SON DƏQİQƏ

naxcivanxeberleri.com

Şaxtalı qış gününün coşqun istirahəti

Şaxtalı qış gününün coşqun istirahəti
28-01-2020, 09:38

Qaynar turizm mövsümü deyiləndə ilk olaraq ağlımıza isti yay günləri gəlir. Bu səbəbdəndir ki, mənalı istirahət etmək istəyənlər, adətən, mövsümün isti vaxtlarını seçirlər. Ancaq istirahətə daha çox vaxt ayıran insanlarla söhbət zamanı məlum olur ki, qış aylarındakı istirahət digərlərinə nisbətən daha xoştəəssüratlı və yaddaqalan olur. Ümumdünya Turizm Təşkilatının statistikasına əsasən hər il dünya üzrə turistlərin, təxminən, 30-35 faizi istirahət mərkəzlərinə məhz qış aylarında üz tutur. Bu artıq muxtar respublikamızda da özünü göstərməkdədir. Bu gün Naxçıvanda yüksək turizm infrastrukturunun formalaşdırılması istiqamətində görülən işlərin nəticəsi olaraq qış turizminə maraq daha da artıb. Belə ki, son günlərdə Ağbulaq Xizək Mərkəzinə üz tutan insanların sosial şəbəkələrdə paylaşdıqları şəkillər marağımıza səbəb oldu. “Yüz eşitməkdənsə, bir dəfə görmək yaxşıdır”, – deyib qərara aldıq ki, həm həftəsonu iş mühitindən uzaqlaşaq, həm də istirahət gününü yaxşı dəyərləndirək. Bunun üçün Şahbuz rayonuna – Ağbulaq Xizək Mərkəzinə yola düşürük.
Yolboyu daha çox yayda üz tutduğumuz bu yerlərin qışın gətirdiyi bəyaz örpəklə gözəl görüntüsünü heyranlıqla izləyirik. Hava elə gözəl və xoşdur ki... Əvvəldən yağan qar hər yeri ağappaq edib. Xizək Mərkəzinə gedən enişli-yoxuşlu yol çoxdan qar və buzdan təmizlənib. Maşınlar rahatlıqla hərəkət edir. Gedəcəyimiz məkana yaxınlaşdıqca asfalt yolun sağ və solunda qarın üzərində cığırlar açan heyvanların ayaq izləri diqqətimizi çəkir. Zirvəsi qarlı dağlar isə sanki məşhur bir rəssamın qüsursuz fırça işidir. Əzəmətli dağların zirvəsinə enən buludların əsrarəngiz görüntüsünü, füsunkar təbiət mənzərələrini seyr edərkən düşünürük ki, bir neçə il bundan öncəyə qədər biz qış aylarında istirahət üçün üz tutacaq yerlər tapa bilmirdik. Qusar rayonundakı “Şahdağ” Qış-Yay Turizm Kompleksinə, qonşu ölkələrdəki turizm obyektlərinə həsrətlə baxırdıq. Həm vaxt məhdudiyyəti, həm də maddi imkanlar başqa yerlərdəki istirahət məkanlarına getməyimizi çətinləşdirirdi. Muxtar respublikamızda insan amilinə verilən dəyərin ifadəsi olaraq belə istirahət məkanlarının yaradılması onların asudə vaxtlarının və istirahətlərinin yüksək səviyyədə təşkili baxımından çox sevindiricidir. Naxçıvan şəhərindən Ağbulağa uzanan abad yollarla 30-35 dəqiqəyə Xizək mərkəzinə çatırıq. Qış turizm mövsümü yenicə başlasa da, ağappaq qarın əhatəsində istirahət etmək arzusunda olan xeyli insanın buraya üz tutduğunun şahidi oluruq. Xizək, qar motosikleti sürən insanların şən səsləri bir-birinə qarışır... Bizə uşaqlığımızı xatırladan uşaqların ətrafda qar üstündə sürüşməsini, bir-biri ilə qartopu oynamasını seyr etdikcə, şən, sevinc dolu gülüşlərini eşitdikcə insan qürur hissi duyur. Düşünürsən ki, bizim blokadanın o çətin illərinə təsadüf edən uşaqlığımızdan fərqli olaraq gələcəyimiz olan bu uşaqlar nə qədər xoşbəxtdirlər. Şükürlər ololsun ki, onlar azad, müstəqil Azərbaycanda boya-başa çatırlar. Öyrənirik ki, qonaqlar arasında xizək sürməyə maraq daha çoxdur. Məlumat üçün qeyd edək ki, burada dağ xizəkçiliyinin inkişafı üçün təbii şəraitin olması bu yaxınlarda istifadəyə veriləcək Xizək mərkəzinin yaradılması ilə nəticələnib. Artıq dağ-xizək enişinin bir hissəsi hazırdır. Burada dağ-xizək enişinin, kanat yolunun, xizəksürmə məktəbinin, əyləncə və uşaq parklarının yaradılması, süni qaryaratma sistemlərinin qurulması istiqamətində işlər davam etdirilir. Hazırda kanat yolu qurulmaqdadır. 