SON DƏQİQƏ

naxcivanxeberleri.com

Heydər Əlivev və dilimizin inkişaf yolu

Heydər Əlivev  və dilimizin inkişaf yolu
10-11-2019, 21:41

Bir millətin, xalqın varını, dövlətini əlindən alsan, o millət ölməz, yaşayar.
Ancaq ana dilini əlindən alsan, həmin millət məhv olar, ondan əsər-əlamət qalmaz
Konstantin Uşinski.


Təbii ki, Azərbaycan xalqının tarixində böyük fikir dahiləri çox yetişmişdir. Heydər Əliyev isə həm əsrimizin böyük fikir dahisi, həm də xalqın, vətənin, dövlətin bütövlüyünün təminatçısı, tarixdə ilk dəfə yaranmış milli dövlətçiliyimizin banisi, rəhbəri, qurucusu və sərkərdəsidir. Qədim yunan filosofları o kəsləri dahi hesab edirdilər ki, onlar heç kəsin görə bilmədiklərini görə bilsinlər. Heydər Əliyev məhz belə dahilərdən idi. Xalqımız üçün göstərdiyi misilsiz xidmətlər Heydər Əliyevi Ümummilli lider zirvəsinə yüksəldib. Məhz bu xidmətlərin nəticəsidir ki, hər il 10 may tarixi xalqımız tərəfindən milli bayram səviyyəsində qeyd edilir.
Heydər Əliyev böyük siyasi xadim olmaqla yanaşı vətənini, torpağını, xalqını, dilini sevən, onu öz dühası ilə yüksəklərə qaldıran görkəmli bir şəxsiyyətdir. Bəlkə də yeganə insan idi ki, Azərbaycan üçün, doğma vətəni, xalqı, milləti üçün ömrünü şam kimi əritdi. Heydər Əliyevin taleyi millətin taleyi, xalqın taleyi idi. Azərbaycanın taleyi Heydər Əliyevin taleyi idi. Millətin dərdi, ağrısı onun dərdi, xoşbəxtliyi onun xoşbəxtliyi idi. Özünün dediyi kimi azərbaycanlı olması ilə daim qürur duyurdu: “Mən həmişə fəxr etmişəm və indi də fəxr edirəm ki, azərbaycanlıyam.”
Bəlkə də buna görədir ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan xalqının tərəqisi və inkişafı dövrü başladı. Xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, tariximizin düzgün istiqamətdə araşdırılması və öyrənilməsi, ana dilimizin rolunun artırılması kimi məsələlərin diqqətə çəkilməsi milli ruhun oyanışına təkan vermiş oldu.
Ulu öndərimiz bütün sahələrdə olduğu kim, dilimizin inkişafı istiqamətində də müstəsna xidmətlər göstərib. Çünki ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca amildir. Ana dili hər bir xalqın milli sərvəti, həmin xalqın milli varlığının təsdiqidir. Millətin millət kimi formalaşmasında dil ən mühüm amildir. Hər bir xalqın keçdiyi tarixi yol, onun mədəni səviyyəsi onun dilində öz əksini tapır.
Azərbaycan xalqının milli sərvəti sayılan Azərbaycan dili bugünkü inkişaf səviyyəsi ilə dünya dillərindən fərqlənir. Amma onu da unutmayaq ki, yaxın keçmişdə dilimiz ciddi sınaqlarla üzləşmiş və bu sınaqlardan qalib ayrılmışdır. Vaxtilə Azərbaycanın böyük şairi Süleyman Rüstəm dilimizin sabahını düşünərək bir vətəndaş kimi etiraz səsini qaldırdı: “Mən sənin dilinə dəymirəm, cəllad, Gəl sən də bu ana dilimə dəymə, Sənin də bağın var, gülün var, çəkin, Bağıma əkdiyim gülümə dəymə.”
Bildiyimiz kimi, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu qisa müddət ərzində dilimizin inkişafına xüsusi diqqət yetirildi. Lakin Azərbaycan Sovet İmperiyasının tərkibinə daxil olduqdan sonra bu istiqamətdə vəziyyət ciddi şəkildə dəyişdi. Belə ki, dilimizə qarşı böyük təzyiqlər başlandı. Çünki rus dilinin aparıcı dil olması, rəsmi tədbirlərdə rus dilində çıxışların üstünlük təşkil etməsi doğma ana dilimizə münasibəti dəyişdirirdi. Belə bir fikir hakim idi ki, hamı rus dilini öyrənməli və bu dildə danışmalı idi. Bu, isə ana dilimizə kölgə salır, dilimizin inkişafını ləngidirdi.
