SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Azər” poeması

“Azər” poeması
17-11-2019, 13:30

Hüseyn Cavid imzası ilə Azərbaycan ədəbiyyatında milli romantik şeirin və mənzum faciənin banisi sayılan Hüseyn Molla Abdulla oğlu Rasizadə 24 oktyabr 1882-ci ildə Naxçıvanda anadan olmuşdur. Azərbaycan ədəbiyyatının inkişafında misilsiz rol oynayan Hüseyn Cavid, yaradıcılığını milli mədəniyyət ilə Şərqin estetik fikir tarixi və dünya romantizm ənənələrini sıx birləşdirərək ərsəyə gətirmişdir. Lirikasının təməlini fəlsəfi fikirlərlə bəzəyən Hüseyn Cavid Azərbaycan ədəbiyyatında ümumbəşəri problemləri humanizm mövqeyindən işıqlandıraraq yaratdığı mənzum faciələri və tarixi dramları ilə dramaturgiyamızda yeni ədəbi mərhələ açmışdır.
Ərtoğrul Cavidin “Babam Hüseyn Cavid bir günəş idi. Yüksəldi, parladı, yarasaların gözünü kor etdi. Lakin dumanlar onun qarşısını aldılar..” sözləri Hüseyn Cavidin həyat yolunu qısaca ifadə edir. Hüseyn Cavid yaradıcılığı, təfəkkürü, ideologiyası ilə bir günəş kimi doğdu. 1937-ci ildə «Gizli millətçi əksinqilabi təşkilat»da iştirakı bəhanəsi ilə 8 illik həbs cəzasına məruz qalır və cəzasını sürgündə keçirir. Dahi sənətkar 1941-ci ilin dekabrın 5-də Şevçenko qəsəbəsində həbsdə vəfat edib. 1956-cı ildə bəraət alan Cavidin cənazəsi 1982-ci ildə Heydər Əliyevin böyük səyi nəticəsində doğma Naxçıvana gətirilərək dəfn edilib.
Hüseyn cavid yaradıcılığını şərh etmək, fikir bildirmək bizim kimi sadə oxucuların qaldıra biləcəyi bir yük deyildir. Odur ki, bu məqaləmizdə Hüseyn Cavidin “Azər” poemasını şərh etmək deyil, bir oxucu kimi əsərdən çıxardığımız nəticələri sizə təqdim edəcəyik.
Hüseyn Cavidin yaradıcılığında poema janrı xüsusi yer tuturr. Yaradıcılığında ən kamil poema kimi qiymətləndirilən “Azər” əsərini şair 1926-cı ildə Almanyada müalicə olunarkən yazmağa başlamış, 1928-ci ildə bitirmişdir. Əsər şairin Qərbə və Şərqə və Qərb-Şərq müstəvisində Azərbaycana baxışlarını mükəmməl səviyyədə şərh edən sənətkarlıq nümunəsidir. Dram əsərlərində tarixi obrazlara üstünlük verən Cavidin bu əsərinin əsas qəhrəmanı olan Azər real həyatdan alınmış bədii obrazdır. Azər şairin müasiri, sosial və siyasi həyat qarşısında çoxlu təcrübələr toplamış Hüseyn Cavidin proobrazıdır.
Əsər bir neçə müstəqil hissələrdən ibarət olsa da ümumilikdə bir bütünün parçalarıdır. “Məsciddə”, “Qərbə səyahət”, “Rəssamın qızı”, “Nil yuvası”, “ Yaşamaq və yaratmaq” və sairə başlıqlarla verilən hissələrdə Azərin vasitəsilə bir çox mövzulara toxunulub. Fərqli başlıqlarla təqdim olunan hissələrdə əruz və heca vəzninin istifadəsi əsəri bədii baxımdan daha mükəmməl edib. Əsərdə baş verən hadisələri və onlara münasibəti Azər vasitəsilə çatdırılsa da, bəzi hissələrdə ikinci-üçüncü şəxslərdən də istifadə olunr. Məsələn, “Əsgərlər təlim edərkən”, “Vəhşi qadın”, “ Rəssamın qızı” hissələrində “qadın”, “zabit”, “Birinci tamaşaçı”, “İkinci tamaşaçı” və sairə yarımçı surətlərdən istifadə olunur.
“Düşündüm ki..” başlığı ilə başlayan şeirdə bir növ şairin daxili istəkləri, keçirdiyi daxili fırtınaları, isyankar ruhu ifadə olunur. “Azər düşünərkən” hissəsi də eyni ruh halının davamı təsirini bağışlayır. Bəs əslində düşünülən nədir? Bu sualın cavabını hər bir hissəni oxuduqca dərk edirik. “Gecə aydınlığı və gün doğuşu” şeirində Azərdən soruşulan “Kimsin, nerədənsin, əhbab!?” sualına “Azərin cavabı” belə olur.
Bən yetişdim atəşlə su
Öpüşdüyü bir ölkədən.
İzliyorkən sevgi yolu
Acı duydum hər kölgədən.
