SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bol məhsullu və bərəkətli cəviz ağacı

Bol məhsullu və bərəkətli cəviz ağacı
13-10-2019, 10:07

Şahbuzun hər cəhətdən zəngin flora və faunası, təmiz dağ havası, saf suyu, min bir dərdin dərmanı olan meyvələri dillər əzbəridir. Əsasən də payız fəslinin bu bol və bərəkətli vaxtlarında hər tərəf dadlı meyvələrlə doludur. Onlar içərisində öz dadı və tamı ilə seçilən alma, cəviz, badam, armud, üzüm və bir çox meyvələr payız fəslində buradakı bağların bəzəyidir. Elə bu günlərdə rayonumuza və onun kəndlərinə yolu düşən hər kəs bu sadaladığımız meyvələrdən istədiyi qədər dada bilər.
Hal-hazırda rayonumuzun özündə və onun kəndlərində demək olar ki, hər həyətdə meyvə ağacları əkilir, onlara xüsusi qayğı və nəvazişlə yanaşılır. Bu meyvə ağacları içərisində el arasında ruzi-bərəkət rəmzi sayılan cəviz ağacları xüsusi yer tuturlar. Bağlarda sevilə-sevilə yetişdirilən “kətanköynək cəviz”, “surqayı cəviz”, “püstəqabıq cəviz”, “badamı cəviz”, “yağlı” və “yağsız” cəviz süfrələrimizin bəzəyinə çevrilib. Bu da danılmaz faktdır ki, son illər dövlətin meyvəçiliyə ayırdığı diqqət rayonumuzda da özünü qabarıq şəkildə göstərib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin meyvəçiliyin inkişafı ilə bağlı qəbul etdiyi dövlət proqramları cəviz əkininə marağı daha da artırıb və hər zaman bir çox dərdlərə dərman olan, vitamin mənbəyi sayılan, ulularımızdan bizə miras qalan cəviz ağaclarının sayı durmadan artırılır.
Rayonumuzun Kolanı, Kükü, Güney və Qızıl Qışlaq, Biçənək, Ağbulaq, Gömür, Külüs, Keçili, Nursu və digər kəndləri cəviz bağlarının və yetişdirilən müxtəlif cəviz sortlarının çoxluğu ilə seçilir. Biz də bu günlərdə öz barı-bərəkəti ilə seçilən kəndlərin bir neçəsini gəzmək qərarına gəldik. Məqsədimiz isə bu bağlarda min bir zəhmətlə əkilən və becərilən cəvizin yığılması, qurudularaq qışa saxlanması haqqında kənd sakinlərinin fikirlərini öyrənmək idi. Gəzdiyimiz bu kəndlər arasında məhsuldarlığı ilə daha çox diqqətimizi çəkən və fərqlənən kənd isə Nursu kəndi oldu. Kəndə çatmamış yolun sağ və sol tərəflərində səliqə ilə çəpərlənmiş bağlara diqqət edirik. Gördüklərimizə əsasən demək olar ki, hər həyətdə ən azından 8-10, bəlkə də hələ ondan da çox cəviz ağacı var idi. Cəviz ağacı olmayan həyət isə ümumiyyətlə, yox idi. Səbəbini öyrənmək istədikdə isə kəndin zəhmətkeş, işgüzar sakinləri bildirdilər ki, güzəranlarının böyük bir hissəsini bir əsrdən çox yaşı olan cəviz ağaclarından çıxarır, onu yığaraq satır, ailələrinin digər ehtiyaclarını ödəyirlər. Bu günlərdə kəndin bağlarında bu məhsulun yığılma vədəsidir. Bu gün hər bir kənd sakininin cəviz çırpıb yığması payız qayğılarından ən birincisidir. Hansı bağa yaxınlaşırsansa, orada səs-küylə, ailəlikcə yaxın qohumların köməkliyi ilə kimisi cəviz çırpır, kimisi yenicə yığılmış cəvizləri sərərək qurudur, kimisi qurutduğu cəvizləri torbalara yığır, kimisi isə yaş cəvizdir, qoy göndərim dost-tanışlarımız da dadsın. Kimisi isə götür-qoy edərək artıq qalan məhsulunu bazara çıxarmaq üçün hazırlayır. Bildiyimiz kimi, rayonumuzun kəndlərində onlarla ailə cəviz istehsalı ilə öz təsərrüfatlarını qurub. Bu, əsasən torpaq islahatından sonra olub. Kəndlilərə verilən pay torpaqlarında onların cəviz ağacı əkmələri bu təsərrüfatların yaradılmasına səbəb olub. Ailəliklə istər həyətində, istərsə də pay torpağında cəviz yığmaqla məşğul olanlar onu bazara çıxarmaqla hər il xeyli gəlir əldə edirlər. Dolanışıqlarını öz zəhmətləri hesabına təmin edirlər.
