SON DƏQİQƏ

naxcivanxeberleri.com

Muxtar respublika ərazisində yayılmış faydalı bitki - çöl kəvəri

Muxtar respublika ərazisində yayılmış faydalı bitki - çöl kəvəri
18-01-2020, 11:31

Tükənməz ehtiyata və çox müxtəlif növ tərkibinə malik olan Naxçıvan MR florası təbii bioloji fəal maddələrin mənbəyidir. Zəngin flora örtüyü içərisində öz əhəmiyyətinə görə seçilən növlərdən biri olan Çöl kəvəri, çöl qarpızı, qarnıyarıq və s. kimi adlarla adlandırılan Capparis spinosa L. növü dünyanın bir çox ölkələrində müxtəlif məqsədlər üçün istifadə edilir.
Muxtar respublikanın torpaq-iqlim şəraiti münasib olan zonalarında yayılmışdır. Eroziya prosesinin qarşısının alınması məqsədilə Capparis spinosa L. növü muxtar respublikanın müxtəlif ərazilərində bu prosesin qarşısının alınmasında uğurla tətbiq edilə bilər.
Xalq təbabətində dalağın müalicəsində və işlətmə dərmanı kimi istifadə olunur. Yaxşı bal verən bitkidir. Meyvəsi bol və çiçəkləməsi uzun sürəndir. Dekorativ yarımkol quraqlığa davamlı bitkidir. Torpağın 12 m dərinliyinə qədər işləyən uzun, düz köklər əmələ gətirir. Yarımsəhra şəraitində, dəmir yolu ətrafı, qruntların, yamacların, yarğanların və s. bərkidilməsi üçün yararlıdır.
İştah açıcı xüsusiyyətinə görə bir çox yeməklərə qatılır və xüsusilə salat, sup, makaron, pizza, tərəvəz yeməkləri, balıq və digər dəniz məhsulları, dondurulmuş qidalar, pendirlər və digər qidaların hazırlanmasında mühüm əhəmiyyətə malik olan bitki növüdür.
Capparis spinosa L. növü bir sıra müalicəvi xüsusiyyətlərə malikdir. Belə ki, bitkinin çiçək, tumurcuq və meyvələri müxtəlif məqsədlərlə - saçlara qulluq edilməsində, yaraların sağaldılmasında, dalaq və qaraciyər xəstəliklərinin müalicəsində istifadə olunur. Xalq təbabətində kəvərin təzə dərilmiş meyvələrindən endemik ur, dizenteriyada və qaraciyər iltihabı (hepatit) zamanı, yarpaqlarından yanıqların, şişlərin müalicəsində istifadə edilir. Buna görə də bu bitki tibbdə və sənayenin müxtəlif sahələrində geniş şəkildə tətbiq olunur. Otvari kəvərin çiçək tumurcuqları vitamin və minerallarla zəngin olduğundan boyaq maddəsi alınmasında, dərman, kosmetika və qida sənayesində tətbiq edilir. Revmatizm ağrılarının qarşısının alınmasına kömək edir, dalağın müalicəsi, qaraciyərin mübadilə funksiyasının tənzimlənməsində və xərçəng xəstəliyinin inkişafının qarşısını alan ekstraktların hazırlanmasında istifadə olunan bitkilər sırasındadır. Quraqlıq ərazilərdə inkişaf edən və aromatik bitki olan bu növün ən önəmli xüsusiyyətlərindən biri onun aromatik dadıdır. Tumurcuqlarının xüsusi iyi ilə yanaşı, iştahaçıcı, həzmi asanlaşdırıcı xüsusiyyətləri də vardır.
