SON DƏQQƏ

naxcivanxeberleri.com

Muxtar respublikada insan hüquqları sahəsində islahatlar uğurla davam etdirilir

Muxtar respublikada insan hüquqları sahəsində islahatlar uğurla davam etdirilir
10-12-2019, 18:39

10 Dekabr Ümumdünya İnsan Hüquqları günüdür.
1948-ci il dekabrın 10-da Birləşmiş Millətlər Təşkilatı Baş Məclisi İnsan hüquqları haqqında Ümumi Bəyannamə qəbul etmişdir. Həmin tarixdən etibarən hər il dekabrın 10-u bütün dünyada “İnsan Hüquqları Günü” kimi qeyd olunur.
Demokratiya və insan hüquqları, sosial tərəqqi kimi ümumbəşəri dəyərlərə sadiq olan və hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyən Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının təmin edilməsi və müdafiəsi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərimiz tərəfindən həyata keçirilmiş hüquq islahatları Azərbaycanda demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyətinin möhkəmləndirilməsinə, insan hüquq və azadlıqlarının səmərəli müdafiəsinə yönəlmiş yeni hüquq sisteminin formalaşmasına zəmin yaratmışdır.
Ötən əsrin sonlarında dövlət müstəqilliyini yenidən bərpa edən Azərbaycan Respublikası demokratik, hüquqi və dünyəvi dövlət quruculu¬ğu yolunu seçmiş, Birləşmiş Millətlər Təşkilatının İnsan hüquqları haqqında Ümumi Bəyannaməsinə və digər beynəlxalq konvensiyalara qoşulmuşdur.
1995-ci ildə ümummilli lider Heydər Əliyevin müəllifi olduğu ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının ilk milli Konstitusiyasında İnsan hüquqları haqqında Ümumi Bəyannamənin müddəaları əks etdirilmiş və dövlətimizin ali məqsədlərindən biri kimi məhz insan haqlarının qorunması təsbit edilmişdir. Üçdə bir hissəsi insan hüquq və azadlıqlarına həsr edilmiş bu Konstitusiya ölkəmizdə insan hüquq və azadlıqlarına əsaslanan yeni dövlət quruculuğunun əsasını qoymuşdur.
Qeyd olunmalıdır ki, insan hüquqlarının təminatı məsələsi hər bir dövlətin ən başlıca vəzifəsi olmaqla onun fəaliyyətinin əsas prioritetini təşkil edir. İnsan hüquq və azadlıqlarına verilən böyük əhəmiyyətin təzahürü olaraq Ulu Öndər tərəfindən imzalanan “İnsan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” 1998-ci il 22 fevral tarixli Fərman və “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Pro¬qramının təsdiq edilməsi haqqında” 1998-ci il 18 iyun tarixli Sərəncam ölkəmizdə bu sahədə həyata keçirilən tədbirlərin mahiyyətini və konsepsiyasını dəqiq müəyyənləşdirməklə insan hüquqlarının davamlı inkişafını təmin etmiş, bu sahədə qanunvericilik və institusional islahatlara təkan vermişdir.
1996-2000-ci illərdə insan hüquq və azadlıqlarının, demokratik təsisatların təminatı ilə bağlı mühüm beynəlxalq konvensiyalara, sazişlərə qoşulan Azərbaycan Respublikası 2001-ci ildə “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasını ratifikasiya etmişdir. Avropa Şurasının bu mühüm sənədinə münasibət bildirməklə Azərbaycan beynəlxalq təşkilatla sıx əməkdaşlığa hazır olduğunu və insan hüquqlarının qorunması sahəsində öz üzərinə götürdüyü öhdəliklərə sadiqliyini bir daha bəyan etmişdir.
Bu gün Azərbaycanın müasir inkişafı dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilmişdir. Ulu öndər Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ötən müddətdə ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması sahəsində kompleks tədbirlər həyata keçirilmişdir. Ölkə başçısı tərəfindən 2006-cı ildə qəbul edilmiş “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı” və 2011-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, universal və regional səviyyədə yeni əməkdaşlıq strategiyasının qurulmasına, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin yaradılmasına xidmət etmişdir.
