SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan inkişafın müasir mərhələsində - FOTO

Naxçıvan inkişafın müasir mərhələsində - FOTO
13-01-2020, 20:00

Ordubad rayonunun Vənənd kəndində yeni sosial obyektlər istifadəyə verilib

Ölkə Prezidenti cənab İlham Əliyev deyib: “Naxçıvan Muxtar Respublikasının inkişafı daim diqqət mərkəzindədir. Respublikada gedən abadlıq-quruculuq işləri məni çox sevindirir. Naxçıvan son illər ərzində böyük dərəcədə inkişaf etmişdir, həm sosial sahədə, iqtisadi sahədə, sənaye potensialının möhkəmləndirilməsi istiqamətində böyük addımlar atılmışdır. Bu, çox sevindiricidir”.

Azərbaycan dövlətinin inkişaf dinamikasını əks etdirən Naxçıvan Muxtar Respublikası ulu öndər Heydər Əliyev siyasi xəttinin təntənəsidir. Dahi şəxsiyyətin yolunun davam etdirilməsi Naxçıvanın inkişafında yeni mərhələnin əsasını qoyub. Muxtar respublikada enerji, ərzaq, müdafiə və informasiya təhlükəsizliyi təmin olunub. Hər bir sahədə yenilik, tərəqqi müşahidə olunur. Geniş quruculuq işləri aparılır, müasir kənd infrastrukturu yaradılır, insan amilinə yüksək qiymət verilir.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, yanvarın 13-də Ordubad rayonunun Vənənd kəndində yeni sosial obyektlər istifadəyə verilib.

2020-ci ildə ilk məktəb binası Vənənddə istifadəyə verilib

Yanvarın 13-də Vənənd kənd tam orta məktəbinin yeni binasının açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məktəbin açılışını edib, yaradılan şəraitlə maraqlanıb.

Bildirilib ki, 432 şagird yerlik iki mərtəbəli məktəbdə 27 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, 2 kompüter otağı, 3 elektron lövhəli sinif, hərbi kabinə, 2 şahmat sinfi, müəllimlər və psixoloq otaqları, kitabxana və idman zalı vardır. Kitabxana fondunda 5100-ü dərslik və 4730-u bədii ədəbiyyat olmaqla, 9830 kitab vardır. Kompüter otaqlarında isə 43 kompüter quraşdırılaraq internetə qoşulub.

Ali Məclisin Sədri birinci sinifdə və məktəbəqədər hazırlıq qrupunda tədrisin təşkili ilə maraqlanıb. Bildirilib ki, bu il birinci sinifdə 25 şagird təhsil alır. Məktəbəqədər hazırlıq qrupunda isə 30 şagird vardır.

Hərbi kabinəyə baxış zamanı qeyd olunub ki, məktəbdə şagirdlərin hərb sənətinə marağının artırılması diqqətdə saxlanılır. Ötən il 3 şagird Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunub.

Elektron lövhəli sinifdə Naxçıvan Dövlət Tarix Muzeyi ilə ümumtəhsil məktəbləri arasında keçirilən interaktiv dərs izlənilib.

Müəllimlərdən Şükufə Mirzəyeva, Aynurə Məmmədova, Günel İmamquliyeva və Ətrübə İmanova Ali Məclisin Sədrinə minnətdarlıq ediblər. Ətrübə İmanova deyib: “Bu gün Vənənd kəndində bayramdır. Çünki kənd tamamilə yenidən qurulub. Aparılan quruculuq işlərinin nəticəsi kimi kollektivin istifadəsinə müasir məktəb binası verilib. Naxçıvanda elmə, təhsilə böyük qayğı göstərilir. Bütün bunlar Ulu Öndərimizin siyasi xəttinin uğurla davam etdirilməsinin nəticəsidir”.

İdman zalında və şahmat siniflərində də şagirdlərin fiziki və əqli inkişafı üçün lazımi şərait yaradılıb.

Sonra məktəbin pedaqoji kollektivi ilə görüş olub.