Dövrün ən böyük problemlərindən biri də dini mövhumat, savadsızlıq, kor-koranə inanclar, yalançı din xadimləri idi. “Məsciddə” olan hissədə Azər məscidin qarşısından keçərkən içəridən gələn səs-sədanı eşidir. Məscidə girən Azər burada cənnət vədləri ilə özündən keçən, özünə xəsarət yetirən bir güruhla qarşılaşır. Burada “din xadimləri”nin fırıldaqçıllıqla, xurafatla, cahilliklə insanları necə aldatdığını, onların əllərində-ovuclarında olanları alıb yalan cənnət və xoşbəxtlik vədi verdiyini görürük. Gördüklərindən dəhşətə gələn Azərin Şeyxlə dialoqu olduqca təsirlidir. İnsanları geriliyə, xurafata sürükləyən bu sistemi tənqid edən Azər deyir.
Yurdu sarmış qabalıq, yaltaqlıq,
Yüksəliş varsa, səbəb alçaqlıq.
“Əsgərlər təlim edərkən”
Bu hissədə əsgərlərin təliminə tamaşa edənlərin bu təlimə pis baxması, zülmün, ölümün, ədalətsizliyin başında gücün, müharibənin gəlməyini deməsi, eləcə də bir tamaşaçının dərvişliyi, dünya işinə baş qoşmamağı üstün tutması Azəri söhbətə qoşulmağa vadar edir. O, insanlığın, vicdanın hər şeydən üstün olduğunu, sevgi nurunun kainatı bəzədiyini bildirir. Lakin, “Əbədi sülh ümidi haqqı boğar, Yaşamaqçın fəqət mübarizə var” fikri, insanın mübarizə aparmağını, bunun tək hərb ilə deyil, zəkanın, elmin vasitəsilə olduğunu bildirir. Yeri gəldikcə sülh üçün çabalamaq, bəzən də hərbi alqışlamaq lazım olduğunu bildirir.
“Qərbə səyahət” edən Azər yolboyu gözəlliklərə heyran olur, səliqəli şəhər, çalışan insanlar onların zövqünü oxşayır. Burada hər kəs musiqi dinləyər, əhvalları yaxşı olar. Amma hər şey göründüyü kimi gözəl də deyildir, burada da haqszlıq, ədalətsizlik var. Ağır iş şəraitindən tez-tez işçi çıxışları olar, dilənçilərə küçələrdə rast gəlinməz, çünki burada onlara mərhəmət yoxdur. Qərbdə görüb, müşahidə, bəzən dfə müdaxilə etdiyi hadisələrdən sonra Şərqin isti qucağına geri dönməyə qərar verir. Qərbin əksi olaraq burada yollar boz, tarlalar və ağaclar çılpaqdır. Şərqdə də bir çox hadisələrə şahidlik edən və fikir bildirən Azərin maraqlı həmsöhbətləri olur. Əvvəllər zəngin olub sonradan kasıblayıb dilənən adamla danışan Azər onun halına acımır, çalışan hər ələ ətmək var deyir, çalışmırsansa zəkan, biliyinlə də yaşayamağın mümkünlüyünü deyir. Heç bir bacarığı olmayan adamın ölməyi yaşamağından daha yaxşıdır. ”Vəhşi qadın” şeirində müharibədən müsibət yaşamış, qızı tonqalda yandırılan, oğlu gözləri önündə öldürülən qadın insanlardan uzaqlaşır, ormana çəkilir. Vəhşiləşmiş simasını görənlər onu daşa tutmağa, öldürməyə çalışır. Aclıqdan yemək oğurladığına görə nifrətə tuş gələn qadını müdafiə edən Azər deyir. Əsl oğrular milyonlarla kef çəkənlər, millətə biganə olanlar deyil mi? Nə üçün heç kəs onlara qarşı çıxmır? Qadının tək günahının yoxsulluq olduğunu deyir. “Ən silinməz ləkədir yoqsulluq!”
Əsər boyunca qadına, gəncliyə münasibət xüsusilə vurğulanır. Hər zaman təhsilin, elmin tərəfdarı olan Cavid əsər boyunca bu fikirlərini müəyyən hissələrdə təbliğ edir. XX əsrin əvvəllərində Azərbaycanda qadın haqları istər real istərsə də bir çox ədəbiyyat nümunələrində yazarların müraciət etdiyi əsas mövzulardan biri idi. Əsərin “Lalə” adlı hissəsində kapitalist zehniyyətin qurbanı olan Lalə adlı gənc qızın faciəsi üzərində qadın həyatını, yaşantısını təsvir edir.
Əsərdə olduqca maraqlı və aktual mövzulara toxunulub. Məncə, bu böyük əsərdən qısa nəticələr çıxarmaq düzgün deyil. əsərin dərinliyi və müəyyən mənada çətinliyi Hüseyn Cavid böyüklüyünün bir göstəricisidir. Hər kəsin “Azər” poemasını oxumalı və özünə görə nəticələr çıxarmalı olduğunu düşünürəm.

Lalə Allahverdiyeva

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Aralık 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031