SON DƏQİQƏ

naxcivanxeberleri.com

Cəviz ruzi-bərəkət, bolluq nişanəsidir

Cəviz ruzi-bərəkət, bolluq nişanəsidir
9-11-2019, 12:50

Gözəllik tacını başına qoymuş Naxçıvan təbiəti payız aylarında ayrı bir gözəlliyə qərq olur. Meşələrin, ağacların, bir sözlə ana təbiətin öz “donunu çıxarması” belə, bir-birindən maraqlı payız lövhələri yaradır.Bu gözəlliyin ən maraqlı tərəfi isə ağacların barının yığılması,zəhmətin bəhrəsinin görülməsindədir. Naxçıvanda payız aylarında xüsusən, dağ kəndlərində bir çox meyvələrin yığılmasına başlanılır. Bu dövrdə insanlar ta qədimdən ruzi-bərəkət, bolluq nişanəsi hesab olunan cəvizi də “çırpır”, qarşıdan gələn qış aylarına, Novruz bayramına tədarük edirlər.
Muxtar respublikamızın demək olar ki, bütün rayon və kəndlərində cəviz ağacları yetişdirilir.Son illər qədim diyarda meyvəçiliyin inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramı da cəviz ağaclarının çoxalmasına, yeni bağların salınmasına töhfə verib.Qaraqala kəndində fiziki şəxs Faiq Bayramova məxsus tingçilik təsərrüfatında “İsrail sortu” cəviz tingləri yetişdirilir ki, bu da yerli sortlardan fərqli olaraq 5-6 ilə bara dolur. Amma xalq arasında belə bir inanc vardır ki,cəviz əkən ağacının meyvəsini yeyə bilməz. Ona görə də vaxtilə çox adam, xüsusilə gənclər cəviz əkməz və ya cəvizi əkən zaman ayaqları ilə itələyib çalaya salardılar.Əslində, mövhumatdan irəli gələn qorxuya ehtiyac yoxdur. Cəviz ağacı uzunömürlü olduğu üçün 50 il onun ting dövrü hesab edilir. Məhz bu xüsusiyyətə görə “cəviz əkən ağacın meyvəsini yeyə bilməz”, – demişlər.
Ta qədim zamanlardan nənə-babalarımız da cəvizi çörək qədər dəyərli bilmişdir. Bununla belə keçmişdən bu günümüzə kimi xalq təbabətində cəvizdən geniş istifadə olunur. Onun yağının, qozanın üzərindəki yaşıl təbəqənin, ləpənin arasında yerləşən nazik pərdənin və yarpağının müalicəvi əhəmiyyəti var. Sanki insan beynini xatırladan cəviz yaddaşın güclənməsində, qanda olan xolestrenin miqdarının aşağı salınmasında, ürək döyüntüsünün nizamlanmasında mühüm təsirə malikdir. Cəvizdən həm də milli mətbəximizin dadlı təamlarını hazırlamaq mümkündür.Ənənəvi olaraq hər il Novruz bayramında bu məhsuldan istifadə edərək şəkərburalar, paxlavalar, içli çöçələr hazırlanır.Cəviz mürəbbəsi isə bir çoxları üçün mürəbbələrin şahıdır. Onun qozası tam bərkiyib yaşıllığını itirmədən ağacdan dərilir və nazik bir təbəqə soyularaq acı suyunu çıxarmaq üçün çəngəllə deşilir, əhəngli və ya sodalı suya salınaraq bir müddət saxlanılır, sonra mürəbbəsi bişirilir. Nəzərinizə çatdıraq ki, cəviz mürəbbəsi həm dadlı, həm də qiymətlidir.
Naxçıvanda yetişdirilən “kətanköynək cəviz”, “suqrayı cəviz”, “nazikqabıq cəviz”, “daş cəviz”, “kövrək cəviz”, “püstəqabıq cəviz”, “badamı cəviz”, “yağlı” və “yağsız” cəviz sortları süfrələrin bəzəyinə çevrilib. Muxtar respublikada Ərəfsə, Buzqov, Nəhəcir, Gərməçataq, eləcə də Şahbuz və Ordubad rayonlarının kəndlərində yetişdirilən cəviz sortları xüsusilə seçilir və tanınır. Şahbuz rayonunun Külüs kəndindən olan 87 yaşlı Səmənnaz nənəmlə cəviz barədə çox söhbət etdim, təəssüratlarını öyrəndim.Dadlı və saf cəviz yetişdirən bu torpaqda cəviz ağaclarının sayı digər ağaclara nisbətən çoxluq təşkil edir. Səmənnaz nənə bildirdi ki, hələ uşaqikən, müharibə illərində cəviz ağacları onlara xeyli kömək edib: “Qızım, bizim vaxtımızda şərait indiki kimi deyildi. Yadıma gəlir ki, soyuq qış gecələri kürsü başına toplaşardıq, bir tərəfdə də yanan odun üstünə anam dəmir parçası qoyardı ki, çay dəmləyəndə od onu