SON DƏQİQƏ

naxcivanxeberleri.com

Xalq şairi Məmməd Arazın sevgi dünyası-Ramiz Qasımov yazır...

Xalq şairi Məmməd Arazın sevgi dünyası-Ramiz Qasımov yazır...
14-10-2019, 16:55

SƏN MƏNİ SEVSƏYDİN....

Xalq şairi Məmməd Arazın sevgi dünyası


Xalq şairi Məmməd Araz adına bütün həyatının mənası, amalı hopan, yaradıcılığında öz ifadəsini tapan, qayəsi, məqsədi bütün dolğunluğu ilə əks olunan bir sənətkar-şəxsiyyətdir. Şeirə, yaradıcılığa bütün ruhu ilə bağlanan, səmimiyyətini ifadə edən şair bəlkə də doğmalarının bilə bilmədiyi “sirləri” böyük məmnuniyyətlə misralarında etiraf edib, oxucuları ilə bölüşüb. Bütün bu sevgiyə, xalqa bağlılığına görədir ki, Məmməd Araz şeiri axan bir su, qaynayan bir bulaq təsiri bağışlayır. Sözün axıcılığı, misranın dərinliyi, fikrin canayaxınlığı Məmməd Araz şeriyyətində əsas səciyyəvi xüsusiyyətdir. Bu misralar öz məna gücü və poetik dərinliyi ilə oxucunu özünə bağlayır və oxucu düşüncəsini öz təsir gücü ilə cəzb edərək özü ilə birlikdə aparır.
Məmməd Arazın poetik dünyasında məhəbbət, sevgi mövzusu da özünəməxsus yer tutub, səciyyə qazanıb. Şair öz sevgisində həm bütövdür, yəni bu sevgi bütün istiqamətlərilə - ata-anaya, bacı-qardaşa, nənə-babaya, təbiətə, dünyaya, bütün insanlara, bəşəriyyətə, keçmişə, indiyə olan istiqamətilə, eləcə də şairin fərdi sevgi duyğularının gizli yerində duran bir gözələ, qadına olan sevgi ilə təsbit olunur. Şair bu istiqamətlərin hər birində mükəmməldir, daha doğrusu, tam bir sevgi meyarı ilə öz duyğu və münasibətlərini əks etdirir. Ədibin ata sevgisi, ana məhəbbəti tam mənası ilə nümunəvidir, Azərbaycan milli əxlaqının göstəricisidir. Ədibin bu məqamdakı ifadə tərzi də özünəməxsusdur, əsl sənətkarlıq istedadı nümayiş etdirir. Ədibin “Nənəmin kitabı” şeirində nənə-nəvə sevgisi ilə birgə milli yaddaşın tükənməz xəzinəsi, daş yaddaşı olan nəslin heysiyyət qoruqçusu olan nənənin nəvəsinə, nəslin davamçılarına milli tərbiyə, təlqin nümunəsi öz əksini tapır. “Babamın səsi”ndə babaların ruhunda, canında qorunub saxlanan milli Azərbaycan xarakterinin qeyrət, əzm, dəmir mətanət, qonaqpərvərlik, qoruyuculuq və s. kimi kişilik əlamətləri əks edilir. Ədibin “Ata ocağı” şeiri yurda kişi sevgisi və bağlılığın “risaləsidir”. Övlada, torpağa, yurda ata sevgisinin təsvir olunduğu bu əsər qəlbində əzəmətli bir sevgi daşıyan kişinin nəhəng xarakterinin bədii əksidir. Ədib böyük ustalıqla yanan ocaqla Azərbaycan kişisinin xarakteri arasında məntiqi əlaqə və yaxınlıq göstərməyə nail olur, Azərbaycan kişisi-atasını öz sevgisini qəlbində bütün əzəmətilə gizlədən, yavaş-yavaş yanıb sönməkdə olan ocağa bənzədir. Ədibin ana sevgisinin ifadəsi də olduqca özünəməxsusdur. Şair “Son anında”, “Ana yaşı”, habelə “Üç oğul anası” kimi şeir və poemalarında ana sevgisinin bitib-tükənməyən dərinliyi və əzəmətini əks etdirir. Şairin “Son anında” şeirində:
Bir qarı dilləndi: “Anan ölüncə
