SON DƏQİQƏ

naxcivanxeberleri.com

Duz Muzeyində bir gün

Duz Muzeyində bir gün
14-02-2020, 11:00

Naxçıvan Duz Muzeyi xalqımızın tarixinə, mədəniyyətinə, milli-mədəni dəyərlərinə göstərilən böyük qayğının bir ifadəsi kimi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 12 sentyabr tarixli Sərəncamına əsasən yaradılıb, 2018-ci il aprel ayının 25-də isə istifadəyə verilib.
Çoxdandır, Naxçıvan duzunun tarixdə oynadığı mühüm rolun dünyaya çatdırılması, aparılan elmi araşdırmalar zamanı əldə olunan maddi mədəniyyət nümunələrinin qorunub saxlanılması və təbliği məqsədilə yaradılan Naxçıvan Duz Muzeyinə bir yerdə getməyi planlaşdırırdıq. Bu mədəniyyət müəssisəsi ilə ümumi tanışlıq əsasında Naxçıvanın duz tarixinə yenidən nəzər salmaq, həmin qədim tarixi, mədəniyyəti gözlərimiz önündə canlandırmaq üçün bu ünvana yollanırıq.

Yolboyu...

Duz Muzeyinədək yolboyu dünyanın ən qədim duz mədəni hesab edilən möcüzəvi Duzdağ haqqında söhbət edir, fikir mübadiləsi aparırıq:
– Naxçıvanın simvollarından biri hesab edilən, təbii ehtiyatları 90 milyon ton təşkil edən Duzdağ qədim diyarımızda ilkin şəhər mədəniyyətinin formalaşmasında böyük rol oynayıb. Ölkəmizdə təkcə saf və təmiz duzuna görə deyil, həm də şəfaverici xüsusiyyətinə görə tanınan bu dağdan hələ min illər əvvəl, Nuh Peyğəmbər dövründən duz çıxarılıb, Naxçıvan ərazisindən Yaxın Şərq ölkələrinə duz yolu vasitəsilə bu nemət daşınıb. Bu da onu göstərir ki, buradan yalnız Naxçıvanda məskunlaşan tayfaların ehtiyacı üçün deyil, eyni zamanda qonşu regionların da tələbatını ödəyəcək qədər duz çıxarılıb.
– Qədim Naxçıvan möcüzəsi Duzdağın sirli-sehrli olduğunu burada Nuh Peyğəmbərin duz mədənində çalışması və ilkin şəhər mədəniyyətinin formalaşmasında rolu da təsdiq edir. Bu barədə bir çox mənbələrdə məlumat verilir. Rus tədqiqatçısı Konstantin Nikitin 1882-ci ildə Tiflisdə nəşr olunmuş “Naxçıvan mahalı və Naxçıvan şəhəri” adlı məqaləsində Nuh Peyğəmbərin özünün duz mədənində ilk çalışanlardan olması və şəhər əhalisinə duz çıxarmağı öyrətməsi barədə məlumat verərək yazıb: “Tufandan sonra Nuh hazırda Naxçıvan şəhərinin yerləşdiyi yerdə məskən saldı. O, öz ailəsi ilə burada qərar tutdu və gələcək şəhərin əsasını qoydu. Şəhərin ilk məskunlaşma yeri mənasını bildirən adı da buradan meydana gəlmişdir”.
– Sonralar duzçıxarma insanların əsas məşğuliyyət sahəsi kimi onların peşələrindən birinə çevrilib. Duzdağdan arxeoloji qazıntılar zamanı müxtəlif dövrlərə aid daş alətlərlə yanaşı, Eneolit və İlk Tunc dövrlərinə aid keramika məmulatlarının aşkar edilməsi təkcə Azərbaycanda deyil, bütövlükdə, Cənubi Qafqaz və Yaxın Şərq ölkələrində duzun mədən üsulu ilə yalnız Naxçıvanda çıxarıldığını sübut edir.