952 metr uzunluqda nəzərdə tutulan kanatın başlanğıc və son dayanacaq yeri arasındakı hündürlük fərqi 267 metr olacaqdır. Kanat yolunda hər biri 4 yerlik olmaqla, 58 oturacaq quraşdırılacaq. Bu da saatda 1000-dən artıq insana xidmət etməyə imkan verəcəkdir. Kanat yolu vasitəsilə Şahbuz rayonunun əsrarəngiz gözəlliyini səmadan izləmək mümkün olacaq. Xizək mərkəzinə təşkil olunan turun rəhbərləri Fərid Seyidov və Fərman Hacıyevlə həmsöhbət oluruq. Öyrənirik ki, mərkəzə ilk turu da fəal gənclər “Naxçıvanın ilk xizək sürənlərindən ol!” şüarı ilə təşkil ediblər. Fərid Seyidov qeyd edir ki, təşkil olunan hər iki tura Naxçıvanın gəncləri və könüllülərinin marağı daha çoxdur. Budəfəki tur “Ağbulaq ekstrim turu” devizi ilə həyata keçirilir. Burada tur rəhbərliyi tərəfindən Xizək mərkəzində tur iştirakçılarının xizək geyimləri ilə təmin olunması və təlimin keçirilməsi təşkil edilir. Bizimlə bərabər buraya 70-dən çox gənc üz tutub. Tur iştirakçıları iki qrupa bölünüblər. Birinci qrup qar motosikleti, ikinci qrup isə xizək sürmək istəyənlərdən ibarətdir. Peşəkar təlimçilər tur iştirakçılarını bu idman növü barəsində və qaydalar haqqında məlumatlandırıblar. Təlimi uğurla başa vuranlara sərbəst şəkildə xizək sürmək üçün icazə verilib. Tur rəhbərləri qeyd edir ki, qış turizminin inkişafında Ağbulaq kəndi relyefi və iqlim xüsusiyyətlərinə görə ən uyğun məkandır. Xizək mərkəzinin Ağbulaq kəndini ölkəmizdə və dünyada tanıdacağına inanırıq. Mövsümün sonuna qədər buraya mütəmadi olaraq belə turlar təşkil olunacaq. Məqsədimiz muxtar
respublikanın turizm potensialını təbliğ etmək və gələcəkdə buraya daha çox turist cəlbinə nail olmaqdır. Xizək mərkəzini seyr edərkən xizək sürənlərin bir-biri ilə yarışması və yeni öyrənənlərin səndələyərək sürüşməsi kimi əyləncəli anlara şahidlik edirik. İlk təlimdən sonra xizək sürən Köçəri Hüseynov qeyd edir ki, mən ilk dəfədir, Xizək mərkəzinə gəlmişəm. Burada yaradılan şərait hər bir gənc kimi, məni də ürəkdən sevindirir. Artıq qış aylarında istirahət etmək və bu əyləncəli idman növü ilə məşğul olmaq üçün başqa yerlərə getməyimizə ehtiyac yoxdur. Doğma diyarımızdakı Ağbulaq Xizək Mərkəzinə gəlməklə xoş istirahət edə bilərik. Buradakı xidmətlər də çox münasibdir.Köçəri Hüseynov söyləyir ki, göründüyü qədər asan olmayan bu idman növü çox maraqlı və əyləncəlidir. İlkin vərdişlərə yiyələnəndən sonra təlimçilər tərəfindən sərbəst xizək sürməyə icazə verilir. Bununla bərabər, burada bizim təhlükəsiz şəkildə istirahət etməyimizə xüsusi diqqət yetirilir. Ağbulaq Xizək Mərkəzinə ilk dəfə səfər etdiyini bildirən Aysel Eminli həm də xizək sürmənin ilk sevincini yaşadığını söyləyir. Onun dediklərindən: – Uşaq vaxtlarımızın ən xoş əyləncələrindən biri qar üzərində sürüşmək idi. Burada yaradılan şərait nəticəsində həmin xoş xatirələri yenidən yaşayırıq. Ancaq ən əsas fərq ondadır ki, yıxılaraq əzilmək təhlükəsi yoxdur. Təlimçilərin dediklərinə əməl etməklə təhlükəsiz şəkildə xizək sürə bilərik. Qiymətlər də çox münasibdir. Havanın soyuq olması bizi qətiyyən narahat etmir. Əksinə, xizək sürmək bizə bir başqa zövq, yüksək əhval-ruhiyyə, xoş ovqat bəxş edir. Burada olduğum üçün çox xoşbəxtəm. Çünki həm doğma diyarımızın qış fəslində bənzərsiz gözəlliyini seyr etmək, həm rahat və gözəl istirahət, həm də idman növü ilə əyləncəli şəkildə məşğul olmaq imkanımız oldu. Bir sözlə, istirahət vaxtımız çox mənalı keçir, növbəti günlərdə də buraya yenidən üz tutmağı düşünürəm. Yaradılan şəraitə görə dövlətimizə minnətdaram. Həmsöhbət olduğumuz insanlar mərkəzin onlarda gözəl əhval-ruhiyyə və xoş təəssürat yaratdığını söylədilər. Bir sözlə, belə qənaətə gəldik ki, soyuq qış günündə mənalı istirahət axtaranlar üçün Ağbulaq Xizək Mərkəzi ən ideal məkan olacaq.

Pərviz HACILI
Seyfur HACIMURADOV


Şaxtalı qış gününün coşqun istirahətiŞaxtalı qış gününün coşqun istirahəti
Şaxtalı qış gününün coşqun istirahəti
Şaxtalı qış gününün coşqun istirahəti
Şaxtalı qış gününün coşqun istirahəti
Şaxtalı qış gününün coşqun istirahəti
Şaxtalı qış gününün coşqun istirahəti
Şaxtalı qış gününün coşqun istirahəti

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Şubat 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
242526272829