SON DƏQİQƏ

naxcivanxeberleri.com

Milli – mənəvi dəyərlərimizi qoruyaq

Milli – mənəvi dəyərlərimizi qoruyaq
9-11-2019, 17:00

Azərbaycan xalqının böyük tarixi, zəngin mədəniyyəti var. Bu milli-mənəvi zənginliyin dünyaya layiqincə təqdim olunması nəticə etibarilə ölkəmizin təbliğinə, beynəlxalq nüfuzunun yüksəlməsinə xidmət edir. Müasir dünyadakı qlobal inteqrasiya prosesində qabaqcıl yer tutmaq istəyən dövlət özünün iqtisadi, siyasi gücü ilə yanaşı, həm də tarixi, mədəniyyəti, milli-mənəvi dəyərləri ilə tanınmalı, onları yüksək səviyyədə təbliğ etməyi bacarmalıdır.

Mənəvi dəyərlər insanı cəmiyyətdə formalaşdıran və ümumilikdə inkişafa kömək edən davranış qaydalarıdır. Bu qaydalar dünya sivilizasiyasının təməli qoyulandan yaranmağa başlayıb. Dəyərlərin formalaşması prosesi nəticəsində dünyada hər bir fərdin haqlarını daha dolğun təsdiq edən xüsusiyyətlər yaranır. Azərbaycan xalqının əsrlər boyu əldə etdiyi milli mənəvi dəyərlər milli əxlaqdan, adət-ənənələrdən, mədəniyyətdən və digər insani keyfiyyətlərdən ibarətdir.

Milli – mənəvi dəyər anlayışı özündə böyük bir mənanı ehtiva edir. Mənəvi dəyər dedikdə əsrlər boyu xalqımızın yaratdığı əxlaqi və maddi dəyərlər sistemi nəzərdə tutulur. Təbii ki, hər bir xalqın varlığı, onun milli kimliyi ilk növbədə onun milli – mənəvi dəyərlərində ehtiva və əks olunur. Hər hansı bir xalqın milli – mənəvi dəyərlər sistemini onun əlindən tamamilə almış olsaq, o zaman həmin xalqın adından savayı heç nəyi qalmaz. Bu həqiqətdir ki, bir millətin varlığının qorunub saxlanması üçün hər şeydən öncə onun varlığını özündə ehtiva edən milli – mənəvi dəyərlərini qoruyub saxlanması lazımdır. Amma təəssüflər olsun ki, 21 – ci əsrdə qlobollaşma dediyimiz proses müxtəlif xalqların milli – mənəvi dəyərlərinə müxtəlif formalarda, gizlin və aşkar şəkildə onu məhv etməyə, sıradan çıxarmağa çalışır. Bəs biz necə, öz milli mənəvi dəyərlərimizi qoruya bilirikmi? Qlobollaşma, müasirləşmə, urbanizasiya dəyərlərin yox olması deməkdirmi?

Ümumilikdə dünyada gedən qlobollaşma prosesi və informasiya əsrinə daxil olmaq milli – mənəvi dəyərlərimizin bir qədər itirilməsinə səbəb oldu. Bunun əsası 80-ci illərin sonu 90 – cı illərin əvvəllərində qoyuldu. Düşünürəm ki, hansı xalq qlobollaşma dövründə milli dəyərlərə qarşı olan təcavüzə qarşı özünün milli – ideoloji cəbhəsini qura bilibsə və onu qorumağı bacarıbsa, həmin xalqın bu dalğadan salamat çıxma ehtimalı var. Müasir gənclərin mənəvi dəyərlərimizə olan münasibətinə və onların özlərində daşıdığı dəyər anlayışına nəzər salsaq, bugünki səhnənin bir o qədər də ürəkaçan olmadığını görə bilərik. Lakin bununla yanaşı, digər xalqlarla müqayisədə daha yaxşı vəziyyətdə olduğumuzu da etiraf etməliyik. Hər halda, bu gün Azərbaycan gəncliyinin milli – mənəvi dəyərlərə yönələn hissəsi çox olduğu kimi, bu dəyərlərə biganə olan hissəsi də kifayət qədər çoxalıb. Bunun isə özlüyündə müxtəlif səbəbləri var. Gənclərimizin xarici ölkələrdə təhsil alması, Qərb düşüncəsinin, qərb şüurunun Azərbaycan gerçəkliyinə təsir göstərməsi mühüm faktorlar sırasındadır.