Duz Muzeyində bir gün

– Diyarımızın qədim tarixini və mədəni potensialını özündə cəmləşdirən Duzdağ həm də özünün şəfaverici xüsusiyyətinə görə tanınır. 1979-cu ildə yaradılan Duzdağ Fizioterapiya Mərkəzində hazırda bronxial-astma və ağciyər-bronx sisteminin digər qeyri-spesifik xəstəliklərindən əziyyət çəkən insanlar müalicə olunurlar. Son illərdə muxtar respublikamıza gələn yerli və xarici turistlərin ən çox ziyarət etdikləri ünvanlardan biri olan Duzdağı, hətta müalicə səbəbi olmadan gəlib-görmək istəyənlərin də sayı çoxalıb.
– Naxçıvan Duzdağının tarixi əhəmiyyəti nəzərə alınaraq bu ərazidə aparılan arxeoloji tədqiqatların davamı kimi “Uluslararası qaynaqlarda Naxçıvan”, “Nuh Peyğəmbər: Dünya tufanı və Naxçıvan”, “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi”, “Naxçıvan: ilkin şəhər və Duzdağ” mövzularında keçirilən beynəlxalq elmi simpozium və konfranslarda Naxçıvanda Duzdağ mədəniyyəti bir daha elmi əsaslarla təsdiqini tapıb, xarici mütəxəssislərin də iştirakı ilə Naxçıvan Duzdağı haqqında elmi materiallar hazırlanıb, kitablar nəşr olunub. Ötən il Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamına əsasən Duzdağ Fizioterapiya Mərkəzinin 40 illik yubileyi keçirilib, “Naxçıvan Duzdağı” adlı yeni, nəfis şəkildə nəşr olunan elmi kitab işıq üzü görüb.

Budur, mənzil başındayıq


Söhbətimizin şirin yerində maşınımız “Duzdağ” otelinin qarşısında dayanır. Oteldə yerləşən muzeyə daxil oluruq. Ümummilli liderimiz Heydər Əliyevin söylədiyi və ekspozisiyada da yer alan “Azərbaycanın siyasi, iqtisadi, mədəni və elmi həyatında özünəməxsus rol oynayan Naxçıvanın hər daşı, hər qayası tarixin canlı şahididir” və ölkə Prezidenti cənab İlham Əliyevin “Qədim Naxçıvanın ən möcüzəli yerlərindən biri olan Duzdağın hər qarışında tarixin sirli izləri qalıb” fikirləri Naxçıvanın, eləcə də Duzdağın qədim tarixini göstərməklə yanaşı, adamı hər daşın, qayanın, mağaranın izi ilə bu gündən keçmişə aparır.
Girişdə rəssam Qəhrəman Tağı­yevin kətan üzərində yağlı boya ilə çəkdiyi “Doğma respublikam” adlı tablosu diqqətimizi cəlb edir. Naxçıvanın tarixi abidələrinin əks olunduğu bu rəsm əsəri qədim diyarımız haqqında müəyyən qədər təəssürat yaradır.
Muzeyin mərkəzində rastlaşdığımız heykəltəraş-rəssam Sabir Məmmədova məxsus Nuh Peyğəmbərin heykəli ilk baxışdan, sanki Nuh tufanının uğultularını qulaqlara, bu hadisənin görüntülərini gözlər önünə gətirir. Əlində duz parçası təsvir olunan bu möhtəşəm heykəl muzeyin dəyərli və cəlbedici eksponatı olmaqla yanaşı, Duzdağla və Naxçıvan şəhər mədəniyyəti ilə bağlı bir çox məqamlardan da “söhbət açır” .