Dedi ki, balamı çağırmayın siz.
Qorxar...İşi çoxdur... Azca ağladı,
Qorxdu ki, eşidib kədərlənərsən.
Son anda şəklini o qucaqladı,
Gözünə baxmadı... qəhərlənərsən” –
misralarında və bu misraların məntiqi dərinliyində övlada ana sevgisinin, ana qayğısının, ana həssaslığının, ana düşüncəsinin, hətta sönən bir ana nisgilinin nəhayətsiz, zəngin hisslərinin əksini təsvir etmişdir. Təkcə “Son anda şəklini o qucaqladı, Gözünə baxmadı... qəhərlənərsən” misrasında əks olunan ana duyğusu və hisslərinin izahı qarşısında adam aciz qalır. Bu baxımdan ədibin poetik yığcamlıqla: “Ana qəlbinə bax! Övlad qəmini, Görmək istəməyib son anında da” şərhi başa düşüləndir və qoyulan məntiqi suala mükəmməl cavabdır. Ədibin “Ana yaşı” şeirində də analara münasibət sırf övlad-ana münasibətlərinin hiss və həssaslıq çərçivəsində təqdim edilir. Ədibin: “Düzü acığıma gəlir: bəzisi Soruşur mərhumun yaşı neçəydi” sualına:
Bilmirəm... düşmüşdü saçlarına dən...
...Dolaşır sualla cavab başımda.
Ana kədərini yaşmıdır ölçən?
Ana itirmişəm, ana yaşında... –
kimi cavablandırması övlad yanında ana dəyərinin ən mükəmməl meyarı olaraq qiymətləndirilə bilər.
Məmməd Araz öz sevgi duyğularının təqdimi və bədii ifadəsində də olduqca real, insan qəlbi və yaşantılarına sığan çərçivədədir. Fikrimizcə, Məmməd Arazın sevgi hisslərinin ölçüsü yaşana biləcək həyat ölçüləri səviyyəsində öz təsbitini tapır. Bu baxımdan onun bir gözələ olan sevgisi bir aşiqin sevə biləcəyi qəlbi, ruhu hiss edə biləcəyi səviyyədə real şəkildə əks olunur. Bu da ədibin sevgiyə baxış özünəməxsusluğunun məğzindən asılıdr. Ədib insanda sevgi duyğularını nə qədər ülviyyət və qüdsiyyəti ilə qiymətləndirib əks etdirsə də, sonunda: “Həyatda “ürəkləş”, “sevləş” demirlər, Ayaqlaş deyirlər bu həyat ilə” nəticəsini ortaya qoyur. Tədqiqatlarda da doğru qeyd edilir ki: “Məmməd Araz insanı sevər. Sevgi üçün maddi mənfəətlər gözləməz. Eşq onda özünü unutduran ülvi bir dəyərdir. ...Şairə görə, məhəbbət insanın bütün varlığına hakim olan ruhi bir ehtiyacdır”.
Şair sanki sevgi aləminin hər bir anını, yaşantısını şeirə çevirib, adi dillə deyiləsi, dərdləşəsi sözü bədii, ahəngdar bir dillə, poetik formada öz oxucusuna çatdırıb. Məmməd Arazın vətən, insan sevgisi nə qədər böyükdürsə, lirik məzmunda eşqi də, məhəbbəti də bir o qədər intəhasız, böyükdür:
Sən məni sevsəydin nolardı görən,
Görən olardımı bir dərdim onda?!
Yoruldum demədən qolum üstə sən,
Dünyanı piyada gəzərdim onda.
Fikrimizcə, Məmməd Araz sənətində sevgi həyatın bir hissəsi kimi yaşanan real hiss olaraq öz əksini tapır. Şair məhəbbəti tərənnüm etmir, onu yaşanan real bir duyğu olaraq əks etdirir. Sevgi aləmində yaşanan duyğuları, ayrı-ayrı məqamları şeirə gətirir. Məmməd Araz yaradıcılığında sevgidə sədaqət məhəbbətin irzi, insanın ləyaqəti kimi dəyərləndirilir. Hər kim olursansa ol, məhəbbətdə yarımçıq, bacarmayan adamlar naqisdirlər. Məhəbbət düzlükdür, vəfa, sədaqət tələb və ehtiva edir:
