SON DƏQİQƏ

naxcivanxeberleri.com

Akademik İsa Həbibbəyli: “Alnıaçıq yaşamağı xoşbəxtlik hesab edirəm”

Akademik İsa Həbibbəyli: “Alnıaçıq yaşamağı xoşbəxtlik hesab edirəm”
7-11-2019, 10:30

“Naxçıvan mənim üçün “hər qapısı məmləkətim” olan müqəddəs diyardır”

Onunla hər görüşü, hər söhbəti vətənpərvərlik, dövlətçilik, elmi dəyərlilik baxımından zəngin bir məktəb hesab edirəm. Alimliyi və aliliyi ilə, bütöv və kamil şəxsiyyət kimi çoxlarına örnək olan əsl vətənpərvər ziyalı! Naxçıvanşünaslığın konkret bir elmi istiqamət kimi inkişafında, ədəbiyyatşünaslıqda Azərbaycançılıq ideologiyasının müasir siyasi kontekstdə formalaşmasında, çağdaş mirzəcəlilşünaslıq elmi məktəbinin yeni müstəvidə və milli təfəkkür işığında pərvəriş tapmasında özünə­məxsus xidmətləri olan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli!.. Böyük klassik şair Nizamidən dahi Mirzə Fətəliyə, ustad Mirzə Cəlilə, Məmməd Araza qədər tədqiq etdiyi bütün vətənpərvər, maarifpərvər siyasi-ədəbi irsin şəxsiyyət olaraq da ideal yaşadıcısı, layiqli varisi. Ruhuna, varlığına tarixdən müdriklik, şeiriyyət irsimizdən kövrəklik və həssaslıq, Mirzə Cəlil qələmindən həqiqətpərəstlik və əqidəlilik hopduran bir elm adamı, qələm və söz sahibi. Nəhayət, elmin enişli-yoxuşlu yollarında yaşıl işıq, mayak olduğu üçün çoxlarının həyat idealına çevrilən, ürəkdolusu əziz adamı kimi “bizim İsa müəllim” deyə müraciət etdiyi bir alim, müəllim! Yetmiş illik yubiley tədbirlərində Vətənə, xalqa, elm və təhsilə həsr olunmuş şərəfli və mənalı bir ömrün ziyasına, işığına toplaşaraq ondan bəhs etmək istədik. Əksinə, yenə də adəti üzrə İsa müəllimdən öyrəndik: elm və təhsilə fanatik maraq, dövlətçiliyə tükənməz sədaqət, Vətənə sonsuz sevgi…
Yaradıcılıq taleyimdə, elmi və əmək fəaliyyətimdə müstəsna rolu olan, qəlbimdəki “ƏSL MÜƏLLİM”, “QƏNİMƏT İNSAN” obrazının mənimlə bölüşdüklərini siz oxucularımıza da çatdırmağı mənəvi borc bildim.


– Hörmətli İsa müəllim, əvvəlcə icazə verin qəzetimizin kollektivi və çoxsaylı oxucuları adından sizi yubiley münasibətilə bir daha təbrik edim. Elmin zirvəsini fəth edən, kamillik məqamına yüksəlməklə müdriklik səlahiyyəti qazanan İsa Həbibbəylinin ömür yoluna nəzər saldıqda özünün gördükləri…
– Çox sağ olun. Əvvəlcə onu deyim ki, fikrimcə, elmin zirvəsini fəth etmək mümkün deyil. Elm xalqların, ölkələrin zirvələrdən-zirvələrə doğru davamlı inkişaf prosesinin hərəkətverici qüvvəsidir. Elmin zirvəsinə çatmaq həyatın sonuna çatmaq demək olar. Elm hər addımda yeni zirvə müəyyən edir. Əsl elm adamının borcu və vəzifəsi ölkəsinin və xalqının qarşısında ən azı məşğul olduğu elmi istiqamətdə yeni hədəflərin üfüqlərini açmaqdan və üfüqlərdən-üfüqlərə doğru addımlamağın yollarını göstərməkdən ibarət olmalıdır. Zirvələrdən-zirvələrə, üfüqlərdən-üfüqlərə sözlərini həm irəliyə, gələcəyə, uğurlara, həm də dərinliklərə doğru əsaslı baxışlar kimi başa düşmək lazımdır. Dərinlikləri başa düşmək, dəyərləndirmək gələcəyə doğru inkişafı göstərmək üçün zəruri vacib şərtlərdəndir. Bunsuz inkişaf davamlı və dayanıqlı ola bilməz. Bu, həyatın da, elmin də, cəmiyyətin də dialektik inkişafının hərəkət mexanizmidir. Həyat üfüqlərdən-üfüqlərə doğru gedən yol, dərinliklər, dayanacaqlardır. Dayanıb nəfəs almaq lazımdır, lakin yerində saymaqla dərinlikləri aşmaq mümkün deyil. Əsl elm dayanacaqlardan davamlı inkişafa doğru təkamül prosesinin texnologiyasını müəyyən edən sistemli bir təlimdir. Keçmiş yola nəzər salanda bu yolun qət olunmasının kəşf edilməsindən də çətin olduğunu görürəm. Ən başlıcası tutduğun yola, idealına inamını möhkəm saxlamaq, ümidlə yaşamaq və yorulmadan çalışmaq və çalışmaq ­lazımdır.