Məktəbin direktoru Təranə İsmayılova çıxış edərək deyib ki, muxtar respublikamızda quruculuq işlərinin bütün yaşayış məntəqələrini, xüsusilə kəndləri əhatə etməsi inkişafın ən mühüm amilidir. Vənənd kəndində də kompleks quruculuq və abadlıq işləri aparılıb, ən müasir məktəb binası tikilib. Müasir tədris şəraiti ilə təmin olunmuş məktəb bu gün müəllim və şagirdlərin istifadəsinə verilir. Yeni məktəbdə yaradılan şərait bundan sonra da tədrisin yüksək səviyyədə təşkilinə və nailiyyətlərin artmasına imkan verəcəkdir. Təranə İsmayılova kollektivi adından minnətdarlıq edib, gənc nəslin təlim-tərbiyəsində səylə çalışacaqlarına söz verib.

Məktəbin müəllimi Surə Ağayeva Ali Məclis Sədrinə müraciət edərək deyib: “1995-ci ildə muxtar respublika rəhbəri seçilərkən təhsil quruculuğunu inkişafın əsas istiqaməti kimi müəyyənləşdirmişdiniz. Ötən dövrdə muxtar respublikamızda təhsil islahatları geniş vüsət alıb. Şəhər və rayon mərkəzləri ilə yanaşı, ucqar dağ kəndlərində də yeni məktəb binaları inşa olunub. Artıq Naxçıvan təhsili yeni inkişaf dövrünü yaşayır. Yaratdığınız şəraitin nəticəsidir ki, muxtar respublikada istedadlı və bilikli gənclər yetişir. Hər il yüzlərlə məzun ali məktəblərə qəbul olur, yüksək nəticə göstərirlər. Müəllim əməyinə də yüksək qiymət verilir. Gənc müəllimlərin işlə təminatı üçün əlverişli şərait yaradılır. Müəllimlərin əməkhaqqı dəfələrlə artırılır. Fərqlənən müəllimlər dövlət mükafatları ilə təltif olunurlar. Sevinirik ki, təhsilə, elmə yüksək dəyər verildiyi, müəllim adının yüksək tutulduğu Naxçıvanda yaşayır və çalışırıq. Qarşıdan gələn yubileyiniz münasibətilə Sizi təbrik edir, doğma Naxçıvanımızın işıqlı gələcəyi naminə fəaliyyətinizdə möhkəm cansağlığı və uğurlar arzulayırıq”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Vənənd kənd tam orta məktəbinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edib, ümummilli liderimiz Heydər Əliyevin “Müstəqil dövlətdə yaşayan hər bir gənc birinci növbədə yaxşı təhsil almalı, vətənpərvərlik əhval-ruhiyyəsi ilə tərbiyə olunmalıdır” fikrini xatırladaraq deyib: Vənənd kənd tam orta məktəbində Ümummilli Liderimizin tövsiyələrini həyata keçirmək üçün hərtərəfli şərait yaradılıb. Görülən işlər tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Əvvəlki məktəbdə müasir tədris şəraiti yox idi. Lakin bu gün məktəbdə elektron lövhələr, laboratoriyalar, kitabxana, elektron dərsliklər və lazım olan digər müasir tədris avadanlıqları pedaqoji kollektivin istifadəsinə verilir. Ona görə də müəllimlər öz üzərlərində işləməli, tədris müasir metodlar əsasında qurulmalıdır.

Ali Məclisin Sədri deyib: Birləşmiş Millətlər Təşkilatı XXI əsri elm və təhsil əsri adlandırıb. Bu çağırışlara uyğun olaraq ölkəmizdə təhsilin inkişafına diqqət göstərilir. Azərbaycanda təhsil islahatlarının əsası ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə birinci rəhbərliyi dövründə - ötən əsrin 70-ci illərində qoyulmuşdur. Həmin dövrdə Azərbaycanda yeni təhsil müəssisələri yaradılmış, hər il minə yaxın gənc Sovetlər Birliyinin ən yüksək ali məktəblərinə təhsil almağa göndərilmişdir. Ulu Öndər müstəqillik illərində də Azərbaycanda təhsil işinə və müəllim əməyinə yüksək qiymət vermişdir. Bu gün də ölkə Prezidentinin Heydər Əliyev yoluna sədaqətinin nəticəsidir ki, Azərbaycanda sabitlik, inkişaf və tərəqqi vardır. Təhsilin müasir tələblər səviyyəsində qurulması və gənclərin hərtərəfli təhsil almaları üçün lazımi tədbirlər görülür. Dünyada elə ölkələr var ki, orada təhsilin inkişafından danışmaq mümkün deyil. İnsanlar ancaq yaşamaq uğrunda mübarizə aparırlar, gənclər təhsildən kənarda qalıblar. Lakin Azərbaycan savadlılıq səviyyəsinə görə dünya ölkələri sırasında 100 faiz nəticəyə malik olan ölkələrdəndir. Bütün bunlar da ölkəmizin inkişafına xidmət edir.

