SON DƏQİQƏ

naxcivanxeberleri.com

Uşaqların formalaşmasında nağılların əhəmiyyəti böyükdür

Uşaqların formalaşmasında nağılların əhəmiyyəti böyükdür
16-11-2019, 15:00

Elmi araşdırmalara görə, uşaqlar artıq iki yaşından başlayaraq nağılları dərk edirlər. Nağıllar sayəsində uşaqların həyat, insanlar arasında olan münasibət haqqında ilkin təsəvvürləri formalaşır. Məlum olduğu kimi, nağıl dinləməyi bütün uşaqlar sevir və bu, onların dünyagörüşünün artmasında əvəzsiz bir iz qoyur. Elə biz də hər bir uşağın çox sevdiyi, dinləməkdən doymadığı nağıllar haqqında maraqlı məlumat almaq üçün yolumuzu şəhərimizdə yerləşən Uşaq kitabxanasına saldıq. İlk həmsöhbətim kitabxananın əməkdaşı Sabirə Nağıyeva oldu. S.Nağıyeva bildirdi ki, son zamanlarda muxtar respublikamızda kitabxanalara, kitab nəşrinə göstərilən qayğı uşaq ədəbiyyatı nəşrlərinin də sayının artmasına səbəb olub. Hər il olduğu kimi, bu il də kollektivimiz mədəni-kütləvi tədbirlərin keçirilməsi sahəsində fəaliyyətini gücləndirib, oxucu sayının artması istiqamətində aparılan tədbirləri genişləndirib. Bu tədbirlərin təşkilində əsas məqsədimiz isə böyüməkdə olan körpələrə kitabı sevdirmək, onları kitabla birgə böyüməyə yönləndirməkdir. Kitabxana kollektivi tərəfindən “Nağıl günləri” və “Mütaliə günləri” nin keçirilməsi isə artıq bir ənənə halını alıb. Çünki bu günlərin keçirilməsində məqsəd uşaqların milli-mənəvi ruhda tərbiyə olunmasından, onları Azərbaycan və dünya xalqlarının qəhrəmanları ilə tanış etməkdən, vətəninə, xalqına layiqli bir övlad kimi yetişməsinə kömək etməkdən ibarətdir. Nağıllar da oyunlar qədər uşaqların normal böyüməsi və tərbiyəsi üçün olduqca vacibdir.
Hər həftənin müəyyən günləri kollektivimizlə birgə rayonumuzdakı Uşaq bağçasında və 1 nömrəli tam orta məktəbdə olur, burada yolumuzu gözləyən balacalara bir-birindən maraqlı nağıllar oxuyur, onları maraqlandıran sualları cavablandırırıq.
Hər birimizə məlum olduğu kimi, cəmiyyətin inkişafında, şəxsiyyətin formalaşmasında böyük rol oynayan vasitə kitab olduğu halda, həmin vasitə ilə oxucu arasında körpü yaradan da məhz kitabxanalardır və kitabxanalar böyükdən-kiçiyə hər kəs üçün əvəzsiz xəzinədir. Hər birimiz isə bu xəzinədən lazımınca istifadə etməyi, onu qorumağı bacarmalıyıq. Kitabı insanlara erkən yaşdan sevdirmək lazımdır. Danılmaz bir faktdır ki, uşaqların düzgün tərbiyə edilməsi üçün onlara mütəmadi olaraq kitab oxumaq lazımdır. Bu da birbaşa kitabxana işçilərinin, tərbiyəçilərin, müəllimlərin və valideynlərin borcudur. Bildiyiniz kimi, uşaqların ilk sevdikləri kitablar isə hələ oxuya bilmədikləri, yalnız dinləyərək dərk etdikləri, min bir al-əlvan çalarlarla bəzədilmiş nağıl kitablarıdır. Bu da maraqlı bir faktdır ki, nağıl dinləyərkən bir tərəfdən izah edən adam ilə uşaq arasında ünsiyyət qurulur, digər tərəfdən də uşağın bütün zehni fəaliyyətləri hərəkətə keçir. Oxuduğu və ya dinlədiyi nağıllardakı simvollar haqqında xəyallar quran uşaq hadisələrin inkişafına görə yaxşını və pisi, doğrunu və yanlışı ayırd etməyi öyrənir. Ümumiyyətlə, qız uşaqları qız, oğlan uşaqları isə oğlan xarakterlərini öz üzərilərində cəmləşdirərək irəlidəki şəxsiyyətlərin təməllərini atırlar.