Ötən dövr ərzində ölkəmizdə insan hüquq və azadlıqlarının səmərəli müdafiəsinin təmini ilə bağlı həyata keçirilmiş islahatlar Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilmiş, hüquq institutları təkmilləşdirilmiş, insan hüquq və azadlıqlarının müdafiəsi mexanizmlərinin və ədalət mühakiməsinin səmərəliliyi artırılmış, əhalinin yüksəkkeyfiyyətli hüquqi yardımla təmin edilməsi istiqamətində geniş tədbirlər həyata keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təşəbbüsü ilə 2006-cı ildə muxtar respublikada insan hüquqlarının müdafiəsi üzrə orqanlar sistemində yeni və müstəqil məhkəmədənkənar alternativ hüquq müdafiə vasitəsi olan Müvəkkil təsisatı yaradılmışdır. Ötən dövrdə təsisatın fəaliyyətinin təkmilləşdirilməsi diqqət mərkəzində saxlanılmış, “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununa edilmiş dəyişikliklərlə təsisatın səlahiyyətləri daha da artırılmışdır.
Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi və demoqrafik inkişaf hüquq institutlarının təkmilləşdirilməsini, insan hüquqlarının müdafiəsi mexanizmlərinin və ədalət mühakiməsinin səmərəliliyinin artırılmasını, əhalinin yüksək keyfiyyətli hüquqi yardımla təmin edilməsini zəruri etmiş, bu məqsədlə 2 noyabr 2006-cı il tarixdə ölkə prezidenti tərəfindən “Naxçıvan Muxtar Respublikasında hüquq institutlarının inkişafı haqqında” Fərman imzalanmış, bu Fərman muxtar respublikada bu istiqamətdə inkişafı təmin etmişdir.
Bu gün muxtar respublikamızda Ombudsman təsisatı vətəndaşlarla dövlət və yerli özünüidarəetmə orqanları arasında bir körpü yaratmaqla, bu qurumların insan hüquqlarının müdafiəsi işinin daha səmərəli təşkili və həyata keçirilməsi, o cümlədən, bu sahədə fəaliyyətinin davamlı təkmilləşdirilməsinə xidmət edir.
Naxçıvan Muxtar Respublikasında əhalinin müxtəlif sosial qruplarının hüquqlarının müdafiəsi istiqamətində də mühüm işlər görülür. “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq muxtar respublikada işsizliyin aradan qaldırılması, əhalinin səmərəli məşğulluğunun təmin edilməsi istiqamətində uğurlu tədbirlərin həyata keçirilməsi cari ildə də davam etdirilir. Belə ki, muxtar respublikada ailə təsərrüfatlarının yaradılması onların maddi rifah halının yüksəlməsinə yönəlmiş əsas tədbirlərdəndir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunması, “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı”nın qəbul olunması müxtəlif təsərrüfat sahələrində çalışan ailələr üçün yeni imkanlar açmışdır.
Ötən dövr ərzində muxtar respublikada sosial qayğıya ehtiyacı olan vətəndaşların, o cümlədən məhdud fiziki imkanlı şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, onların cəmiyyətə inteqrasiyası istiqamətində həyata keçirilən tədbirlər davam etdirilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən imzalanan sərəncamlarla “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı” və “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı” qəbul olunmuşdur. Dövlət proqramlarının icrasına uyğun olaraq bu kateqoriyadan olan şəxslərin sosial təminatının yaxşılaşdırılması, onların minik avtomobilləri və texniki-bərpa vasitələri ilə təmin edilməsi, təhsil almaları, məşğulluq imkanlarının yüksəldilməsi, istedad və bacarıqlarının inkişaf etdirilməsi, habelə asudə vaxtlarının səmərəli təşkili üçün hərtərəfli şərait yaradılmışdır.
Naxçıvan Muxtar Respublikasında həyata keçirilən dövlət qadın siyasəti qadınlarımızı cəmiyyətin fəal üzvünə çevirir, onların ictimai həyatda da iştirakını təmin edir. Milli və xalq tətbiqi sənəti növləri üzrə qadınlar arasında özünüməşğulluğun inkişaf etdirilməsi, onların rifah hallarının yüksəldilməsi üçün hər il istedadlı qadınların əl işlərindən ibarət yaradıcılıq müsabiqələri, sərgi-satışlar təşkil olunur, mədəni-kütləvi tədbirlərdə onların sənət əsərləri nümayiş etdirilir. Bu gün müstəqillik və dövlətçilik ideyaları ətrafında sıx birləşən Naxçıvan qadınları onlar üçün yaradılan şəraitdən səmərəli istifadə edir, dövlət quruculuğunda, cəmiyyətin ictimai-siyasi həyatında fəal iştirak edərək muxtar respublikamızın sosial-iqtisadi, elmi-intellektual potensialının artırılmasına, mədəniyyətimizin inkişafına öz töhfələrini verirlər.
