SON DƏQİQƏ

naxcivanxeberleri.com

Şahbuz rayonunda fəaliyyət göstərən uşaq müəsssisələrində maarifləndirici seminar keçirilib

Şahbuz rayonunda fəaliyyət göstərən uşaq müəsssisələrində maarifləndirici  seminar keçirilib
20-02-2020, 19:04

Şahbuz rayon “Araz” kinoteatrında rayon üzrə fəaliyyət göstərən uşaq müəssisələrinin, o cümlədən ümumtəhsil məktəbləri, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrində, musiqi məktəblərində sanitar-gigiyenik vəziyyəti ilə bağlı maarifləndirici seminar keçirilib.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən NAXCİVANXEBERLERİ.COM-a verilən xəbərə görə, tədbirdə Şahbuz rayonunda fəaliyyət göstərən uşaq müəssisələrinin metodist, tibb bacısı və müvafiq sahəyə məsul olan digər şəxsləri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Şahbuz Rayon İcra Hakimiyyəti Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Cəlal Paşayev tədbirin mahiyyəti və əhəmiyyəti barədə seminar iştirakşılarına ətraflı məlumat verib.
Sonra Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının rəhbəri Eltun Həziyev tədbirin keçirilməsinin zəruriliyindən bəhs edərək bildirib ki, bünövrəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət uşaq siyasəti bu gün ölkəmizdə və muxtar respublikada uğurla həyata keçirilir. Muxtar respublikada dövlət uşaq siyasətinin inkişaf göstəricilərini, məktəbəqədər müəssisələr, ümumtəhsil məktəbləri və məktəbdənkənar müəssisələrdən, eləcə də onların maddi-texniki təminatından, müasir tipli infrastrukturlarından real şəkildə müşahidə edə bilərik. Bu müəssisələrin fəaliyyətə başlaması və fəaliyyətinin təmin olunması ilə yanaşı bu gün onların saxlanılma şəraiti, eləcə də sanitar-gigiyenik normalara əməl olunması əsas şərtlərdəndir.
Bildirilib ki, muxtar respublikada fəaliyyət göstərən dövlət uşaq müəssisələrində il ərzində Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın ekspert qrupu tərəfindən monitorinqlər keçirilir. Bu baxımdan bu gün keçirilən maarifləndirici seminar həmin müəssisələrdə sanitar-gigiyenik normaların daha da təkmil təmin olunmasını, aparılan işlərin daha da yüksək səviyyədə görülməsi və onların həyata keçirilmə metodlarını aşılamaqdan ibarətdir.
Həmçinin qeyd etmişdir ki, müvafiq sahədə sanitar-gigiyenik vəziyyətə məsul olan şəxslər öz işlərinə biganə yanaşdıqda Azərbaycan Respublikasının sanitariya qanunvericiliyini pozmağa görə məsuliyyət daşıyırlar.
Daha sonra Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi Aparatının Ümumtəhsil məktəbləri və liseylərlə iş üzrə şöbəsinin müdiri Abdulla Əsgərov muxtar respublikamızda təhsilin inkişafından danışaraq qeyd etdi ki, təhsil müəssisələrinin maddi-tədris bazası möhkəmləndirilir. Ötən dövr ərzində muxtar respublikamızda 200-dən çox təhsil müəssisəsi tikilmiş və ya əsaslı şəkildə yenidən qurulmuşdur.
Təhsilə dövlət qayğısı təkcə məktəb tikintisi ilə yekunlaşmamışdır. Muxtar respublikada pedaqoji kadr hazırlığındakı təkmilləşmələr, fənn kurikulumları və təhsil standartlarının tətbiqi, informasiya kommunikasiya texnologiyalarına təlim prosesində geniş yer ayrılması, milli-mənəvi irsimizin öyrənilməsi üçün interaktiv əlaqələrin təşkili, nümunəvi dərslərin tədrisi, distant təhsilin reallaşdırılması təhsil sahəsində uğurların qazanılmasına şərait yaratmışdır. Bütün təhsil müəssisələrində təhsilalanlar Səhiyyə Nazirliyi tərəfindən tibb xidməti ilə təmin edilmişlər. Bir sıra ümumtəhsil məktəblərində isə ayrıca tibb işçiləri fəaliyyət göstərirlər. Müvafiq müəssisələrdə tibb xidməti müəssisənin iş rejiminə uyğun şəkildə təşkil edilir. Təhsilalanların profilaktik müayinəsi, profilaktik peyvəndlərin aparılması müəssisə rəhbərliyi ilə əvvəlcədən razılaşdırılmış qrafik əsasında həyata keçirilir.
Abdulla Əsgərov hazırda əhalinin, xüsusən məktəbyaşlı uşaqların sağlamlığının qorunmasından, onların müayinə və müalicəsinə göstərilən diqqətdən, dispanserizasiyanın təşkilindən geniş bəhs edərək, bütün təhsil müəssisələrində tibbi xidməti sanitariya norma və qaydalarına uyğun təşkil olunması üçün səylərin daha da artırılacağını bildirdi.
Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin sanitar karantin və xüsusi təhlükəli infeksiyalara nəzarət şöbəsinin müdiri Qurbani İbrahimov ümumtəhsil məktəblərində və məktəbdənkənar təhsil müəssisələrində olan sanitar-gigiyenik vəziyyət barədə ətraflı məlumat verərək bildirmişdir ki, uşaqların hərəki fəaliyyəti üçün müvafiq şərait yaradılmalı, uşaqlar üçün binada və onun həyətində kifayət qədər sahə olmalıdır.
Eyni zamanda əlverişli istilik-hava şəraiti yaradılmalıdır. Uşaq müəsissələrinin sanitariya abadlığı ventilyasiya, isitmə və işıqlanmanın gigiyenik cəhətdən düzgün təşkil edilməsilə sıx əlaqədardır. Uşaqların daim hərəkətdə olması, otaqlarda kifayət qədər hava mübadiləsinin olmasını tələb edir.
Qurbani İbrahimov qeyd etmişdir ki, yeni dərs ilinin əvvəlində və hər tətildən sonra tibb bacısı tərbiyəçilərlə birlikdə 2-3 gün ərzində bütün uşaqları profilaktik baxışdan keçirməlidirlər. Xəstə olanlar təcili həkimə göstərilməli, direktorluq və sinif rəhbərinə xəbər verilməlidir.
Uşaqların səhhətini və kliniki göstəricilərini nəzərə alaraq həkim lazım bilirsə, onlar üçün rəhbərlikdən əlavə istirahət günü tələb etməlidir. Bütün uşaqların sağlamlığına aid olan tədbirlərə tibb işçiləri və müəllimlər daim nəzarət edib, yüksək məsuliyyətlə yerinə yetirməlidirlər. Gələcək nəslin sağlamlığını qorumaq və yaxşılaşdırmaq üçün öz vəzifə borcları tam yerinə yetirilməli və bütün imkanlardan istifadə edilməlidir.
Uşaqların müqaviməti yüksəldilməlidir, çünki II sağlamlıq qrupuna aid olanlar da “risk” qrupuna aiddir, onlar tez-tez xəstələnir və immuniteti zəif olan uşaqlardır. Bu uşaqların xroniki xəstəliklərə düçar olmamaları üçün onlar daim diqqətdə saxlanılmalıdırlar. III, IV, V sağlamlıq qruplara aid olanlar müxtəlif ixtisaslı həkimlərin nəzarətində müalicə olunmalı və qoruyucu rejimdə yaşamalıdırlar. Uşaq müəssisələrində təhsil alan uşaqların, dişlərində kariyes xəstəliyi, dayaq-hərəkət sisteminin patologiyası, yastı pəncəlilik, qurd xəstəliyi aşkar olan uşaqlar, xüsusi idman qruplarına aid olanlar vaxtlı-vaxtında lazımi müalicə-profilaktik tədbirləri ilə daim təmin olunmalıdırlar.
Həmçinin bildirmişdir ki, ümumtəhsil məktəblərində və məktəbdənkənar müəssisələrində uşaqların sağlamlığı ilə əlaqədar müəssisədaxili tələblər mövcuddur. Belə ki, uşaq müəssisələrində uşaqların sağlamlıqlarının qorunması, möhkəmləndirilməsi və yoluxucu xəstəliklərin profilaktikası məqsədilə sanitar-gigiyena tələblərinə əməl edilməli, uşaqlara şəxsi gigiyena vərdişləri (əllərin sabunla yuyulması, dişlərin fırçalanması, dırnaqların və paltarların təmizliyi) aşılanmalı, infeksion xəstəliyə yoluxmuş uşaqların həmin xəstəliyə məxsus karantin müddəti bitməmiş müəssisəyə buraxılmaması (məs: qripdə 5 gün, su çiçəyi, qızılcada 20-21 gün) təmin edilməlidir. Həmçinin müəssisənin ümumi sanitar vəziyyətinin yaxşılaşdırılması üçün, ayda bir dəfə “sanitariya günü” keçirməlidir.
Eyni zamanda müəssisələrdə aparılan təmizlik və dezinfeksiya işlərinə, sanitar qovşaqların hər gün 1%-li xlor məhlulu ilə silinməsinə, dərs otaqlarının döşəmə və divarlarının, soyunub-geyinmə otaqlarının, bufetin döşəməsinin, tibb məntəqəsinin, dəhlizlərin həftədə 1 dəfə 0,5 %-li xlor məhlulu ilə silinməsinə nəzarət edilməlidir.
Dezifeksiyaedici maddələr (xlorlu əhəng və s.) vaxtlı-vaxtında ərazi Gigiyena Epidemiologiya Mərkəzlərindən tələbnamə ilə götürülməli, pedikulyozun aşkarlanması məqsədilə hər ay seçmə yolu ilə 4-5 qrupda tibb işçiləri tərəfindən şagirdlərə baxış keçirilməlidir. Müəsissədə epidemioloji vəziyyət yaranarsa, bufetdə işlədilən qab-qacağın (stəkan, nəlbəki və s.) 2%-li çay sodası məhlulunda qaynadılma yolu ilə dezinfeksiyasına nəzarət edilməlidir. Müəssisənin bufetlərinə daxil olan ərzaqların təhlükəsizliyinə diqqət edilməlidir.
Həmçinin bildirmişdir ki, yeməkxanası olan müəsissələrdə gündəlik menyunun tərtibində iştirak edilməli, hər gün hazırlanan yeməyin gündəlik nümunəsi götürülüb qapalı şüşə qabda 48 saat 2-6 dərəcədə soyuducuda saxlanılmalıdır.
Bütün uşaq müəssisələrinin işçiləri, o cümlədən qida blokunda və ya bufetdə çalışan işçilər vaxtlı-vaxtında tibbi müayinələrdən keçməlidirlər.
Sonda tədbir iştirakçılarına müvafiq sahə ilə əlaqədar hazırlanmış broşürlər paylanılmışdır.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930