Nağıllara başlayarkən deyilən “Biri varmış, biri yoxmuş ”cümlələrinin məqsədi də uşaqlarda dinləniləcək mövzuya maraq yaradır. Nağılda hər zaman yaxşı olanların qalib gəldiyi, səbirli olanların mütləq məqsədlərinə çatdıqları, edilən yaxşılıqların qarşılıqsız qalmayacağı, zəkanın çox zaman insanın gücündən üstün olduğu, sevginin bir çox şeydən daha qiymətli, yoldaşlığın çox əhəmiyyətli olduğu, əl-ələ vermənin və bilik içində olmanın hər zaman daha çox uğurlar gətirdiyi, heç bir zaman ümidsizliyə qapılmamaq lazım olduğu və əlimizdən gələni etdiyimiz təqdirdə müvəffəqiyyətin bizi onsuz da tapacağı anlamını verir.
Ümumiyyətlə, nağıllarda bütün cəmiyyəti maraqlandıran ortaq ünsürlər çoxdur. Nağıllar içindən çıxdıqları cəmiyyətin dəyər, tutum və davranışlarını əks etdirir. Bu səbəblə uşaqlarımızın əvvəlcə öz nağıllarımızı oxuması, digər mədəniyyətlərə aid nağılları isə yaxşı bir araşdırmadan sonra onlara oxumaq lazımdır.
Hal-hazırda ata-analar uşaqlarına nağıl oxumaq üçün vaxt tapa bilməmələrini hər zaman dilə gətirirlər. Ayrıca, cizgi filmlərinin və serialların həyatımıza girməsi ilə birlikdə uşaqlar nağıl oxumaq yerinə bu tip proqramlara üstünlük verir. Üstəlik, uşaqların bəzən özlərinə aid kino və proqramlara baxması, ya da şiddət ehtiva edən və doğru örnək olmayan cizgi filmləri izləmələri hələ şəxsiyyətləri tam formalaşmamış bu uşaqların səhv yönləndirilmə problemlərini gündəmə gətirməkdədir.
Gəlin unutmayaq ki, nağıllar və hekayələr uşaqların gözəl və xoş vaxt keçirməsində əhəmiyyətli vasitələrdir. Onların oxunması uşaqların inkişafı üzərində çox müsbət təsirlər yaradır. Uşaq təhsilində nağıl təxəyyülün inkişafına, düşüncə üfüqünün açılmasına kömək olur. Uşaqlarda söz ehtiyatını zənginləşdirir və qavramanı sürətləndirir. Digər bir əhəmiyyəti isə uşaqların maraq hissini oyandırır, yaradıcılıq bacarığını inkişaf etdirir. Nağıllar uşaqların xəyal dünyalarında yaratmış olduqları qorxuları aradan qaldırır. Qarşılaşdıqları çətinlikləri qavramasına, həll yolu tapmasına kömək edir.
Uşaqların hamısı nağıl kitablarındakı qəhrəmanların üstün xüsusiyyətlərinə və müvəffəqiyyətli hərəkətlərinə heyranlıq duyduqları üçün onlarla aralarında əlaqə qurur, onlar kimi olmaq istəyirlər. Bu da uşaqların xarakterlərinin inkişafında təsirli olur. Bu səbəblə çalışmalıyıq ki, uşaqlara oxuduğunuz hekayə və nağıl qəhrəmanlarının xüsusiyyətləri mümkün olduqca həqiqətə yaxın olsun ki, uşaq həqiqət duyğusundan uzaqlaşıb xəyal dünyasına qapılmasın. Qəhrəmanların çatdıqları uğurlar qazandıqları zəfərlərin, səylərin nəticəsi olmalıdır.
Bütün bunlar xaricində nağıl oxuyaraq gələcəyimiz olan uşaqlara xüsusi və keyfiyyətli bir zaman ayırmış oluruq. Əgər nağıl oxuyacağımız uşaqlar 4-5 yaşındadırsa, diqqəti cəlb edən bir mövzu ya da qəhrəmanları olan, tanış hadisələrin izah etdiyi mövzuları ehtiva edən nağıl kitablarını seçirik ki, onlar bu nağıllara qulaq asarkən onu daha yaxşı qavrasınlar və həqiqət olduğunu düşünsünlər. Oxunacaq nağılın mövzusu sadə olmalı və nağıldakı şəkillər izah edilən əhvalatı dəstəkləməlidir. Uşağın xəyal gücünü hərəkətə keçirən nağılların olduğu kitablar bu yaş qrupundakı uşaqlar üçün çox faydalıdır. Biz