Bu gün muxtar respublikada gənclər siyasəti də uğurla həyata keçirilir, gənclərin milli ruhda tərbiyəsi diqqət mərkəzində saxlanılır. Gənclərin ictimai-siyasi, iqtisadi və mədəni həyatda fəal iştirakı, sosial problemlərinin həlli, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramlarının qəbul olunması, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin irəli çəkilməsi və xidmətlərinin qiymətləndirilməsi, bütövlükdə, muxtar respublikada gənclərlə iş sahəsində həyata keçirilən tədbirlərin əsasını təşkil edir.
Qeyd etmək lazımdır ki, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı tərəfindən mütəmadi olaraq hüquq olimpiadalarının, bilik yarışlarının, intellektual oyunların həyata keçirilməsi gənclərin asudə vaxtlarının səmərəli təşkilinə və gənclər arasında insan hüquq və azadlıqlarının təbliğinə xidmət edir.
Muxtar respublikada məhkumların saxlanma şəraitinin beynəlxalq standartlara uyğunlaşdırılması və onların yaşayış yerlərinə yaxın ərazilərdə saxlanılması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. 2008-ci ildə məhkumların və saxlanılan şəxslərin hüquqlarının təmin edilməsi məqsədilə müasir standartlara cavab verən Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsi ölkəmizdə ilk dəfə olaraq muxtar respublikamızda istifadəyə verilmişdir. 2016-cı ildə Penitensiar Xidmətin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində yeni yaradıcılıq və istehsalat binası istifadəyə verilmiş, məhkumlara xalçaçılıq və misgərlik sənəti üzrə kurslar təşkil olunmuş, onların istehsalat sahəsində hazırladıqları əl işləri muxtar respublikada keçirilən müxtəlif sərgilərdə nümayiş etdirilmişdir.
Miqrantların hüquq və azadlıqlarının qorunması və təminatı da diqqət mərkəzində saxlanılmış, saxlanılan miqrantların hüquqlarının təmin edilməsi məqsədilə 2016-cı ildə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrantların Saxlanılması Mərkəzi istifadəyə verilmişdir. Qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun olaraq mərkəzdə hər cür şərait yaradılmış, burada sosial-məişət otaqları, könüllü və məcburi saxlanılanlar üçün yataq otaqları, görüş, tibb, uşaq-əyləncə, yoxlama, sorğu, karantin, növbətçi və istirahət otaqları, yeməkxana, bərbərxana, ərzaq və əşya anbarları istifadəyə verilmişdir.
Muxtar respublikada azad mətbuatın fəaliyyət göstərməsi, söz və fikir azadlığının təmin olunması, sürətli internetə çıxış imkanlarının yaradılması insan hüquqlarının və azadlıqlarının qorunması sahəsində həyata keçirilən tədbirlərin tərkib hissəsi kimi mühüm əhəmiyyət daşıyır. Ötən dövrdə milli mətbuatın yubileylərinin dövlət səviyyəsində qeyd olunması, 2005-ci ildə Naxçıvan Mətbuat Şurasının, 2007-ci ildə Televiziya və Radio Şurasının yaradılması, 2012-ci ildə “Şərq qapısı” qəzetinin internet saytının fəaliyyətə başlaması, 2016-cı ildə Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsi üçün yeni internet saytının yaradılması və teleradio verilişlərinin internet üzərindən yayıma başlaması, 2018-ci ildə muxtar respublikanın ilk informasiya agentliyinin - “Nuhçıxan” İnformasiya Agentliyinin və onun internet saytının yaradılması, 2019-cu ildə isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması Ali Məclis Sədrinin mətbuata və kütləvi informasiya vasitələrinə göstərdiyi diqqət və qayğısının parlaq təzahürü olmaqla yanaşı, həm də ictimai tribuna kimi insan hüquqlarının təminatı sahəsində görülən işlərin davamıdır.
Muxtar respublikanın iqtisadi inkişafı, sosial-iqtisadi layihələrin ardıcıl həyata keçirilməsi əhalinin rifah halının getdikcə yaxşılaşmasına, nəticə etibarilə, insan hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsi və etibarlı müdafiəsinə geniş imkanlar yaratmışdır. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı tərəfindən insan hüquq və azadlıqlarının etibarlı təmin edilməsi istiqamətində işlər daim diqqət mərkəzində saxlanılacaq, bu sahədə səmərəli hüquqi mexanizmlərin tətbiqi bundan sonra da davam etdiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) mətbuat xidməti

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930