SON DƏQİQƏ

naxcivanxeberleri.com

Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyi qədim bölgənin keçmişini yaşadan mühüm saxlanc yeridir-FOTOLAR

Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyi qədim bölgənin keçmişini yaşadan mühüm saxlanc yeridir-FOTOLAR
7-12-2019, 13:49

Tarixin yadigarları onu yaradan, yazan xalqın gələcək nəsillərə əmanət etdiyi ən etibarlı mənbələrdəndir. Belə dəyərli mənbələrin saxlanc yeri isə muzeylərdir. Zəngin tariximizin və mədəni irsimizin öyrənilməsi, gələcək nəsillərə ötürülməsi baxımından muzeylər böyük əhəmiyyətə malikdir. Hazırda muxtar respublikamızda qədim diyarımızın zəngin tarixinin, mədəniyyətinin çoxşaxəli inkişaf yolunu əks etdirən onlarla belə mədəniyyət müəssisəsi var. Onlardan biri də Şərur Rayon Tarix-­Diyarşünaslıq Muzeyidir.

Burada olarkən muzeyin direktoru Nuran Əliyevlə söhbət zamanı öyrəndik ki, 1978-ci ildə rayon Mədəniyyət Şöbəsinin nəzdində ictimai əsaslarla yaradılan muzey 1980-ci ildə ulu öndər Heydər Əliyevin müvafiq sərəncamından sonra dövlət müəssisəsi olaraq fəaliyyətə başlayıb. Rayon ərazisində qədim insanların əmək fəaliyyətini və həyat tərzini əks etdirən, maddi mədəniyyət nümunələri ilə zəngin olan muzeydə tarixin dərin qatlarından soraq verən 7300-dən çox eks­ponat qorunub saxlanılır. Onlardan 4000-dən çoxu muzeyin bir-birindən maraqlı 13 guşəsində nümayiş olunur.