kollektivimizlə birgə Uşaq bağçasına və məktəbə nağıl oxumağa gedərkən çalışırıq ki, əvvəlcə uşaqlar oxuyacağımız kitabların şəkillərinə baxaraq dinləyəcəkləri nağıl haqqında öz təsəvvürlərini bildirsinlər. Həqiqətən də, uşaqlar nağıl kitablarında əks olunan rəngbərəng şəkillərə baxıb öz düşüncələrindəki hekayələri izah etməyi çox xoşlayırlar. Uşaqların təsəvvür və problemlərini həlletmə bacarığının inkişafına kömək etmək üçün nağıl izah edərkən, “Səncə, bir sonrakı səhifədə nə olacaq?”, “Bu nağılın sonu necə ola bilərdi?” kimi suallar veririk ki, uşaqlarda nağıla qarşı maraq oyadaq. Hal-hazırda sentyabr ayından indiyə kimi Uşaq bağçasında balaca fidanlara “Mənim ilk nağılların”, “Qırmızı kitab”, “Balaca şahzadə”, “Sehirli torba”, “Ayı və şir”, “Qurd və quzu”, məktəbyaşlı uşaqlara isə “Troya atı”, “Üşkük oğlan”, “İki gül”, “Dədə Qorqud nağılları”, Nizami Gəncəvinin ”Xeyir və Şər” və bir çox kitabları oxumuşuq.
Nağıl dinlətməklə uşaqlarda qorxu hissini məhv etmiş, onlarda özgüvən və sərbəstlik hissini artırmış oluruq. Həyatda qarşılaşdıqları çətinlikləri dəf etmək və problemləri həll etmək üçün uşaqlara nağılların oxunması çox vacibdir. “Yaxşı nağıl” həqiqətən də, möcüzələr yarada bilər. Nəinki təkcə biz kitabxana kollektivi, eyni zamanda valideynlər də çalışmalıdırlar ki, uşaqlara tez-tez, heç olmasa, həftədə iki-üç dəfədən az olmamaq şərtilə nağıl oxusunlar və ya bildikləri nağılları onlara danışsınlar.
Həmsöhbətim onu da vurğuladı ki, nağılın oxunmasında əsas şərt oxunacaq kitabların yaşa uyğun seçilməsidir. Nağıl dinləyəcək uşaq 7-8 yaşındadırsa, dil və anlayış cəhətdən inkişaf etmiş, yalnız yaxşı və doğrunu deyil, pis və səhv xarakterləri də ehtiva edən, uşağın bildiyi sözlərdən ibarət olan, oxumağı yeni öyrənənlər üçün qısa və böyük yazılarla yazılmış kitabları seçib onlara oxuyuruq və tövsiyə edirik ki, bu cür nağıl kitabları onlar üçün məsləhətlidir. Bu yaş dövründəki uşaq, həqiqi və həqiqətdən kənar hadisələri bir yerdə yaşayır. Belə uşaqlar mövzuları heyvanlar, divlər və təbiət olan nağıllara qulaq asmağı daha çox xoşlayırlar. Kiçik yaşlılardan fərqli olaraq, bu uşaqlar müəyyən uzunluqdakı bir kitabı sonuna qədər dinləməyə çalışar və dinlədiklərini çox yaxşı anlayarlar.
Uşaq kitabxanasında olarkən balaca oxucularımızın da burada maraqla kitab seçərək oxuduqlarının şahidi olduq. Onlardan üçüncü sinif şagirdi Nurəli İbrahimli, ikinci sinif şagirdi Tuncay Səfərli, Ayla Həmzəyeva və bir çox uşaqlar kitabxananın ən fəal oxucularından sayılırlar. Onlarla bir-iki dəqiqəlik söhbətim zamanı bu balaca məktəblilər kitabxana kollektivinin onlara göstərdiyi isti münasibətdən razılıq etdilər və bildirdilər ki, yaxın dostları və sinif yoldaşları ilə birlikdə hər gün dərsdən sonra asudə vaxtlarını xoş və səmərəli keçirmək üçün kitabxanaya üz tuturlar və burada maraqlı nağıl kitabları oxuyurlar.
Kitabxanada olarkən gördüklərimiz, yaradılan gözoxşayan şərait deməyə əsas verir ki, gələcəyimiz olan uşaqlar hərtərəfli bilik və dünyagörüşə malik uşaqlar kimi formalaşırlar.


Turanə

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Aralık 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031