“Bu gün dünyada qəbul olunmuş “elmdən istehsalata” təcrübəsi Azərbaycanda uğurla tətbiq olunur. Gənclər təhsilin bütün pillələri üzrə hərtərəfli təhsil almaq imkanlarına malikdirlər. Muxtar respublikada da bu sahədə görülən işlər təhsilin inkişafını təmin etmişdir. Artıq Naxçıvan Muxtar Respublikasında təhsilin inkişaf göstəriciləri ümumi Azərbaycan üzrə orta səviyyədən yüksəkdir”, - deyən Ali Məclisin Sədri Vənənd kənd tam orta məktəbi kollektivinin timsalında muxtar respublikanın bütün müəllim və təhsil işçilərinə təşəkkür edib.

Qeyd olunub ki, Vənənd kənd tam orta məktəbinin yaxşı təhsil ənənələri vardır. Son 5 ilin nailiyyətləri onu deməyə əsas verir ki, məktəbdə tədris nümunəvi təşkil olunub, məzunların 53 faizi ali məktəblərə qəbulda uğurlu nəticə göstərib, 500-700 intervalında yüksək bal toplayıblar. Həmçinin məktəbin şagirdləri Heydər Əliyev adına Hərbi Liseydə və ali hərbi məktəblərdə təhsillərini davam etdirirlər. Qazanılan nailiyyətlərin nəticəsidir ki, məktəbin müəllimlərindən 2-si Azərbaycan Respublikasının “Əməkdar müəllim”i fəxri adına layiq görülüb.

Ali Məclisin Sədri deyib: Orta təhsilini başa vuran hər bir gənc peşə sahibi olmalı, cəmiyyət və ölkə üçün yararlı vətəndaşa çevrilməlidir. Ona görə də gənclər Ümummilli Liderimizin tövsiyələrini əsas götürərək ilk növbədə yaxşı təhsil almalı, vətənpərvərlik əhval-ruhiyyəsi ilə tərbiyə olunmalıdırlar. Bu gün muxtar respublikamızda təhsil sahəsində görülən işlər onu deməyə əsas verir ki, müəllimlərin səyi və tələbkarlığı, şagirdlərin çalışqanlığı nəticəsində hər bir gənc yaxşı təhsil alır, peşə öyrənir, eyni zamanda vətənpərvərlik ruhunda tərbiyə olunur.

Ali Məclisin Sədri kollektivi bir daha təbrik edib, tədrisdə uğurlar arzulayıb.

Binanın həyətində bufet və fərdi qazanxana tikilib, açıq idman qurğuları quraşdırılıb, abadlıq işləri aparılıb, yaşıllıq sahəsi salınıb, müasir suvarma və işıqlandırma sistemi çəkilib.

Vənənd kənd Uşaq-Musiqi məktəbinin açılışı olub

Muxtar respublikada gənc nəslin təhsili ilə yanaşı, onların istedad və bacarıqlarının üzə çıxarılması, asudə vaxtlarının səmərəli təşkili istiqamətində də ardıcıl tədbirlər görülür. Uşaq-musiqi məktəbləri üçün yeni binaların tikilməsi də bu baxımdan mühüm əhəmiyyət kəsb edir.

Yanvarın 13-də Vənənd kənd Uşaq-Musiqi məktəbinin yeni binası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Məlumat verilib ki, 3 mərtəbəli məktəb binasında tədris üçün bütün imkanlar yaradılıb. Binada direktor və müəllimlər otaqları, musiqi ədəbiyyatı, solfecio, nağara, qarmon, saz, kamança, nəfəsli alətlər, tar, fortepiano, xanəndəlik sinfi olmaqla, 34 sinif otağı, 22 yerlik konsert zalı, musiqi ədəbiyyatı və oxunması zəruri olan kitablarla təmin edilmiş kitabxana, musiqi alətlərinin təmiri otağı və arxiv yerləşir.

