SON DƏQİQƏ

naxcivanxeberleri.com

Qazançı-müasirliyə qovuşan yurd yerimiz

Qazançı-müasirliyə qovuşan yurd yerimiz
9-11-2019, 16:00

Yolum qazançıya düşmüşdü. İlan kimi qıvrılıb dağların boynuna dolanan Çeşməbasar-Boyəhməd yolu bizi alınmaz qalalar, ulu dağlar, ünyetməz yalçın qayalar, zümzüməli, sazlı-sözlü bulaqlar ünvanına çatdırır.

Dağların döşünə muncuq kimi səpələnmiş saysız-hesabsız qoyun sürülərinin mələşməsi, torpağın altını üstünə çevirən traktorların gur səsi dağlara-daşlara səs salmışdı. Lap uzaqlarda başını duman bürümüş dağlar sanki zirvəsindəki qarın üşütməsindən təngə gəlib həsrətlə bizə boylanır, aranın istisindən pay umurdu. Qazançı qoca tarixin canlı şahididir. Bu yurd yerinin hər sal daşı, hər sərt qayası bizə öz keçmişimizdən nələr demir. Keçilməz sədlər, pozulmaz bəndlər, zirvə qalalar baş ucalığı, qəhrəmanlıq dastanıdır. Bu hikmətli aləmdən neçə-neçə dastan bağlamaq olar.
Rayon mərkəzindən 42 kilometr şimalda yerləşən bu yurd yerinin yaranma tarixi eramızdan əvvəlki illərə aid edilir. Dağətəyi zonada yerləşən kəndin adının Qazan tayfası ilə bağlı olması bu kəndin tarixinin daha qədimlərə gedib çıxdığına dəlalət edir. Bu yerlərdə ərənlərimiz at oynadıblar, el yolunda şəhid olublar, qələbə çalıblar. Qədim yurd yeri Qorqud atamızdan bəri dönməzləşib, qürurlu babalarımız kimi ulu olub.
Qazançı kəndində tarixə şahidlik edən Narın qalası Əlincəqala ilə üz-üzə dayanmışdır. Narın qalasındakı mağarada ulularımız yaşayıb. Tariximizin qan yaddaşı olan Narın qala mağarasında eramızdan əvvəl III minilliyə aid rəsmlər də olub. Bu yerlərdə XV-XVI əsrin abidəsi olan Qazançı daş körpüsü də tarixə şahidlik edir. Bu daş körpü burada tarixən qaynar həyatın olduğunu təsdiqləyir. Əlincə çayının üzərində inşa olunmuş biraşırımlı daş körpü ustalarımız tərəfindən yonulmuş, hamarlanmış daşlardan tikilmişdir. Bu körpü ölkəmiz ərazisindəki bir aşırımlı körpülərin ən yaxşı nümunələrindəndir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə 2018-ci ildə Qazançı kəndində aparılan abadlıq və quruculuq işləri ilə əlaqədar körpü də əsaslı şəkildə bərpa olunub, ona yeni ömür bəxş edilib.
Qazançı kəndi bağın-bağatın içində itib-batıb. Həyətlərdəki qoca cəviz ağacları da göylərə meydan oxuyur, meyvə ağacları ağırlıqdan başını aşağı salıb. Muxtar respublikamızda daxili bazarın meyvə ilə təmin olunmasında bu yerlərin təsərrüfat adamlarının zəhməti çoxdur. Bağ-bağata heyranlıqla tamaşa edirəm. Alma, armud bağları, qollu budaqlı cəviz ağacları, qatarlaşan çinarlar kəndin gözoxşayan evlərini qoynuna almış özgə bir aləm yaratmışdır. Kəndin mərkəzində müasir memarlıq üslubunda üçmərtəbəli 216 yerlik məktəb binası kəndə xüsusi gözəllik bəxş edir. 2018-ci ildə müəllim və şagirdlərin ixtiyarına verilən bu təhsil ocağı və məktəbdə yaradılan şərait təhsilin yüksədilməsində xüsusi rol oynayır. Qazançıda üç mərtəbədən ibarət kənd mərkəzi də insanların rahatlığına xidmət edir. Binada kənd icra nümayəndəliyi, bələdiyyə, statistika, baytarlıq, kitabxana, mədəniyyət evi və sair təşkilatlar yerləşir.
Kəndin ətraf sahələri də başqa bir aləmə qovuşub. Əlincə çayı sanki gözəlliyə valeh olmuş kimi dayanıb durmuş, axarını saxlamışdı. Göz yaşı tək dumduru, şəffaf, parlaq xəyal yelkənim dağların zirvəsinə doğru baş alıb gedir. Lakin hər qarışda gözəllik, hər addımda təkrarsızlıq bizi qoynuna alır, tilsimə salır. Göz işlədikcə uzanan təpələrdə, çay vadisində, dərələrdə bitən kəklikotu, nanə, solmazçiçəyi, dazotu, yarpız, qantəpər və sair otlar neçə-neçə dərdin dərmanıdır. Bu yerlərin dərman birkiləri çox faydalıdır. Onlarla xəstə bu dərman bitkilərindən istifadə etməklə sağlamlığına qovuşub.
