SON DƏQİQƏ

naxcivanxeberleri.com

17 Noyabr Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günüdür-MİLLİ QÜRUR YERİMİZ

17 Noyabr Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günüdür-MİLLİ QÜRUR YERİMİZ
17-11-2019, 00:10

Azərbaycan bayrağı sadəcə bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq tək rəsmi yerlərdə yox, idarələrdə, küçələrdə, saraylarda, məktəblərdə yox, gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun.
Heydər ƏLİYEV,
Azərbaycan xalqının ümummilli lideri
Elə bir adam tapılmaz ki, öz xalqının, öz dövlətinin bayrağını görəndə qəlbində qürur, iftixar hiss etməsin. Məncə, hər kəs öz dövlətinin bayrağını dünyadakı bütün zirvələrdən, bütün yüksəkliklərdən ucada dalğalanmasını istəyər. Bu baxımdan, bayraq ucalıqdır, milli heysiyyətdir, vətəndaşlıq qürurudur. Bayraq millət, dövlət, milli mənlik deməkdir. Azərbaycan Respublikasının Konstitusiyasında da qeyd olunduğu kimi, Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan Respublikasının dövlət rəmzidir.

Müstəqillik rəmzi
Üçrəngli bayrağımız Şərqdə ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə qaldırılıb. 1918-ci il noyabrın 9-da Dövlət Bayrağı haqqında məsələyə baxan Azərbaycan Xalq Cümhuriyyəti hökuməti mavi, qırmızı və yaşıl rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayrağı Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət Bayrağı olaraq qəbul edib. Üstündə ay-ulduz şəkli olan Dövlət Bayrağımızın rənglərindəki məzmunda xalqımızın milli ideologiyası və milli mənliyi təcəssüm tapır. Dövlət Bayrağımızdakı mavi rəng türklüyümüzü, qırmızı rəng azadlıq və istiqlaliyyəti, demokratiya və insan hüquqlarını, yaşıl rəng isə İslam sivilizasiyasına mənsubluğumuzu ifadə edir.

70 il sonra Naxçıvanda ucaldılan
üçrəngli bayraq
Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra üçrəngli bayrağımız dəyişdirildi. Yalnız 70 ildən sonra Azərbaycanın üçrəngli bayrağı milli şüurun oyanışı ilə yenidən Azərbaycan xalqının milli müstəqilliyinin və iradəsinin ifadəsi kimi dalğalanmağa başladı. Düz 70 il sonra ümummilli lider Heydər Əliyevin uzaqgörən zəkası və əzmi ilə Naxçıvanda dalğalandırılan, Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilən üçrəngli bayraq dövlətçiliyimizin, müstəqilliyimizin bərpa olunması, siyasi varisliyin təmin edilməsi demək idi. 1990-cı illərin çətin, ağır günlərində ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda milli dövlətçilik ənənələrinin əsası qoyuldu. 17 noyabr 1990-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə keçirilən iclasında birinci növbədə bayraq məsələsinə baxıldı, üçrəngli, ay-ulduzlu bayrağımız Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi təsdiq edildi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 19 noyabr 1990-cı il tarixli qərarı ilə milli bayrağımız rəsmi olaraq Ali Məclisin binası üzərində ucaldıldı. Uzaqgörən dövlət xadimi Heydər Əliyevin atdığı bu addımlar sonralar müstəqil Azərbaycanın milli dövlətçilik fəaliyyətinin təməlini, milli dövlət quruculuğunun əsasını təşkil etdi.
Beləliklə, vaxtilə Naxçıvan Muxtar Respublikasında ulu öndər Heydər Əliyevin əzmi ilə, böyük uzaqgörənliklə qəbul edilən tarixi qərarlar müstəqil Azərbaycanın dövlətçilik yoluna çevrildi. Üçrəngli, ay-ulduzlu bayrağın Azərbaycanın Dövlət Bayrağı olaraq qəbul edilməsi də Naxçıvandan başlanan yolun davamı oldu. Ölkə ictimaiyyətinin tələbi ilə 1991-ci il fevralın 5-də Azərbaycan SSR-in Ali Soveti Dövlət Bayrağı haqqında Qanun qəbul edərkən üçrəngli bayrağa Dövlət Bayrağı statusu verdi. Həmin il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edərək onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını da qəbul etdi.