Musiqi alətlərinin təmiri ustası-müəllim Vahid Məmmədov yaradılan şəraitin fəaliyyət üçün geniş imkanlar açdığını bildirib, daha səylə çalışacaqlarına söz verib.

Məktəbdə Xalq Çalğı Alətləri və Nəfəsli alətlər orkestrləri, Sazçalanlar və Nağaraçalanlar ansamblları, eləcə də Xor kollektivi fəaliyyət göstərir, fortepiano, tar, kamança, nağara, saz, qarmon, klarnet və xanəndəlik ixtisasları tədris olunur.

Ali Məclisin Sədri musiqi məktəbinin müəllimləri ilə görüşüb.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək deyib ki, muxtar respublikada mədəniyyətin, xüsusilə musiqi sənətinin inkişafı əsas vəzifələr sırasındadır. Uşaq musiqi və bədii sənətkarlıq məktəbləri üçün yeni binalar tikilərək istifadəyə verilir, gənc nəslə milli musiqi sənətimizin öyrədilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Yaradılan şəraitin nəticəsidir ki, bu gün muxtar respublikada uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin şagirdləri ölkəmizdə, eləcə də beynəlxalq miqyasda keçirilən müsabiqələrdə uğurla iştirak edirlər. Ordubad rayonunun Vənənd kəndində musiqi məktəbi üçün yeni binanın istifadəyə verilməsi də bu sahədə görülən işlərin davamıdır. Natəvan Qədimova muxtar respublikanın mədəniyyət ictimaiyyəti adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Məktəbin müəllimi Leyla Yaqubova deyib: “Kəndimizdəki musiqi məktəbi Sovet dönəmindən qalmış köhnə və heç bir şəraiti olmayan binada yerləşirdi. Lakin Ali Məclis Sədrinin qayğısı ilə Vənənd kəndində aparılan geniş quruculuq işləri musiqi məktəbini də əhatə edib. Bu gün müasir tələblər səviyyəsində, yüksək standartlara cavab verən musiqi məktəbi kollektivin istifadəsinə verilir. Çalışacağıq ki, yaradılan şəraitin müqabilində daha əzmlə fəaliyyət göstərək, musiqi sənətinin sirlərini gənc nəslə öyrədək. Yaradılan şəraitə və göstərilən qayğıya görə kollektiv adından minnətdarlığımızı bildirir, qarşıdan gələn doğum gününüz münasibətlə təbrik edir və dövlətçilik fəaliyyətinizdə daha böyük uğurlar arzulayırıq”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov musiqi məktəbinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək deyib: Bu gün Naxçıvan Muxtar Respublikasında 26 uşaq-musiqi məktəbi fəaliyyət göstərir. Onlardan 2-si Ordubad rayonunda - Ordubad şəhərində və Vənənd kəndində yerləşir. Bu gün muxtar respublikada musiqi təhsilinin bütün pillələri üzrə hərtərəfli şərait yaradılmışdır. Uşaq-musiqi məktəbləri ilə yanaşı, Naxçıvan Musiqi Kolleci, Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsi və konservatoriyası fəaliyyət göstərir. Ona görə də musiqi məktəblərinin üzərinə mühüm vəzifə düşür. Uşaq-musiqi məktəblərində təhsil alan gənclərə gələcəkdə musiqi təhsillərini davam etdirmələri üçün seçdiyi ixtisaslar dərindən öyrədilməlidir. Bu gün musiqi məktəblərində ixtisaslı müəllimlər dərs deyir. Bunlar da imkan verir ki, musiqi təhsili gənclərə yaxşı öyrədilsin. Çünki musiqi məktəblərində təhsilin düzgün təşkili ölkənin mədəniyyətinin inkişafına da böyük töhfədir. Milli musiqimiz, xalq və bəstəkar mahnıları, dünya musiqisi gənc nəslə musiqi məktəblərində öyrədilir.

Ali Məclisin Sədri deyib: Azərbaycan milli musiqisinin və mədəniyyətinin inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər ölkəmizə rəhbərliyi dövründə musiqi mədəniyyətimizin inkişafını diqqətdə saxlamış, yeni əsərlər yazılmışdır. Ölkəmizdə Ümummilli Liderin yolunun uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün də musiqi sənətinin inkişafı sahəsində nailiyyətlər vardır. Vaxtilə Azərbaycan gəncləri yalnız Sovetlər Birliyindəki məktəblərdə təhsil ala bilirdilərsə, bu gün müstəqil Azərbaycanın gəncləri dünya konservatoriyalarında tanınmış musiqiçilərdən dərs alırlar.