Muzeyin ən dəyərli guşəsi ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş guşədir. 2002-ci ildə ulu öndərin Naxçıvana səfəri zamanı Şərur torpağında olmasına dair fotomaterial­lar böyük bir ekspozisiya təşkil edir. Ulu öndər Heydər Əliyevin ailəsinə, onun uşaqlıq və gənclik illərinə aid stendlər, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrü əhatə edən materiallar, imzaladığı qərar və sərəncamlar, Azərbaycanın tanınmış oftal­moloqu, görkəmli akademik Zərifə xanım Əliyeva haqqında yazılan kitablar buradakı ən dəyərli, qiymətli eksponatlardandır.
Direktorla guşələri gəzərkən Şərur rayonunun flora və faunasının tarixini əks etdirən təbiət bölməsində nümayiş olunan müxtəlif eksponatlarla tanış olduq. Burada molyusktipli, daşlaşmış heyvan qalıqları, təbiət hadisələrinin təsiri nəticəsində müxtəlif forma almış daş fiqurlar, gürz və dən daşları yer alıb.
Arxeologiya bölməsi isə Şərur rayonu ərazisində yerləşən tarixi abidələrdə arxeoloji qazıntılar nəticəsində əldə edilən materiallarla diqqət çəkir. Bu bölmə Paleolit, Neolit, Eneolit, Tunc və Dəmir dövrlərini əhatə edən eksponatlardan ibarətdir. Qədim insanlara aid daşdan hazırlanmış əmək alətləri, tunc məmulatlar, IV- III minilliyə aid keramika nümunələri, tuncdan və muncuqlardan hazırlanmış bəzək əşyaları bölmənin qiymətli eksponatlarıdır. Burada nümayiş olunan Oğlanqala və Maxta Kültəpəsindən aşkar edilmiş boyalı qablar Şərurda sənətkarlığın yüksək inkişafından xəbər verir.
Rayonun etnoqrafiyasına həsr edilən digər bölmədə nümayiş olunan eksponatlar XVII-XX əsrlərin əvvəllərini əks etdirir. Nuran Əliyev deyir ki, bu eksponatlar rayon əhalisi tərəfindən muzeyə hədiyyə olunub. Bölmədə Şərur əhalisinin adət-ənənələrini özündə əks etdirən XVIIl-XIX əsrlərə aid əkinçilik alətləri – kotan, yaba, vəl, gəm, xış, cüt, car-car, toxuculuq alətlərindən həmin əsrlərə aid yun darağı, teş, cəhrə, kirkit, xalçatoxuma dəzgahı və digər nümunələr rayonda sənətkar­lığın müxtəlif növlərinin yayıldığını ­təsdiqləyir.
Digər bir bölmə isə numizmatika bölməsidir. Burada zərb olunmuş və pul dövriyyəsində işlənmiş pullar nümayiş etdirilir. Guşədə Səfəvilər, Naxçıvan xanlığı dövründə istifadə olunmuş pul vahidləri yer alıb. Həmçinin müxtəlif dövrlərdə digər dövlətlərin tədavülə buraxdığı pul vahidləri də sərgilənir ki, bu da Şərur rayonunda ticarətin keçmiş dövrlərdən inkişaf etdiyinin göstəricisidir.
Muzeydəki digər bir guşə isə Qırmızı taborla bağlıdır. Bu guşədə Şərur rayonunda erməni daşnaklarına qarşı mübarizə tarixinin müəyyən səhifələri əks olunub. XX əsrin 18-20-ci illərində Naxçıvan, İrəvan, Dərələyəz, Zəngəzur və digər ərazilərdə daşnak-erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımlarının törədildiyi dövrdə qəhrəmanlıq göstərən Vətən oğullarına aid büst və fotoşəkillər, onlara məxsus şəxsi əşyalar nümayiş olunur. Guşədə, həmçinin o dövrdə yaşayan insanların xatirələrindən bəhs edən sənəd və məqalələr də öz əksini tapıb.
İkinci Dünya müharibəsində vuruşmuş Şərur rayon sakinlərinin xatirəsi də muzeydə əbədiləşdirilib. Həmin qəhrəmanlara aid foto­şəkillər, büstlər, şəxsi əşyalar, orden və medallar, müharibədən sonrakı illərdə müharibə iştirakçıları ilə çəkilən fotoşəkillər bölməni zənginləşdirən eksponatlar sırasındadır.
Qəhrəman oğullarımıza həsr edilmiş guşədə isə Azərbaycanın ərazi bütövlüyü uğrunda Sədərək, Qarabağ döyüşlərində igidlik göstərən şərurlulardan bəhs olunur. Bu qəhrəman Vətən oğullarının büstləri, fotoşəkilləri, onlar haqqında dərc edilən qəzet materialları muzeyin dəyərli eksponatlarındandır.
Şərur rayonu həm də tarixən xalçaçılığın inkişaf etdiyi bölgələrimizdən biri olub. Muzeydə bu sənət sahəsinin təbliğinə də böyük yer verilib. Belə ki, Şərurun sənətsevər qadınları tərəfindən toxunmuş müxtəlif xalça nümunələri – bərbəzəkli fərməşlər, xurcunlar, heybələr bu sənətin rayondakı tarixindən söz açır.
Mədəniyyət və incəsənət bölməsində məşhur “Şərur yallısı”nın dünyanın bir çox ölkələrində qazandığı hədiyyə və diplomlarla qarşılaşırıq. Burada, həmçinin şərurlu Aşıq Nabatın sazı, qədim ney, zurna, tulum, tütək və sair musiqi alətləri nümayiş etdirilir. Rayonun məşhur “Nuranı” yallı kollektivinin Almaniya, Polşa və başqa ölkələrdəki çıxışlarını, qastrol səfərlərini əks etdirən foto­şəkillər, albomlar, fəxri fərmanlar, prizlər və digər sənədlər də bölmənin dəyərli eksponatlarındandır. Həmçinin sovet dönəmində rayon Mədəniyyət Şöbəsinin layiq görül­düyü ümumittifaq və respublika keçici “Qırmızı bayraq”ları da bu guşəni bəzəyir.
Müsahibimizlə söhbət zamanı öyrəndik ki, bu gün muxtar respublikamızda muzeylərə böyük dövlət qayğısı göstərilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamı muxtar respublikada muzeylərə kollektiv gedişi təmin edib. Sərəncama uyğun olaraq “Muzey günləri”nin tərtib olunması təşkilatların kollektivlərinin müxtəlif muzeyləri, eləcə də Şərur rayonundakı Tarix-Diyarşünaslıq Muzeyini ziyarət etməsinə, görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətini, tariximizi və milli dəyərlərimizi özündə yaşadan eksponatlarla əyani tanış olmasına şərait yaradıb. Bundan əlavə, Şərur məktəbliləri də mütəmadi olaraq burada olur, rayon ərazisindən tapılmış eksponatları muzeyə bağışlayırlar. Muğanlı kənd tam orta məktəbinin müəllim və şagirdləri tərəfindən muzeyə 75 eksponat təqdim olunub.
Qədim tariximizin öyrənilməsi, təbliği və tanıdılması istiqamətində tarix-diyarşünaslıq muzeylərinin xüsusi rolu var. Belə ki, şanlı tarixə, zəngin mədəniyyətə malik olan Vətənimizin tarixi abidələrini, maddi-mədəniyyət nümunələrini qoruyub yaşatmaq, dünyaya təbliğ etmək hər birimizin üzərinə düşən tarixi vəzifədir. Çünki qədim abidələr xalqın tarixi, оnun varlığını sübut edən dəlildir. Elə muxtar respublika rəhbərinin dediyi kimi: “Hər bir xalqın tarixi o xalqın milli kimlik pasportudur. Müasir dövrdə o xalq mütərəqqi dəyərlərə malik xalq hesab olunur ki, onun qədim tarixi, dövlətçilik ənənələri, mədəniyyəti olsun. Bütün bunlar bizdə – tarix boyu bu torpaqlarda yaşamış Azərbaycan türklərində vardır...”

Günay İBRAHİMOVA
Naxçıvan Dövlət Universitetinin II kurs tələbəsi


Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyi qədim bölgənin keçmişini yaşadan mühüm saxlanc yeridir-FOTOLAR
Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyi qədim bölgənin keçmişini yaşadan mühüm saxlanc yeridir-FOTOLAR
Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyi qədim bölgənin keçmişini yaşadan mühüm saxlanc yeridir-FOTOLAR

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31