– Ömrünüzün, taleyinizin 60 ildən çoxu varlığınız qədər sevdiyiniz Naxçıvanla bağlıdır. Bu illər ərzində vətəndaşlıq mövqeyi ilə hər zaman seçilən, ictimai-siyasi fikrin inkişafında, elm, təhsil quruculuğunda özünəməxsus xidmətləri olan bir ictimai-siyasi xadim kimi Naxçıvanın bu gününü ölkə paytaxtından bütün reallıqları və təfərrüatları ilə daha dəqiq qiymətləndirə bilərsiniz.
– Xatırlatmaq istərdim ki, müstəqilliyimizin ilk illərində ulu öndərimiz Heydər Əliyevin apardığı uzaqgörən siyasət ölkəmizi dərin faciəvi böhrandan xilas etdi, Azərbaycan özünün gələcək inkişafının əsas axarını tapa bildi. Əgər ümummilli lider xalqımızın xilaskarlıq missiyasını yerinə yetirməsəydi, bugünkü inkişaf, tərəqqi mənzərəsi mümkün olmayacaqdı. Görkəmli dövlət xadiminin siyasi xəttini uğurla davam etdirən ölkə ­Prezidenti cənab İlham Əliyevin qətiyyətli və uzaqgörən fəaliyyəti nəticəsində Azərbaycan qısa zaman ərzində inkişaf etmiş ölkə­lər sırasına qoşulub, həyatın bütün sahələrinin, o cümlədən elm və təhsilin yüksək səviyyədə inkişafı təmin edilib. Məhz ulu öndər siyasətinin uğurlu davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan dünyada söz sahibi olan ölkələr sırasında yer alıb. Dünya liderləri arasında yüksək analitik təfəkkürü və qətiyyəti ilə seçilən ölkə Prezidenti cənab İlham Əliyev həm də dünya azərbaycanlılarının lideri missiyasını yüksək səviyyədə həyata keçirir. Son 25 ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun gördüyü böyük işlər nəticəsində qədim diyar da əsl inkişaf mərhələsinə qədəm qoyub, ordu quruculuğu, iqtisadiyyat, elm, təhsil sahələrində reallaşdırılan infrastruktur layihələri öz bəhrələrini verib.
Azərbaycanın ayrılmaz tərkib hissəsi ölkə­mizin əsas elm və mədəniyyət mərkəzlərindən biri olan Naxçıvanda elmin, təhsilin və mədəniyyətin inkişafı digər sahələrdəki inkişafdan daha çox diqqət mərkəzindədir. Çünki cəmiyyətin bütün sahələrini böhrandan çıxarmaq və ya inkişaf etdirmək üçün elm, təhsil və mədəniyyət fizikada müəyyən edilmiş at gücünə malikdir. Bu nöqtədən baxanda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 25 il bundan əvvəl indi tutduğu vəzifəyə seçilərkən bəyan etdiyi elm və təhsilin inkişafının prioritetliyi haqqındakı tezislərinin yalnız təhsil sisteminin deyil, bütövlükdə, Naxçıvanın hərtərəfli inkişafının hərəkətverici qüvvəsi olması demək olduğunu düşünmək lazım gəlir. Naxçıvanda inkişafın bütün sahələrində müəyyən bir sistem və ardıcıllıq var.
