SON DƏQİQƏ

naxcivanxeberleri.com

Yuxu sağlamlığın əsas şərtlərindən biridir

Yuxu sağlamlığın əsas şərtlərindən biridir
7-12-2019, 14:14

Sağlam həyat tərzi üçün düzgün qidalanmaq, zərərli vərdişlərdən uzaq durmaq, idman etmək və normal yuxu yatmaq lazımdır. İnsan həyatının təxminən üçdə biri yuxuda keçir, buna baxmayaraq, normal yuxu olmadan sağlam həyatdan danışmaq olmaz. Babək Rayon Mərkəzi Xəstəxanasının həkim-terapevti Vəliqulu Həsənov düzgün yuxu rejimi və bu sahədəki suallarımızı cavablandırdı.
- Həkim, normal yuxu neçə saat olmalıdır?
Sağlam olmaq üçün 8 saat yatmaq lazımdır. Bu müddətin 1-2 saatı gecəyarısına qədər olmalıdır. Bu vaxt bir saat yatmaq gecəyarısından sonrakı üç saat yuxunu əvəz edir. Düzgün yuxu saatı uşaq və böyüklərə görə fərqli olur. Yeni doğulan körpələrin daha çox yuxuya ehtiyacı vardır. 0-3 aylıq körpəyə 14 saatdan 17 saatadək yuxu tövsiyyə olunduğu halda, 4-11 aylıq uşağın 12-15 saat yuxu yatması məqsədəuyğundur. Məktəb yaşlı uşaqlar 9-11 saat, yeniyetmələr 8-10 saat yuxu yatmağı məsləhət görülür. Gənc və yaşlı insanlara 7-9 saat yuxu yatmaq tövsiyyə edilir. Lakin 6 saatdan az, 11 saatdan çox yatmaq yaxşı deyil.
- Bəs, düzgün yuxu yatmaq üçün hansı şərtlərə əməl etmək lazımdır?
Yuxu insan sağlamlığı üçün vacibdir. Bunun üçün də maksimum rahatlığa əməl etmək lazımdır. Təmiz, geniş, tez-tez havası dəyişdirilən otaqda yatmaq məqsədəuyğundur. Gecə yatarkən geyinilən paltar sərbəst olmalıdır. Yastıq bərk və yastı olmalıdır ki, boyun damarları sıxılmasın, ürək gücə düşməsin, həmçinin boyun fəqərələri burxulmasın. Yataq da kifayət qədər sərt olmalıdır ki, həyati vacib orqanlar sıxılmasın, onurğa fizioloji vəziyyətini saxlasın. Tam sakitlikdə yatmaq çox gözəldir. Bəzən bəzi hallarda (təyyarədə, qatarda, səs-küy çox olan yerdə) yuxu zamanı telefon qulaqlıqlarından istifadə edilir. Bunu qısa müddətli yuxu üçün (yarım saat) etmək olar, uzun müddət bu formada yuxu yatmaq isə düzgün deyil. Çünki vibrasiya əsəb və ürək qan-damar sisteminə mənfi təsir göstərir.
Yuxu zamanı baş beyində və beyin qabığında tormozlanma baş verir, sinir hüceyrələri enerji ehtiyyatlarını bərpa edir. Zehni və fiziki yorğunluq, zəif qüvvəli monoton qıcıqların uzun müddətli təsiri yuxuya getməyə kömək edən amillərdir. Məsələn, yağışın səsi, həzin musiqi. Ana uşağı sol qoluna saldıqda onun ürək tonları uşağın daha tez yuxuya getməsinə səbəb olur. Xarici qıcıqlar olmadıqda isti, sakit, qaranlıq yerdə yuxu daha tez gəlir.
- Yuxusuzluq bir çox insanın narahatlığına səbəb olur. Yuxu pozğunluğundan şikayətlənən insanlara tez-tez rast gəlirik. Bəs, yuxu pozğunluğu yaradan amillər hansılardır? Bunlardan necə xilas olmaq olar?
Yuxusuzluq orqanizmin immun sisteminə kifayət qədər mənfi təsir göstərən amillərdən biridir. Yuxusuzluq problemi olan insanlarda xəstəliklərə, viruslara yoluxmaq riski daha çoxdur. Stress, gərginlik, əsəbilik, depressiya, emosional faktorlar yuxu rejimini pozan əsas amillərdir. Bunun üçün əhval-ruhiyyəni daim yüksək tutmaq, sevdiyiniz işlə məşğul olmaq, problemlərin həlli yolunu tapmaq, iradəli olmaq, özünüz üçün günlük yuxu və fəaliyyət rejimi qurmaq lazımdır. Həftəsonları belə yuxu rejimini pozmamaq, eyni vaxtda və şaraitdə yatmaq, yatmağa başlarkən gün ərzində baş verənlər və sabahkı planlar barədə fikirləşməmək, sakitləşmək, əzələləri boşaltmaq tez və dərin yuxu üçün əhəmiyyətlidir. Özünütəlqin və autogen məşq yolu ilə də dərin yuxuya getmək mümkündür.

Lalə Allahverdiyeva

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31