SON DƏQİQƏ

naxcivanxeberleri.com

Müstəqil dövlətçiliyə xidmət nümunəsi

Müstəqil dövlətçiliyə xidmət nümunəsi
14-01-2020, 18:26

XX əsrin doxsanıncı illərinin başlanğıcında ölkəmizin dövlət müstəqilliyi qazanması Azərbaycanın çoxəsrlik tarixinin ən mühüm hadisələrindən biridir. Görkəmli dövlət xadimi Heydər Əliyevin SSRİ rəhbərliyindən istefa verməsindən bir neçə il sonra nəhayət ki, Azərbaycana qayıdışı, əvvəlcə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, sonra isə Azərbaycan Respublikasının Prezidenti vəzifələrində çalışaraq xalqımızın və müstəqil dövlətimizin xilaskarlığı missiyasını qətiyyətlə həyata keçirməsi həm də ölkəmizdə milli dövlətçilik məktəbinin formalaşmasına səbəb olmuşdur.

Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyevin çoxillik və zəngin dövlətçilik təcrübəsi, azərbaycançılıq andına sədaqəti, bütün məqamlarda qəti qərarlar qəbul etməsi, uzaqgörənliyi, aydın və dəqiq mövqe nümayiş etdirməsi onun əhatəsində çalışanlar üçün əsl məktəb nümunəsi olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu böyük dövlətçilik məktəbini yeni dövrün reallıqlarından və müasir çağırışlardan doğan qiymətli əlavələrlə, əhəmiyyətli yeniliklərlə zənginləşdirib daha da möhkəmləndirmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Azərbaycan üçün ən məsuliyyətli dövrdə görkəmli dövlət xadimi Heydər Əliyev məktəbinin əsl dərslərini keçmiş, onun adı ilə bağlı olan milli dövlətçilik prinsiplərini dərindən mənimsəmiş, həyatda və idarəetmədə tətbiq etməklə Ulu Öndərin milli dövlətçilik yolunun əbədiyaşarlığına öz töhfəsini vermişdir. Naxçıvan Muxtar Dövlətinin başçısı Vasif Talıbovun keçdiyi şərəfli yol, istinad etdiyi prinsiplər, qazandığı nailiyyətlər Heydər Əliyev - İlham Əliyev epoxasının mühüm inkişaf göstəricilərindən biridir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi Vasif Talıbovun Ulu Öndərin müstəqil dövlətçilik məktəbindən yaradıcı şəkildə öyrənib, cəmiyyətin bütün sahələrində Heydər Əliyev yolu ilə gedərək yeni-yeni uğurlara imza atması bu mükəmməl dövlət müstəqilliyi təliminin Azərbaycanın hərtərəfli inkişafı üçün əbədilik strategiyası olmasının daha bir nümunəsidir.

Vasif Talıbovun keçdiyi çətin və şərəfli yolun hər bir addımı onu böyük siyasətə aparan pillələr olmuşdur. Sovet hakimiyyəti illərində SSRİ Ali Sovetinin deputatı, Sosialist Əməyi Qəhrəmanı Bahar Talıbovanın əhatəsində yaşayıb formalaşması Vasif Talıbovun dövlətçilik təfəkkürünün inkişafında mühüm rol oynamışdır. Bütün varlığı ilə torpağa və zəhmətə bağlı olan atası Yusif Talıbovun məsuliyyətli həyatı onun üçün yorulmaz fəaliyyət dərslərinə çevrilmişdir. Naxçıvan Dövlət Universitetinin Tarix fakültəsində dünya ölkələrinin tarixi təcrübəsi, xüsusən Azərbaycanın dövlətçilik ənənələri haqqında aldığı biliklər Vasif Talıbovun ictimai-siyasi baxışlarını daha da zənginləşdirmişdir.

