SON DƏQİQƏ

naxcivanxeberleri.com

Rövnəq Abdullayev: "Uzunmüddətli əməkdaşlıq modellərinin tətbiqinə tam şəkildə açığıq"

Rövnəq Abdullayev:
10-12-2019, 13:50

"Böyük məmnuniyyətlə bildirmək istəyirəm ki, SOCAR olaraq dəyər zəncirinin bütün həlqələrini – geofizika, quyuların qazılması, əməliyyatların və layihələrin idarəolunması, SƏTƏM, nəql və emal sahələrini əhatə edən idarəetmə və qəraralma proseslərində rəqəmsallaşmaya nail olmaq üçün müvafiq yol xəritəsi üzərində müxtəlif texnoloji partnyorları cəlb etməklə böyük əzmlə çalışırıq".

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu Bakıda "Baker Hughes" tərəfindən təşkil olunan "Energy Forward" neft-qaz texnologiyası tədbirində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bildirib.

"Sevindirici haldır ki, bu sahədə böyük təcrübəyə malik texnologiya şirkətlərindən biri olan "Baker Hughes" bu tədbiri neftin-qazın kəşfiyyatı və hasilatı üzrə ən qədim tarixə malik olan Bakı şəhərində keçirməyə qərar vermişdir.

Hesab edirəm ki, texnologiya ilə zəngin bir gündəliyə malik olan bu tədbir gələcək illərdə Azərbaycanda və dünyada neft əməliyyatlarının təhlükəsiz, səmərəli, etibarlı və məhsuldar bir şəkildə uğurla davam etdirilməsinə müsbət töhfə verəcək. Azərbaycanda sənaye üsulu ilə 2 milyard tondan çox neft və 900 milyard kubmetrə yaxın təbii qaz hasil edilib. Bu gün bizim işlənmədə, lakin ehtiyatları tükənmək üzrə olan yataqlarımızın sırasına yüz illərlə tarixə malik "Bibiheybət", "Balaxanı", "Suraxanı" kimi yataqlar var. Bu yataqlar yüksək su tərkibli olmasına baxmayaraq hələ də məhsuldar laylara malik, aqressiv korroziya və eroziya mühiti ilə səciyyəvi yataqlardır.

Bu sıraya ağır neftli qeyri-ənənəvi yataqlar, sahilə yaxın yerləşən dayazsulu və özünəməxsus xüsusiyyətlərə malik olan “Bahar”, “Qərbi Abşeron” yataqları, nəhəng Neft Daşları, “Səngəçal-Düvannı-Xərə Zirə” yataqları, “Günəşli” yatağının dayazsulu hissəsi və nəhayət “Bulla”, “Şahdəniz”, “Ümid”, “Abşeron” kimi son dərəcə çətin, yüksək təzyiqli və yüksək temperaturlu yataqlar da daxildir.

Bütün bunlar indiyə qədər misli görünməmiş, lakin həllini gözləyən çağırışlar deməkdir. Hal-hazırda bir çox aktiv kəşfiyyat işləri həyata keçirilir və planlaşdırılır. Gələcəkdə bizi daha yeni və fərqli çağırışlar və imkanlar da gözləyir", - o deyib.

O xatırladıb ki, bu ilin əvvəlində “Ümid” yatağında SOCAR tərəfindən 6811 metr dərinliyə rekord səviyyədə məhsuldarlığa malik “Ümid-16” qaz-kondensat quyusu və "Total" ilə birgə “Abşeron” yatağında son nəsil "Heydər Əliyev" yarımdalma qazma qurğusundan 7411 metr dərinliyə qədər qazılmış ən dərin sualtı kəşfiyyat quyusu qazılıb.

SOCAR-ın prezidenti həmçinin qeyd edib ki, Xəzər dənizində SOCAR-ın Qazma tresti tərəfindən “Bulla-91” kəşfiyyat quyusunda "Baker Hughes" ilə birgə quyu dibi təzyiqlərin idarəolunması ilə qazma texnologiyası uğurla tətbiq edilməkdədir. "Bunlar bizim ən son texnoloji yeniliklərin tətbiq olunması ilə əldə etdiyimiz mükəmməl birgə nailiyyətlərimizdir.

Əlbəttə ki, bu nailiyyətlər yeni texnologiyaların tətbiqi sayəsində mümkün olub, lakin eyni zamanda bu uğurların qazanılmasında davamlı olaraq yeni əməkdaşlıq formalarının tətbiqi də mühüm rol oynayıb. Burada ən böyük beynəlxalq neft şirkətləri, podratçı şirkətlər, xidmət və təchizat şirkətləri, elmi araşdırma qurumları, həmçinin təhsil qurumları ilə əməkdaşlıq modellərini qeyd edə bilərəm.

Biz dünən olduğu kimi, bu gün də uzunmüddətli əməkdaşlıq modellərinin tətbiqinə tam şəkildə açığıq. Bilirik ki, hasil etdiyimiz karbohidrogen ehtiyatlarının hər bir barrelinə nisbətən növbəti barreli hasil etmək daha çətindir. Odur ki, daha səmərəli, daha dayanıqlı və daha innovativ metodlarla çalışmalıyıq. Yalnız bu şəkildə mövcud uğurları davam etdirərək, yeraltı sərvətlərdən daha çox dəyər əldə edə bilərik.

Təsəvvür edin ki, Azərbaycanda 2 milyard tondan çox neft hasil edilib. Bu, tək bizim üçün deyil, dünyanın bütün digər neft hasilatı ölkələri üçün də böyük rəqəmdir. Ancaq eyni zamanda bu o deməkdir ki, əgər biz hazırda çıxarılabilən neftin misal üçün 50 faizini hasil etməyi bacarırıqsa, deməli, yerin altında hələ hasil oluna bilməyən daha 2 milyard ton neft ehtiyatı mövcuddur. Ortaya belə bir sual çıxır ki, nə üçün biz mövcud texnologiyaların sərhədlərini genişləndirməyək və daha çox ehtiyatları hasil etmək üçün iqtisadi cəhətdən sərfəli olan yeni yollar axtarıb tapmayaq?"

R.Abdullayev bildirib ki, sənaye 4.0 erasının bizə verdiyi misilsiz fürsətlər – big data - böyük verilənlər bazasının rəqəmsal analizi, elastik bulud texnologiyaları, yeni məlumatların emal, interpretasiya texnologiyaları və süni zəka - bu alətlər və yanaşmalar bizdən tələb edir ki, daha faydalı nəticələr almaq üçün yeni alətlər və yeni yanaşmalar yaradaq.

"Qlobal birliyin iqlim dəyişiklikləri ilə bağlı getdikcə artan narahatçılığı da başa düşürük və SOCAR olaraq bilirik ki, dayanıqlı və mənfəətli şirkət eyni zamanda təhlükəsiz iş mühitinə malik olmalı, ətraf mühitə və ictimai problemlərə dərin məsuliyyət hissi ilə yanaşmalıdır.

Bizim uğur yolumuz məqsədəuyğun texnologiya və partnyorluqların tətbiqindən keçir. Eyni zamanda biz bu uğuru tərəfdaşlarımız və aparıcı şirkətlərlə birlikdə qazanmaq istəyirik. Biz, çox ilklərə imza atmış ölkə olaraq bu gün əməkdaşlıq və böyümə sayəsində öz aparıcı mövqeyimizi möhkəmləndirmək istiqamətində inamla irəliləyirik",- SOCAR-ın prezidenti əlavə edib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ocak 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031