeirlərilə özünə əbədi bir heykəl, unudulmaz ad qoydu.
Bəli, Naxçıvanda doğulub boya-başa çatan ədəbi sima kimi Azərbaycan ədəbiyyatını zənginləşdirən gözəl şairimiz İslam Səfərli öz sözlərilə sanki insanlığın, şairliyin və vətəndaşlığın fəaliyyət fəlsəfəsinə tərif verərək mövcudluğun və varolmanın həqiqətini özünəməxsusluqla belə ifadə etmişdir:
Günlər keçir birəm-birəm,
Bir uğurlu yol gedirəm.
Yurdumuzu vəsf edirəm
Əldə qələm, dizdə varaq...
Mənə qalan bu olacaq.


Düz demişdi böyük şairimiz. Elə onu da əbədiləşdirən məhz gözəl, məna dolu şeirləri və şairliyi oldu.


Ramiz QASIMOV
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru, dosent

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930