Qazançının dərələrində göz-göz qaynayan çeşmələri saymaqla qurtaran deyil. Berdik, Xanım bulağı, Sarı çeşmə, Kömsöyüd kəhrizləri kənddə əhalinin içməli suya olan tələbatını tam ödəyir.
Qazançıda taxılçılığa daim diqqət yetirilir. Əsasən Dingidaş ərazisi Məzrə düzənliklərində əkilən taxıl zəmilərindən bol məhsul götürülür. Kəndin təsərrüfat adamları keçən təsərrüfat ilində 290 hektar taxıl əkini aparmış və taxıl zəmilərindən bol məhsul əldə etmişlər. Təsərrüfatçılardan Nurəddin Xıdırov, Əyyub Aslanov taxılçılığa xüsusi önəm verirlər. Əyyub Aslanov söhbət zamanı bildirdi ki, torpağa əyilən, ona dolanışıq mənbəyi kimi baxan hər bir təsərrüfat adamı öz ailəsinin illik ruzisini əldə edə bilər.
Kəndin bərəkətli torpaqları taxılçılıq üçün çox münasibdir. Kəndimizdə aparılan abadlıq və quruculuq tədbirləri bizi daha yaxşı işləməyə ruhlandırır. Kəndimizin zəhmətkeş adamları əkinçiliklə yanaşı heyvandarlıqla da məşğul olurlar. Təsərrüfatçı Ramin Əsgərov qeyd etmişdir ki, öz ailəsinin ruzisini əsasən heyvandarlıqdan götürür. Kənddə heyvandarlıq üçün hər cür şərait var. Kəndin örüş və otlaq sahələrinin genişliyi imkan verir ki, bu yurd yerində hər bir ailə qoyun-quzu saxlasın.
Çobancuxuru, At ağılı, Dağdağanlı, Berdik, Ballı dağ ərazisi heyvanların otlaması üçün daha münasibdir. Qazançıda təsərrüfatla məşğul olanlardan Tahir Aslanov, Nəcəfqulu Həşimov fərdi təsərrüfatında maldarlığa daha çox üstünlük verirlər. Kəndin təsərrüfat adamları qışlamanı müvəffəqiyyətlə keçirmək üçün bol yem ehtiyatı toplamışlar. O cümlədən kənddə baytarlıq xidməti günün tələbləri səviyyəsində olması heyvanların cins tərkibinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlər heyvanların sağlam böyüməsinə imkanlarını artırır. Kənd adamları arıçılığa da gəlirli sahə kimi baxır, arıçılığın ildən-ilə genişləndirilməsinə diqqəti artırırlar. Kəndin dağlarının gül-çiçəkli olması, arıçılığın inkişaf etdirilməsinə gözəl şərait yaradır. Bu yerlərin min bir çiçəyinin yüksək keyfiyyətli təmiz bal şirəsi, şah ətri harada olar. Buranın balı adla deyilib, keyfiyyəti ilə üstünlük təşkil edib. Kənddə Ələddin Xıdırov, Rəhim Rzayev, Arzu Qurbanov, Zakir Həsənov və başqaları, arıçılığı ildən-ilə genişləndirirlər, təsərrüfatlarda arı ailələrinin sayının artırılmasına diqqəti artırırlar.
Təsərrüfat adamı Rəhim Rzayev söhbət zamanı bildirdi ki, dövlətin arıçılığa göstərdiyi diqqət və qayğı bizi daha da ruhlandırır. Biz üç ildir ki, Naxçıvan şəhərində “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən “Arıçılıq məhsulları- Bal” festivalında iştirak edirik. Burada Qazançı balı da öz keyfiyyətinə görə yüksək qiymətləndirilib və alıcılar tərəfindən rəğbətlə qarşılanıb. Kənd sakini Zakir Həsənov bildirdi ki, rayonumuzun bütün kəndləri kimi kəndimiz də dövlət qayğısı ilə əhatə olunub. Kəndimizə ərmağan edilən quruculuq töhfələri kənddaxili yolların abadlaşdırılması, yaradılan yaşıllıqlar qəlbimizi fərəh hissi ilə doldurur. Bu ürəkaçan gözəlliklər təkcə kəndimizin sakinlərini deyil, kəndimizə qonaq gələn hər kəsi heyran qoyur. Dövlətimizin kəndimizə göstərdiyi qayğıya cavab olaraq kənddə hər kəs qurub-yaradır, əkib-becərir, muxtar respublikamızın inkişafına öz töhfəsini verirlər.
Qazançı kəndindən xoş ovqatla ayrılırıq. Birdə dönüb kəndə baxırıq təsərrüfat adamları öz təsərüfatlarında həvəslə çalışır, öz gün-güzəranlarını daha da yaxşılaşdırmaq üçün zəhmətə qatlaşırlar.


Ə. CƏFƏROĞLU

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930