Bütün bunlarla bərabər, 1991- 1993-cü illərdə Naxçıvanda yaşayıb-işləmiş görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin dövlətçilik məktəbi Vasif Talıbov üçün sözün əsl mənasında ən mühüm həyat və siyasət dərsləri olmuşdur. O, Azərbaycan Respublikası üçün çox mürəkkəb və məsuliyyətli bir dövrdə Naxçıvan Muxtar Respublikasının timsalında müstəqil dövlətçiliyin qorunub saxlanılması və daha da möhkəmləndirilməsi yollarında qətiyyətli və məqsədyönlü addımlar atan Ulu Öndər Heydər Əliyev məktəbinin dərslərini dərindən mənimsəmiş, onun yolu ilə getməyi birdəfəlik və həmişəlik and kimi qəbul etmişdir. Fikrimizcə, 16 dekabr 1995-ci il tarixdə Nax- çıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında muxtar dövlətin başçısı seçilərkən fəaliyyət proqramı kimi səsləndirdiyi aşağıdakı sözlər Vasif Talıbovun həm dövlət idarəçiliyi sahəsində qəbul etdiyi siyasi xətti, həm də ümumiyyətlə, həyat və cəmiyyət haqqındakı baxışlarını bütün reallıqları ilə əks etdirir: “Mənim ayrıca bir fəaliyyət proqramım olmayacaqdır. Fəaliyyətimi görkəmli dövlət xadimi Heydər Əliyevin dövlətçilik proqramının Naxçıvanda dönmədən həyata keçirilməsinə həsr edəcəyəm”.

Böyük sürətlə keçən 25 illik fəaliyyətin bütün məqamları Nax- çıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun həyatda və işdə böyük sınaqlardan keçmiş Heydər Əliyevçilik andına sədaqətlə xidmət etdiyini nümayiş etdirir. O, özünün bütün fəaliyyətini görkəmli dövlət xadimi Heydər Əliyevin qurub-yaratdığı, ölkəmizin Prezidenti İlham Əliyevin inkişaf etdirib daha da möhkəmləndirdiyi müstəqil Azərbaycan dövlətçiliyi qarşısında hesabat kimi qəbul edir. Azərbaycan dövlətinin böyük qayğısı ilə çətin blokada şəraitində fəaliyyət göstərən Naxçıvanda bütün sahələrdə yüksək inkişafa, mühüm nailiyyətlərə nail olunması, regionda böyük quruculuq proqramlarının dönmədən həyata ke- çirilməsi, muxtar respublikanın əsl intibah mərhələsinə çatdırılması Muxtar Respublika Ali Məclisinin Sədri Vasif Talıbovun müstəqil dövlətimizin salnaməsinə yazdığı fəsillərdir.

Sağlığında və özünün iştirakı ilə Naxçıvan şəhərində Ulu Öndər Heydər Əliyev Muzeyinin açılması, Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun mərkəzi kimi yeni Heydərabad qəsəbəsinin salınması, muxtar respublikada İlham Əliyev adına Olimpiya İdman Kompleksinin fəaliyyət göstərməsi həmin möhtəşəm salnamədəki pozulmaz tarixi səhifələrdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi Vasif Talıbov idarəetmənin bütün istiqamətlərinə ciddi fikir verməklə bərabər, ordu quruculuğuna və təhsil məsələlərinə xüsusi diqqət yetirməyi proqram kimi qəbul etmişdir. Əslində ordu və təhsil sahələrində inkişaf qılınc və qələmin sarsılmaz ittifaqının təmin edilməsi yolu ilə hərtərəfli tərəqqiyə nail olmağın düşünülmüş düsturudur.

Azərbaycan dövlətinin böyük qayğısı və Muxtar Respublika Ali Məclisi Sədrinin ciddi səyləri nəticəsində Naxçıvanda yaradılmış ordu hissələri ölkəmizin hərbi qüdrətini təmin edən mükəmməl hərbi birləşmələrdir. Xüsusən Naxçıvan Muxtar Respublikasında Əlahiddə Ümumqoşun Ordusunun yaradılması və fəaliyyətinin təmin edilməsi ölkəmizin düşmənlə üz-üzə olan bu sərhədlərində möhkəm və etibarlı müdafiənin təmin edilməsi ilə nəticələnmişdir. Türkiyə Cümhuriyyətinin Silahlı Qüvvələri ilə Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun keçirdiyi birgə təlimlər regionda Azərbaycan dövlətinin hərbi-siyasi maraqlarının həyata keçirilməsinə qadir olan güclü bir ordunun yaradıldığını əyani şəkildə nümayiş etdirir.