Duz Muzeyində bir gün

Muzeyin ekspozisiya zalındakı guşədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Naxçıvan Duz Muzeyinin yaradılması haqqında Sərəncamı, Naxçıvan şəhəri, Nuh Peyğəmbər və Naxçıvan, Duzdağ mədəniyyəti və duz yataqları haqqında dərc olunmuş qəzet materiallarını görürük. Bu materiallardan “Duzun dəyəri” adlı reportaj və “Naxçıvanda allerqoloji mərkəz” adlı məqalə XX əsrin 70-ci illərində buraya gələn xarici jurnalist tərəfindən yazılıb və onların hər ikisində maraqlı məlumatlar öz əksini tapıb.
Birinci və ikinci vitrinlərdə eramızdan əvvəl IV-III minilliklərə aid daş əmək alətləri həm forması, həm də işlənmə xüsusiyyətlərinin müxtəlifliyi ilə seçilir. Bələdçi bildirir ki, bu alətlər Duzdağ mədənində duz süxurlarının parçalanması, duzun döyülərək narın hala salınması üçün istifadə edilib. Eradan əvvəl IV-II minilliklərə aid daş çəkiclər isə muxtar respublikamızda sənətkarlıq ənənələrinin qədim dövrlərdən formalaşdığı təəssüratını yaradır. Ekspozisiyadakı daşdan və gildən, keramika və misdən hazırlanmış duz qabları, duz saxlamaq üçün istifadə olunan gil küpələr, daş alətlər, çapacaqlar, duz torbaları, daş həvəngdəstə və baltalar, duz kristalları, karsit və duz süxurları Naxçıvan Duzdağının qədim tarixini və mədəni potensialını özündə əks etdirən dəyərli eksponatlar kimi diqqəti cəlb edir. Duzdan hazırlanmış və üzərində “Məhəmməd” və “Əli” sözləri yazılmış “Qurani-Kərim” İslama verilən böyük dəyərin ifadəsi olaraq muzeydə yer alır. Naxçıvan duzunun tərkibi haqqında məlumat da burada nümayiş olunur.
Diyarımız duzla bağlı inam və adətlərlə zəngindir. Muzeydə bu barədə şifahi xalq ədəbiyyatı nümunələri də nümayiş etdirilir: “Duzun üzünə gülümsərlər”, “Ömrün duz dağına dönsün, duz dağı kimi durasan”, “Duz çörək, düz çörək”, “Duza, çörəyə gələni incitməzlər” və sair.
Eksponatlar sırasında yer alan, narın duzun saxlanmasında və daşınmasında istifadə olunan duz torbaları, əsasən, ötən əsrin əvvəllərinə aid olub, Azərbaycanda, xüsusən muxtar respublikamızda toxuculuğun inkişafından xəbər verir. Duz torbalarının üzərində müxtəlif həndəsi və nəbati naxışlar öz əksini tapıb.
Azərbaycan Respublikasının Dövlət Bayrağının duzdan hazırlanmış maketi və daşduzdan hazırlanmış əl işləri də muzeyin maraqlı eksponatlarındandır. Naxçıvanın özünəməxsus simvollarını özündə əks etdirən “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan – 2018” loqotipinin duz üzərinə işlənməsi də diqqəti cəlb edir. Bu loqotip, eləcə də muzeydə sərgilənən duzdan hazırlanan əl işləri keramikaçı – rəssam Ədalət İsmayılova məxsusdur.
Muzeydə duzdan hazırlanan əl işlərinin satışı da təşkil olunub. Buranı hər il dünyanın müxtəlif ölkələrindən – Rusiya, Türkiyə, İran, Qazaxıstan, Ukrayna və digər yerlərdən yüzlərlə insan ziyarət edir.
Naxçıvan duzunun tarixdə oynadığı mühüm rolu bütün dünyaya çatdırmaq, elmi araşdırmalar nəticəsində əldə olunan maddi mədəniyyət nümunələrinin qorunub saxlanmasını və təbliğini təmin etmək üçün Duz Muzeyinin www.duzmuzeyi.nakhchivan.az internet saytı da fəaliyyət göstərir. Saytda izləyicilər muzey haqqında müxtəlif bölmələrlə, eyni zamanda fotoşəkillər və videoçarxlarla da yaxından tanış ola, muzeyə virtual səyahət edə bilərlər.