Nə sən əsirimsən, nə də mən kölən,
Əskilən məhəbbət əsgidən betər.
Məhəbbət itəndə ayrılıq bitir,
Xəyanət bitəndə nə itir görən?
Şair bu misralarında sevginin düsturunu sanki təqdim edir. Elə bir sual ortalığa qoyur ki, bu sual bir-birini sevmənin düsturuna çevrilir. Şairin sevgi fəlsəfəsinə görə, xəyanət çirkabdır, insan ruhuna, saflığına qarışan bir bulaşıqdır. Şair sanki sevginin yaşantı olaraq prosesini təqdim edir və təcrübə ortaya qoyur, onun gedişatını, hissi inkişafını təqdim edir. Şair aşiq təcrübəsi ilə sanki təqdim edir ki, xəyanət elə bir şər, hiss, xüsusiyyətdir ki, bulaşdğı zaman insan məzacı bunu çəkməz, bağışlasan da, şüuruna, ruhuna, qəlbinə hökm edib soyuqqanlılıqla qəbul etmək istəsən də, üşənən ruhun soyuğu hiss etmiş təzə qönçə kimi sevgi hisslərini bir daha ona açmaz:
Yağır ayrılığın yağışı, qarı,
Bu görüş, bu həsrət isinəcəkmi?!
Bizim aramızda havaları
İsidən məhəbbət isinəcəkmi?!
Məmməd Araz sevgisi arifanə, ilahi duyumlu, ancaq real bir sevgidir. Xəyanət bu sevgidə dərhal hiss olunur, bir xalq bayatısında deyilən kimi: “Gözündə göz izi var, Sənə kim baxdı yarım?!”:
Bu gün sənin hər gözündə bir gülüş,
Biri tutqun, biri çılğın, bürkülü.
Baxışına yad baxışlar bükülü,
İnnən belə o gözlərə baxmaram.
Bu sevgi təmizliyi, saflığı və sədaqəti seviləni Məmməd Araz üçün meyara, hər şeyin sərhədinə çevirir, hər şey onunla başlanıb, onunla bitir. O, məhəbbəti dilənmir, o, sevilmək üçün də sevmir, o sevdiyi üçün, sevgiyə ehtiyac duyduğu, mənəvi ehtiyac, insanlıq zərurəti hiss etdiyi üçün sevir. “Bütün vəznlərə sığdım. ...Bir sevgi vəznində çaşdım. Sevməyə qaçırkən, Sevilməkdən qaçdım...” - deyən ədib yalnız insanları sevməyə doğulduğunu, sevilməkdən qaçdığını etiraf edir. Sevgiyə bu qədər real, eyni zamanda həssaslıqla yanaşan ədib sevgi hissini insan qəlbinin, ruhunun tam ülvi, müqəddəs bir duyğusu kimi qiymətləndirərək qəlbdən dilə gətirməyə belə qısqanclıq hiss edir.
Mən sənə heç vaxt
“Sevirəm” demədim.
Sevdim ancaq,
“Sevirəm” demədim.
Etibar yoxdur dilə,
Dil ünvan aza bilər.
Qorxuram, mən qorxuram...
Eşqi ürəkdən dilə
Köçürməkdən qorxuram -
deyən şair məhəbbətə elə ülvi hiss kimi yanaşır ki, dilə, sözə çevriləndə yol, ünvan azmasın deyə, qəlbində həbs edir, onu mənəvi sirr, insanı dəyərləşdirən ilahi duyğu kimi özündə qoruyur. Bu mənada, Məmməd Arazın məhəbbət lirikasında sevgi insan qəlbindən fırtına kimi, vulkan kimi doğur, ehtiyac, zərurət olayına çevrilir, qəlbi təlatümə gətirir, könül rövnəqlənir, bir sevgi sorağında ruh pərvaz edir:
Ey ilham pərisi, varsansa əgər,
Bu axşam üstümə qanadını gər.
…Bu axşam o qədər tənhayam, təkəm,
Bu axşam elə bil yarılıb sinəm.
Çapılıb, talanıb məhəbbət orda,
Qalmayıb bir tikə mərhəmət orda.
...Bu axşam... özümdə yoxam bu axşam,
Bu axşam özümdə dəfn olunmuşam.