Naxçıvan Muxtar Respublikasında 2018-ci ildə on bir min kvadrat kilometr ərazinin düşməndən azad edilməsi, YerevanLaçın magistralına nəzarət etməyə imkan yaradan Qızılqaya və Yastan yüksəkliklərinin ələ keçirilməsi Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı ən mühüm zəfərlərdən biridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 noyabr 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edərkən dediyi aşağıdakı sözlər muxtar respublikada ordu quruculuğu sahəsində qazanılmış nailiyyətlərə verilmiş yüksək qiymətin ifadəsidir: “Çətin coğrafi vəziyyəti nəzərə alaraq, ilk növbədə, Naxçıvanda təhlükəsizlik tədbirləri diqqət mərkəzindədir. Son illər ərzində bu istiqamətdə böyük işlər görülüb, ordu quruculuğu sahəsində böyük inkişaf var. Bu gün Naxçıvan ordusu ən müasir silahlarla təchiz edilib... və bu proses davam etdirilir”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun fəaliyyət proqramında əsas yer tutan, öncüllük təşkil edən təhsil siyasəti istiqamətində də çoxcəhətli iş aparılmışdır. İlk növbədə onu qeyd etmək lazımdır ki, müstəqillik illərində muxtar respublikada ümumtəhsil məktəblərinin tikintisi demək olar ki, başa çatdırılmış, məktəblərdə kompüterləşmə proqramları həyata keçirilmiş, təhsil ocaqlarının hamısı internetlə təmin edilmişdir. Naxçıvanda tətbiq edilən eyni dərs saatında vahid mərkəzdən tanınmış alimlərin keçdiyi məşğələlərin muxtar respublikanın bütün rayonlarında yerləşən məktəblərdə internet vasitəsilə dinlənilməsi Azərbaycan təhsil sistemində həyata keçirilən nadir təhsil proqramlarından biridir. Orta məktəb məzunlarının ali məktəblərə qəbul edilməsi sahəsində Naxçıvan Muxtar Respublikasının ən öndə gedən regionlardan biri səviyyəsinə çatdırılması həmin istiqamətdə həyata keçirilmiş məqsədyönlü islahatların qanunauyğun məntiqi nəticəsidir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun rəhbərliyi və qayğısı sayəsində Naxçıvan Dövlət Universitetində və “Naxçıvan” Universitetində salınmış müasir tipli universitet şəhərcikləri burada yüksək Avropa standartlarına cavab verən ali məktəb şəbəkəsinin qurulmasına şərait yaratmışdır. Muxtar respublikada elmlə təhsilin qarşılıqlı əlaqələrinin mütənasib təşkili regionda universitet təhsilinin və fundamental akademik tədqiqatların inkişaf etdirilməsinə şərait yaratmışdır. Hazırda Naxçıvan Dövlət Universitetinin ali təhsil üzrə, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin isə elm sahəsində respublikada qabaqcıl yerlərdən birini tutması Ali Məclis Sədrinin həmin istiqamətdə apardığı ardıcıl siyasətin və göstərdiyi böyük diqqətin nəticəsidir. Naxçıvanın akademik institutlar, universitetlər və gənclik şəhərinə çevrilməsi də düşünülmüş bir strategiyanın uğurlu məntiqi yekunudur. Eyni zamanda Naxçıvan Muxtar Respublikasında həyata keçirilən mədəniyyət tədbirlərinin elm və təhsil sahəsi ilə ahəngdar şəkildə uzlaşdırılması Cəlil Məmmədquluzadə və Hüseyn Cavidin doğulduğu diyarda milli teatrın, ədəbiyyatın və incəsənətin inkişafına münbit şərait yaratmışdır.

