SON DƏQİQƏ

naxcivanxeberleri.com

Tarixi kəndin bu günü..

Tarixi kəndin bu günü..
9-11-2019, 13:15

Kültəpədə yaradılan infrastruktur insanların rahatlığına xidmət edir
Köksündə əsrlərin tarixini qoruyan, min illərin yaşam tərzindən soraq verən Kültəpə kəndi Babək rayonunun ən qədim kəndlərindən biridir. Naxçıvan şəhərindən 8 kilometr şimal-şərqdə, Naxçıvançayın sol sahilində Eneolit-İlk Dəmir dövrünə aid yaşayış yeri olan Kültəpə abidəsi bu kəndin ərazisində yerləşir. Dünyaca məşhur Kültəpə abidəsi kəndin adını nəinki ölkəmizdə, habelə dünyanın bir çox yerində tanıdıb.Əlverişli mühit burada insanların hələ “tarixin sübh çağında” məskunlaşmasına imkan verib.
Bu il Babək rayonunun Kültəpə kəndi də abadlaşıb, müasir infrastruktur yaradılıb.Məktəb binası, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası tikilib, avtomobil yolu yenidən qurulub. Quruculuq işləri kənddə insanların rahat yaşayışına, təsərrüfat sahələrinin daha da genişlənməsinə səbəb olub. Kəndi gəzərkən tam orta məktəbdə olduq. Məktəbin həyətində şəhid Həsən Şahverdiyevin büstü ucalır. 360 şagird yerlik 3 mərtəbəli məktəb binası ən müasir tədris infrastrukturuna malikdir. 20 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat sinfi, kompüter, müəllimlər və psixoloq otaqları, kitabxana və idman zalı olan məktəb zəngin kitabxana fonduna malikdir. Təhsil ocağında yeni texnologiyalar tətbiq edilir və 19 kompüter, 3 elektron lövhəli sinif müəllim və şagird heyətinin istifadəsindədir. Təkcə Kültəpə kəndi üçün yox, bütün kəndlərimiz üçün tikilən belə müasir təhsil ocaqları isə təhsilin, elmin inkişafında böyük rol oynayır.
Məktəb işıq, ziyadırsa, yol da mədəniyyətdir, inkişafdır. Bu gün muxtar respublikamızın bütün yolları abaddır. Kültəpə kəndinin sakinlərinin də uzun illər yol sarıdan çətinlikləri olub, bu gün isə kəndin dörd bir tərəfi, kənddaxili yollar belə qalın asfaltla örtülüb. Kəndin ən uzunömürlü sakini, dünyagörmüş 93 yaşlı Dağıstan baba deyir ki,kəndimiz heç vaxt belə gözəl görkəm almayıb. Bura artıq kənd yox şəhərdir.Rahat şəraitimiz,asfalt yollarımız var. Kültəpə kəndi tanınmaz dərəcədə dəyişilib.
Bu gün kəndlərimizdə müasir avadanlıqlarla təchiz olunmuş həkim ambulatoriyalarının, tibb məntəqələrinin də istifadəyə verilməsi insan amilinə göstərilən diqqətin daha bir ifadəsidir. Əhalinin sağlamlığının keşiyində duran, müasir standartlara cavab verən həkim ambulatoriyaları və digər sağlamlıq mərkəzlərində tibbin ən son nailiyyətləri tətbiq olunur. Kültəpə kəndindəki həkim ambulatoriyası da lazımi tibbi avadanlıqlarla təchiz edilib, kənd sakinləri işlə təmin olunub, səhiyyə ocağında elektron qeydiyyat sistemindən istifadə isə gələcəkdə icbari tibbi sığortanın tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır.
Bu gün Kültəpə kəndinə yolu düşən hər kəs yaradılan şərait qarşısında öz heyranlığını gizlədə bilmir.Abadlaşan kəndin bu günü sakinlərin böyük minnətdarlığı ilə qarşılanır. Kənddə sosial qayğılar da həllini tapıb. Hər bir məsələ elə yerindəcə həll olunur.
Kənddə süd məhsulları müəssisəsi, lavaş sexinin də fəaliyyət göstərməsi sakinlərin işlə təminatında mühüm rol oynayır. Kənd təsərrüfatı kəndlərdə yaşayan insanların məşğulluğunda müstəsna rol oynayır. Kültəpə kənd sakinləri də bağçılıq, əkinçilik, maldarlıq və quşçuluqla məşğul olaraq gəlirlərini bu sahələrdən əldə edirlər. Başlıcası isə odur ki, bu sahəyə göstərilən dövlət dəstəyi kənd sakinlərinin, fermerlərin marağını daha da artırır. 2016-cı ildə Kültəpə və Kərimbəyli kəndlərində torpaqları suvarma suyu ilə təmin etmək,su itkisinin və şoranlaşmanın qarşısını almaq məqsədilə yeni suvarma şəbəkəsinin istifadəyə verilməsi də kənddə suvarma imkanlarını yaxşılaşdırıb. Atalar yaxşı deyib ki, su dirilikdir, su həyatdır. Bir vaxtlar susuzluqdan cadar-cadar olmuş bu çöllər indi gülüstana çevrilib.Zamanında Kültəpə kəndində əkilməyən, “ilan mələyən” çöllərə indi bol su gəlir, torpaqlardan daha yaxşı istifadə olunur. Payız günlərində də tarlalarda alın təri tökən kənd sakinlərinin zəhmət dolu günləri yaşanır, texnikalar işləyir, payız şumu aparılır. Növbəti ilin taxıl məhsulu üçün artıq 200 hektardan çox sahədə şum aparılıb.
Payız libasına bürünən geniş çöllər, kəndin gözəl mənzərəsi bir-biri ilə həmahəng yaradır.Günəş şəfəqlərini yığaraq səmada itir, kəndin hüsnü işığa qərq olur, bu işıqlarda isə kəndin bu günü daha aydın görünür.


Türkanə ƏMOYEVA

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930