Fikrimizcə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun ordu quruculuğuna üstünlük verməsi haqqındakı fikirləri də ordu ilə birlikdə həyatın bütün sahələrinin inkişaf etdirilməsinin mühüm əsaslarından biridir. Dədə Qorqud babamızın böyük uzaqgörənliklə dediyi kimi “Torpağı qorumasan, əkməyə dəyməz!”
Qızılqaya yüksəkliyinin fəth edilməsi, on bir min kilometr ərazinin düşmən mühasirəsindən azad edilməsi ordu quruculuğu sahəsindəki strategiyanın real nəticəsidir. Bakıdan Naxçıvana gələndə, demək olar ki, hər dəfə doğulduğum Danyeri kəndinə gedib, Qızılqayanın əzəmətinə qürurla tamaşa edirəm. Qızılqaya zirvəsindən işğal olunmuş ərazilərimizin azad olunacağına bəslədiyimiz ümidlərin üfüqlərinə nikbinliklə baxıram.
Naxçıvan Azərbaycanın Çənlibelidir. Doğulduğum Danyeri kəndinin ərazisində yerləşən Qızılqaya dağına hər dəfə qürurla ­baxıram.
– Həyatınızın universiteti və ya universitet həyatınız… Bəs Naxçıvan təhsilinin bugünkü inkişaf səviyyəsi nələri vəd edir?
– Mənim taleyimdə həyatımın universiteti ilə universitet həyatım bir-birini tamamlayır. Naxçıvan mənim həyat universitetimdir. Həyatın əsas universitetlərini Naxçıvanda ­keçmişəm.
Naxçıvan Dövlət Universiteti isə mənim taleyim və idealımdır. Mən bu ali məktəbdə tələbəlikdən rektorluğa qədər məsuliyyətli bir yol keçmişəm. Bu universitetin yeni inkişafı ilə bağlı hər bir xəbər məni çox sevindirir.
Həyatda və elmdə az-çox əldə etdiklərim üçün Naxçıvan məktəbinə borclu və minnətdaram. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov mükəmməl bir dövlət idarəçiliyi məktəbi yaratmışdır. Ümummilli lider Heydər Əliyev ideallarını sədaqətlə yaşadan, dövlət başçısının müdrik siyasətini uğurla həyata keçirən Ali Məclis Sədrinin formalaşdırdığı Naxçıvan dövlətçilik modeli əqidə bütövlüyü, məsuliyyət, əməli işlə bağlı mühüm prinsipləri özündə nümayiş etdirir. Həyatımın Naxçıvan dövlətçilik məktəbinin əsas qayəsi ümummilli liderimiz Heydər Əliyev ideallarına, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin məqsəd­yönlü siyasətinə sədaqətlə xidmət etmək, ümumi inkişaf üçün öz borcunu dərindən başa düşmək və məsuliyyətlə çalışmaq ­deməkdir.
– Məncə, elə İsa Həbibbəyli fenomeninin sirri “Yazmasam xəstələnər, oxumasam ölərəm” sözləri ilə ifadə edilən elmə təşnəliyindədir. Bəs bir alim-ziyalı kimi bugünkü gənclikdə elmə maraq, mütaliə həvəsi, araşdırıcılıq meyli, tədqiqatçı iradəsi sizi nə dərəcədə qane edir?
– Doğrudan da, yazıb-oxumaqsız həyatımı təsəvvür etmirəm. Bu, artıq mənim həyat tərzimdir. Onu da deməliyəm ki, həyatı, cəmiyyəti dərk edə-edə oxumaq, düşünərək mütaliə etmək, nəticələr çıxarmaq çox vacibdir. Son vaxtlar Bakıda Mirzə Fətəli Axundzadə Kitabxanasında, Akademiyanın Mərkəzi Elmi Kitabxanasında qiraət zallarını dolu görürəm. Akademiya sistemində yeni istedadlı nəslin gəldiyini müşahidə edirəm. Muxtar respublikada da Ali Məclis Sədrinin oxunması zəruri olan kitablarla bağlı imzaladığı sərəncamdan sonra elmə, təhsilə və mütaliəyə maraq nəzərəçarpacaq dərəcədə artıb. Bu, çox sevindirici haldır. Gəncliyə dəstək verməyi, yol açmağı çox vacib sayıram və var gücümlə bu sahəyə diqqət yetirməyə çalışıram. Bu sahədəki ümidsizlik artıq aradan qalxıb.
