SON DƏQİQƏ

naxcivanxeberleri.com

Kəmalə Ağayevanın yaradıcılığında vətənpərvərlik mövzusu

Kəmalə Ağayevanın yaradıcılığında vətənpərvərlik mövzusu
7-12-2019, 11:36

Azərbaycan ədəbiyyatını təmsil edən yazıçı və şairlərin böyük bir dəstəsi Naxçıvanda yaşayıb yaratmışdır.
M.Nəsirli, H.Razi, H.İbrahimov, Ə.Yusifli, H.Arzulu, A.Qasımov, E.Qasımova, Həsən Valeh, Elman Həbib, V.Məmmədov, İ.Yusifli, X.Kərimov, M.Qasımzadə və başqaları doğma diyarda ədəbi mühitin canlanması və inkişafına öz töhfələrini vermiş sənətkarlardır. Belə qələm sahiblərindən biri də Naxçıvan ədəbi mühitində görkəmli şair-dramaturq kimi tanınan Kəmalə Ağayevadır. Onun obrazlı düşüncəsini əks etdirən əsərləri müasirlərinin düşüncələri və əxlaqi keyfiyyətləri, Vətən haqqında təmiz hissləri, təbiət və məhəbbət duyğuları, həyatın mürəkkəb problemləri qarşısında insanın axtarışları, dünyada əmin-analıq, haqq, ədalət arzuları, din-iman, tanrıya tapınmaq duyğuları ilə bağlı olmuşdur.
Vətənpərvərlik, Vətəni sevmək, onu göz bəbəyi kimi qorumaq, onun gözəlliklərinə heyran olmaq, dağına, daşına, torpağına vurulmaq hər bir insan üçün ali hissdir, doğma duyğudur. Azərbaycan məmləkəti ulu babalarımızın yadigarı, bu günkü yaşayışımızın qarantı, sabaha yolumuzdur. “Vətənə sevdalıyam” - deyən və kitablarının birini belə adlandıran K.Ağayevanın lirikası bu mövzuda olan şeirlərlə zənginləşir, kamillik qazanır. Vətənpərvərlik mövzusu şairənin lirikasında yüksək poetik gözəlliklə (“Azərbaycan vətənimdir” şeirində olduğu kimi), həzin, insani bir sevgi ilə də (“Vətən sevgisi”) əks olunur. O, çılğınlıqla, yüksək ötkəmliklə, həm də qürur hissi ilə doğma yurdunun Azərbaycan adlı bir məmləkət olduğunu və bu “etiketi” iftixarla daşıdığını bəyan edir:
Odlar yurdu övladıyam,
Azərbaycan vətənimdir.
Bir kimsəyə verməm onu,
O mənimdir, o mənimdir.
Vətənimdir, Vətənimdir!

K.Ağayevanın yaradıcılığında Vətən təbiəti və onun gözəllikləri xüsusi yer tutur. Bu mövzuda yazdığı lirik nümunələr Vətən gözəllikləri, onun sıra dağları, ayna bulaqları, meşələri, çəmənlikləri kimi də mənalandırılır.
Məlumdur ki, əsərlərində xalqdan və xalq adından danışan qələm sahibləri çoxdur, lakin onların heç də hamısı xalqın sevimlisinə, güman yerinə çevrilmir. Bu baxımdan Kəmalə xanım xoşbəxt sənətkarlardandır. O, torpağa, Vətənə, xalqa, el-obaya bağlıdır. Şairə Vətən gözəlliklərinin vurğunudur. Bu məftunluq poetik mükəmməlliyə malik misralardan boy verir:
Yaz dumanı qondu daha,
Döndü dağda bir duvağa.
Gözüm qaldı baxa-baxa,
Heyran oldum gözəlliyə.

Vətən təbiətinin gözəlliklərinə heyran olan şairənin “Oduna yandığım dağlar” şeiri incə lirika nümunəsi olaraq könül oxşayır və yadda qalır:
Üzünə şəfəqdən duvaq çəkirsən,
Başı dumanlardan cunalı, dağlar.
Elə bil dünyadan gəlin köçürsən,
Ayağı lalədən xınalı, dağlar.