Azərbaycanda Sovet hakimiyyətinin qurulduğu ilk illərdə bu sahədə yenilik baş verməmişdi. 1937-ci ildə qəbul olunmuş Azərbaycan SSR-in yeni Konstitusiyasında da dilimizin hüquqi statusu barədə heç nə yazılmırdı. Şübhəsiz ki, bu, keçmiş sovet rəhbərliyinin apardığı totalitar siyasətin diktə etdiyi reallıq idi. Stalin repressiyalarının geniş vüsət aldığı dövrdə Konstitusiyaya ana dili ilə bağlı hər hansı düzəliş və ya əlavə etməkhəm kifayət qədər riskli, həm də perspektivsiz addım idi. 1956-cı ildə Azərbaycan Respublikası Ali Soveti 1937-ci il Konstitusiyasına xüsusi əlavə qəbul etdi. Həmin əlavədə Azərbaycan SSR-də dövlət dilinin Azərbaycan dili olması təsbit olunurdu.
Ümummilli liderimiz doğma dilimizin nüfuzunu qaldırmaq, ona işləklik qazandırmaq, onun dövlət dili kimi yüksək bir statusa sahib olmasını təmin etmək istiqamətində hakimiyyətə gəldiyi ilk günlərdən məqsədyönlü şəkildə fədakarlıqla çalışmağa başladı. Belə ki, ilk dəfə 1970-ci ildə Heydər Əliyevin o zamankı Azərbaycan Dövlət Universitetinin yaranmasının 50 illiyi münasibətilə keçirilmiş geniş partiya konfransında doğma ana dilində məruzə etməsi insanların böyük heyrətinə səbəb oldu. Çünki əvvəlki respublika rəhbərləri adətən rus dilində məruzə etsələr də Heydər Əliyev yalnız doğma ana dilində çıxış etməyə üstünlük verirdi. Hətta ulu öndər bu hadisəni belə qiymətləndirirdi: “Xatirimdədir, universitetin 50 illik yubileyində çıxış edərkən, şübhəsiz ki, öz ana dilində, Azərbaycan dilində danışdım. Bu, böyük bir sensasiya kimi qəbul olundu, təəccüb doğurdu, nə cür olur ki, respublikanın rəhbəri Azərbaycan dilində çıxış edir və bu dildə heç də pis danışmır. Bəziləri məni bu hadisə münasibətilə təbrik edirdilər, minnətdarlığını bildirirdilər. Dilini sevən, milli ruhla yaşayan insanlar doğrudan da bunu böyük bir hadisə kimi qəbul etdilər. Mən isə onlara dedim ki, bura¬da bir qeyri-adilik yoxdur, nahaq təəccüb edirsiniz, bu mənim ana dilimdir və ana dilində çıxış etmək elə böyük bir qəhrəmanlıq da deyildir. Ana dilini bilməmək isə, ana dilini qiymətləndirməmək isə, şübhəsiz ki, xalq qarşısında qəbahətdir” .
Bu gun Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dili səviyyəsinə qalxması, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tribunalarından eşidilməsi ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan dil siyasəti ilə bağlıdır. Bu siyasətin əsası isə ən cətin bir vaxtda-“vahid dil” siyasətinin daha geniş şəkildə təbliğ edildiyi, milli dillərin sıxışdırıldığı bir vaxtda qoyuldu. Halbuki belə çətin bir vaxtda ana dili məsələsi ilə məşğul olmaq olduqca qorxulu idi. Ona görə qorxulu idi ki, dil məsələsini qabardanlar, bu barədə fikir söyləyənlər Sibirə sürgün edilirdi. Bu cür təzyiq və təqiblərə baxmayaraq, Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə ifadə edə bildi. Hətta ulu öndərin bu cəsarətli addımı nəticəsində 1978-ci il konstitusiyasında ilk dəfə Azərbaycan dili dövlət dili kimi qəbul edildi.