Lakin müasir gəncliyin birtərəfli şəkildə internet resurslarına aludəçilik göstərməsi məni narahat edir. Sosial şəbəkələrdən imtina etmədən, eyni zamanda kitablara, fundamental tədqiqatlara da müraciət etmək, istinad etmək, ortaq nəticələr çıxarmaq lazımdır.
– Qədim diyarımızın ümumtürk ədəbiyyatına və mədəniyyətinə verdiyi töhfələrin üzə çıxarılması, tədqiqi zərurəti Naxçıvanşünaslıq elmi istiqaməti qarşısında hansı mühüm vəzifələri müəyyənləşdirir?
– Azərbaycançılıq ideya, azərbaycanşünaslıq isə elmdir. Naxçıvanşünaslıq azərbaycanşünaslığın üzvü tərkib hissəsidir. Naxçıvanşünaslıq Azərbaycan elminin Naxçıvan məktəbi deməkdir. Naxçıvanşünaslığı təmsil edən elm adamı üçün professional tədqiqatçılıqla vətənpərvərlik və dövlətçilik bir-birini tamamlayan dəyərlərdir. Harada yaşamasından asılı olmayaraq, hər bir elm adamı üçün bu amillər əsas meyarlardır. Lakin əhatə etdiyi çətin və mürəkkəb coğrafiya, geniş mənada, Azərbaycançılığı Naxçıvanşünaslığın zəruri şərtinə çevirib. Azərbaycançılığa dərin sədaqət Naxçıvanda yaşayıb-yaradan elm adamının taleyi və idealıdır.
Hazırda Naxçıvanda yüksək hazırlıqlı yeni elmi nəsil formalaşmaqdadır. Fikrimcə, Naxçıvanın sivilizasiya proseslərindəki rolu istiqamətində aparılan tədqiqatları daha da genişləndirmək və həmin tədqiqatların nəticələrini dünya dillərinə tərcümə edib yaymağa ehtiyac var. Naxçıvanda sivilizasiyalarla əlaqədar aparılan tədqiqatlar dünya elminin tərkib hissəsidir. Hesab edirəm ki, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, mərhum Qadir Qədirzadənin Həzrəti Nuh Peyğəmbər və “Dünya tufanı” hadisəsi ilə əlaqəli şəkildə Naxçıvana həsr etdiyi elmi əsərlər ölkə hüdudlarından kənara çıxarmağa layiq tədqiqatlardır.
Azərbaycanın dövlətçilik tarixində və taleyində Naxçıvanın rolu haqqındakı araşdırmalar müstəqil dövlətçilik təfəkkürünün daha da dərinləşdirilməsinə və möhkəmləndirilməsinə xidmət etməsi baxımından müasir dövrümüz üçün son dərəcə əhəmiyyətlidir.
Nemətullah Naxçıvani araşdırmaları göstərdi ki, qədim diyarın tarixində açılmamış səhifələr çoxdur. Bu xətti davam etdirməyə ehtiyac vardır.
Naxçıvan Muxtar Respublikasında yaranan elm bu diyarın sosial-iqtisadi inkişafına kömək etməli, proqnozlar hazırlamalıdır.
Çox arzu edərdim ki, Naxçıvanda yeni elmi nəsil məşhur Nəsirəddin Tusinin, akademik Yusif Məmmədəliyevin dəqiq və təbiət elmlərinə həsr edilmiş yolunu davam etdirməyə də diqqət yetirsin.
– Müasir Naxçıvan ədəbi mühitində yaradıcılıq axtarışlarının hansı istiqamətdə inkişaf etdirilməsini vacib sayırsınız?