Qeyd olunub ki, peşəkar musiqiçilərin yetişməsində ilkin musiqi təhsili mühüm əhəmiyyət daşıyır. Ona görə də musiqi məktəblərində gənclərə yaxşı təhsil verilməli, milli musiqinin sirləri dərindən öyrədilməlidir. Vənənd kənd Uşaq-Musiqi məktəbində bu vəzifələrin icrası üçün lazımi şərait yaradılıb. Burada 8 ixtisas üzrə 119 şagird təhsil alır. 34 nəfərdən ibarət pedaqoji kollektiv şagirdlərə musiqi təhsili verir. Ona görə də təhsilin səviyyəsi daim yüksək olmalı, musiqiyə marağı olan şagirdlər məktəbə cəlb edilməlidir.

Ali Məclisin Sədri məktəbin nailiyyətlərinə görə kollektivə təşəkkürünü bildirib, onlara təhsildə uğurlar arzulayıb.

Konsert zalında məktəbin şagirdləri musiqi nömrələri təqdim ediblər.

Kənddə tibbi xidmətin səviyyəsi yüksəlib

Yanvarın 13-də Vənənd kənd həkim ambulatoriyasının açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib, ambulatoriyada səhiyyə xidmətinin təşkili ilə maraqlanıb.

Məlumat verilib ki, ambulatoriya 11 otaqdan - baş həkim, stomatoloq üçün kabinə, palata, tibb bacısı, fizioterapiya, doğuş, manipulyasiya, peyvənd, qeydiyyat, aptek və texniki otaqdan ibarətdir. Ambulatoriyaya stomatoloji qurğu, doğuş masası, quruducu şkaf, peyvənd və təcili yardım çantaları, mikroskop, sentrifuqa, hemometr, qlükometr, tərəzi, boyölçən, soyuducu və digər tibbi avadanlıqlar verilib. Fizioterapiya kabinəsi isə elektroterapiya və ultrasəslə müalicə aparatı, ultrayüksək tezlikli cərəyanla müalicə aparatı, parafinəritmə qazanı və solyuks lampası ilə təmin olunub.

Həkim ambulatoriyasında qeydiyyat elektron formada aparılır. Burada quraşdırılan kompüter səhiyyə informasiya idarəetmə sisteminə qoşulub.

Ötən il Vənənd kəndində 26 uşaq doğulub. Hazırda hamilə qadınlara mütəmadi patronaj xidmət göstərilir. Eyni zamanda peyvənd işi də diqqətdə saxlanılır, uşaqlar vaxtlı-vaxtında peyvənd olunur.

Tibb bacısı Arifə Rzayeva yaradılan şəraitə görə minnətdarlıq edib.

Ali Məclisin Sədri kənddə səhiyyə xidmətinin təşkilinin vacibliyini qeyd edib, tapşırıq və tövsiyələrini verib.

Vənənddə dövlət qurumları müasir kənd mərkəzində fəaliyyət göstərəcək

Yanvarın 13-də Vənənddə yeni kənd mərkəzinin də açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsdikdən sonra binada yaradılan şəraitlə tanış olub.

Bildirilib ki, kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, statistika otağı, mədəniyyət evi, o cümlədən Yeni Azərbaycan Partiyası Vənənd kənd ərazi ilk təşkilatı, arxiv və 58 yerlik zal yerləşir. Bütün təşkilatlar üçün müasir iş otaqları ayrılıb və lazımi invertarlarla təchiz edilib. Kənd kitabxanasında 11 min 705 kitab vardır.

Yeni Azərbaycan Partiyası Vənənd kənd ərazi ilk təşkilatının sədri Məryəm Zeynalova deyib ki, kənddə aparılan quruculuq işləri sakinlər tərəfindən minnətdarlıqla qarşılanır. Bu tədbirlər Yeni Azərbaycan Partiyası tərəfindən həyata keçirilib. Sakinlər partiya sıralarına daxil olmaq üçün müraciət edirlər. Hazırda ərazi ilk təşkilatının 366 üzvündən 121-i gənc, 219-u isə qadındır.

