SON DƏQİQƏ

naxcivanxeberleri.com

Muxtar respublikada qış ayları üzrə aqrotexniki tədbirlər necə həyata keçirilməlidir?

Muxtar respublikada qış ayları üzrə aqrotexniki tədbirlər necə həyata keçirilməlidir?
8-12-2019, 09:00

“İnsanın yaxşı həyatını təmin edən amillərdən biri də ekoloji vəziyyət,
sağlamlıq və təbiətin, ətraf mühitin qorunmasıdır”
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev


Bütün canlılar mühitin təsirindən dəyişikliyə uğramaqla yanaşı, öz növbəsində yaşadıqları əraziyə, formalaşdıqları mühitə təsir edərək, onun dəyişilməsində müəyyən qədər rol oynayırlar. Ətraf mühitin dəyişilməsinə edilən belə təsirlər bilməyərəkdən, qeyri-şüuri və bilərəkdən, şüurlu surətdə olur. Bilməyərəkdən, qeyri-şüuri təsirlər bitkilərə, heyvanlara və mikroorqanizmlərə, bilərəkdən, yəni şüurlu surətdə təsirlər isə insanlara məxsusdur. İnsan məskunlaşdığı və fəaliyyət göstərdiyi bütün ərazilərdə, ən ekstremal vəziyyətdə belə özü üçün müəyyən şərait yaratmaq istəyir. İlkin olaraq insan ev tikir və qida axtarır. Rəvayətə görə ilk insan olan Adəm peyğəmbər ölüm yatağında olarkən oğlanlarını çağırır və tapşırır ki, həyətdəki meyvələrdən gətirin, yeyib sağalım. Oğlanları peyğəmbərin tapşırığına əməl edib müxtəlif meyvələr gətirirlər. Burada iki məqam xüsusilə diqqət çəkir. Əvvəla, ilk insan qidalanmaq üçün öz həyətində meyvə ağacları əkib, ikincisi, onlar qidalanmaqla yanaşı, həm də bitkilərin müalicəvi xüsusiyyətlərindən də bəhrələniblər.
Kim torpağı becərirsə, orada bitki əkir, toxum səpir, torpağın yatmış və heç vaxt bilinməyəcək potensial enerjisini üzə çıxarmaqla onu bitkilər vasitəsilə insanların istifadə edə biləcəyi formaya salırsa, o cəmiyyət üçün ən xeyirli insandır. Şübhəsiz ki, təbiət insanlığa əvəzolunmaz nemətlər də bəxş etmişdir. Bu danılmaz faktdır ki, bitkilərin əmələgəlmə tarixi insanlığın tarixindən çox qədimdir. Təbii meşələrimiz, qiymətli dərman və yem mənbəyi olan dağ-çəmən bitkiliyi buna misaldır. Bax bu nemətlər də sonunda insanlar üçündür.
Respublikamızda yaşıllaşdırma üzrə bir çox tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanımı Mehriban Əliyevanın dekabrın 6-da ağacəkmə aksiyasının keçirilməsində iştirak etmələri ekologiyaya göstərilən dövlət qayğısının bariz nümunələrindəndir. Naxçıvan Muxtar Respublikasında da ekologiyanın zənginləşdirilməsi diqqətdə saxlanılır. Aparılan tədbirlərin nəticəsidir ki, muxtar respublika ərazisinin 20 faizə yaxını yaşıllıqlardan ibarətdir. Muxtar respublikada payız aylarından başlayaraq müxtəlif ərazilərdə yeni-yeni ağac tingləri əkilir və meyvə bağları salınır. Bağların salınması və yaşıllıqların artırılması nəticəsində füsünkar təbiəti ilə göz oxşayan muxtar respublika yaxın gələcəkdə öz təbiətini və bitkilər aləmini daha da zənginləşdirəcəkdir.
Yeni ağac tinglərinin əkilməsi ilə yanaşı ən mühüm məsələlərdən biri də onların normal inkişaflarını təmin etmək üçün aqrotexniki qaydalara vaxtında əməl etməkdir. Bildiyimiz kimi hər bir ərazinin özünəməxsus coğrafi mövqeyi və torpaq-iqlim xüsusiyyəti vardır. Bəs muxtar respublikada bağ, park və həyətyanı sahələrdə aylar üzrə aqrotexniki qaydalar necə həyata keçirilməlidir? Mövsümü nəzərə alaraq qış ayları üçün keçirilməsi vacib olan aqrotexniki qaydalar haqqında bəzi tövsiyələr vermək istəyirik.