Dəri və saç xəstəliklərində önəmli kosmetik təsirə malikdir. Protein, vitamin və mineral maddələrlə zəngin olan çiçək tumurcuqları turşu halına salınaraq, qida və ədviyyat kimi istifadə olunur. Çiçək tumurcuqları və kök qabıqları qüvvətverici, sidikqovucu, qan dövranı, eyni zamanda həzm, babasil kimi bəzi xəstəliklərin müalicəsində istifadə edilir. Bitkinin bütün hissələri, o cümlədən tumurcuqları bol miqdarda vitamin, protein, mineral maddələr, yağ, alkoloid, antioksidant xüsusiyyətə malik olan flavonoid və digər polifenollarla zəngindir. Çiçək tumurcuqlarında və digər orqanlarında olan önəmli birləşmə qrupları olan flavonoid qlükozidləri, xüsusən ən önəmlilərindən biri olan rutin P vitamini aktivliyinə sahib olan birləşmədir. Qan təmizləyici, bəlğəmgətirici xassəyə malikdir.
Azərbaycanda dağətəyi, yarımsəhra, çöl və digər yerlərdə əhəmiyyətli ehtiyatı olan Tikanlı kəvər iqtisadi cəhətdən də olduqca faydalı bir bitkidir. Türk professoru Neşet Arslan öz yazılarında bitkinin çiçək tumurcuqlarını “dollar açan tumurcuqlar” adlandırmışdır. Bitkinin qönçələri turşuya qoyulmuş ətirli ədviyyə kimi istifadə olunur. Meyvələrin ətli hissəsi dadına görə qarpıza oxşayır və saxaroza ilə zəngindir (12%). Kəvərin təzə toplanmış tumurcuqları 20%-li duzlu suda 2-3 ay saxlandıqdan sonra sirkəli turşusu hazırlanır və 10 gündən sonra yeyilir ki, bu zaman iyi və dadı çox gözəl olur və bəyənilir. Kəvər tumurcuğundan hazırlanmış konserv məhsulları orqanizmin müqavimətini artırır, yorğunluğu aradan qaldırır. Kəvərdən hazırlanan cem qan xəstəliklərində müalicəvi təsirə malikdir, belə ki, qandakı trombositləri, leykositləri və digər hüceyrələri çox sürətlə bərpa etdiyinə görə faydalıdır. Kəvərin təbii şəkildə qurudulmuş çiçəklərindən 1 çay qaşığı 1 stəkan qaynanmış suda qarışdırılaraq, 3 dəq. dəmləndikdən sonra içildikdə ağrıların azaldığı müşahidə edilir. Meyvələrindən hazırlanan turşu immuniteti artırır, həzm sistemini yaxşılaşdırır, mədə yaralarını sağaldır. Köklərindən ipəyə xrom duzları və kalium zəyləri ilə birlikdə tünd yaşıl tonlar verən rənglər alınır. Budaqları ipəyi qəhvəyi- yaşıl rəngə boyamaq üçün istifadə olunur.
Təbiətdə yayılması qarışqalar və quşlar tərəfindən həyata keçirilir. Möcüzə bitki adlandırılan kəvərin istifadə imkanları olduqca genişdir. Ehtiyatı bol olduğuna görə bitkidən sənayedə konserv məhsulları almaq üçün istifadə olunur. Almaniyada aparılan bir araşdırmada kəvərin 472 növ yeməkdə istifadə edildiyi aşkar edilmişdir. Bitkidən əldə etdikləri yüksək miqdarda gəlirə görə İspanlar kəvəri “milli bitki” elan etmiş və dövlət nəzarətinə almışlar. Heyvanların qidasına qatılarkən süd, yumurta və çoxalmada artım müşahidə olunmuşdur.
Kəvər bitkisinin tərkibində başqa bitkilərlə müqayisədə daha çox kversetin vardır. Digər tərəvəzlərlə müqayisədə isə daha çox selen vardır ki, bu da xərçəng xəstəliyinin müxtəlif formalarının qarşısını alır və ilkin dövrlərdə onun müalicə edilməsində istifadə edilir.

Surə Rəhimova
AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun
elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ocak 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31