Uzun illər ərzində Naxçıvanda enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində də çətin və şərəfli yol keçilmişdir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin böyük qayğısı ilə başlanan və 2005-ci ildə tamamlanan Naxçıvana İran İslam Respublikası üzərindən qaz çəkilməsi regionda yeni inkişafın təmin olunmasında ciddi dönüşün yaradılmasına səbəb olmuşdur. Sonrakı illərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı ardıcıl siyasət nəticəsində muxtar respublikada müasir tipli elektrik stansiyaları tikilib istifadəyə verilmiş, günəş enerjisi şəbəkəsi yaradılmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 noyabr 2019-cu ildə qəbul zamanı Ali Məclis Sədrinin verdiyi aşağıdakı hesabat enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində görülmüş möhtəşəm işləri əyani şəkildə təsəvvür etməyə imkan verir: “Sizin qayğınız və iştirakınızla 2005-ci il dekabrın 20-də muxtar respublikada İran İslam Respublikasından alınmış qazın açılışı həyata keçirildi, bu gün 90 minə yaxın abonent qazla təmin olunubdur. Elektrik enerjisi sahəsində də böyük işlər görülüb. Əgər 2003-cü ildə muxtar respublikada bir elektrik stansiyası var idisə, hazırda 9 elektrik stansiyası mövcuddur... Bu sahədə də Sizin qayğınızla işlər davam etdirilir... Ordubad Su Elektrik Stansiyası ilə bağlı Araz çayının bizim əraziyə tərəf hissəsində bənd tikilibdir”.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi regionda geniş sənayeləşdirmə proqramlarını reallaşdırmaq üçün məqsədyönlü iş aparır. Ali Məclis Sədrinin ölkə rəhbərliyi qarşısında qaldırdığı vəsatət əsasında Naxçıvanda yerli xammaldan istifadə yolu ilə və regionun zəruri ehtiyacları nəzərə alınmaqla sənaye şəbəkəsinin qurulması prosesi uğurla davam etdirilməkdədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təşəbbüsləri ilə Naxçıvan şəhəri ətrafında yeni sənaye şəhəri salınmışdır. Ölkə Prezidentinin xüsusi sərəncamı ilə Şərur Sənaye Məhəlləsinin yaradılması üçün geniş iş aparılır. Son illərdə istifadəyə verilmiş Naxçıvan Sement Zavodu, Xalça fabriki, şərab zavodları, taxıl anbarları, dəyirmanlar həm də çoxsaylı yeni iş yerlərinin açılması, məşğulluğun təmin olunması baxımından əhəmiyyətlidir. Hazırda Naxçıvan Muxtar Respublikasında 442 sənaye müəssisəsində 125 növdə, 568 çeşiddə ərzaq, 247 növdə, 845 çeşiddə qeyri-ərzaq məhsullarının istehaslı həyata keçirilir. Elektrik enerjisindən tutmuş, sənaye və kənd təsərrüfatı mallarına qədər ixracyönümlü istehsalın formalaşdırılması Naxçıvanda sənayeləşdirmə proqramının həyata ke- çirilməsi sahəsində qazanılmış böyük uğurlardır.

Naxçıvanın Türkiyə Cümhuriyyəti və İran İslam Respublikası ilə sərhədlərindəki ən yüksək Avropa standartları səviyyəsində fəaliyyət göstərən gömrük məntəqələrinin və Naxçıvan Beynəlxalq Hava limanının normal və ahəngdar fəaliyyəti muxtar respublikanın dünyaya açılan qapıları olmaqdan başqa, həm də əsas idxal-ixrac mənbələri kimi regionda iqtisadi inkişafa ciddi təkan verir. Bütün bunların nəticəsidir ki, 2017-ci ildə Naxçıvan Muxtar Respublikası rəqabətədavamlı inkişaf templərinə görə Azərbaycanın iqtisadi rayonları arasında birinci yerə çıxmışdır. Naxçıvanda ərzaq təhlükəsizliyi məsələləri də müsbət həll edilmişdir.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi milli-mənəvi dəyərlərin yaşadılması və ədəbi-tarixi irsin xalqa çatdırılması proseslərinin genişləndirilməsinə xüsusi diqqət yetirir. Müxtəlif illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamları ilə keçirilən beynəlxalq elmi konfranslar, festivallar və yubileylər regionda azərbaycançılıq ideyalarının və milli-mənəvi özünüdərk proseslərinin daha da genişləndirilib möhkəmləndirilməsinə uğurla xidmət edir. Muxtar Respublika rəhbərinin xüsusi sərəncamları ilə bu istiqamətlərdə keçirilmiş beynəlxalq və respublika miqyaslı tədbirlər azərbaycan- çılıq, müstəqil dövlətçilik və millimənəvi özünüdərk hərəkatının daha da möhkəmləndirilməsinə sanballı töhfələr verir. Müxtəlif illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tərəfindən imzalanmış “Ordubad rayonundakı Gəmiqaya abidələrinin tədqiq edilməsi haqqında”, “Əshabi-kəhf ziyarətgahının bərpa edilməsi haqqında”, “Nuh peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü türbəsinin bərpa edilməsi haqqında”, “Nax- çıvanqala tarixi-memarlıq kompleksinin yaradılması haqqında”, “Naxçıvan şəhərində duz muzeyinin yaradılması haqqında”kı mühüm siyasi-tarixi əhəmiyyətə malik olan sərəncamların məqsədyönlü şəkildə həyata keçirilməsi yeni nəsillərin formalaşdırılıb inkişaf etdirilməsində müstəsna əhəmiyyətə malikdir. Naxçıvan şəhərinin islam mədəniyyətinin paytaxtı seçilməsi münasibətilə 2018-ci ildə keçirilmiş beynəlxalq miqyaslı tədbirlər muxtar respublikada dini-mənəvi dəyərlərin, ədəbi-tarixi irsin inkişafı və təbliği sahəsində geniş üfüqlər aç- mışdır. Naxçıvan Avropa Gənclər şəhəri kimi də böyük təşəbbüslərə imza atmışdır. Hazırda Ağbulaq Beynəlxalq Xizək Mərkəzinin yaradılması üçün aparılan son tamamlama işləri Naxçıvanda turizmin də inkişafına yeni perspektivlər açacaqdır. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tərəfindən Avstriya qış turizmi modelinin seçilərək tətbiq edilməsi Naxçıvanın dünya standartlarına cavab verən turizm imkanlarına sahib olmasına imkan yaradacaqdır.