Həmsöhbət olduğumuz kənd sakinlərindən olan ortayaşlı Xanlar Heydərov bizi öz bağında qonaq etdi. Onunla bu ailə bağında baş tutan maraqlı söhbətimdən:
-Bağımdakı ağaclara çox həvəslə, ailəmlə birlikdə qulluq edirəm.Atamın, babamın saldığı bu bağa baxmaqdan, sözün həqiqi mənasında, zövq alıram. Onların diblərini boşaldır, quru budaqlardan arıtlayıram. Onu da deyim ki, əvvəlcə bağımda az ağac var idi. Əlləri ilə bir neçə ağacı göstərərək deyir ki, bax, bu ağaclar ki var, babamdan qalma ağaclardır. Sonra mən bağımızı genişləndirərək, ağacların sayını çoxaltmaq qərarına gəldim. Onu da deyim ki, bu bağdan başqa bir bağım da var. O da kəndin yuxarısında yerləşir. Bu bağdan fərqli olaraq, o bağımda bütün ağaclardan əkmişəm.
Təcrübəmə əsasən deyə bilərəm ki, cəviz ağacları əkiləndən təxminən 10-15 il sonra məhsul verir. Gərək, yeni əkilən ağaclara yaxşı baxasan, lazımi qulluq edəsən ki, o da əvəzində sənə yaxşı məhsul verə. Ümumiyyətlə, cəviz ağaclarına qulluq etmək çox asandır, gərək adamın həvəsi ola. Mövsümündə iki-üç dəfə suvarılmaq kifayət edir. Bir az yığmaq çətindir. Çətindir deyəndə, kömək işidir. Asan iş yoxdur ki. Gərək, əziyyət çəkəsən ki, nəyinsə sahibi olasan.
Bildiyimiz kimi, cəviz ağacları orta hesabla 200 il ömürə sahib olurlar. Bir dəfə əkdin, ölənə kimi barından-bəhrəsindən faydalanırsan. Mən uzun illərdir ki, özüm yaxşı sort cəvizlərdən torpağa basdırıram və kim kənddə təzə bağ salsa, ona pay verirəm. Əlimə elə bir cəviz sortu salmışam ki, öz fərqli xüsusiyyəti ilə yalnız bizim kəndə məxsusdur. Bu sortların fərqliliyi digər cəvizlərdən ondadır ki, çox tez bar verirlər və ucagövdəli olurlar. Bu cəviz ağacları o qədər uca olur ki, onları çırpmaq olmur. Ancaq onu güclü külək əsəndən sonra yığmaq olar. Elə ki, külək əsdi, get cəvizini yığ. Bu cəviz həm də çox barlı-bərəkətli, yağlı və dadlı olur. Hazırda bağımda 30-a yaxın cəviz ağacı var. Bu il 1000 kiloqrama yaxın cəviz yığmışıq. 50-60 kiloqrama yaxın ailəmiz üçün saxlayıb, qalanını bazara çıxarırıq. Cəviz və cəviz ağacları haqqında yorulmadan danışan Xanlar əmiyə sual etdim ki, ağaclara qulluq etmək sizi yormur? O isə belə cavab verdi ki, qətiyyən yorulmuram. Əksinə, düşünürəm ki, görəsən, bu bağ olmasaydı, mən nə ilə məşğul olardım, vaxtımı necə keçirərdim? Amma indi ömür əlliyə çatıb. İnsan yaşı artdıqca torpağa daha çox sıx tellərlə bağlanır. Hal-hazırda oğlum gənc yaşlarında. O da bu işə mənim qədər can yandırır. Sevinirəm ki, oğlum da ağacları sevir, onlara qulluq etməkdən yorulmur.