Bu gün milli mənəvi dəyərlərimizin vəziyyətində ümumi dəyərləndirmə aparsaq, görərik ki, hələlik biz zərərin ortasına da çatmamışıq. Ziyanın yarısından qayıtmaq böyük işdir. Lakin biz hələ heç ziyanın ortasına çatmamışıq. Bunun geniş şəkildə yayılmasının qarşısını almaq üçün dövlət səviyyəsində milli – mənəvi dəyərlərimizin qorunmasının proqram və mexanizmi üzərində düşünməliyik. AMEA – nın müvafiq institutları və universitetlərimizin müvafiq kafedraları bir araya gələrək gəncliyimizin milli – mənəvi dəyərlərinin qorunmasını müəyyən edən proqram üzərində işləməli və bu proqramı dövlətə təklif edib onun tətbiq olunmasına nail olmalıdırlar. Çünki bir çox inkişaf etmiş xalqların təcrübəsi bizə bunu öyrədir və diktə edir. Belə düşünürəm ki, bunun üzərində hər şeydən öncə ziyalılarımız, yaradıcı və daha çox humanitar bilik sahəsində çalışan insanlarımız bir araya gəlməlidir. O cümlədən bizim filosofların, ədəbiyyatşünasların, sosioloqların, tarixçilərin və folklorşünasların üzərinə daha çox məsuliyyət qoyulmuş olur. Çünki onlar millətin mənəvi, əxlaqi, milli dəyərlərini araşdırdıqlarına, tədqiq elədiklərinə görə, onun qorunması vasitələrini yəqin ki, digər peşə sahibləri ilə müqayisədə daha düzgün tapa bilərlər.
Milli mənəvi dəyərləri qorumaq bu gün əslində heç də asan deyil. Nəzərə almaq lazımdır ki, bu gün gənclərin bir çoxunun internetə çıxışı var. İnformasiya isə bir istiqamətdə ötürülmür. Xarici filmlər, sosial şəbəkələr vasitəsilə dünyaya inteqrasiya gənclərin psixologiyasına təsir edən mühüm amillər sırasındadır.
Milli – mənəvi dəyərlərimizi gənclərə aşılamaq üçün ilk növbədə maarifləndirmə işləri aparılmalıdır. Bundan başqa milli – mənəvi dəyərlərimiz dərindən təhlil edilib araşdırılmalı və bu istiqamətdə əsaslı tədbirlər görülməlidir.

Milli – mənəvi dəyər anlayışını gənclərə aşılamağın müxtəlif üsulları var. Örnək olaraq qardaş ölkə Türkiyəyə baxmağımız yetərlidir. Türkiyə Avropaya bizdən daha tez inteqrasiya edib. Lakin bununla yanaşı, onlar üçün mühüm olan ilk növbədə vətənpərvərlik və milli – mənəvi dəyərlərdir. Onlar vətənpərvərliyi təkcə müharibə etməkdə görmürlər. Onlar gənclərdə bayrağa, vətənə, millətə sevgini kiçik yaşlarından aşılayırlar. Onlar bununla bəzi şeylərin müharibəsiz də mümkün ola biləcəyini dünyaya bəyan edirlər. bu gün Azərbaycan gəncinə milli – mənəvi dəyərlərimiz aşılanmalıdır. Əgər bu gün gənclərimizin bir hissəsi cəbhədə vuruşursa, digər bir hissəsi elm, təhsil sahəsində irəli getməlidir. Hər kəs əlinə silah ala bilməz. Ancaq hər kəs olduğu yerdə öz dövlətini, dəyərlərini müxtəlif üsullarla müdafiə edə bilər.
Bu gün dünyanın bir çox ölkələrində gənclərimiz təhsil alır, işləyir. Onlar bizim milli – mənəvi dəyərlərimizi dünya müstəvisində tanıtmalıdır. Bunun üçün də valideynlər öz övladlarına bu ruhda, bu istiqamətdə tərbiyə verməyi bacarmalıdır. Uşaq öz dövlətini, bayrağını tanımalı, adət - ənənəsinə, milli dəyərlərinə yaxından bələd olmalıdır. Azərbaycan gəncləri xalqın milli-mənəvi dəyərlərinin digər xalqlar tərəfindən mənimsənilməsinin qarşısını almaq üçün öz səylərini, mübarizəsini efir, mətbuat, xarici telekanallar vasitəsilə bildirməli, zəngin milli poeziyamızın, musiqi xəzinəmizin qorunmasında gənclərimiz səylə çalışmalıdır.

Qloballaşma prosesi elm, texnika, texnologiya ilə ümumbəşəri dəyərlərlə yanaşı milli kimliyi müəyyən edən mədəni-mənəvi amillərə də sirayət etməyə cəhd göstərir. Belə bir şəraitdə nələri qorumaq lazım olduğunu təyin etmək üçün, ilk növbədə meyarlar müəyyənləşməlidir. Bu gün bizim vətəndaş borcumuz milli-mənəvi dəyərlərimizə, doğma torpağımıza, doğma ana dilimizə, mədəniyyətimizə, böyük və zəngin tariximizə, millətimizə sadiq olmaqdan və onu təbliğ etməkdən ibarətdir.


Şəbnəm Əliyeva
Naxçıvan Müəllimlər İnstitutu

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930