SON DƏQİQƏ

naxcivanxeberleri.com

OXU TAR, OXU TAR !!!

OXU TAR, OXU TAR !!!
17-10-2019, 14:21

Əkrəm Məmmədli 75 yaş

Gənc nəslin tərəfli inkişafında incəsənətin qüvvətli təsir gücünə malik vasitələrindən biri də musiqi-ifaçılıq sənətidir. Musiqi mənəvi qida olmaqdan əlavə, insana nəcib hisslər, fikirlər aşılayır,onu daxilən daha da zənginləşdirir.
Müstəqil Respublikamızda gənc nəslin estetik tərbiyyəsinə böyük qayğı göstərilir, onların hər tərəfli inkişafına ciddi fikir verilir. Hal-hazırda Respublikamızın musiqi məktəblərində minlərlə şagird müxtəlif musiqi alətləri öyrənməklə məşğul olur. Xüsusilə xalq çalğı alətlərində çalmağın öyrənilməsinə böyük diqqət yetirilir. Bu, nəinki müstəqil, həm də bir qayda olaraq xüsusı məktəb, litsey, kollec və ali təhsil ocaqlarında, həmçinin tanınmış ustad, ifaçı və pedaqoqlar tərəfindən həyata keçirilir.
Tar-Azərbaycan xalqının çalğı alətləri sırasında xüsusi yer tutan, ən mükəmməl və geniş yayılmış alətdir. Bu, sözsüz ki, onun muğamla sıx əlaqəsi və mükəmməl quruluş xüsusiyyətləri ilə izah olunur. Üzeyir Hacıbəyli qeyd edir ki, “Tar Şərq musiqi təhsilini genişləndirə bilən alətlərdən ən qiymətlisi ən mühimidir”.
XVII əsrdə Azərbaycanda olan türk səyyahı Övliyə Çələbi “Səyyahətnamə” əsərində qeyd edir ki, gözəl tembrə malik olan altı simli şeştar musiqi alətinin yaradıcısı Azərbaycanlı Əlixan Təbrizi olmuşdur. Çələbi yazır ki, Türkiyədə IV Muradın sarayında çartar çalanların içərisində ən şöhrətlisi Naxçıvanlı Murad ağa olmuşdu.
Bəli, Azərbaycan xalqı o cümlədən Naxçıvan torpağı dünyaya yüzlərlə dahilər, ədiblər, siyasətçilər elm adamları, incəsənət xadimləri və ölməz sənətkarlar bəxş etmişdir.
Bu sənətkarlardan biri də Naxçıvan torpağının yetirdiyi, 75 il mənalı ömür sürən müdrik el ağsaqqalı Naxçıvan MR -in Əməkdar mədəniyyət işçisi, prezident təqaüdçüsü Əkrəm Məmmədlidir. Yüksək mədəniyyət, ağır və bir qədər qaraqabaq görünsədə onun baxışından, danışığından musiqi yağır. Onun çalğısında füsünkar bir gözəllik var. Vurduğu mizrablar neçə ürəyin arzusundan xəbər verir, neçə qəlbin tellərini titrədir. İstər bəstəkar olsun, istərsə adi fəhlə bu ustad tarzənin xallarında, gəzişmələrində nə qədər şairanə boyalar, virtuoz ustalıq görür. Qocaman tarzənin çaldığı muğamlara və əsərlərə həyəcansız qulaq asmaq mümkün deyil. Böyük texnikaya qadir olan bu ustad sehirli barmaqlarını tarın simlərinə toxunduranda elə bil ürəyinin tellərini dindirir.
Əkrəm Məmmədli müəllimlik etdiyi illər ərzində onlarla tələbə və mütəxəssis yetişdirmişdir. O, ictimai və pedaqoji fəaliyyəti ilə yanaşı, bəstəkarlıq labaratoriyasını da bir çox əsərlərlə zənginləşdirmişdir. Belə ki, onun tar üçün “etüdlər”, “qamma və arpeciolar” adlı kitabları qiymətli tədris vəsaitidir. Onun bir sıra tar üçün işləmələri, kvartet, “Elegiya” orkestr üçün süitalar, dram tamaşalarına pyeslər bəstələyir və bu əsərləri ifaçılar tərəfindən böyük zövqlə tərənnüm olunur. Eyni zamanda Azərbaycan muğam sənətini gələcək nəslə çatdırmaq üçün üzərinə ağır, böyük məsuliyyətli və şərəfli bir iş götürür. Muğamları nota salır.
Bildiyimiz kimi Şərqin ən qiymətli xəzinəsi olan, ifası proffesionallıq və improvizasiya ustalığı tələb edən muğam sənəti əsrlərdən bəri şifahi şəkildə inkişaf etmiş və bu ənənə kimi nəsldən-nəslə ötürülmüşdür. Əsrlər boyu not yazısı olmayan bəhrsiz janr kimi yayılan muğamlar hər bir Şərq ölkəsinə yayılmış və fəlsəfi mahiyyət daşıyan zəngin dramaturgiyaya malik olan bu sənət Azərbaycanda ən kamil nümunələri ilə tanınmışdır.
Müəyyən bir lad məqam üzərində sərbəst improvizasiya yolu ilə instrumental və vokal instrumental şəkildə ifa olunan Azərbaycan muğamları, xalqın dəyər verdiyi və sevə-sevə dinlədiyi bir janr olduğu üçün onun daima müxtəlif mənbələrdən elmi şəkildə öyrənilməsinə və araşdırılmasına ehtiyac duyulur.
