SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan şəhərində keçirilən "Ailə təsərrüfatı məhsulları" festivalında rayonumuz fəal iştirak edib

Naxçıvan şəhərində keçirilən
9-11-2019, 14:45

Muxtar respublikamızda aqrar sahəyə göstərilən qayğı, sahibkarlara güzəştlı şərtlərlə kreditlərin, müxtəlif kənd təsərrüfatı və texnoloji avadanlıqlar, subsidiyaların verilməsi ailə təsərrüfatlarının sayının artmasına, yeni ailə təsərrüfatlarının yaranmasına səbəb olmuşdur. Bu isə öz növbəsində daxili bazarın keyfiyyətli yerli məhsullarla təminatı, həmçinin, özünüməşğulluğun təmin olunmasına mühüm töhfə verir.

Bu il noyabrın 2-3-də Naxçıvan şəhərində "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksində təşkil olunan "Ailə təsərrüfatı məhsulları" festivalında rayonumuzun Teyvaz kəndindən David Xəlilov, Qazançıdan Hənifə Quliyeva, Ərəfsədən Sabir Cavadov, Şuruddan Arif Nuriyev, Kırnadan Çiçək Bayramova və ümumilikdə 35 ailə təsərrüfatçısı festivalda fəal iştirak ediblər. Onlar festivala 200-dən çox müxtəlif çeşiddə-gavalı, alça, ərik, tut qurusu, kişmiş, mövüz, dərman bitkilərindən solmazçiçəyi, qantəpər, ələyəz, həmərsin, yemişan, üzümdən hazırlanmış doşab, tut arağı, darçınlı bal, müxtəlif növdə mürəbbə və şorabalar, Culfa şəhərindən Sevinc Məmmədova qoxulu daşlardan hazırladığı əl işləri ilə festivala çıxmışlar. Bu məhsulların əksəriyyətinə tələbat olduğundan alıcıları cəlb etmişdir.