Rabitə evində poçt bölməsinin fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb, 568 yerlik yeni nəsil ATS quraşdırılıb. Kənddə 228 internet istifadəçisi vardır.

Xanağa-Ağrı-Dizə-Vənənd kənd avtomobil yolu yenidən qurulub

Yanvarın 13-də Ordubad rayonunun Xanağa-Ağrı-Dizə-Vənənd kənd avtomobil yolu əsaslı yenidənqurma işlərindən sonra istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Bildirib ki, Vənənd kəndində kompleks tikinti işləri aparılarkən 10,7 kilometrlik yol da yenidən qurulub. Tikinti işləri zamanı bütün mühəndis texniki tələblərə əməl edilib, yol yatağı genişləndirilərək asfalt örtük salınıb, 186 su keçidi qoyulub, 2800 metrlik beton kanal çəkilib. Həmçinin 900 metr uzunluğundakı kənddaxili yollar da təmir olunaraq qum-çınqıl qatı verilib.

Xidmət Mərkəzində 9 sakin işlə təmin olunub

Vənənd kəndində xidmət mərkəzi də istifadəyə verilib.

Ali Məclisin Sədri açılışı bildirən lenti kəsib, mərkəzin fəaliyyəti ilə maraqlanıb. Bildirilib ki, xidmət mərkəzində gözəllik salonu, bərbərxana, dərzi, ət satışı yeri, ərzaq, sənaye və təsərrüfat malları mağazaları, eləcə də 3 anbar yerləşir. Mərkəzdə 9 nəfər işlə təmin olunub.

Xidmət mərkəzi ilə tanışlıqdan sonra kənd sakinləri ilə görüş olub.

Ali Məclisin Sədri Vənənd kəndinin abad yaşayış məntəqələri sırasına qoşulması münasibətilə sakinləri təbrik edərək deyib: Bu gün ölkəmizin ümumi inkişafının tərkib hissəsi kimi muxtar respublikamızda da quruculuq işləri aparılır, kəndlər abadlaşır, yollar çəkilir, yeni məktəblər tikilir, su-kanalizasiya sistemləri qurulur. İnsanların rahat yaşaması, təsərrüfatların inkişafı, əhalinin məskunlaşması üçün dövlət tərəfindən lazımi tədbirlər görülür. Həyata keçirilən tədbirlər Vənənd kəndinin timsalında aydın görünür. Bu gün Azərbaycanda əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan sabitlik, inkişaf və dövlət-xalq birliyi mövcuddur. Ölkə Prezidenti tərəfindən həyata keçirilən tədbirlərin nəticəsidir ki, sabitlik və inkişaf Azərbaycanın həyat tərzinə çevrilib. Muxtar respublikada da inkişaf təmin olunmuşdur. Bu gün Vənənd kənd xidmət mərkəzində satılan məhsulların 90 faizi yerli istehsaldır. Muxtar respublikamızda 2019-cu ildə elan olunmuş “Ailə təsərrüfatları ili”nə Vənənd kəndi xüsusi töhfə vermiş, təsərrüfatlar inkişaf etmişdir.

Ali Məclisin Sədri bütün bunlara görə kənd sakinlərinə təşəkkürünü bildirərək deyib: Vənənd muxtar respublikamızın böyük kəndlərindəndir. Kənddə aparılan quruculuq işləri həcminə görə bir rayonda görülən işlərə bərabərdir. Artıq kənddə bütün sahələr üzrə müasir iş şəraiti yaradılıb. Yaxşı iş şəraiti olan yerdə isə yüksək əhval-ruhiyyə, dövlətə və sabaha inam olur. Bir sözlə, Vənənd müasir Azərbaycan kəndinin nümunəsidir. Ona görə də yaradılanlar qorunmalı və onlardan səmərəli istifadə olunmalıdır.

Ali Məclisin Sədri bu işlərin həyata keçirilməsində əməyi olanlara təşəkkürünü bildirib, sakinlərə yeni ildə rahat və firavan həyat arzulayıb.