Bu, kiçik bir şeir parçası deyil, sanki mahir bir rəssamın yaratdığı lövhədir. Burada hər şey konkretdir, təsəvvürə gələndir. Baharın gözəl bir günündə dağların füsunkar gözəlliklərini sanki gözlə görür, ürəyimizlə duyur, hiss edirik.
Vətən təbiətinin gözəlliklərini axıcı bir dillə təsvir edən şairə həm də kövrək ruhuna sadiq qalaraq, çox həzin notlarda kədərini də bildirir. Poetik bir ab-havaya malik bu şeirlərində Kəmalə Ağayevanın istəyi saflıq, mehribanlıq, gözəllik, halallıq və vəfadır. O istəyir ki, dünya gözəllikləri qarşısında insanlar da təmiz, pak və istəkli olsunlar. Onun bənzətmələri, obrazlı ifadələri bu məqsədə yönəldilir. O, insanı bulaq kimi saf, dağlar kimi möhkəm, qürurlu və əzəmətli, güllər kimi incə və gözəl görmək istəyir:
Ya rəbb, bəs bu qədər heyran olurkən,
Nədən bənzəmirik qönçə güllərə?
Olsaq güllər kimi paklığa həmdəm,
Olarıq yaraşıq əziz ellərə...

Şairənin yaradıcılığında Vətən dağları əzəmət, vüqar rəmzidir, bir də ki, bu obraz – dağlarla şairin mənəvi təlatümləri arasında üzvi bir bağlılıq, nəcib bir oxşarlıq, bənzərlik var. K.Ağayeva Vətən dağlarına öz hiss və duyğularını bölüşə biləcək bir “obraz” kimi baxır. O, dağların əzəməti, dəyişkənliyi ilə öz ruhi təlatümləri arasında bir yaxınlıq, doğmalıq axtarır. Onun lirikasında dağların həsrətində olmaq insana, yurda, doğmalara həsrət qalmaq səviyyəsinə yüksəlir. “Dağlar ayrıldı məndən” şeirində olduğu kimi:
Vüsal günü gələcəkmi?
Üzün bir də güləcəkmi?
Gözüm səni görəcəkmi,
Ayağına düşəm, dağlar .

Vətən təbiəti və onun lövhələri şairənin yaradıcılığında ictimai motiv kimi canlanır. Təbiət sadəcə olaraq təsvir vasitəsi, füsunkar, göz oxşayan gözəllik kimi götürülmür, əksinə, mənəvi-əxlaqi hisslər, duyğular mənbəyi kimi mənalandırılır. Uca dağlar, gur çaylar, şirin nəğməli bulaqlar şairənin ruhi vəziyyətinə uyğun gəlir. Şairənin həzin, kövrək duyğuları, insanlara ünvanlanmış mərhəmətli, lütfükar olmaq kimi çağırışları nəticə verməyəndə ümid və müraciət yeri axar bulaq olur. Məhz bulağa sözünü demək, içini açmaq, etibar edib ürəyini orda qoyub getmək istəyən şairə bulağa xitabən yazır:
Səsin məni məndən aldı,
Suların sehrinə saldı.
Mən gedirəm, ürək qaldı,
Onu saxlarsan, ay bulaq.

“Yasəmən” şeirində isə təbiətlə xalqın taleyi qarşılaşdırılır. Həm də Vətən torpağının qədim, füsunkar bir parçası olan Qarabağ, Cıdır düzü coğrafi ad kimi, yurd yeri kimi sadalanır, əxlaqi-mənəvi meyarlar kimi təqdim olunur. Təbiət vahidləri Vətən və vətəndaşlıq keyfiyyətlərinin əksi kimi canlandırılır:
Ey gül, sən aç barı bu könlümüzü,
Bir də güləcəkmi elimin üzü?
Yoxdur Qarabağım, yox Cıdır düzü,
Yurdumun parçası hanı, yasəmən?

