SON DƏQİQƏ

naxcivanxeberleri.com

BU ŞƏHƏRİN PAYIZI

BU ŞƏHƏRİN PAYIZI
16-11-2019, 11:12

Məncə, bu şəhərin payızı bütün şəhərlərin payızından daha gözəldir, daha cazibədardır, daha romantikdir. Bu şəhərin payızında insan özünü tamamilə unudur, bütün varlığı ilə payızın ahənginə uyur.
Bir başqadır bu şəhərin payızı... Bu şəhərdə payız insanı düşündürür, duyğulandırır, həyatı, yaşamağı insana sevdirir.
Həyatda bəzi anlar olur ki, o anları unutmaq olmur. Bu şəhərə payız gələndə, havalar soyuyanda, yağış yağanda həmin anlar daha çox yada düşür. Xüsusən, yağış yağanda...
Yağış yağanda pəncərə önündə oturub yağış damlalarının səsini dinləməyi, yağışın yağmasını izləməyi çox sevirəm. Bu halda xəyallara dalmağım bəzən bir saata qədər çəkir... O anlarda, həmin dəqiqələrdə xəyala elə dalıram ki, zamanın ötməyindən xəbərim belə olmur... O anlar, o dəqiqələr mənə bir neçə il kimi gəlir... Xəyalən ötənlərə, keçənlərə, hətta uşaqlıq illərimə qədər “səyahət edirəm”. Bu dəqiqələr, bu anlar içində, bu anılar içində qeyri-adi bir xoşbəxtlik yaşayıram...
Yağış kəsir, hər şey bitir...
Nənəm həmişə deyərdi ki, Allah insanın səsini, duasını iki məqamda daha tez eşidir – bir sübh azanı vaxtı, bir də yağış yağanda... Nənəmin o sözlərindən sonra həmişə yağış yağanda Allaha dua edirəm – ölkəmiz üçün firavanlıq, əsgərlərimizə qüvvət, torpaqlarımızın geri qayıtması üçün xalqımıza mübarizlik, Qarabağa azadlıq arzulayıram... Deyirəm ki, Qarabağın üstündəki qara buludlar tez sovuşsun, xalqımıza yalnız sevinc göz yaşları nəsib olsun...
Maraqlıdır ki, bu hissləri, bu duyğuları hər fəsildə yox, yalnız payız fəslində yaşayıram... Bu fəsildə, nədənsə, yağışı başqa cür sevirəm... Payız yağışı, nədənsə, məndə maraqlı düşüncələr, duyğular, hisslər yaradır.
Payız həm də sevgi fəsli, toy-düyün fəslidir. Bu fəsildə həyat rəngarəng olur, duyğular, düşüncələr cuşa gəlir, sanki... Hər günü, hər saatı, elə bil, fərqli yaşayırsan... Parklarda, bağlarda gəzərkən qurumuş yarpaqların – xəzəllərin ayaq altında xışıldaması insanın ruhuna bir rahatlıq verir... Bu anlarda qəribə hisslər yaşayır insan... Həmin anlarda nə xoşbəxtlik hiss edirsən, nə də bədbəxtlik... Nə qəmli olursan, nə də sevincli... Sadəcə rəngli bir səssizliyə qulaq asaraq düşünürsən, xəyala dalırsan... Quşların dəstə qurub isti ölkələrə sarı uçması səni daha çox duyğulandırır. Ayaq saxlayıb onları izləyirsən... Ta ki yox olana qədər...
Mən payız fəslini “Üç ay davam edən maraqlı film” adlandırıram... Yəni, bu fəsildə müşahidə etdiyimiz təbiət səhnələri o qədər təbii, o qədər ardıcıl, o qədər obrazlıdır ki, baxdıqca baxır, doymaq bilmirsən... Baş rolda da qızılı-sarı yarpaqlar, şehli çiçəklər, sükut, sevgi...
Bəli, sevgi, məhəbbət bəxş edir insanlara bu şəhərin payızı... Bu şəhərin payızı bir başqadır...


Zeynəb HÜSEYNZADƏ

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ocak 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031