Kənd ağsaqqalı Cəmil Məmmədov sakinlər adından minnətdarlıq edərək deyib: Naxçıvan Muxtar Respublikası hərtərəfli inkişaf edir. Vənənd kəndində görülən işlər Ali Məclis Sədrinin qayğısı nəticəsində həyata keçirilib. Bu gün gözəl şəraiti olan məktəb binası, musiqi məktəbi müəllim və şagirdlərin istifadəsinə verilir. Kənd və xidmət mərkəzləri sakinlərin gündəlik qayğısına hesablanıb. Kənd yolları yenidən qurulub, asfalt örtük salınıb. Kəndin rabitə xətləri yenilənib. Tarix boyu Vənənd kəndində bu cür şərait olmayıb. Quruculuq işlərindən sonra Vənənd kəndi qəsəbə görkəmi alıb. Kəndin bugünkü siması, yaradılan şərait vaxtilə buradan köçüb gedənlərin qayıtmasına səbəb olub. Kənddəki ailə təsərrüfatları genişləndirilib, istehsal olunan məhsulların satışına şərait yaradılıb. Bütün bunlar dövlətin öz vətəndaşlarına göstərdiyi qayğının nəticəsidir.

Cəmil Məmmədov sakinlər adından Ali Məclisin Sədrini qarşıdan gələn 60 illik yubileyi münasibətilə təbrik edib.

X X X

Kənddə quruculuq işləri aparılarkən 800 metr fiber-optik, 530 metr yeraltı, 1920 metr hava rabitə xətti çəkilib, 55 yeni elektrik dayağı basdırılıb, 8100 metr elektrik xətti çəkilib, 4 transformator yarımstansiyası yenidən qurulub. Həmçinin 700 metr polietilen borularla qaz xətti çəkilib, 7210 metr qaz xəttində təmir-bərpa işləri aparılıb. Vənənddə içməli su təminatı da yaxşılaşdırılıb, 2088 metr uzunluğunda plastik borularla içməli su xətti çəkilib, 180 çıxışı olan 15 supaylayıcı qoyulub.

Dəstə Radio-Televiziya Verici Stansiyasının yeni binası istifadəyə verilib

Yanvarın 13-də Dəstə Radio-Televiziya Verici Stansiyasının yeni binasının açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib, binada yaradılan şəraitlə maraqlanıb.

Məlumat verilib ki, iki mərtəbədən ibarət bina 8 otaqdan ibarətdir. Birinci mərtəbədə transmissiya, generator və elektrik otaqları, ikinci mərtəbədə isə 2 baza stansiyası, nəzarətçi və teleradio vericiləri otaqları yerləşir. Transmissiya otağında fiber-optik sonlandırma avadanlıqları, paylayıcı və çevirici qurğular, baza stansiyalarında 2 rəqəmsal televiziya və 3 radio vericisi, mobil operatorların baza stansiyaları və köməkçi avadanlıqları, nəzarətçi otağında isə efirə nəzarət üçün 2 monitor quraşdırılıb.

150 metrlik qüllədə mobil rabitə baza stansiyalarının, televiziya və radio vericilərinin şüalandırıcıları, anten-fider sistemləri qurulub, radio-rele avadanlıqlarının qəbuledici-verici çanaq antenləri montaj olunub. Yaradılan şərait ərazidə teleradio yayımlarının kəsintisiz həyata keçirilməsinə imkan verəcəkdir.

Sonra kollektivlə görüş olub.

Ali Məclisin Sədri yeni stansiyanın istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək deyib: Bu gün istifadəyə verilən stansiya Ordubad rayonu ərazisində 12 televiziya və 10 radio yayımını təmin edir. Əvvəlki avadanlıqların yararsız vəziyyətdə olması müəyyən çətinliklər yaradırdı. Lakin stansiyada quraşdırılan müasir avadanlıqlar çətinlikləri azaltmışdır. Ona görə də avadanlıqlar öyrənilməli və onlardan düzgün istifadə edilməlidir.

Ali Məclisin Sədri deyib: Muxtar respublikamızda bu sahənin inkişafı da diqqətdə saxlanılmış, 2018-ci ildə İbadulla Radio-Televiziya Verici Stansiyası yenidən qurulmuşdur. Bu gün isə Dəstə Radio-Televiziya Verici Stansiyası istifadəyə verilir. Avadanlıqları yaxşı öyrənmək, onlara düzgün xidmət göstərmək kollektivin qarşısında duran əsas vəzifədir. Bəzi ölkələrdə analoq yayımdan rəqəmsal yayıma keçidə yenicə başlanıb. Lakin muxtar respublikada bir neçə il bundan əvvəl tam rəqəmsal yayıma keçilmişdir. Kollektiv avadanlıqlara yaxşı xidmət göstərməli, onları qorumalıdırlar.