Bu axşam od yoxdur məhəbbətimdə,
Bir ünvan, ad yoxdur məhəbbətimdə.
İlahi, dünyaya niyə gəlmişəm?
...Ey ilham pərisi, varsansa əgər,
Mənə bir sevimlik məhəbbət gətir,
Mənə bir güzəştlik mərhəmət gətir.
...Mənə məhəbbət ver sevim bir kəsi,
Sevim, elə sevim özü bilməsin.
Ünsiyyət istəyim məhəbbət üçün,
Məhəbbət istəyim ünsiyyət üçün.
...Məhəbbət adlanan dil yaradım mən,
Məhəbbət adlanan din yaradım mən.
Məhz bu mənada, sevgi, məhəbbət Məmməd Araz yaradıcılığında öz məzmununu dəyişir, zənginləşir, bir insanı sevməkdən bütün insanlığa, varlığa sevgi hissinə dönür, məhəbbət ünsiyyət vasitəsinə, insanlar arasında Dinə və Dilə çevrilir, qəlbi narahatlıqla, kimsəsizliklə, dərd, günahkarlıq uçurumları ilə dolu insanlara xilas, nicat, rahatlıq, təskinlik gətirir, o, insan üçün Hər Şeyə çevrilir. Yeri gəlmişkən, bu kimi fikri, ideya-bədii dəyərlərilə Məmməd Araz Azərbaycan ədəbiyyatının çoxəsrlik ənənələrini öz yaradıcılığında mükəmməl surətdə davam etdirən bir görkəmli sənətkar kimi ucalır. Məlumdur ki, məhəbbətə dünyəvi, ictimai məzmun vermək, insanlarüstü bir hiss, bütün bəşəriyyəti, cəmiyyətləri bir-birinə yaxınlaşdıracaq, bağlayacaq bir ictimai duyğu, əlaqə vasitəsi kimi yanaşmaq çoxəsrlik Azərbaycan ədəbiyyatında hələ şifahi xalq ədəbiyyatından, dünya ədəbiyyatının korifeyi Nizami Gəncəvidən, Nəsimidən, Füzulidən, sonraların çox görkəmli filosof-sənətkarı olan Hüseyn Caviddən üzü bəri belə ədəbi fikirdə mövcud idi. Hələ XX əsrin əvvəllərində böyük ədib Hüseyn Cavidin:
Din bir olsaydı yer üzündə əgər,
Daha məsud olurdu cinsi-bəşər -
və sair kimi fikir və ifadələri məhəbbətə ictimai məzmun verməklə bütün insanlığa, bəşəriyyətə xoşbəxtlik, birgəyaşayış, səadət gətirən üstün bir hiss olaraq yanaşılırdı. Məmməd Arazın yuxarıdakı misralarında da məhəbbətə məhz bu cür yanaşma, məna vermə özünü nümayiş etdirir. Xalq şairi Məmməd Arazın sənət aləmində məhəbbət həm də görüş, baxış meyarı kimi də öz təsbitini tapır, insanın sədaqət, vəfa və digərlərinə münasibət ölçüsü kimi müəyyənləşir:
Dilənçi məhəbbət sərhədlər aşar,
Sən mənim eşqimin sərhəd dirəyi.
Səndən o tərəfə sonsuzluq yaşar,
Səndən o tərəfə yer görünməyir.

Beləliklə, görkəmli söz ustadı Məmməd Araz yaradıcılığında sevgi bir dünya, aləm, kainat boyda əks olunur. Bu sevgi dünyası zəngindir, hərtərəflidir – Vətən boyda, İnsan boydadır. Xalq şairi Məmməd Araz vətən sevgisini qəlbinin zirvəsində daşımaqla bərabər yaradıcılığına sevginin müxtəlif tərəflərini də sığdırmağı bacarmışdır. O, bütün varlığı ilə təmənnasız vətəni sevən əsl vətəndaş simalı bir şair, ata və ana məhəbbətinə ləyaqət və sədaqətlə cavab verən həqiqi bir övlad, xəyanət hissi tanımayan məhrəm və sadiq bir aşiq kimi mükəmməl təsir bağışlayır.


RAMİZ QASIMOV
AMEA Naxçıvan Bölməsinin elmi əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru, dosent

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930