1978-ci il aprelin ikisində IX çağırış Azərbaycan SSR ALİ Sovetinin Azərbaycan Sovet Sosialist respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr edilmiş VII sessiyasında məruzə ilə çıxış edən Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyaya vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dili Azərbaycan dilidir”. Əlbəttə, o dövrdə belə cəsarətli addımı Heydər Əliyev kimi dahi bir insan ata bilərdi. Bu, ulu öndərin öz xalqı qarşısında ən böyük tarixi xidmətlərindən biri idi.
1978-ci ildə qəbul edilmiş Konstitusiya haqqında danışarkən ulu öndər o günləri belə xatırlayırdı: “Xatirimdədir, o vaxt başqa respublikaların rəhbərləri ilə kəskin danışıqlarımız oldu. Ukraynanın rəhbəri Şerbitski ilə mənim kəskin danışıqlarım xatirimdədir. O, buna çox etiraz edirdi, belə əsaslandırırdı ki, siz belə yazdığınız halda, gərək biz də yazaq ki, Ukraynanın dövlət dili Ukrayna dilidir. Mən ona dedim ki, heç kəs sizə mane olmur. Siz bizdən də böyük respublikasınız və Sovetlər İttifaqında sizin xüsusi çəkiniz bizimkindən qat-qat artıqdır. Siz istəsəniz, bunu yaza bilərsininz. Ancaq siz nə üçün bizə mane olursunuz...Ancaq biz buna nail olduq. Hesab edirəm ki, bu, o dövrdə, o zamanın şəraitində respublikamızda, ümumiyyətlə, ölkəmizin tarixində böyük hadisə oldu”.
Heydər Əliyev bilirdi ki, dil də, tarix də, mədəniyyət də millətsiz mövcud ola bilməz və hər hansı bir milləti yer üzündən izsiz olaraq silmək üçün onun dilini, mədəniyyətini, tarixini əlindən almaq kifayətdir.
XXI əsr Azərbaycan dilinin inkişafında əlamıtdar hadisələrlə zəngindir. Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi, ana dilimizin inkişafı, təsir dairələrinin genişlənməsi ilə bağlı ulu öndərimizin verdiyi fərmanları, sərəncamları, qanunlar dilimizin daha da inkişafı üçün əlverişli şərait yaratdı.
1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında (21-ci maddə) Azərbaycan dili dövlət dili kimi təsbit olundu. Bütün bunların həyata keçirilməsində Böyük öndərimiz Heydər Əliyevin apardığı dil siyasətinin çox mühüm önəmi, əhəmiyyəti vardır. Mədəniyyətimizə, incəsənətimizə, dilimizə qayğı hər bir vətəndaşdan milli təəssübkeşlik mövqeyini nümayiş etdirməyi tələb edir. Dil məsələlərinə gəldikdə isə onu demək lazımdır ki, dilçiliyimizin Azərbaycan dilinin dəyərini, rolunu, zənginliklərini, incəliklərini və s. məsələləri üzə çıxarması üşün olduqca əlverişli şərait yaranmışdır.
Konstitusiya ko¬missiyasının noyabrın sonlarında keçirilən iclasında Heydər Əliyev bu məsələyə öz münasibətini bildirərək deyirdi: “Biz ən doğru, düzgün və ən əsaslı bir qərar qəbul etdik ki, Azərbaycanın dövlət dili Azərbaycan dilidir. Bu, Azərbaycan xalqı üçün, onun mənəviyyatı, dilinin inkişafı üçün çox əhəmiyyətli qərardır. Bu, Azərbaycanda bütün Azərbaycan xalqının tərkibini təşkil edən xalqların hamısının özlərinə bu dili qəbul etməsi üçün çox əsaslı bir qərardır və hesab edirəm ki, həm keçmişimizə böyük hörmət, həm də gələcək nəsillər üçün böyük bir sənətdir” .
