SON DƏQİQƏ

naxcivanxeberleri.com

Arı ailələrinin qışlamaya hazırlanması

Arı ailələrinin qışlamaya hazırlanması
20-10-2019, 10:27

Muxtar respublikanın əlverişli təbii-iqlim şəraiti, zəngin yem ehtiyatları bazası və qiymətli cinslərə malik arı genefondu bu sahənin inkişaf etdirilməsi üçün geniş imkanlar yaradır. Naxçıvanda insanlar iqtisadi cəhətdən yüksək gəlir gətirən və müalicəvi baxımdan faydalı təsərrüfat sahəsi olan arıçılıqla qədim dövrlərdən məşğul olmuşlar. Muxtar respublikanın zəngin bitki örtüyü, aqrar bölmədə aparılan torpaq islahatları nəticəsində arıçılığın yem bazasının yaxşılaşdırılması bu sahənin inkişafı üçün münbit şərait yaratmışdır.
Arıların qışlamadan çıxması və yazda sürətli inkişafı onların payız dövründə yetişdirilməsindən çox asılıdır. Payızda arıçının əsas vəzifəsi güclü və kifayət qədər yemi olan arı ailəsi yetişdirməkdən ibarətdir.
Arı pətəklərindən balı götürərkən qışlama dövrü üçün keyfiyyətli yem ehtiyatı saxlamaq lazımdır. Qış-yaz dövrü üçün ballı-güləmli şanların hazırlanmasına əsas gəlir dövrünün birinci yarısında başlanmalıdır. Çünki arılar həmin vaxt yüksək keyfiyyətli bal toplayır. Qışlama dövrü üçün ehtiyat yemin kifayət qədər olması böyük əhəmiyyətə malikdir. Payız-qış dövrü üçün hər arı ailəsinə tələb olunan yemin 70-80 faizi pətəkdə, qalan hissəsi isə anbarda saxlanmalı və ehtiyac olduqda arı ailələrinə vermək lazımdır. Arı ailələrini qışlamaya hazırlayarkən hər çərçivə arası arı üçün 2-2,5 kq bal saxlanmalıdır.
Muxtar respublikamızda qışın sərt şaxtalı keçməsi ilə əlaqədar olaraq arı ailələri əsasən qışlama binalarında saxlanılır. Qışlama binalarında temperatur həmişə mənfi 2 və müsbət 3 dərəcə arasında olarsa, arı ailələri normal qışlayar.
Arı ailələrinin inkişafı üçün lazımi şərait yaratmaq, ana arının yumurta qoymasını sürətləndirmək, arıxanada tələb olunan istilik rejimini saxlamaq, balın sərf olunmasını azaltmaq üçün qışlama dövrü pətəyin daha yaxşı isidilməsi təmin olunmalıdır. Ona görə də bu məqsədlə arı ailəsinin düzgün qışlamasının əhəmiyyəti böyükdür. Bunun üçün arı ailəsinin gücündən asılı olaraq şanlı çərçivələr saxlanmalıdır. Ailədə arıların miqdarı azaldıqca pətəkdən artıq çərçivələr çıxarılmaqla pətəyin içi daraldılmalıdır. Pətəkdə tələb olunan normanın saxlanmasında, arıların inkişafında və yemin sərf olunmasında istilik olduqca mühüm rol oynayır. Arılar pətəkdə normal istilik yaratmaq üçün yem yeyərək enerji sərf edirlər.
Yuvada istilik rejimini saxlamaq üçün arı süfrələri olan çərçivələr pətəyin ortasında yerləşdirilir. Arıxanada güclü arı ailələrinin pətəkləri yalnız üstdən, orta gücə malik ailələrin üstdən və bir yandan, zəif ailələrin isə üstdən və iki yandan isidici döşəkçələrlə isidilməsi məsləhət görülür.
Qışlama dövründə arı ailələrini soyuqdan qorumaq üçün arı pətəklərini qışlama binasına yığmaq lazımdır. Qışlama binasının çox isti olması yolverilməzdir. Çünki başqa həşəratlardan fərqli olaraq arılar qışda anabioz (yuxu vəziyyəti) halında olmur, nəfəs alır, qidalanır və pətəkdə temperaturu 12-20 dərəcədə saxlayırlar. Binanın isti olması balın pətəkdə rütübət almaq qabiliyətinin itməsinə, arıların susuzluq çəkməsinə və arıların topası daxilində temperatur normasının pozulmasına səbəb olar. Nəticədə topa parçalana bilər və qışlamanın normal keçməsinə pis təsir göstərər.
Qışlama dövrü arı saxlanılan binalar rütubətsiz, qaranlıq və səs-küysüz olmalıdır. Ən zəif işıq və səs onlara həyəcan gətirir və qış topasının dağılmasına səbəb olur.
Qışlama binasında qalmış arılar yazın gəlişini, təbiətin oyanmasını səbirsizliklə gözləyirlər. Bəzən havalar birdən isinir, bəzən də tez-tez dəyişən uzun soyuqlar davam edir. Havaların bu cür keçməsi arıların nə vaxt çölə çıxacağını müəyyən etməyə imkan vermir. Buna görə də arıçılar təbiətdəki dəyişikliklərə fikir verməklə müşahidələr aparmalı və buna əsasən də arıların qışlamadan çıxması gününü dəqiq müəyyən etməlidirlər.
Bəzən gecələr hava şaxtalı olsa da, gündüzlər günəş qalxdıqdan sonra temperatur müsbət 12 dərəcədən yuxarı olur. Arıçı bu əlamətləri görən kimi arıları qışlama binasından çıxarmaq vaxtının çatdığını bilməlidir. Küləksiz və günəşli günlərdə pətəkləri binadan çıxarıb daimi yerlərinə qoyduqdan sonra uçuş bacasını açmaq lazımdır.
Arıçılıqla məşğul olan sahibkarlar tövsiyə olunan tədbirləri vaxtında və düzgün aparsalar, arı ailələrini qışlamadan sağlam çıxarar, onların sayını artırar və bol məhsul istehsal etmiş olarlar.
Əyyub ABDULLAYEV,
Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930