– Bütün dövrlərdə Naxçıvanda Azərbaycan ədəbiyyatının görkəmli simaları yetişib formalaşmışdır. Bu qədim diyar Azərbaycan ədəbiyyatına böyük demokrat Cəlil Məmmədquluzadəni, romantik sənətkar Hüseyn Cavidi, tarixi roman məktəbinin banisi Məmməd Səid Ordubadini, maarifçi şair Məhəmməd Tağı Sidqini, vətəndaşlıq lirikasının böyük siması Məmməd Arazı bəxş etmişdir. Bu yolu uğurla davam etdirmək üçün böyük istedadla yanaşı, böyük zəhmət də vacibdir. Dünya ədəbiyyatını da yaradıcı şəkildə öyrənmək lazımdır. Naxçıvanda yaşayıb-­yaradan ədəbi nəsil böyük ədəbiyyatın inkişaf etdirilməsi yolunda səylə çalışmaqdadır.
Bununla belə, Naxçıvanın tarixi taleyini və müasir simasını malik olduğu səviyyədə Azərbaycan oxucusuna göstərmək üçün yaradıcı qüvvələr orijinal bədii vasitələrdən istifadə etməli, cəlbedici və düşündürücü əsərlər yazmalıdırlar.
– Mətbuatı ictimai-siyasi prosesləri, ədəbi-mədəni hadisələri əks etdirən, yeni yaradıcı qüvvələri yetişdirib formalaşdıran mühüm bir sahə kimi qiymətləndirən akademik İsa Həbibbəylinin taleyində “Şərq qapısı”nın yeri və rolu.
– “Şərq qapısı” qəzeti Azərbaycanda davamlı ənənələri ilə seçilən, sabit və inkişafda olan mətbuat orqanlarından biridir. “Şərq qapısı” Naxçıvan Muxtar Respublikasının mətbuat məktəbidir. Muxtar respublikanın digər mətbuat orqanları, o cümlədən Naxçıvan radio və televiziyası da “Şərq qapısı”nın “övladları”dır. Naxçıvanda yaradıcı qüvvələrin inkişafında “Şərq qapısı”nın mühüm rolu vardır. “Şərq qapısı” qəzeti mənim üçün əsl məktəb funksiyasını yerinə yetirib. Yazı-pozu vərdişləri qazanmaq, gənclik illərindən etibarən özünü ifadə etmək baxımından bu mətbuat orqanı yaradıcı gəncliyə, o cümlədən mənə geniş meydan açıb. Hesab edirəm ki, “Şərq qapısı” qəzeti indi də gənc qələmlərin etibarlı bələdçisidir.
Son illərdə “Şərq qapısı” qəzetində publisistikanın səviyyəsinin yüksəldilməsini, jurnalistikanın müxtəlif janrlarına müraciətin genişləndiyini müşahidə edirəm. Bunlar qəzetçilik baxımından çox müsbət meyillər və yaxşı nəticələrdir.
– Naxçıvana budəfəki gəlişiniz – yubiley təmtəraqlı, yetmişillik mənalı və şərəfli bir ömrün hesabatına çevrildi. Naxçıvan üçün, universitetimiz üçün darıxmırsınız ki? Naxçıvandakı ən çox sevdiyiniz yer haradır?
– Doğulduğum diyarda keçirilən tədbirlər mənim üçün böyük dərs oldu. El-obanın dərin etibarını görmək adamın yaşayıb-­yaratmaq əzminə dəstək və qüvvət verdiyi kimi, məsuliyyətini də artırır. Allah ömür versin ki, borcumuzu yerinə yetirə bilək…
Həyatımın böyük bir dövrü Naxçıvanda keçib. Naxçıvanda heyranlıqla baxmadığım bir məkan yoxdur. Bir mahnıda deyildiyi kimi, Naxçıvan mənim üçün “hər qapısı məmləkətim” olan müqəddəs diyardır.
Tam səmimiyyətlə deyirəm: İçimdən Arpaçay axır.
Belə bir müdrik kəlam var: Elmin vətəni yoxdur, ancaq alimin vətəni var. Çalışıram ki, ölkəmiz və doğulduğum torpaq qarşısında alnıaçıq olum. Alnıaçıq yaşamağı xoşbəxtlik hesab edirəm.
– Səmimi və maraqlı müsahibə üçün çox sağ olun.[/justify]

Mehriban SULTAN
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930