Sonra bu qiymətli meyvənin müalicəvi əhəmiyyətindən danışan bağ sahibi deyir ki, cəvizin faydaları biz insanlara ta qədim zamanlardan məlumdur. Hələ o zamanlar həkimlər cəviz ağacının yarpaqlarından yara sağaldan vasitə kimi istifadə etmişlər. Cəviz ağacının altının və ətrafının havası ağciyər xəstəliklərinin, vərəmin, xroniki sətəlcəmin müalicəsində əhəmiyyətli təsirə malikdir. Cəvizin ləpəsindən başqa, oduncağından, qabığından və yarpağından da istifadə edilir. İnsan beyninin kiçik formasını xatırladan cəviz vitamin və proteinlə zəngindir. Müsahibim deyir ki, gündə 3-5 ədəd cəviz yemək məsləhətdir. Belə bir el deyimi də var ki, “beş-altı cəviz bir çörəyi əvəz edir”. Bu meyvədən xalq təbabətində geniş istifadə olunur. Onun tərkibindəki maddələr insan orqanizmini bəzi xəstəliklərdən müdafiə edir, immuniteti gücləndirir, qan-damar sistemini sabitləşdirir, ürək xəstəlikləri riskini azaldır. Həmçinin tərkibindəki yağ turşuları beynin inkişafına müsbət təsir göstərir. Bədənə enerji verir, zərərli maddələri orqanizmdən kənarlaşdırmağa kömək edir və qanda şəkərin miqdarını azaldır. Cəvizin meyvəsinin içində el dili ilə desək, “qərzək” adlanan nazik qabığı olur ki, hələ qədimdən onu dəmləyib içmək böyrək daşlarının təmizlənməsində əhəmiyyətli vasitə hesab olunurdu.
Məlumdur ki, cəvizdən milli mətbəximizdə də geniş istifadə olunur. Bu dadlı təamların hazırlanmasından isə yenicə çırpılan cəvizləri yerdən yığan müsahibimin həyat yoldaşı Aybəniz xala danışdı. Onun dedikləri çox maraqlı idi. Zəhmətkeş qadının dediklərindən:
-Cəvizdən çox dadlı mürəbbə hazırlayıram. Düzdür, çox çətin bir işdir. Ancaq çətin olsa da, mən hər il cəviz sümükləməmiş soyaraq ondan mürəbbə hazırlayıram. Və biz ondan bişirilən mürəbbəni ilboyu rasionumuza daxil etməklə bir çox xəstəliklərdən və vitamin çatışmamazlığından özümüzü qoruyuruq. Evimizə ən əziz qonağımız gələrkən bu mürəbbəni süfrəyə mütləq qoyuruq.
Xalqımızda belə bir adət var ki, əziz bayramlarımızda süfrəyə düzülən şirniyyatların demək olar ki, hamısında cəvizdən istifadə olunmalıdır. Ona görə də hər il cəviz çırpılarkən bayramlıq cəviz payı ayrı saxlanılır, ta o günə kimi, yəni, bayrama kimi ona əl vurulmur. Cəvizin yarpaqlarından və yaşıl üst qabığı əzilərək saç boyası kimi istifadə edilə bilər.
Son olaraq deyə bilərəm ki, yüksək məhsuldarlığı, uzun ömrü və məhsulunun alıcı tapması şansı yüksək olduğu üçün bu sahə həm də əlavə gəlir istəyən həvəskarların marağına səbəb olmuşdur. Müasir dövrümüzdə dünyanın ən qədim və faydalı bitkilərindən olan cəvizə tələbat durmadan artır. Tələbat onun həm meyvəsinə, həm də ağacınadır. Meyvəsi nə qədər dadlı və faydalıdırsa, ağacı da bir o qədər keyfiyyətli və qiymətlidir.

“Oğuz səsi” qəzeti

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930