SON DƏQİQƏ

naxcivanxeberleri.com

Salam, 2020! Salam, Ağbulaq kəndi! - Sara Əzimova yazır..-FOTO

Salam, 2020! Salam, Ağbulaq kəndi! - Sara Əzimova yazır..-FOTO
13-01-2020, 15:45

Salam, 2020! Salam, Ağbulaq kəndi! Bir zamanlar ağbulaqlılara xəyal kimi görünən, bu gün isə reallığa çevrilən Azərbaycanın ən müasir kəndlərindən biri olmusan. 31 dekabr gecəsi səmanda atəşfəşanlıq oldu. Bu təkcə yeni ilə xoş gəldin mesajı deyildi, həm də yeni günlərinin başlanmasının müjdəsi idi.

Əslində bu xoş günlərin əsası 2013-cü ilin yanvar ayında qoyuldu və muxtar respublikanın kənd turizminin tətbiq olunduğu ilk yaşayış məntəqəsi kimi Ağbulaqda mühüm tədbirlərin görülməsinə başlanıldı. İstifadəyə verilən Ağbulaq İstirahət Mərkəzi, məktəb binası, kənd və xidmət mərkəzləri, yolların müasir səviyyədə yenidən qurularaq asfaltlanması, internetdən istifadə imkanı hər bir ağbulaqlını sevindirir. 2018-ci ildə hər bir kənd sakininin evində yenidənqurma işləri aparıldı, həyətlər abadlaşdı, yeni təsərrüfat binaları tikildi.

Bir qədər əvvələ qayıdaraq deyim ki, 2013-cü ildən Ağbulaq naxçıvanlıların ən çox üz tutduğu ünvanlardan birinə çevrilib. Hazırda Ağbulaq İstirahət Mərkəzində populyar istirahət növləri təşkil edilir. Gənclərin burada keçirdikləri günlər daha yaddaqalan olur. Mərkəz muxtar respublikanın dövlət qulluqçularının ailələri ilə birlikdə şənbə, bazar günləri mənalı istirahətinə ev sahibliyi edir.

Hər il kəndin həyatında yeni hadisələrlə yadda qalır. Belə hadisələrdən biri də 2018-ci ilin dekabrın 5-də Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin təqdimatının keçirilməsi oldu. Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması ilə muxtar respublikada kənd turizminin bir bölgənin timsalında inkişafına nail olmaq və gələcəkdə digər kəndlərdə də tətbiq etmək istiqamətində ən mühüm hadisə kimi yadda qaldı. Həmin ilin iyul ayında Ağbulaq daha bir möhtəşəm tədbirin şahidi oldu. Burada Xizək Mərkəzinin təməli atıldı. Azərbaycanda 3-cü dağ-xizək mərkəzinin yaradılması Ağbulaqda gerçəkləşdi. Məlumdur ki, dağ xizəkçiliyinin inkişafı üçün təbii şərait mühüm amildir. Ağbulaq kəndinin relyefi və iqlim xüsusiyyətləri burada Xizək Mərkəzinin yaradılmasına geniş imkanlar açır. Hazırda dağ-xizək enişinin, kanat yolunun, xizəksürmə məktəbinin, əyləncə və uşaq parklarının yaradılması, süni qaryaratma sistemlərinin qurulması istiqamətində işlər davam etdirilir. Ərazidə turistlərin istirahəti üçün xidmət sahələri də fəaliyyət göstərəcək.

Dağ-xizək enişinin bir hissəsi hazırdır. Bu günlərdə Naxçıvanın fəal gəncləri Fərid Seyidov və Fərman Hacıyev mərkəzə ilk turlardan birini təşkil etdilər. Həmkarlarımla biz də mərkəzə yollandıq. Hər kəs həyəcanlı idi. Çünki bir zamanlar televiziya kanallarından xizək mərkəzlərini həsrətlə izləyirdik. Artıq Naxçıvanın da Xizək Mərkəzi var. Həyəcanla xizək geyimlərimizi geyindik, mərkəz təlimçilərinin müşayiəti ilə Ağbulaqda ilk dəfə xizək sürdük. Daha doğrusu, sürməyə çalışdıq. Güründüyü qədər asan olmayan bu idman növü ayaq üstə dura bilən hər bir insan üçün maraqlı və həyəcanlıdır. Tam olmasa da, ilkin vərdişlərə yiyələndik.

Hər birimiz ilk dəfə öz doğma torpağımızda xizək sürmənin sevincini yaşayırdıq. Naxçıvan Dövlət Televiziyasının baş redaktoru Ramal Məmişovla sevincimizi paylaşdıq: Həqiqətən, möhtəşəm və fərqli gün oldu. Qış aylarının ən əyləncəli məşğuliyyətlərindən biri xizək idmanıdır. Artıq Naxçıvanda bu idman növü ilə də məşğul olan gənclər yetişəcək. Bilməmiş deyilsiniz ki, 2022-ci ildə Pekində keçiriləcək Qış Olimpiya Oyunlarının proqramına bu idman növü də əlavə olunub. Kim deyə bilər ki, gələcəkdə keçiriləcək belə möhtəşəm yarışlarda naxçıvanlılar da öz güclərini sınamayacaq, muxtar respublikanın idman tarixinə yeni qələbələr yazdırmayacaq?

Yuxarıda da qeyd etdiyimiz kanat yolunun qurulması davam edir. Uzunluğu 952 metr olan kanatın başlanğıc və son dayanacaq yeri arasındakı hündürlük fərqi 267 metr olacaqdır. Kanat yolunda hər biri 4 yerlik olmaqla 58 oturacaq quraşdırılacaq. Bu da saatda 1000-dən artıq insana xidmət etməyə imkan verəcəkdir. Bunu da qürurla deyim ki, kanat yolu vasitəsilə Şahbuz rayonun əsrarəngiz gözəlliyini səmadan izləmə imkan qazanacağıq.

Axşama doğru Ağbulaq kəndindən xoş təəssüratlarla ayrılırıq. Yaxın zamanlarda yüzlərlə turistin ayaq basacağı bu yurd yerimizin xoş günləri hər birimizi sevindirir, qürurlandırır. Heç şübhə yoxdur ki, çox yaxın gələcəkdə bu kənd dünyanın ən tanınmış məkanlarından birinə çevriləcək. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin dediyi kimi: “Ağbulaq kəndində ilin bütün fəsillərində turizmi inkişaf etdirmək mümkündür. Təbiəti, havası və müasir infrastrukturu kənddə istər yaz, yay və payız, istərsə də qış turizminin inkişafı üçün geniş imkanlar açır. Qış turizminin inkişafı sahəsindəki imkanları nəzərə alınaraq kənddə dağ-xizək mərkəzinin qurulmasına başlanılmışdır. Turizmin inkişafı sahəsində həyata keçirilən tədbirlər Ağbulaq kəndini təkcə muxtar respublikada deyil, ölkəmizdə və dünyada tanıdacaqdır”.

Sara Əzimova
jurnalist



Salam, 2020! Salam, Ağbulaq kəndi! - Sara Əzimova yazır..-FOTO
Salam, 2020! Salam, Ağbulaq kəndi! - Sara Əzimova yazır..-FOTO
Salam, 2020! Salam, Ağbulaq kəndi! - Sara Əzimova yazır..-FOTO

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2020    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930