Ən uca, ən ali dəyər…
Dövlət Bayrağımız bizim milli dəyərimizdir. Elə bir dəyər ki, bizə milli qürur, güc, qüdrət verir. Bu gün dünyanın bir çox böyük dövlətləri ilə iqtisadi-siyasi əlaqədə olan, beynəlxalq təşkilatlarda təmsil olunan dövlətimiz öz bayrağı ilə bütün dünyada tanınır və qəbul olunur. Birləşmiş Millətlər Təşkilatı kimi mühüm beynəlxalq təşkilatın qeyri-daimi üzvü olan, sülhməramlı tədbirlərdə bütün qüvvəsi ilə iştirak edən dövlətimiz üçrəngli bayrağı ilə sərhədlər aşdıqca, ölkələr keçdikcə xalqımız qürur hissi keçirir. Keçirilən müxtəlif tədbirlərdə, beynəlxalq yarışlarda qaldırılan Dövlət Bayrağımız həm də qələbə və zəfər üfüqlərini fəth edir. Bayrağımız dalğalandığı ölkələrdə siyasi qələbəmizin təntənəsi kimi hər birimizə qürur verir, bütün dünya azərbaycanlılarının həmrəylik, birlik rəmzinə çevrilir.
Bu gün müstəqil Azərbaycan üçrəngli bayrağımız altında müstəqillik yolu ilə inamla irəliləyir, iqtisadi, siyasi və hərbi gücünü getdikcə artırır. Məhz bunun nəticəsidir ki, hər il müxtəlif sahələr üzrə böyük nailiyyətlər əldə edilir. Müstəqil ölkəmizin şanlı bayrağı vaxtilə işğal altında olan, bu gün isə düşməndən azad edilən torpaqlarımızda qürurla dalğalanır. Ölkə Prezidentinin ötən il iyunun 26-da Bakının Azadlıq meydanında keçirilən təntənəli hərbi paradda dediyi kimi: “2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırıldı. Bunun çox böyük mənəvi əhəmiyyəti var. Həmin o bayraqlar bu gün bu paradda, Azadlıq meydanında nümayiş etdiriləcək. Bu bayraqlar hərbçilərimizi qabağa aparırdı. Bu bayraqlar döyüşdə olan bayraqlardır. Bu gün bu bayraqlar Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında dalğalanır və bu parad üçün buraya gətirilib. Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək”.
Naxçıvanda uğurla davam etdirilən dövlətçilik yolu
Naxçıvan Muxtar Respublikasında ulu öndər Heydər Əliyevin dövlətçilik təlimi bu gün də uğurla davam və inkişaf etdirilir. Dövlət atributlarının təbliği işi də muxtar respublikamızda uğurla həyata keçirilir. Naxçıvan Muxtar Respublikasında bütün şəhərlərlə yanaşı, bu istiqamətdə aparılan işlər də razılıq doğurur. “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 22 avqust tarixli Sərəncamı ilə Naxçıvan şəhərinin ən hündür və gözəl yerində Dövlət Bayrağı Meydanı və Muzeyi yaradılmışdır. Açılış tədbirində iştirak edən Ali Məclisin Sədri cənab Vasif Talıbov demişdir: “Dövlətçilik tariximizdə mühüm yer tutan dövlət rəmzləri və bayraqlar bir tərəfdən nadir dövlətçilik irsinin varisləri kimi bizdə iftixar hissi doğurursa, digər tərəfdən Naxçıvanda mövcud olmuş qədim dövlətlərin tarixini öyrənməyə də geniş imkanlar yaradır. Naxçıvan şəhərində yaradılan Dövlət Bayrağı Meydanı və Muzeyi bu baxımdan mühüm əhəmiyyətə malik olacaqdır”.
Ali Məclis Sədrinin 2014-cü il 17 noyabr tarixli Sərəncamı ilə 17 noyabr tarixi hər il Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir. Naxçıvan şəhərindəki Bayraq Meydanının mərkəzindəki bayraq dirəyinin pyedestalının altında unikal quruluşa malik Bayraq Muzeyi yaradılmışdır. Səkkizguşəli ulduz formasında inşa olunan muzey binası eyni quruluşa malik sütunlarla əhatə olunmuşdur. Bayraq Muzeyi dövlət atributlarımızın tarixi və onların gələcək nəsillərə çatdırılması baxımından müstəsna əhəmiyyətə malikdir.

Birliyə, həmrəyliyə çağırış rəmzi…
Şair gözəl deyib:
“Bayraqları bayraq yapan üstündəki qandır,
Torpaq əgər uğrunda ölən varsa, vətəndir”.
Bəli, bu gün yüksəklərdə dalğalanan bayrağımız hər birimizə böyük qürur və iftixar hissi yaşadır. Müstəqilliyimizin, milli varlığımızın və dövlətçiliyimizin rəmzi olan bayrağımız uğrunda canlarından keçən, azadlıq, istiqlaliyyət, müstəqillik yolunda fədakarlıq nümayiş etdirən oğul və qızlarımızın şəhadəti, əməli, niyyəti bizi bu bayraq altında birliyə, həmrəyliyə, vətənimizin ərazi bütövlüyü, müstəqilliyi və yüksəlişi uğrunda mübarizəyə səsləyir. Ulu öndər Heydər Əliyevin dediyi kimi: “Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmağını istəyirsə, kim Azərbaycanın işğal edilmiş torpaqlarının azad olmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir”.


Ramiz QASIMOV

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Aralık 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031