Müstəqillik illərində Heydər Əliyevin qayğısı nəticəsində ana dilimizə qarşı edilmiş haqsızlıq aradan qaldırıldı, onun hüquqları qorundu, cəmiyyətdəki mövqeləri tam bərpa edildi. Bu gün dilimizin özünəməxsus kamil qrammatik quruluşu, zəngin fondu, geniş ifadə imkanları, mükəmməl əlifbası, yüksək səviyyəli yazı normaları vardır.
“Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” böyük öndər Heydər Əliyevin 18 iyun 2001-ci il tarixli fərmanında deyilir: “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Müstəqil dövlətimizin rəsmi dili statusunu almış Azərbaycan dilinin geniş tətbiq edilməsi və sərbəst inkişafı üçün münbit zəmin yaranmışdır. Tarixin müxtəlif mərhələlərində dilimizə qarşı edilmiş haqsızlıqların, təzyiq və təhriflərin nəticələrinin aradan qaldırılması üçün hazırda ölkəmizdə çox əlverişli şərait mövcuddur. Dil öz daxili qanunları əsasında inkişaf edirsə də, onun tədqiq və tətbiq edilməsi üçün yaradılmış geniş imkanlar bu inkişafın daha sürətli və dolğun olmasına təkan verir”.
2003-cü il yanvarın 2-də isə ulu öndərin fərmanı ilə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindi. Öz doğma ana dilini sevən lider deyirdi: “Biz indi müstəqil dövlət kimi, azad xalq kimi öz dilimizlə, Azərbaycan dili ilə fəxr edirik. Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqının dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldır-maq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur”.
Ulu öndər Heydər Əliyev dövlət dilimiz olan ana dilimizə böyük üs¬tünlük verir və tövsiyə edirdi ki, hər bir azərbaycanlı başqa dilləri də mükəmməl öyrənsin, onlardan yeri gəldikcə istifadə etsin. Lakin heç kəs öz doğma Azərbaycan dilinə diqqət, hörmət və məhəbbəti azaltmamalıdır.
“Azərbaycan ədəbiyyatını, ana dilini bilməyən gənc Nizamini oxuya bilməz, Füzulini oxuya bilməz, Nəsimini oxuya bilməz, Vaqifi oxuya bilməz, Sabiri oxuya bilməz, C. Məmmədquluzadəni oxuya bilməz və digərlərini oxuya bilməz. Əgər onları oxuya bilməsə, o, tarixi bilməyəcək, onları oxuya bilməsə, bizim mədəniyyətimizi bilməyəcək, mədəni köklərimizi bilməyəcək, milli-mədəni ənənələrimizi bilməyəcək, onları bilməsə, o, vətənpərvər olmayacaq, onda milli vətənpərvərlik duyğuları olmayacaqdır”.
Ona görə də Heydər Əliyev hər bir çıxışında qətiyyətlə dil məsələsinə toxunur, dilə belə qiymət verirdi: “Bütün xalqlarda olduğu kimi, Azərbaycan xalqının da dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Dilimiz xalqın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olmuş, onun taleyini yaşamış, üzləşdiyi problemlərlə qarşılaşmışdır. O, xalqın ən ağır günlərində belə onun milli mənliyini, xoşbəxt gələcəyə olan inamını qoruyub möhkəmləndirmişdir. Inkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalarımızdan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu, onun vətəndaşlıq borcudur”.
Bu gün hər bir azərbaycanlı fəxr edir ki, məhz o, Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanın vətəvdaşıdır, dili isə öz zənginliyi ilə dünyaya meydan oxuyan Azərbaycan dilidir.

Fəxriyyə İbrahim qızı Cəfərova
Filologiya üzrə fəlsəfə doktoru, dosent
Naxçıvan Müəllimlər İnstitutu

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930