Hər kəs əlindən gələni…
Hər kəs bir eksponat…

Duz Muzeyində bir gün
Muzeyi bir yerdə gəzir və müzakirəni davam etdiririk:
– Duzdağ həm müalicə, həm də turizm məkanıdır. Buraya hər il minlərlə insan müalicə almağa, eyni zamanda Ulu Yaradanın naxçıvanlılara töhfəsi olan bu yeraltı möcüzəni görməyə gəlirlər. Həm xəstələrin, həm də turistlərin əksəriyyəti Duz Muzeyinin də yerləşdiyi və qonaqlara bütün zəruri xidmətlərin göstərildiyi, onların sağlamlığı və rahatlığı üçün hər cür şərait yaradılan “Duzdağ” otelində qalırlar. Son dövrlərdə turistlər getdikləri yerlərdə səyahət ərzində bir neçə turizm növündən yararlanmaq istəyirlər. Müalicə turizmi məqsədilə səyahət edən turistlər getdikləri ölkələrin tarixi, mədəniyyəti, incəsənəti ilə yaxından tanış olmağa da cəhd edirlər. Deməli, muzeyin hər gün onlarla ziyarətçisi olur. Qürurverici haldır ki, onlar Duzdağın qədim və mədəni potensialını özündə cəmləşdirən bu muzeylə tanış olub, muxtar respublikamızdan zəngin təəssüratla ayrılırlar.
– Ölkəmizin turizm potensialında muxtar respublikamızın özünəməxsus yeri vardır. Nəzərə alsaq ki, Duzdağ diyarımızın ən çox turist axışan bölgəsidir və Duz Muzeyi ən çox ziyarət olunan muzeylərimizdəndir, muzeyin daha da zənginləşdirilməsi, təbii ki, təqdirəlayiq hal olar. Muzey yaradılıb, istifadəyə verilib. Bu, muxtar respublikamızın keçmişinə, bu gününə verilən dəyər, gələcək nəsillərə ərməğandır. Məncə, muzeylər xalqın “evidir”. Çünki evlərimizdə övladlarımızı böyüdüb, tərbiyə edib, soy-kökümüzlə tanış edib cəmiyyətə veririksə, muzeylərimiz xalqımızın, ümumilikdə, tarixinin qorunduğu məkan, böyük şəxsiyyətlərinin əbədi mənzili, saxlanc yerimizdir. Buna görə də yaradılan muzeylərə hər kəs töhfəsini verməklə onları daha da zənginləşdirməlidir.
– Məsələn, bu muzeyin bir bölməsində heykəltəraşlarımız Duzdağ möcüzəsini yarada bilərlər. Sal duz parçaları ilə Duzdağ Fizioterapiya Mərkəzinin şaxtasının kiçildilmiş möhtəşəm modeli bura gələnlərdə o qədər gözəl təəssürat yarada bilər ki…
– Məncə, şaxtaya girişdən tunelboyu duzların o girintili-çıxıntılı əsrarəngiz görüntülərinin fonunda çəkilmiş rəsm əsəri də maraqlı olar. Məsələn, rəssamlarımızdan biri Sabir Məmmədovun yaratdığı Nuh Peyğəmbərin heykəli kimi öz təxəyyülünə əsasən gözəl bir rəsm əsəri çəkə bilər. Həmin rəsm bax, qarşıdakı o divarda çox möhtəşəm görünər.
– Muxtar respublikamızda deko­rativ, tikmə, toxuma və aplikasiya, taxta üzərində yandırma və oyma, xalçaçılıq, mis üzərində döymə və bir-birindən maraqlı əl işləri düzəltməklə məşğul olan yüzlərlə insan var. Duzdağın, Nuh Peyğəmbərin rəsmlərini xalçalara ilmələmək, kətan üzərinə rəngbərəng saplarla həkk etmək, sulu və yağlı boya ilə tablolara köçürmək, taxta, mis üzərinə işləmək gözəl olmaqla yanaşı, muzeydə eksponatların sayının artmasına, tamaşaçıların marağına da ­səbəb ola bilər.
– Böyük duz sallarından Naxçıvanın bütün tarixi-mədəni abidələrinin, mağara və dağ, xüsusilə Haçadağın, Əlincə qalasının modellərini düzəltmək, kiçik duz kristallarından istənilən fiquru hazırlamaq olar ki, diyarımızda bunları və yuxarıda sadalananların hamısını bacaranlar var. Bəlkə də, kəndlərimizdə evlər var ki, zirzəmilərində vaxtilə düzəldilmiş müxtəlif duz fiqurları və ya duzla bağlı hansısa bir əşya bir kənara atılıb qalıb.
– Naxçıvanın şəhər kimi formalaşmasında Naxçıvan duzunun və Duzdağın böyük əhəmiyyəti olub. Bunu Duzdağa və Duz Muzeyinə gələn qonaqlar vasitəsilə dünyaya çatdırmaq hər bir naxçıvanlının böyük istəyi olmalıdır. Belə isə hər birimiz – rəssam, heykəltəraş, xalçaçı, sənətkar, jurnalist, əl işi hazırlamağı bacaran hər kəs əlimizdən gələni muzeyimizə bağışlayaq. Evlərimizdəki duzla bağlı eksponatları bura təhvil verək. Muzeyimizdəki mətbuatla bağlı guşəni duz, Duzdağ haqqında qəzet, jurnal materialları, kitablarla zənginləşdirək.
– Yaxşı olar ki, muzeyin bir divarına vurulan böyük monitorda Naxçıvan televiziyasının Naxçıvanın tarixi, duzla, Duzdağla, milli dəyərlərimiz, adət-ənənələrimizlə bağlı sənədli filmləri və videoçarxları Azərbaycan, rus və ingilis dillərinə tərcümə olunaraq daim nümayiş etdirilsin.
Bir sözlə, hər kəs, sadəcə, əlindən gələni etməklə, hər kəs muzeyə bir eksponat bağışlamaqla qədim tariximizə, mədəniyyətimizə öz böyük töhfəsini verə bilər.

Mətanət MƏMMƏDOVA
Güntac ŞAHMƏMMƏDLİ

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Şubat 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
242526272829