O gün olaydı ki, ey könül gülü,
Güləydi sənintək yurdumun eli.
Kaş ki, açılaydı Qarabağ yolu,
Qovaydıq dağlardan çəni, yasəmən.

Vətən təbiəti mövzusu A.Kəmalənin həmişə maraq dairəsində olmuşdur. Şairə insan-təbiət yaxınlığını yüksək bədii boyalarla, sənətkarlıqla vəsf edə bilmişdir. İnsanın təbiətin bir üzvü olduğunu, insanla dünya, təbiət arasında bir ahəngin kökləndiyini tərənnüm edən şairə, təbiətin simasında ulularımızın ruhunu, mərdliyini ifadə edə bilmək qüdrətini doğrudan-doğruya nümayiş etdirə bilir. Maraqlıdır ki, şairə Naxçıvan dağlarından, digər bölgələrdəki dağlardan danışanda sanki bu təbiət vahidlərinin özünəməxsus əlamət və keyfiyyətlərindən söz açmaq istəyir və buna da nail olur. Min bir əfsanəni özündə əks etdirən, ulu tariximizin hünər nişanəsinin rəmzi olan Naxçıvan dağları xalqımızın uzaq əsrlərdən üzübəri gələn yolunun simvoludur desək yanılmarıq. Həqiqətən də, Naxçıvan dağları bu bölgənin tarixini yaşadan, onun hünər və qəhrəmanlıq tarixinin səhifələrini özündə ehtiva edən abidə-kitabələrdir.
Vətənin torpağını, daşını gül kimi qoxulamaq gərəkdir. Bütövlükdə Vətən gözəllik simvoludur. Vətən, əbədi məskən seçdiyimiz torpaq, gözümüzün nuru, könül məbədimizdir. Bu əbədi dünyada bizə düşən gözəl qismət, əziz pay kimidir Vətən. Şair “Vətən sevgisi” şeirində də situasiyanı məhz bu cür mənalandırır.
Akademik Məmməd Cəfər yazır: “Vətənin nadir, təbii gözəlliklərini şeirdə tərənnüm etmək, vətən təbiətini sevmək və sevdirmək çox mühüm əhəmiyyəti olan məsələdir. Heç kəs deməz ki, bunlardan yazmayın, ancaq necə yazmaq, hansı fikirlə, hisslə yazmaq lazımdır? Əsl məsələ bundadır”.
Azərbaycan təbiətinin əsrarəngiz gözəllikləri, füsunkar mənzərələri, müxtəlif fəsillərin yaratdığı ovqat, əhvali-ruhiyyə A.Kəmalənin əsas mövzularındandır.
A.Kəmaləyə görə, vətən sevgisi ən ali, yüksək və müqəddəs duyğulardır. Hər bir insan mənsub olduğu vətəni sevməyi, onu əzizləməyi və qorumağı bacarmalıdır. Kim Vətən və xalq hissindən məhrumdursa, insani hisslərdən də məhrumdur. İnsanın yaşayışı, həyata sevgisi doğma yurda, Vətənə sevgisi ilə ölçülür. İnsanın ucalığı, böyük amallar və məqsədlər uğrunda mübarizə əzmi də Vətən sevgisindən qida alır.
Qürbətdə yaşamaq dözülməz əzab, sağalmaz dərddir. Vətən həsrəti ilə yaşamaq, həmişə Vətənə can atmaq, doğulduğu, boya-başa çatdığı yurda yetişmək istəyi qürbətə düşənlərin arzu-diləyi olur. Bu, xüsusən bizim xalqın psixologiyasında daha güclüdür. Folklorumuzda da, mütəfəkkir yazıçıların əsərlərində də bu hissin ifadəsi olan gözəl nümunələr çoxdur. “Qürbətin od-ocağından vətənin tüstüsü gözəldir”, “Qəribin üzü gülməz” və s. bu kimi məsəllərdə ifadə olunan fikir K.Ağayevanın poeziyasında da həzin, kövrək duyğulara çevrilmişdir. Şairə üçün qürbətdə gözəllik də qəlb sıxandır, könül üzəndir:
Vətən sevgisi – onun torpağına, daşına, gülünə, çiçəyinə, bütövlükdə vətən deyilən məmləkətə, sözün yaxşı mənasında, bir möcüzə kimi baxmaq, sevmək deməkdir. “Gül kimi qoxlaram vətən daşını” şeirində də qəriblik hissinin ağrıları şairənin vətənə olan sevgisini məhz bu anlamda ifadə edir:
Gül kimi qoxlaram mən hər daşını,
Tökərəm daşlara gözüm yaşını.
Əyib torpağına dərdli başımı,
İtən izlərimi tapmaq istərəm.