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında aparılan böyük quruculuq işləri, həyata keçirilən irimiqyaslı layihələr, əldə edilmiş mühüm nailiyyətlər ölkə rəhbərliyi tərəfindən digər bölgələr kimi bu regiona da dövlət səviyyəsində göstərilən böyük diqqətin, yaradılmış münasib şəraitin nəticəsidir. Eyni zamanda regionda hərtərəfli və sistemli inkişafa nail olmaqda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun ümummilli lider Heydər Əliyevin müstəqil dövlətçilik təliminə dərin sədaqəti, ölkə Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasətin uğurla həyata keçirilməsinə bəslədiyi məsuliyyətli münasibət, habelə muxtar dövlətin başçısının zəngin dövlətçilik və idarəetmə təcrübəsi, yüksək təşkilatçılıq qabiliyyəti mühüm əhəmiyyətə malikdir. Xüsusən Vasif müəllimin simasında əməllə əqidənin vəhdəti, amalla məsuliyyətin sintezi Naxçıvanın sosial-iqtisadi və hərbi-siyasi, elmi-mədəni inkişafında mühüm rol oynamaqdadır. Regionun idarə olunmasında məsuliyyət hissinin, təşəbbüskarlıq və əməli işin vəhdəti prinsiplərinin əsas kimi qəbul edilməsi hər sahədə böyük inkişafa əsaslı şəkildə stimul verir. Nəticədə Naxçıvan Muxtar Respublikası müstəqil Azərbaycan Respublikasının iqtisadi cəhətdən inkişaf etmiş elm, təhsil, mədəniyyət, sənaye və turizm mərkəzlərindən birinə çevrilmişdir. İndiki inkişaf səviyyəsi nəzərə alınmaqla Naxçıvan Muxtar Respublikasını Avropanın müasir tipli regionları ilə müqayisə etmək olar. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev müxtəlif vaxtlarda bir neçə dəfə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun çoxcəhətli fəaliyyətinə yüksək qiymət vermişdir. Ulu Öndərin onun haqqında hələ 1999-cu ildə dediyi “Vətəninə, millətinə, xalqına sədaqətli olan adam yaşından asılı olmayaraq böyük işlər görə bilər” xarakteristikasını muxtar respublikaya rəhbərlik sahəsində əsrin dörddəbiri qədər keçən ömür və mübarizə yolunun möhtəşəm göstəriciləri əyani şəkildə təsdiq etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Ulu Öndərin vaxtilə “İstəyirəm ki, ...Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin” kimi bəyan etdiyi məqsədlərini məsuliyyətlə həyata keçirmişdir. Bu gün Naxçıvan Muxtar Respublikası Azərbaycanın tərkibində inkişaf etmiş bir region və Ermənistan sərhədində ucaldılmış alınmaz qaladır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın bu ayrılmaz parçasının, qədim və həmişəcavan diyarının inkişafına daim diqqət və qayğı göstərmişdir. Yeniləşən müasir Naxçıvan görkəmli dövlət xadimi Heydər Əliyevin atdığı möhkəm təməllərin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin regionun inkişaf etdirilməsi istiqamətində apardığı müdrik siyasətin işığında ucalmaqda davam edir. Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının inkişaf etdirilməsinə həmişə geniş mənada “Azərbaycanın uğurlu inkişafı, müstəqilliyimizin möhkəmləndirilməsi” vəzifələrinin həyata keçirilməsi kimi yanaşmışdır. Möhtərəm dövlət rəhbərimiz, eyni zamanda Azərbaycan Respublikasının regionları arasında liderlik qazanmış Naxçıvan Muxtar Respublikasında böyük quruculuq işlərinin “yüksək zövqlə, səliqə ilə, diqqətlə” aparılmasını, “bu işlərin böyük məhəbbətlə görülməsini” böyük quruculuq və hərtərəfli inkişaf proseslərinin əsas mənbəyi hesab edərək yüksək dəyərləndirmişdir. Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasında əldə edilmiş nailiyyətlərə verdiyi aşağıdakı siyasi qiymət görülmüş böyük işlərin dəyərləndirilməsi ilə bərabər, həm də gələcək daha böyük tərəqqi üçün stimul, dəstək missiyasını da ifadə edir: “Mən hər il Naxçıvanda oluram və hər dəfə Naxçıvanda gördüyüm dəyişikliklər məni ürəkdən sevindirir. ...Naxçıvan Muxtar Respublikasında ən müasir infrastruktur yaradılır, sosial obyektlərin tikintisi geniş vüsət alıbdır. Bütün bunlar muxtar respublikanın iqtisadi və sənaye potensialını gücləndirir. ...Mən bütün naxçıvanlıları bu böyük uğurlar münasibətilə təbrik etmək istəyirəm. Nax- çıvan rəhbərliyinə və Naxçıvanın rəhbəri Vasif Talıbova öz minnətdarlığımı bildirmək istəyirəm”.