Stansiyanın mühəndisi Qüdrət Fərzəndov çıxış edərək deyib: Dəstə Radio-Televiziya Verici Stansiyası 1981-ci ildən fəaliyyət göstərir. 39 ildir burada çalışıram. Lakin heç vaxt bugünkü kimi müasir iş şəraitimiz olmayıb. Ötən il Ali Məclis Sədrinin Sərəncamına uyğun olaraq əməkhaqlarımız artırılıb. Bu gün isə müasir stansiya istifadəyə verilir. Qüdrət Fərzəndov yaradılan şəraitə görə kollektiv adından minnətdarlığını bildirib.

Ali Məclisin Sədri muxtar respublikada digər radio-televiziya verici stansiyaların da yenidən qurulması ilə bağlı tapşırıqlar verib.

Darkənd su dəyirmanı yenidən qurulub

Naxçıvanda tarixən su dəyirmanlarından geniş istifadə olunub. Ruzi-bərəkət rəmzi kimi məişət mədəniyyətimizin ayrılmaz parçası olan su dəyirmanları həm də taxılçılığın inkişafının təzahürüdür. Taxılın su dəyirmanlarında üyüdülməsi ilə bağlı yaranan adət-ənənələr onun əhəmiyyətini bu günədək qoruyub saxlayıb. Hazırda muxtar respublikada su dəyirmanlarının yenidən bərpa olunması tarixi mirasımıza, adət-ənənələrimizə göstərilən diqqətin davamı olmaqla yanaşı, həm də insanların sağlam həyat tərzinə hesablanıb.

Yanvarın 13-də Ordubad rayonunun Darkəndində su dəyirmanı istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov kənd sakinləri ilə görüşüb, onları təbrik edərək deyib: Vaxtilə su dəyirmanından bu ərazidə yaşayan insanlar istifadə etmişdir. Ötən əsrin 90-cı illərin acı nəticələri bu cür abidələrimizə də təsir etmiş, su dəyirmanlarının fəaliyyəti dayanmışdır. Lakin bir neçə ildir ki, muxtar respublikamızda su dəyirmanlarının bərpasına başlanılıb. Bu gün isə Darkənd Su Dəyirmanı yenidənqurmadan sonra istifadəyə verilir. Muxtar respublikamızın bütün ərazisində müasir dəyirmanlar fəaliyyət göstərir. Lakin su dəyirmanlarında istehsal olunan una ehtiyacı olan insanlar var. Ona görə də su dəyirmanlarının bərpası diqqətdə saxlanılır.

Kənd sakini Qədim Sultanov deyib: Ordubad rayonunun Azadkənd, Darkənd və Aza kəndlərində taxılçılıq inkişaf edir. Əvvəllər çox çətinliklər yaranırdı. Taxılı qonşu kəndlərə apararaq üyüdürdük. Ali Məclis Sədrinin diqqət və qayğısı nəticəsində su dəyirmanının yenidən qurulması bu çətinliyi də aradan qaldırdı. Qədim Sultanov sakinlər adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Sonra açılışı bildirən lent kəsilib. Məlumat verilib ki, bu dəyirman muxtar respublikada bərpa olunan beşinci su dəyirmanıdır. Sahəsi 69 kvadratmetr olan Darkənd Su Dəyirmanının gündəlik istehsal gücü 1 tondur. Dəyirmana 157 metr məsafədən su kanalı çəkilib, ətrafı abadlaşdırılıb, kənddaxili 500 metr yol təmir olunaraq qum-çınqıl qatı verilib.

Naxçıvan inkişafın müasir mərhələsində - FOTO
Naxçıvan inkişafın müasir mərhələsində - FOTO
Naxçıvan inkişafın müasir mərhələsində - FOTO
Naxçıvan inkişafın müasir mərhələsində - FOTO
Naxçıvan inkişafın müasir mərhələsində - FOTO
Naxçıvan inkişafın müasir mərhələsində - FOTO

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Şubat 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
242526272829