Şairə üçün bir ovuc torpaq da, adi bir daş da Vətəndir. Qürbətdə kəfən də insana həsrət köynəyidir.
K. Ağayevanın poeziyasında Azərbaycan diyarı, onun qədim, ulu tarixi və möhtəşəm abidələri, unudulmaz ağır günləri, çəçəklənən çağları lirik və epik səpgidə təsvir və tərənnüm olunur. “Arpaçayın nəğməsi”, “Gəmiqaya”, “Möminə xatun məqbərəsi”, “Əcəmi”, “Oğlanqala – Qızqala”, “Apardı sellər Saranı”, “Solan qönçələr”, “Ata yurdum”, “Əlixan məhəlləsi”, “Köhnəqala”, “Mənim azad respublikam”, “Qız qalası”, “Xəzər”, “Bakı”, “Azərbaycan”, “Mənim gülüstanım”, “Vətənə sevdalıyam” və başqa şeirlərində şairənin Vətən haqqında könül çırpıntıları səslənir. Şairə “Əlincə qalası” şeirində qədim tariximizin qəhrəmanlıq səhifələrindən birini yada salır:
Tariximin daş yaddaşı Əlincə!
İgidlərin məhək daşı Əlincə!
Həm sevincim, həm göz yaşım Əlincə,
Baş əymədin sən düşmənə, qılınca.


Akademik İ.Həbibbəyli yazır: “Sənətkarın tərcümeyi-halı, taleyi və həyatı daha çox onun yaradıcılığında öz əksini tapır” .
Bəzən xarici ölkələrdə nümayəndə kimi iştirak edən şairə o yerlərlə bağlı beynəlxalq mövzularda şeirlər də yazır. Nədən yazırsa-yazsın, harada olursa-olsun, o, vətən sevdalıdır və elini-gününü mütləq xatırlayır:
Gəzdim çox elləri, çox diyarları,
Elə vətən dedi sözlərim mənim.
Baxdım dönə-dönə, görmədim ancaq,
Vətən həsrətliydi gözlərim mənim...