Prezident İlham Əliyevin 14 yanvar 2010-cu il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun “Şöhrət” ordeni ilə təltif edilməsi müstəqil dövlətçiliyin inkişaf etdirilib möhkəmləndirilməsi yollarında çəkilmiş böyük zəhmətə və əsl sədaqətə verilmiş yüksək qiymətdir.

Nəhayət, ölkəmizin Prezidenti İlham Əliyevin 18 noyabr 2019-cu ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edərkən səsləndirdiyi fikirlər həm keçilmiş şərəfli yolun dövlət səviyyəsində qiymətləndirilməsinə, həm də gələcək vəzifələrin yüksək səviyyədə həyata ke- çiriləcəyinə bəslənilən inamın ifadəsidir: “Naxçıvan Muxtar Respublikasının inkişafı daim diqqət mərkəzindədir. ...Naxçıvan son illər ərzində böyük dərəcədə inkişaf etmişdir. Həm sosial sahədə, iqtisadi sahədə, sənaye potensialının möhkəmləndirilməsi istiqamətində böyük addımlar atılmışdır. ...Xüsusilə nəzərə alsaq ki, Naxçıvan uzun illər ərzində mühasirə şəraitində yaşayır, üç tərəfdən düşmənlə əhatə olunub, buna baxmayaraq, respublika yaşayır, güclənir və böyük inkişaf yolunu davam etdirir. ...Naxçıvanda bütün istiqamətlərdə işlər yaxşı gedir. ...Əminəm ki, muxtar respublika əhalisinin sosial rifahının yaxşılaşdırılması, respublika qarşısında duran bütün vəzifələrin icrası üçün bütün qüvvələr səfərbər ediləcək”.

Dövlət başçısı tərəfindən verilmiş belə yüksək qiymət məsuliyyətlə və sədaqətlə, yorulmaz fəaliyyətlə keçən altmış illik mənalı ömrün, müstəqil Azərbaycan dövlətçiliyinə, Heydər Əliyev yoluna şərəflə xidmətə həsr edilmiş iyirmi beş illik səmərəli dövlət idarəçiliyi fəaliyyətinin yüksək səviyyədə dəyərləndirilməsindən ibarətdir.

Azərbaycanın dövlət müstəqilliyi ideallarına, Heydər Əliyev yoluna sədaqətlə xidmət etmək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun təkcə bioqrafiyasının parlaq faktı olaraq qalmır, onun siyasi portretinin dəyişməz, həmişəlik, əbədi xüsusiyyəti və bundan sonrakı fəaliyyətinin əsas mahiyyəti kimi ümumiləşir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun müstəqil dövlətçiliyə xidmət nümunəsi olan çoxcəhətli və yorulmaz fəaliyyəti ilə ölkəmiz, o cümlədən də qədim və həmişəcavan Naxçıvan diyarı daha böyük sabahlara doğru inamla addımlamaqda davam edir.

İsa HƏBİBBƏYLİ,
AMEA-nın Birinci vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik


Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ocak 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031