öz “vamında” dəmləsin. Biz də qış azuqəsi kimi ayırdığımız cəvizləri həmin dəmir parçasının üstünə atıb qovurub yeyərdik. Onun dadı tamam başqa olurdu. Cəvizin qabığından boyaq maddəsi əldə edib cəhrədə əyrilmiş yun ipləri boyayır, gözəl xalça, köynək, şarf, corab toxuyardıq. Yarpağını toplayıb işlətmədiyimiz yorğan-döşəyin, xalçaların, eləcə də qışda yeşikdən götürülən arı pətəklərinin arasına qoyardıq ki, güvə düşməsin. Bir neçə il bundan qabaq söz-söhbət yayıldı ki, Naxçıvanda cəviz ağaclarını kəsirlər. Amma Naxçıvandan kənarda oturub bu xəbəri yayanlar bilməli idi ki, ta qədimdən cəviz insanlar üçün ruzi-bərəkət mənbəyi olub,indi də bazarda həm yaş, həm də qabıqlı cəvizin yaxşı alıcısı var,muxtar respublikadan kənarda əl-əl axtarılır, üstəgəl, dövlət cəviz bağlarının artırılması üçün nə qədər dəstək verir. Hələ 90-cı illərdə – qazın, işığın olmadığı vaxtlarda belə, cəviz ağaclarını kəsib yandırmayanlar, bu cür bolluq dövrdə kəsərlərmi?..Əlbəttə ki, yox..Cəviz süfrə yaraşığıdır. Hansı dövrdə olursan ol, neçə əsr keçir keçsin, nə gözdən, nə də könüldən düşən deyil.Cəviz çərəzlərin gözüdür.
Şahbuz rayonunun Qızıl Qışlaq kəndində hətta əhalinin “Cəviz piri” adlandırdığı bir yer var. Kənddə əkilən ilk cəviz ağacının yaxınlığında yerləşən bu pir kənd sakinləri üçün çox müqəddəs bir yerdir. Ümumiyyətlə, cəviz ağacı keçmişdən bu günə qədər müqəddəslik rəmzi sayılıb. El arasında belə deyilib ki, soyuqda qalsan da, gərək cəviz ağacını kəsməyəsən.Cəvizlə bağlı yaranan deyimlər, inanclar əsrlərdir ki, məişət mədəniyyətimizə, folklorumuza ayaq açıb: “Cəviz ağacı olan yerdə aclıq olmaz”, “Cəviz ağacı el ağacıdır, hər kəs üçündür”.
Bəzən tez-tez rastlaşırıq ki, kimsə deyir “mənim həyətimdəki cəviz bar vermir”, “bizdəki cəvizin içi qara olur”. Hər kəs bilməlidir ki,cəviz ağacı da digər ağaclar kimi qulluq tələb edir. Çox vaxt bar gətirməyən cəviz ağaclarını baltalama üsulu ilə yarırlar ki içərisindəki qara zəhərli su çıxsın və bar gətirsin.
Haşiyə:Bir də xalq arasında belə inam vardır ki,bar verməyən ağacı baltalayıb qorxudarlar ki, məhsul gətirməsən səni kəsəcəyik.
Bu üsul mart ayında ağaclar yeni oyananda həyata keçirilir. Bar verməmənin başqa bir səbəbi isə ağacların mövsümdə “çırpılanda”, yəni məhsul toplananda ağaca vurulan möhkəm zərbələrdən yarana bilər ki, bu da ağacı incidə bilər. Bizim kənddə ağacı çırpan zaman xüsusi uzun ağacdan istifadə edirlər və bu ağaca “mil” deyirlər.Çırpma zamanı gərək ehtiyatlı olasan ki, ağacın qol-budağını qırmayasan. Yoxsa gələn il məhsuldarlıq aşağı düşər”.
Nəzərinizə çatdıraq ki,cəviz yığımı Şahbuz zonasında sentyabr ayının ortalarından başlayıb oktyabr ayının 10-na kimi davam edir. Yığılan yaş cəviz sərilərək qurudulur və sonradan torbalara yığılır. Səmənnaz nənə vurğuladı ki, cəvizi qurudan zaman çalışmaq lazımdır ki, kölgəli yerə sərilsin.Çünki yaş cəvizin üzərinə düşən günəş şüası cəvizin içini qaraldar və keyfiyyətini öldürə bilər. Həmçinin, cəviz nə qədər quru olsa, saxlanma müddəti də o qədər çox olar.
Artıq bütün kəndlərimizdə cəvizlər yığılıb, paylar tutulub və qış azuqəsi kimi kisələrə doldurulub. Həyətindən bol məhsul toplayanlar onun bir hissəsini ticarət obyektlərinə çıxarıb qazanc əldə etməyə başlayıblar.Bu zaman bazarlarda uzaqdan-yaxından bir çağırış eşidilir: “Şahbuz cəvizi”, “Dadlı Ordubad cəvizi”, “Yaş Buzqov cəvizi var” kimi sədalar altında Naxçıvan brendi olan cəvizin sorağı el-aləmə yayılır.


Türqanə NURİYEVA

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930