Amma etiraf etmək lazımdır ki, muğamların not nəşrlərinin azlığı, onları çalmaq istəyən ifaçılar və elmi şəkildə tədqiq etmək arzusunda olan musiqişünaslar qarşısında müəyyən çətinliklər yaradır. Məlumdur ki, XX əsrdə muğamların nota köçürülməsi işi ilə əksər bəstəkarlar məşğul olmuş və bu sahədə müəyyən uğurlar qazanmışlar. İlk olaraq Məşədi Cəmil Əmirov, “Heyratı zərb muğamını”, daha sonra isə Müslüm Maqomayev, Tofiq Quliyev, Süleyman Ələsgərov, Nəriman Məmmədov bir çox muğamları instrumental şəkildə nota yazmışdırlar. 2000-ci ildə isə kamança ifaçısı Arif Əsədullayev öz çalğısından yeddi əsas muğamı nota yazmışdır.
Muğamları nota almaq üçün onları mükəmməl şəkildə bilmək mütləqdir, yəni bu əsl ifaçı professionallığı və bəstəkarlıq səriştəsi tələb edən bir işdir. Bu mənada muğamların nota yazılmasının və nəşrinin Əkrəm Məmmədli tərəfindən həyata keçirilməsini əvəzolunmaz hesab etmək olar.
Belə ki, Əkrəm Məmmədli 14 muğamı “Rast”, “Bayatı-Şiraz”, “Bayatı qacar”, “Mahur hindi”, “Orta-Mahur”, “Zabul Segah” “Xaric Segah”, “Şur”, “Çahargah”, “Humayun”, “Şüştər”, “Şahnaz”, “Rahab” Azərbaycan muğamlarını öz ifasından mükəmməl şəkildə nota köçürmüş və bu kitab Azərbaycan, həm də fars dillərinə dərslik metodiki vəsait kimi işıq üzü görmüşdür.
Kitabın elmi redaktoru və ön söz müəllifi Azərbaycan Respublikasının Xalq artisti, sənətşünaslıq doktoru, professor Ramiz Zöhrabovdur. Əkrəm Məmmədli tərəfindən yazılan bu kitabda muğamlar metso-soprano və skripka açarında yazılmışdır. Bundan başqa müəllif nota köçürdüyü muğamların bədii-estetik təsirini, muğam və onun şöbələrinə verilmiş adların tərcüməsi və anlamını izah etmişdir. Kitabda muğamların tar alətində ifa xüsusiyyətləri, kökü, işlədilən əlavə işarələr, xum vermə, tremola ilə sürüştürmə, lal barmaq, qırtma, vıbrasiyaya bənzər hərəkətlər və s. haqqında da məlumat verir. Bu kitabın əsas özəlliyi ondan ibarətdirki əvvəlki variantdakı sərbəst metroritmik not yazılarından fərqli olaraq burada muğamların hər bir xanədəki ölçülərin ifası zamanı tez-tez dəyişən metr dəqiqliklə göstərilir. Muğamlar və onların şöbəsinin əsasının ritmlə düzgün olaraq uzlaşdırılması Əkrəm Məmmədlinin köçürməsində dəqiq şəkildə qeyd olunur.
Əkrəm Məmmədli ilə söhbətdə qeyd etdi ki, o, bu kitabını tələbələrinin və muğam sevərlərin təkidi ilə yazmışdır. Bununda məntiqi izahı vardır, çünki muğamları yalnız müəllimin ifasını dinləməklə öyrənmək və yadda saxlamaq tələbələr üçün bir qədər çətinlik yaradır. Amma Əkrəm Məmmədlinin üzərinə götürdüyü bu missiya imkan verir ki, yalnız müəllimlər və tələbələr deyil, ibtidai musiqi savadı ritm duyumu olan, notu bilən hər kəs bu kitaba müraciət etməklə istədiyi Azərbaycan muğamını ifa edə bilər. Buna ehtiyac çoxdur, çünki muğamlar bilavastə insanların mənəviyyatını zənginləşdirən bir musiqi nümunəsi olaraq, geniş xalq kütləsi arasında böyük nüfuz qazanması ilə səciyyələndirilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğı və himayəsi sayəsində Naxçıvanın tarixi, mədəniyyəti, incəsənəti, folkloru, görkəmli şəxsiyyətləri, milli dəyərləri ilə bağlı bəzi kitabların nəşr olunması və xalqın istifadəsinə verilməsi dövlətimizin bu sahəyə xüsusi qayğısının nəticəsidir.
Bu baxımdan xalq yaradıcılığının yaşanması, həmçinin xalq musiqi janrına aid olan yallıların əbədiləşdirilməsi üçün, 2015-ci ildə Əkrəm Məmmədli və Kənan Məmmədlinin səyləri nəticəsində “Naxçıvan-Şərur el yallıları” kitabı işıq üzü görmüşdür. Kitabda verilmiş şəkillər, yallı ilə bağlı yazılmış yığcam məlumatlar və not işləmələri xalqımız və musiqisevərlər üçün əvəzolunmaz sərvət hesab olunur.
Biz də bu işdə ustad tarzən, bəstəkar, dirijor və pedaqoq Əkrəm Məmmədliyə can sağlığı, yaradıcılıq uğurları arzulayırıq. Qoy sarı simin səsi yatan qəlbləri oyatsın, insanlara yaşam sevinci bəxş etsin.


Məhəbbət Babayeva
Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi
Naxçıvan Müəllimlər İnstitutunun baş müəllimi

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930