Parisdə olarkən “Sena çayı”, “Nikol”, “Dostluq baharı”, “Paris”, “Eyfel qülləsi” kimi şeirlər yazan şairə, vətəni bir an da olsun unutmur, kövrək düyğularını dilə gətirir.
Vətən məfhumu şairə üçün tam, bitkin bir məslək, idealdır, sonsuz sevginin, məhəbbətin simvoludur. Şairə yalnız böyüyüb boya-başa çatdığı Naxçıvan torpağı, onun təbiəti ilə öyünmür, əksinə, Azərbaycan deyilən məmləkətin insanlarına, füsunkar gözəlliklərinə vurğunluğu, məhəbbəti ilə diqqəti çəkir. Üstündə gəzdiyi torpağa bağlılığı, vətəndaş qeyrəti şairəyə imkan verir ki, Vətənin bütün bölgələrini, təbii gözəlliklərini, meşələrini, çöllərini, dağlarını, bağlarını sevə-sevə tərənnüm etsin. “İçərişəhər”, “Qəbələ dağları”, “Xan sarayı” və s. bu kimi onlarca şeirlərində açıq səma altında misilsiz muzeyi xatırladan doğma yurdun vəsfini görürük. Qeyd olunduğu kimi, “bu şeirlərdə vətəndaş mövqeyi, baş verən hadisələrə həssas şair münasibəti özünü göstərir”.
Kəmalə Ağayevanın vətən sevgisi hədsiz-hüdudsuzdur. Adicə daş da, bir ovuc torpaq da, açan çiçək, axan bulaq, əsən külək də müqəddəsdir. Çünki onlar vətən ünvanlıdır, vətən gözəlliyi onlarda təcəssümünü tapır.
“Poeziya bizə hər şeydən əvvəl, bol-bol yaşamaq, gur nəfəs almaq üçün mənəvi bir vətən kimi lazımdır”. Məhz bu anlamda, Kəmalə Ağayeva öz şeirini oxucu üçün mənəvi bir vətən sevgisinə çevirə bilmişdir. Çünki o, vətənlə bağlı duyğuların sadəcə tərcümeyi-halını yazmır, təkcə vətənin poetik xəritəsini yaratmır. Onun Vətən mövzulu şeirləri bütöv bir Azərbaycannamədir. Odur ki, şairə “nə şöhrət istərəm, nə şan dünyada”, çünki “Azərbaycan adlı bir şöhrətim var” - deyir.
Sənətkar, hər şeydən əvvəl, xalqının mənəvi gücünün, mənəvi imkanlarının ifadəçisidir. K.Ağayevanın yaradıcılığında milli-mənəvi dəyərlərin əsas meyarı, ölçüsü vətən sevgisidir. Təsadüfi deyil ki, onun bir neçə şeiri məhz “Vətən sevgisi” adlanır və bizə belə gəlir ki, bu adicə təsadüf deyil, bir qanunauyğunluqdur. Şairə bu mövzuda olan bir çox şeirlərində öz yaradıcılıq idealına - bədii lövhə ilə portreti qarşılaşdıraraq birləşdirmək ənənəsinə sadiq qalır; vətənə olan məhəbbətlə vətən övladına, xalqın sevimlisinə olan məhəbbət birləşdirilir, bir bitkinlik, tamlıq, bütövlük yaranır.
Hüseyn əmi, bu ağaclar, bu bulaq
Yaşadacaq səni illər boyunca.
Kaş ki, biz də sənin kimi iz qoyaq,
Xatırlasın bizi ellər boyunca.

Məlumdur ki, əsərdə hansı problemin qaldırılması başlıca şərt deyil. Bu problemin bədii mahiyyəti, mövzuya sənətkarın mənəvi münasibətinin təzəliyi, özünəməxsusluğu əsasdır.
Vətənpərvərlik vətən məhəbbətindən qaynaqlanır. Bu məhəbbətsə hədsiz-hüdudsuzdur.
Fəqət heç bilmədi bu nəğməm yenə,
Eşqinlə bitməyən duyğuyam, Vətən.
Nə qədər söz desəm sənin şəninə,
Mən sənə həmişə borcluyam, Vətən.

Beləliklə, şairə K.Ağayeva Vətən sevgisinin insan duyğularının ən alisi, ən yüksəyi və ən müqəddəsi olması qənaətini, fikrini şeirlərində yüksək bədiiliklə ifadə edir. Onun fikrincə, insan doğma vətənini sevməklə özünün cəmiyyət qarşısındakı borcunu yerinə yetirmiş olur. Vətənsiz və imansız yaşamaq, bütün insani hisslərdən məhrum olmaq deməkdir. Gələcəyimiz olan övladlarımıza bu müqəddəs hissləri aşılamaq, Vətən sevgisi ilə alovlandırmaq və onu qorumağı öyrətməyi bacarmaq lazımdır. Tədqiqat göstərir ki, şairənin yaradıcılığı bu cəhətdən geniş imkanlara malikdir.

Günay ŞİRƏLİYEVA
Naxçıvan Müəllimlər İnstitutunun
Dillər və ədəbiyyat kafedrasının dosenti,
filologiya üzrə fəlsəfə doktoru

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31