Ərəfsə kənd sakini Sabir Cavadov söyləyir ki, meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə qəbul olunmuş dövlət proqramının uğurlu icrası yeni meyvə bağlarının salınmasına şərait yaradıb, xaricdən asılılığı aradan qaldırıb. Bərəkətli Naxçıvan torpağında yetişdirilən keyfiyyətli məhsullar öz dadı-tamı ilə seçilir. Meyvə quruları da həmin məhsullar sırasındadır. Çünki tarix boyu Naxçıvan diyarı əkilib-becərilən meyvələrin çeşidinə, dadına görə seçilib. Zəngin meyvəçilik ənənələrinə malik olan bu diyarda qədimdən min bir zəhmət hesabına hasilə gələn meyvələr yayın sonu-erkən payızdan başlayaraq qurudulmuş, qış tədarükü görülmüşdür. Ona görə də mən bir neçə ildir ki, meyvələrin yığılması, qurudulması və onun bazara çıxarılması işi ilə məşğulam. Həyətyanı sahəmdə müxtəlif növdə meyvə ağaclarım var. Bu meyvələrdən öz ehtiyaclarımı ödəməklə yanaşı, bazar və yarmarkalara da məhsul çıxarıram. Festivala gavalı, ərik, alça və tut qurusu çıxarmışdım. Dövlətimizin qayğısı sayəsində hasilə gətirdiyim məhsulun bir qismini festival günü sata bildim.
Boyəhməd kənd sakini Balabəy Allahverdiyev festivala müxtəlif çeşiddə şorabalar - baldırğan, çaşır, qarpız və almaxara, dağ­armudu turşusu çıxardığını söyləyir. Bildirir ki, turşular xalqımızın ən qədim qış təamlarındandır. Bu, insanların qida maddələrini uzun müddət saxlamaq və həmin qidalardan qış fəslində faydalanmaq üçün yaratdıqları saxlama üsulu da sayılır. Hələ qədim zamanlardan müxtəlif meyvə, tərəvəz və bitkilərdən şorabalar (turşular) hazırlayardılar. Turşuların böyük əksəriyyəti duza qoyulur, bəzilərini hazırlayarkən sirkədən də istifadə edilir. Pomidor, xiyar, kələm, kərəvüz, soğan, kök, bibər, yeralması, baldırğan, çaşır və sair, meyvə-tərəvəz və bitkilərdən cürbəcür turşular hazırlanır. Əvvəllər turşular şirli küpələrdə, sonralar taxta çəlləkdə qoyulurdu. Bu gün də bəzi yerlərdə çəlləklərdən istifadə edilir. Son dövrlərdə isə adətən şüşə balonlardan istifadə olunur. Bir sözlə, mətbəximizin tərkib hissəsi olan turşular sağlamlığımıza müsbət təsir edən təamlar sırasında özünəməxsus yerə malikdir. Bir neçə ildir ki, illik ruzimizi bu yolla qazanıram. İstehsal etdiyim məhsulları təşkil olunan yarmarkalara çıxarıram. Onu da qeyd edim ki, dövlətimizin kəndimizdə yaratdığı münbit şərait hər bir sakində işə həvəs, yurd yerinə bağlılıq və vurğunluq yaradıb. Bu da nəticədə ailə təsərrüfatlarının inkişafına, daxili bazarın yerli məhsullarla ixracına geniş imkanlar yaradılıb. Ötən həftə Naxçıvanda keçirilən festivalda müxtəlif çeşiddə 30 balondan çox turşu satmışam.
Camaldın kənd sakini Asiman Kərimov isə festivalda ikinci dəfədir ki, iştirak edir. Bildirir ki, həyətyanı sahəsində bir neçə növdə üzüm yetişdirir. Sentyabr-oktyabr aylarında bazara üzüm çıxarır. Yerdə qalan məhsulundan isə üzüm mürəbbəsi və doşab hazırlayır. Qış uzunu məhsulunu bazara çıxarır, yaz gələnə qədər məhsulu əlində qalmır. Ötən həftə keçirilən festivalda bu məhsullardan bir qismini münasib qiymətə satdığını söyləyir.
Asiman Kərimovun dediklərindən:
-Dövlətimizin qarşıya qoyduğu əsas vəzifələrdən biri aqrar sahəni inkişaf etdirmək və insanların rifah halını yüksəltməkdir. Dövlət tərəfindən sahibkarlar üçün lazımi kreditlər ayrılır, xammal da ki, yetəri qədərdir. Ailə təsərrüfatlarının, kiçik və orta sahibkarlığın inkişafı üçün münasib olan belə layihələr kənd yerləri üçün daha uyğundur. Bu isə yeni iş yerləri deməkdir.
Biz alma, üzüm və tut sirkəsi istehsal edən, qovut, əriştə, alça tomatı və müxtəlif mürəbbələr, o cümlədən kəklikotu mürəbbəsi, həmçinin qarpız-qovun qurusu hazırlayan "Ailə təsərrüfatı məhsulları" festivalında II yerin qalibi - Kırna kənd sakini Fatma Əliyeva ilə də görüşürük. Bildirir ki, muxtar respublikada insanların rahat yaşaması üçün bütün imkanlar var. Ailə təsərrüfatlarının inkişafı, bu sahəyə göstərilən dəstək bunu bir daha təsdiq edir. Abad kəndlərimiz, rahat yollarımız var. Məhsulumuzu heç bir çətinlik çəkmədən bazara çıxara bilirik, keçirilən festivallarda iştirak edirik. İstehsal olunan məhsullarımızın qablaşdırılması onlara olan tələbatı daha da artırıb. Bu da bizi həvəsləndirir, daha çox məhsul istehsal edirik. Mən əsasən alma və üzüm sirkəsi ilə yanaşı, həm də qovut və əriştə hazırlayıram. Undan hazırladığım bu məmulatlar bazarda öz alıcısını tapıb. Bunun əsas səbəblərindən biri Kırnada su dəyirmanının olmasıdır. Bu dəyirmanda üyüdülən un və ondan hazırlanan un məmulatları daha keyfiyyətli olur.
Fatma Əliyeva istehsal olunmuş məhsulların festivalda satışı üçün əlverişli şəraitin yaradıldığına görə dövlətimizə minnətdarlığını bildirdi.


A. NURMƏMMƏDOV

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930