Dekabr ayı üzrə. Hava şəraiti imkan verdikcə noyabr ayından qalan işlər – budama, formavermə, ağacların gövdə ətrafının və cərgəaralarının şumlanması və başqa işlər davam etdirilir. Aran zonalarda ağac əkini aparılır. Saxlayıcılarda tədarük olunmuş meyvə-tərəvəz məhsullarının, toxumların, çubuqların, tinglərin istilik və rütubət rejiminə nəzarət olunur. Saxlayıcılarda temperatur müsbət 2-5ºC, nisbi rütubət isə 60-70% arasında olmaqla, hava cərəyanı dövr etməlidir. Çürümüş, kiflənmiş məhsullar seçilərək atılmalıdır. Saxlayıcılarda temperatur yüksəldikdə pəncərə və qapılar açılır, məhsul qarışdırılır, çürüklərdən təmizlənir və temperatur nizamlandıqdan sonra qapıpəncərələr bağlanır.
Yanvar ayı üzrə. Bağçılıq sahəsində nisbətən sakit aylardan biridir. Bu ayda əsasən bitkilərin şaxtadan və qardan mühafizə tədbirləri, dekabr ayından yarımçıq qalmış işlərin – üzvi və mineral gübrələrin verilməsi, qurumuş, sınmış və digər lazımsız budaq və ağacların kəsilərək ərazidən kənarlaşdırılması, bitkilərin gövdəətrafı və cərgəaralarının şumlanmasının davam etdirilməsindən ibarətdir. Bununla yanaşı, bağa lazım olan miqdarda zəhərli-kimyəvi preparatların, bağ alətlərinin və sairə alınması, yeni bağ və bostan sahəsi üçün yerlərin seçilməsi, hazırlanması işləri görülür. Otaq bitkilərinə qulluq davam etdirilir. Dibçəklərin saxlandığı otaqlarda temperatur 15-20ºC arasında saxlanılır. Otağın temperaturu məcburən 20ºC-dən yuxarı olduqda, bitkilər 7-10 gündən bir suvarılır. Xəstəlik və zərərverici yoluxmuş bitkilər günün isti saatlarında açıq havaya çıxarılaraq dərmanlanır və bir neçə saatdan sonra öz yerinə qaytarılır. Otaq bitkilərinin bir qabdan başqasına və açıq qruntdan çıxarılmış bitkilərin qablara köçürülməsi işləri də bu ayda aparıla bilər. Otaq şəraitində bitkilərin həm toxumla, həm də çiliklərlə çoxaldılması işləri də yanvar ayında mümkündür. Məlumdur ki, torpaq-iqlim şəraitindən, bağın təyinatından (meyvə bağı, bəzək bağı, qış bağı, qarışıq bağ və ya bağça və s.) asılı olaraq heç də bağlardakı işlər eyniyyət təşkil etmir. Elə bağlar ola bilər ki, bu ayda ora qarla tam örtülü olar (dağlıq zonalar), elə bağlar da olar ki, artıq torpaq və ağaclar üzərində iş görmək olar (aran zonalar). Ona görə də aylar üzrə bağlarda, həyətyanı sahələrdə, parklarda və başqa ərazilərdə görüləcək işlərin təqvim vaxtı dəyişə bilər, yəni, təqvim üzrə görüləcək işlər mütləq deyildir. Bununla belə şərait yarandığı təqdirdə hər ayın özünə aid vacib işlər görülməlidir.
Fevral ayı üzrə. Bu ay yaz işlərinə hazırlıq ayıdır. Temperatur yüksəldikcə, məcburi sükunətdə olan bitkilər də oyanmağa başlayır. Ona görə də bütün budama, formavermə, belləmə, qış suvarmaları yekunlaşdırılmalıdır. Yeni salınacaq bağ, bostan sahələri əkinə hazırlanmalıdır, bunun üçün əkiləcək bitkilərin yerləri nişanlanır, çalalar qazılır, şırımlar açılır və çalaların və şırımların kənarlarına lazım olan qədər üzvi gübrələr yığılır. Ağaclar quru, zədəli qabıqlardan təmizlənir və aran zonalarda qış müalicəsi aparılır. Yəni, tumurcuqlar şişdiyi ərəfədə ağaclar əvvəlcə 1%-li DNOK, bir həftə sonra isə 3%- li Göydaş məhlulu ilə çilənir (bu çiləmə ancaq yarpağını tökən bitkilərdə aparılır). Bu ayda payızdan anbarlarda saxlanılmış əkin-səpin materialları da yoxlanılır, yararlı olanları seçilib təmizlənir və əkinə hazır vəziyyətə gətirilir.
Yaddan çıxarmamalıyıq ki, bütün tip torpaqların fiziki-mexaniki xüsusiyyətlərini aqrotexniki tədbirlər kompleksi (torpaqların yuyulması, qurudulması, mineral və üzvi gübrələrin tətbiqi və s.) vasitəsilə tam dəyişmək, yaxşılaşdırmaq mümkündür.


Lamiyə Quliyeva
Naxçıvan Müəllimlər İnstitutunun baş müəllimi
Azərbaycan Botaniklər Cəmiyyətinin üzvü

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31